Prokuror rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəmə zalında həbs edilməsini istəyib

747 4-01-2018, 11:10 kriminal / gundem

Prokuror rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəmə zalında həbs edilməsini istəyib
Bakı Ağır Cinayətlər məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Körpə İncilər" Təlim-Tədris Mərkəzinin müdiri İlahə Ziyadovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror İ. Ziyadovanın cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

O, İ. Ziyadovanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində polisin nəzarətinə verilmə qətimkan tədbirinin həbslə əvəz olunmasını, məhkəmə iclas zalında həbs edilməsini istəyib.

Proses yanvarın 12-də davam etdiriləcək.

İttihama görə, Bakının Xətai rayonunda yerləşən "Körpə İncilər" Təlim-Tədris Mərkəzinin müdiri İlahə Ziyadova sosial şəbəkələrdə elan edilən vakansiya ilə bağlı ona müraciət etmiş Muradlı Tavat Hüseyn qızını bağçaya ingilis dili müəlliməsi kimi işə qəbulu üçün onun anası Tünzalə Muradovadan 2500 manat alıb, lakin vədinə əməl etməyib.

Bundan başqa, o, çoxsaylı şəxsləri bağçaya tibb bacısı və müəllimə kimi işə götürəcəyini vəd edərək, onlardan rüşvət alıb.

İ. Ziyadova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması təkrar törədildikdə) və 162-1.1 (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Xeberdar.net

XƏBƏR LENTİ