Baş Prokurorluq Zaqatalada baş verən faciəvi zəhərlənmə olayı ilə bağlı açıqlama yayıb.Musavat.coma daxil olan açıqlamada deyilir ki, dekabrın 31-də saat 14 radələrində Zaqatala şəhəri, H.Zeynalabdin Tağıyev küçəsi, ev 2, mənzil 14-də 1982-ci il təvəllüdlü Muxtarlı Nuranə Sabir qızı, 2015-ci il təvəllüdlü Məmmədzadə Nilay İlqar qızı və 2005-ci il təvəllüdlü Muxtarlı Fatimə Ramazan qızının meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Həmin məlumat əsasında rayon prokurorluğu, rayon Polis Şöbəsi və “Azəriqaz” İstehsalat Birliyinin Zaqatala rayon Qaz İstismar Sahəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, meyitlərin aşkar olunduğu mənzil bir otaq, mətbəx və bir hamam otağından ibarətdir və mənzil kustar üsulla çuqun materialdan hazırlanmaqla rezin boru ilə qaz xəttinə birləşdirilmiş soba ilə qızdırılır.
Araşdırma ilə həmçinin müəyyən edilib ki, dekabrın 31-də saat 13 radələrində Nuranə Muxtarlının keçmiş əri İlqar Məmmədov Yeni il bayramı münasibəti ilə uşaqlarına aldığı hədiyyələri vermək üçün onların yaşadığı həmin ünvana gələrək qapını döysə də açan olmayıb. Hamamdan su səsinin gəldiyini eşidib evə gedən su kranını girişdən bağlayıb və bundan sonra qapını yenidən döyərkən içəridə olan azyaşlı oğlu Altun Məmmədzadə qapını açıb. İ.Məmmədov mənzilə daxil olduqda Nuranənin meyitini hamam otağında, qızı Nilayın və qaynı qızı Fatimənin meyitlərinin isə yataq otağında çarpayının üzərində aşkar edib və dərhal qonşuları köməyə çağırıb.
Meyitlər məhkəmə-tibb ekspertizasından keçirilərkən dəm qazı və qida zəhərlənməsi ehtimalı nəzərə alınmaqla nümünələr götürülüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə ölümün dəm qazından və qida zəhərlənməsindən baş verməsi fərziyyələri ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Zaqatalada vəfat edənlər həbsdə olan jurnalist Əfqan Muxtarlının bacıısı, onun övladı və qardaşı uşağıdır.
Xeberdar.net