Hakimiyyət-müxalifət dialoqunun yeni mərhələsi - "Siyasi partiyalar haqqında” qanun necə dəyişəcək?

315 13-08-2021, 09:10 cemiyyet

Hakimiyyət-müxalifət dialoqunun yeni mərhələsi - "Siyasi partiyalar haqqında” qanun necə dəyişəcək?Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlandığı bildirilir. Bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə istinadən yerli saytlar məlumat yayıb.

Ancaq yeni qanun layihəsinin detalları, hələlik açıqlanmır. Bəs siyasilər və ekspertlər bu barədə nə düşünürlər?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə təmsilçisi Hikmət Babaoğlu hazırkı siyasi sistemdə dialoq mühitinin tədricən dərinləşdiyini və genişləndiyini hesab edir: “Bu, siyasi sistemin rasional inkişafı və siyasi atmosferin möhkəmlənməsi baxımından vacibdir. Nəzərə alın ki, Ədalət Vəliyevin partiyalarla keçirdiyi görüşdə bir neçə məsələ müzakirə olunub və “Siyasi partiyalar: zəfər, yeni reallıq və dialoq” mövzusu qoyulub, hər üçü də aktualdır. Zəfər Azərbaycan xalqının böyük qələbə tarixidir və bunun gətirdiyi yeni reallıq siyasi sistemimizdə keyfiyyət dəyişikliyini zəruri edir”.

Deputatın fikrincə, hazırkı tarixi mərhələdə çox mühim qlobal çağırışlarla üz-üzədirlər. O hesab edir ki, bu vəziyyətdə ölkə daxilində dialoqun olması vacibdir: “Ona görə də böyüyən və genişlənən siyasi sistemin yeni qanunla nizamlanması aktuallığı ortaya çıxır. Hörmətli Ədalət Vəliyevin görüşdə səsləndərdiyui fikirlərə əsaslanaraq deyə bilərik ki, son dövrlərdə 22 partiya ofislə təmin olunub, 25 partiya qurultay keçirib və yenidən qeydiyyata alınıb, 7 partiya yaranıb və qeydə alınıb. Bu, siyasi sistemimizin palitrasının daha da zənginləşdiyini göstərir”.

H.Babaoğlu yeni qanunun qəbulunun dərinləşən və böyüyən siyasi sistemdə demokratik ənənələrin daha da güclənməsi, siyasi fəaliyyətin demokratik əsaslarla tənzimlənməsi üçün yeni hüquqi bazaya ehtiyacdan yarandığı fikrindədir: “Siyasi sistem təkmilləşməlidir. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun aktualdır”.

Hikmət Babaoğlunun sözlərinə görə, ölkədə fikir plüralizmi, siyasi dünyagörüş çalarları artırsa, bunun özü siyasi münasibətlərdə keyfiyyət yeniliyi yaradır: “İkinci, qlobal çağırışlar Azərbaycandan daha təkmil fəaliyyət tələb edirsə, siyai sistem təkmilləşməlidir. Bütün bunların da qanunvericilik bazası olmalıdır ki, fəaliyyət tənzimlənsin”.Hakimiyyət-müxalifət dialoqunun yeni mərhələsi - "Siyasi partiyalar haqqında” qanun necə dəyişəcək?
“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov da mövcud qanunun siyasi partiyaların fəaliyyəti üçün münbit mühit yaratdığını düşünür. Ekspertin sözlərinə görə müəyyən təkmilləşmələrin aparılması da vacibdir: “Əsasən də partiyaların fəaliyyətinə dövlət müdaxiləsini minimuma endirilməsi olmalıdır. Yaxud hazırkı qanunda partiyaların maliyyələşməsi mexanizmi tam aydın deyil. Daha sonra partiyaların qeydiyyatı prosedurları sərtdir və nəticədə müxalif ideya daşıyıcısı olan təşkilatların qeydiyyatı üçün müəyyən bürokratik maneələr yaradılır. Eyni zamanda, partiyaların fəaliyyətinə dövlət qurumlarının müdaxilələri olmamalıdır”.

Hafiz Həsənovun fikrincə, yeni qanun hazırlanırsa, yalnız “Siyasi partiyalar haqqında” qanunun özü yox, Seçki Məcəlləsi, “Hüquqi şəxslərin dövlət reyestri haqqında” qanun, partiyaların maliyyələşməsi aktları də nəzərə alınmalıdır: “Ancaq son proseslər göstərir ki, qeyri-dövlət sektoru ilə bağlı qanunvericilik, daha çox “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları”, “Qrant haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunlara dəyişikliklər fəaliyyət mühitini daraldıb. Hazırda “Media haqqında qanun”un hazırlandığı deyilir, amma açıq müzakirələr keçirilməsə də, məlumatlar var ki, medianın faəliyyəti ilə bağlı müəyyən məhdudlaşmalar, dövlətin proseslərə müdaxiləsi olacaq”.

Onun fikrincə, indiyə qədər sadalanan qanunlara edilən dəyişikliklər tendensiyası göstərir ki, daha çox hüquqi mühitin daralması baş verir və bu qurumlara dövlət nəzarəti gücləndirilir: “İndiki halda “Siyasi partiyalar haqqında” yeni qanuna ehtiyac var deyilirsə, ehtimal edirəm ki, eyni tendensiya ilə gedəcək. Necə ki, “Qeyri-hökumət təşkilatları”, “Qrant haqqında” qanunlara edilən dəyişikliklər məhdudlaşdırıcı xarakterli oldu. Məqsəd müdaxilələrin artırılması, nəzarətin gücləndirilməsi, fəaliyyətin məhdudlaşdırılmasıdır. Bu isə ümumilikdə götürdükdə yaxşı heç nə vəd etmir”./“AzPolitika.info”

XƏBƏR LENTİ