Azərbaycanda işsizlik müavinəti ləğv olunub? - Rəsmi açıqlama

1 779 5-01-2018, 14:48 cemiyyet / gundem

Azərbaycanda işsizlik müavinəti ləğv olunub? - Rəsmi açıqlama
"Bir sıra KİV-lərdə işsizlik müavinətinin ləğv olunması barədə yayılan məlumatların bu məsələyə yanlış yanaşmanın mövcudluğunu göstərir. Əksinə, bu ildən ölkəmizdə tətbiqinə başlanan "İşsizlikdən sığorta haqqında” Qanun müasir dünyada işsizlikdən sığorta sahəsində mövcud olan mütərəqqi cəhətlər əsas götürülməklə Azərbaycanda işsizlikdən müdafiə və işsizliyə görə sığorta ödənişi sisteminin formalaşdərılmasın imkan verib”.

BakuPost.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

Ayrı-ayrı mətbuat orqanlarında işsizlik müavinətinin ləğv olunması barədə yayılan məlumatlara aydınlıq gətirən Elman Babayev qeyd edib ki, "İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bir sıra qərarlarını ləğv etməsini işsizlik müavinətinin ləğv olunması kimi başa düşmək düzgün deyil:

"Burada məqsəd müvafiq sahədə qanunvericilik aktlarında uyğunluğun təmin olunması, müvafiq texniki təkmilləşdirmələrin aparılmasıdır. Eyni zamanda işsizliyə görə müavinət anlayışının işsizlikdən sığorta anlayışı ilə əvəzlənməsi də bu təkmilləşdirmələrin əsas məqsədidir. Çünki "İşsizlikdən sığorta haqqında” Qanunda həmin Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması kimi işsizlikdən sığorta nəzərdə tutulub. İşsizlikdən sığorta ödənişinin isə 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən olunub”.

Şöbə müdiri onu da qeyd edib ki, 2018-ci ilin əvvəlindən Azərbaycanda tətbiqinə başlanan işsizlikdən sığorta sistemi işsiz şəxsin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsinə, onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsinə xidmət edəcək."İşsizlikdən sığorta haqqında” Qanunla bu ilin əvvəlindən yaradılan İşsizlikdən Sığorta Fondunda cari ildə toplanması nəzərdə tutulan 89 mln. manat vəsaitin 37,6 faizi və ya 33,5 mln manatı məhz işsizliyə görə sığorta ödənişlərinə yönəldiləcək, halbuki 2017-ci ildə bu məqsədə cəmi 17,5 mln. manat vəsait yönəldilmişdi: "Belə ki, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizliyə görə sığorta ödənişi ilə təmin olunacaqlar. Aktiv əmək bazarı tədbirləri kimi, bu sahəyə yönəldilən vəsaitin məbləği də cari ildən əhəmiyyətli şəkildə artırılıb”.

XƏBƏR LENTİ