Masazırda yerləşən bağçada nəzarətsiz qalan uşaq batutdan yıxılıb.
Bu barədə Qaynarinfo-ya uşağın atası, Masazır qəsəbə sakini Murad Nurullazadə məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində uşağın baş yarılıb:
"Hadisə oktyabrın 22-də Masazırda yerləşən "Etimad KİDS" bağçasında baş verib. Uşaq yıxılıb və başı yarılıb. Hadisə ilə bağlı bizə heç bir məlumat verilməyib. Uşağı bağçadan götürən zaman onun başında zədələri gördük. Girdim bağça müdiri Məxmər xanımın yanına ki, bu nədir, axı mən bu uşağı sizə salamat verib getmişəm? Niyə hadisə ilə bağlı bizə dərhal məlumat verilməyib? Üstəlik tibbi yardım da göstərilməyib. Bu məsuliyyətsizliyin adı nədir? Məxmər xanım dedi ki, uşaq yıxıla-yıxıla böyüyər, götürün aparın, burada heç nə yoxdur, adi cızıqdır".
Murad Nurullazadə hadisə ilə bağlı 102 xidmətinə məlumat verdiyini vurğulayıb:
"Sonra uşağı apardım Abşeron rayon Mərkəzi Xəstəxanasına, ilkin müdaxilə olundu. Oradan məni Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən Neyrocərrahiyyə Xəstəxanasına göndərdilər və orada uşağın başına tikiş qoyuldu. Dedilər "Semaşko"da KT-müayinə olunmalıdır. Müayinə olundu və nəticədə travma aldığı göstərilmədi, amma həkim dedi ki, bu cür hadisələrdə 5 yaşa kimi uşaqlarda travma 21 gün müddətində özünü büruzə verir".
Məsələyə "Etimad KİDS" bağçasının münasibətini öyrəndik. Bağçanın "Instagram" səhifəsində qeyd olunan telefon nömrəsinə zəng etdik. Telefonu götürən şəxs bağçanın müəllimi olduğunu desə də, adını açıqlamaq istəmədi:
"Bir damcı cızıq olub, nə baş, nə partlamaq? Gətirib uşağın başındakı tikişi göstərsin. Belə bir hadisə yoxdur, ortada başqa məqsədlər var. Mən müdirə məlumat verərəm. Uşağın anası-atası ilə özümüz danışacağıq".



