Deputat həmkarlarından Arif Rəhimzadənin dövlətimizlə bağlı dediklərinə reaksiyalar gəldi

550 7-06-2018, 10:09 cemiyyet

Deputat həmkarlarından Arif Rəhimzadənin dövlətimizlə bağlı dediklərinə reaksiyalar gəldi
Fazil Mustafa: “”Dövlətimizi sovet hökuməti qurub" kimi ifadənin altında əzilməyimiz doğru deyil";

Tahir Kərimli: “Arif Rəhimzadə daim birsifətli insan olub, amma belə fikir səsləndirməsinə çox təəssüfləndim...”

Milli Məclisin Regional məsələlər komitəsinin 5 iyunda keçirilən iclasında komitə sədri Arif Rəhimzadənin səsləndirdiyi fikirlər yenə qalmaqal yaradıb. 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı deputat bildirib ki, Azərbaycan dövlətini sovet hökuməti qurub.


Bundan əlavə, A.Rəhimzadə soveti mədh edən başqa ifadələr də dilə gətirib.

Sitat: “Sovet hakimiyyətinin yaxşı işləri də olub. O dövrdə xidməti olan insanların adına indi kənd olması qəbahət deyil ki... Biz də sovet dövründə işləmişik, xalq düşməni deyilik. Bu məsələyə diqqətlə yanaşmaq lazımdır. Məsələn, Göygöl rayonunun Mixaylovka kəndinin adının dəyişdirilməsini təklif edirlər. Deyirlər ki, orada ruslar yaşamır. Amma bu, tarixdir axı... 1845-ci ildə Azərbaycan Rusiyanın tərkibində olanda rusları bu kəndə sürgün ediblər. Onlar öz xoşu ilə gəlməyiblər ki. Bundan başqa, hansısa kəndə Çəmənli adının verilməsini təklif edirlər. Bunun hansı tarixi əsası var? Mixayılovka deyəndə bilinir ki, söhbət nədən gedir”.

Deputatın bu fikirləri tənqid olunur. Xüsusilə onun Azərbaycan Xalq Cümhuriyyətini unudaraq, birbaşa SSRİ-yə keçməsi etirazlara səbəb olub.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hər kəsin məsələlərə fərqli baxışlarının ola biləcəyini vurğuladı: “İfadə daha cilalanmış tərzdə olarsa, hətta əks fikir olsa belə, onun ətrafında müzakirə aparmaq olar. Bu ifadə ya doğru tələffüz olunmayıb, ya da o doğru təqdim olunmayıb. Sovet hökuməti necə Azərbaycan dövlətini qura bilər? Onun resursları olan mühitdə Azərbaycan dövləti qurulub, bu başqa söhbətdir. Amma Azərbaycan Cümhuriyyəti ilə sovet hökuməti bir-birinə qarşı olan, bir-birini qəbul etməyən cinahlardır. Bu baxımdan fikir olaraq belə ifadələr əsaslı deyil. Tarixi şəxsiyyətlərə münasibətdə diqqət etmək lazımdır. Məsələn, elə tarixi şəxsiyyətlər var ki, inqilabçı olublar, bunun mənə nə dəxli var? Bu gün mən onları niyə yaşatmalıyam? Tarixi şəxsiyyət yaratmaq istəyirsinizsə, Azərbaycan dövlətini quran Nuru Paşa olub, onun adına haradasa rast gəlirsiniz?
Deputat həmkarlarından Arif Rəhimzadənin dövlətimizlə bağlı dediklərinə reaksiyalar gəldi
Dövləti quranın bu ölkədə adı yoxdur. Amma əvəzində küçədən keçən bir inqilabçısının adı əbədləşdirilib. Bu məsələlərdə rasional və daha sağlam mövqe ortaya qoymaq lazımdır. Yüzlərlə insan var ki, müstəqillik uğrunda böyük fədakarlıqlar ediblər. Onların adları niyə bir yerdə yoxdur? Bunların üzərində düşünməyimiz lazımdır ki, daha ağlabatan addımlar ata bilək. Sovet dövründə Azərbaycana fayda vermiş şəxslərdən kimsə imtina etməyi demir. Müxtəlif sahələr üzrə Azərbaycana xeyir verənlər sovet dövründə az olmayıb. Belə insanların adlarını əbədiləşdirmək başqa bir məsələdir. Elə insanlar da olub ki, xalqımıza divan tutublar. Onları yaşatmağımızın bir mənası qalırmı? Sovet hökuməti bizim Cümhuriyyəti devirib. Demək, ideoloji olaraq düşmənimiz olub. Biz o hökumətdə, sadəcə, yaşamışıq, mövcud olmuşuq. Bu mövcudluğumuza görə də sonradan müstəqilliyimizi bərpa etmişik. Sovet hökuməti bizdə nəsə qurmayıb. Biz o imperiyanın daxilində yaşayan xalqların içərisində yer almışıq. Bu baxımdan dövlətimizi sovet hökuməti qurub kimi ifadənin altında əzilməyimiz doğru deyil. Müstəqilliyi Azərbaycan xalqı qurub. 1918-ci ildə qurulan Cümhuriyyəti 1991-ci ildə millətin varisləri bərpa ediblər”.
Deputat həmkarlarından Arif Rəhimzadənin dövlətimizlə bağlı dediklərinə reaksiyalar gəldi
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli belə fikirlərin qüsurlu olduğunu dilə gətirdi: “1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti ultimatum əsasında təhvil veriləndə qeyd olunurdu ki, ordu, respublika forması saxlanılacaq. 1922-ci ilin dekabrına qədər Azərbaycan Sovet Sosialist Respublikası olub. SSRİ yaradılandan sonra Cənubi Qafqazın üç ölkəsi imperiyanın tərkibində müttəfiq respublika kimi qeyd olunub. Hətta Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət Zaqafqaziya Federasiyası da yaradılmışdı. Azərbaycan Sovet Sosialist Respublikasının özü Cümhuriyyətin əsasında yaradılıb. Bu dövlətin yaradıcıları Cümhuriyyətin rəhbərləri olublar. Əgər Azərbaycan Sovet Sosialist Respublikası olubsa, buna görə Cümhuriyyət yaradıcılarına borcluyuq. Doğrudur, Gürcüstan və Ermənistanda da bizim tipdə əvvəlki dövlətlərin quruluşunu saxlayıblar.

Amma nəzərə almaq lazımdır ki, sovetlərə daxil olan respublikaların heç biri bizimki olmayıb. Bu baxımdan bu dövlətin yaradıcısı Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarıdır. Bunu unutmaq olmaz. Rəsulzadə qeyd edirdi ki, Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə daxil olan zaman cənubdan fərqli olaraq şimaldakılar dil, din və başqa cəhətlərdən ayrı bir toplum olduqlarını dərk etdilər, Azərbaycan xalqı millət kimi formalaşmağa başladı. Amma cənubda vəziyyət tamamilə fərqli idi. Ölkəmizdə mədəniyyət və başqa sahələr ötən əsrin əvvəllərində yüksək səviyyədə inkişaf etdi. Sovet dövründə də bu ənənələri davam etdirə bildik. Repressiyalar belə bu prosesin qarşısını ala bilmədi. Hər bir dövlətin ən böyük nailiyyəti onun dövlət müstəqilliyidir ki, məhz sovet hökuməti bu müstəqilliyimizə son qoyub. Bunu heç vaxt danmaz olmaz. 700 min azərbaycanlı İkinci Dünya müharibəsinə çağırılıb və demək olar onların yarısı həyatını itiriblər. Vətən uğrunda mübarizə adlansa da, bizim iradəmizlə olmayıb. Arif Rəhimzadə daim birsifətli insan olub, daim Heydər Əliyevi müdafiə edib, bu günün özündə də belədir. Amma belə fikirlər səsləndirməsinə çox təəssüfləndim. Azərbaycan dövlətinin banisi kimi soveti göstərmək, onu ideallaşdırmaq qətiyyən olmaz”./“Yeni Müsavat”

XƏBƏR LENTİ