“Molla”-Ariyançı İran dövrü və Güney Azərbaycan Milli Hərəkatı (2.Yazı)

1 154 18-08-2021, 09:38 siyaset / gundem

“Molla”-Ariyançı İran dövrü və Güney Azərbaycan Milli Hərəkatı (2.Yazı)

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)


“İslam inqilabı”ndan sonra ilk baş nazir Mehdi Bazərgan və ilk prezident Bəni Sədrin milli muxtariyyatla bağlı yumşaq yanaşmaları da heç bir nəticə vermədi. Hətta, “İran İslam” konstitusiyasında dolaysıyla da olsa, milli məsələ ilə bağlı bəzi müddəalar öz əksini tapmışdı ki (məsələn, 15-ci maddəyə görə, fars olmayan digər xalqlar öz dillərində yazmaq, oxumaq, qəzetlər çıxarmaq, kitablar yayınlamaq hüququ əldə etmişdi), həmin maddələr də İran-İraq müharibəsi (1980-1988) əldə bəhanə edilərək quru söz olaraq qaldı. Nəsibli yazır: “İslam Cümhuriyyəti dövlətinin ölkədəki Türklüyə münasibətini prinsip olaraq öncəki Pəhləvi rejiminin politikalarının davamı olduğunu ifadə etməliyik. Teokratik iqtidar da türklərə təbii haqlarını belə verməkdən imtina etdi. Yeni İran Anayasasının ölkədəki qövmlərin və tayfaların birliyi məsələsindəki ehtişamlı vədinə baxmayaraq, İslam Cümhuriyyəti dönəmində Pəhləvi dönəminin Türk düşmənliyi daima gündəmdə olmuş, Türklüyün varlığı İranın bütövlüyü üçün təhlükə olaraq görülmüş, dövlət adamları, ölkənin irqçi aydın kəsimi və ayrıca assimilyasiya etdiyi türklər, Türk əhalisi arasında milli kimliyin formalaşmasına əngəl olmuş,, Türk milli hərəkatını acımasızca təqib etmişlərdi. Anayasanın 15. maddəsində, eyni zamanda da “özünü idarə bölgələrinin haqq və vəzifələri” adlı qanunda öngörülən “yerli dillərin” istifadəsi, bu dillərin yerli idarəetmə qurumlarında istifadə olunması, yerli kültürlərin araşdırılması və tanıdılması sahəsində öngörülən vədlər kağız üzərində qaldı. İran dövləti son on illər içində Türklüyün milli yöndən şüurlanması və təşkilatlanmasının qarşısını almağa çalışdı”.
Xomeyni İran-İraq müharibəsi dövründə MXP-dən sonra kommunistlərin Tudə Partiyasının (1983), ən sonda da rəhbərlik etdiyi İslam Cümhuriyyət Pariyasının (1987) fəaliyyətini qadağan etmişdi. Həmin dövrdə “İslam iniqlabı”nda da fəal iştirak etmiş, “İslam İnqilabi Şurası”nın üzvü olmuş Seyid Əli Xamenei isə onun sağ əli idi. 1981-1989-cu illərdə iki dəfə İran adlanan ölkənin prezidenti vəzifəsini də icra etmiş Xamenei, 1989-cu ildə Xomeyni öldükdən sonra “İslam İniqlabi Şurası”nın başçısı, ölkənin Ali Rəhbəri vəzifəsinə təyin edildi və hələ də, bu vəzifələrinə davam etməkdədir.
1989-cu ildə Xomeyninin ölümündən sonra, başqa bir türk düşməni Haşimi Rəfsancani İran İslam Cümhuriyyətinin prezidenti seçildi. A.Qasımlı yazır: “Rəfsəncaninin başqanlığında İranda totalitar bir rejim quruldu və bununla da Türk kimliyi daha da geriləməyə başladı. Türk düşmənçiliyini dövlət siyasəti mərhələsinə qaldıran Rəfsəncani hökuməti və onun tərəfdarları heç bir əxlaqa sığmayan addımlar atdı. Belə ki, rəsmi şəkildə Azərbaycanla müharibə şəraitində olan Ermənistana yardım etdi, bəzi mətbu orqanları istisna olmaqla türkcə bütün qəzet və jurnalları bağlatdı. Müharibə dövründə çökmüş Güney Azərbaycan iqtisadiyyatını daha da çökdürdü, xalqı səfalətə sürüklədi. Acınacaqlı haldır ki, bu işə vəzifəni milli maraqlardan üstün tutan «sapı özümüzdən olan baltalar» daha doğrusu, «içimizdəki şeytanlar» da rəvac verdi və verməkdədir. Belə ki, şah rejimini devirmək üçün Qurani-Kərimin «Biz insanları müxtəlif dillərdə və müxtəlif rənglərdə yaratdıq» ayəsinə söykənərək yola çıxan İslam Cumhuriyyət Partiyası qısa zamandan sonra fars şovinizminə dayanaraq bu müqəddəs ayənin də əleyhinə gedərək Iranın parçalanma ehtimalını irəli sürdü. Fars şovinizminə dayanan bu partiyanın yetkililəri ilk olaraq zərbəni onlarla eyni vaxtda yaranmış Müsəlman Xalq Partiyasına, onun lideri Şəriətmədariyə və ən başlıcası, Azərbaycan türklərinə vurmağa başladılar. Bu məqsədlə onlar «Rəhbərlik parçalanmaz» şüarını irəli sürərək bütün təbliğat maşınlarını işə saldılar və Azərbaycan Türklərinin öndə gedənlərini səhnədən sıxışdırıb çıxarmağa, onun təşkilatını məhv etməyə və öz Fars hegomonluqlarını bərpa etməyə müvəffəq oldular. Bu işdə onlara əslən türk olan və prezident olmaq istəyən doktor Bənisədr, Baş prokuror olmaq istəyən Hüseyn Müsəvi, din adamları Ayətullah Qazi, Ayətullah Xalxali və başqaları da yardımçı oldular. «Ağacı içindən qurd yeyər» demiş atalar. Bu «qurdlar» da Ulu Çinar Azərbaycanı içindən yedilər və «həşəratları» Vətənin içinə doldurub onun bütün olan-qalan qanını da sordular. Şəriətmədarini Vətəndən ayırıb məhv etdilər. Yüzlərlə millət və Vətən qeyrəti çəkənləri şəhid etdilər, zindanlarda çürütdülər, ev dustağı etdilər. Vətəndən didərgin saldılar. Milləti başsız qoydular. Meydanı boş görən fars şovinistləri, şah dövründə olduğu kimi yenə də müqəddəs vətənimizdə at oynatmağa başladılar. Pəhləvi¬lərdən sonra hakimiyyəti ələ keçirən şovinist məzhəbçi islamçılar da onlar kimi fars dilini bir məzhəb dili kimi yenə də dövlətin rəsmi dili olaraq saxladılar. Hətta onlar şiəliyi belə fars məzhəbi kimi təqdim etməyə başladılar. Bütün bunların da nəticəsində fars dili və fars şiə məzhəbi fars kimliyini hakim mövqeyə çıxardı”.
İran İslam Respublikasında 1997-ci ildə Məhəmməd Xatəmi başda olmaqla “reformistlər” adlanan qrupun xalqın iqtidara gəlməsi həm ölkə daxilində, həm də xaricdə İran İslam rejiminin reformalar yolu ilə dəyişəcəyinə bir inam yaratmışdı. Ancaq A.Qasımlı dorğu yazır ki, əslində isə Xatəmi də başda olmaqla bu “reformistlər” fars şovinizminin üçüncü dalğasının təmsilçiləri idilər. Bu fars millətçi dalğa təmsilçiləri digər iki şovinist dalğalardan fərqli olaraq Iranda etnik fərqlilikləri qəbul edir və güya bunun dövlət tərəfindən də qəbul edilməsinə çalışırlar. Onlar “İran”da güya həm milli kimliyi və həm də etnik kimliyi qəbul edir və göstərirdilər ki, “İranın milli kimliyi farslar və fars dili çərçivəsində şəkillənməli, etnik kimlik isə yalnız mədəni sahədə qalmalı, heç bir vəchlə siyasi meydana gətirilməməlidir”. A.Qasımlı yazır: “Çox təəccübləndirici haldır ki, onlar İran deyilən məmləkətin əsas etnosu hesab olunan 35 milyonluq Azərbaycan türkünü də bu etnik kimliyə daxil edirlər. Bütün bunlara bir demokratiya donu da geydirməyə çalışaraq milli problemləri arxa plana keçirməyə cəhd edirlər. Arada bəzi kosmetik dəyişikliklərlə millətimizi çaşdırmağa çalışan Xatəmi hökuməti və onların «reformist» düşüncələrinin də iç üzü tezliklə açıldı və millətimiz bu əcaib və hiyləgər torun nədən ibarət olduğunu anladı. Öncə “reformistlər”lə mühafizəkarların mübarizəsinin “islahatçılar”ın qələbəsi ilə nəticələnəcəyinə ümid bağlayan daxili və xarici qüvvələrin ümidləri boşa çıxdı. Artıq “reformistlər” də iflasa uğradı və “İran siyasi sistemi islah edilə bilən bir siyasi sistem deyil” mövqeyi düşüncələrə hakim kəsildi”.
1979-2009-cu illərdə keçirilən parlament və prezident seçki¬lərinin hamısı mühafizəkar İran İslam rejiminin nəzarəti altında olduğundan millət vəkilləri və prezident seçilməmiş, Vilayəti-Fəqih və onun tabeliyində olan “Şureyi-Nigahban” və 12 nəfərdən ibarət Konstitusiyaya Nəzarət Şurası tərəfindən təyin edilmişlər. 30 illik hakimiyyətləri dönəmində İran hakim dairələri İran Konstitusiyasından sui istifadə edərək ölkəni bütünlüklə İslam dini və hətta şiəliklə heç bir əlaqəsi olmayan fars şovinizmi ilə idarə etmişlər. Artıq “İran” cəmiyyəti də görür ki,“din siyasətdən ayrı deyil, bizim siyasətimiz dinimizdir” – deyən bu şovinist İran İslam rejiminin İslam dininə dəxli olmayan xüsusi bir siyasətləri var.
12 iyun 2009-cu ildə İran İslam Respublikasında növbəti prezident seçkisi keçirildi. “Vilayəti-Fəqih” və “Şureyi-Nigahban”ın nəzarəti altında keçirilən bu “seçki”də 12 nəfərdən ibarət Konstitusiyaya Nəzarət Şurası tərəfindən qeydə alınan 4 namizəd iştirak edirdi. Bu seçki dünyada olduğu kimi Quzey Azərbaycanda da diqqət və maraqla izlənildi. Çünki bu seçkilərdə İran-İraq müharibəsi dövründə 8 il İran islam rejiminin baş naziri vəzifəsində çalışan, o zaman prezident olan Seyid Əli Xameneyi ilə davamlı problem yaşayan, baş nazirlikdən çəkildikdən sonra 20 il evdə oturan, əslən Azərbaycanın Xamnə şəhərindən olan Azərbaycan Türkü Mirhüseyn Musəvinin prezidentliyə namizədliyi formal da olsa, qeydə alınmışdı.
Aydın Qasımlı yazır ki, Mirhüseyn Musəvi İran İslam Respublikasının tarixində ilk dəfə olaraq həyat yoldaşı ilə birgə 20 gün müddətində çox gərgin keçən təbliğat və təşviqat nəticəsində prezident Əhmədi Nejadın daxili və xarici siyasətini kəskin tənqid edərək mövcud iqtidardan bezənlərin və İranda yeni bir dönəmin başlanmasına ümid bəsləyənlərin səsini qazanmağa nail olmuşdu. Lakin seçicilərin yarıdan çoxunu təşkil edən Azərbaycan Türklərinin və xeyli miqdarda digər xalqlardan olan gənclərin və xüsusilə qadınların, həmçinin onun mənsub olduğu solçu İslamçıların və onun gələcək hakimiyyətindən yararlanmağa çalışanların səs verdiyi Mirhüseyn Musəvinin səsləri seçki komissiyası tərəfindən Əhməd Nejadın xeyrinə saxtalaşdırılaraq İran xalqlarının iradəsi zorlandı. Seçkilər bitən kimi bütün seçkiyə nəzarəti əlində cəmləşdirən dini lider Əli Xamneyi tələsik şəkildə öz namizədi Əhməd Nejadı “qələbə” münasibətilə təbrik etdi.
Bu seçki “İran” xalqları, xüsusilə bu günə qədər Azərbaycan Milli Hərəkatına biganə yanaşan və irançılıq əhvali-ruhiyyəsi ilə yaşayan bir çox Azərbaycan türkləri üçün yeni bir imtahan oldu. Bu cür düşünən soydaşlarımız da gördülər ki, şovinist İran İslam rejimi hətta, ona illərlə sədaqətlə xidmət etmiş Mirhüseyn Musəvi kimilərə də etibar etmir. Bu seçki bir daha göstərdi ki, nə qədər ki, Mirhüseyn Musəvi kimilər keçmiş səhvlərindən nəticə çıxarıb Güney Azərbaycan Milli Hərəkatı ətrafında birləşib bir güc mərkəzinə çevrilməyiblər demokratik mübarizədə heç bir uğur əldə edə bilməyəcəklər.

XƏBƏR LENTİ