Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər

125 24-05-2024, 10:14 cemiyyet

Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblərAzərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər.

Xeberdar.net məlumat verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə bu il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.

Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.

Azərbaycan və Ermənistan arasında sərhəddə mayın 15-də Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Bu bir daha sübut edir ki, Azərbaycan bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək.

XƏBƏR LENTİ