Əli İnsanov məhkəməyə gəlməkdən imtina edir -İclasın vaxt bilindi

906 5-01-2018, 18:20 cemiyyet / gundem


Əli İnsanov məhkəməyə gəlməkdən imtina edir -İclasın vaxt bilindiSabiq səhiyyə naziri Əli İnsanovun işinə Ali Məhkəmədə baxılacaq. Məhkəmənin vaxtı məlum olub.

Məhkəmə iclası yanvarın 16-da baş tutacaq. Bu barədə Ə.İnsanovun vəkili məlumat verib. Vəkil Toğrul İsmayılov bildirib ki, Əli İnsanov məhkəmə prosesində iştirak etməkdən imtina edib və ötən proses də məhkəməyə gəlməyib.

Sonuncu proses noyabr ayında baş tutmuşdu. Dövlət ittihamçısı icraatında çox iş olduğu üçün cinayət işi materialları ilə tanış olmadığını bildirərək vaxt istəmişdi.

Sabiq nazir Qaradağ rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyən Əli İnsanov Ali Məhkəməyə müraciət edib.

Ə.İnsanovun şikayətinə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, bir müddət əvvəl Ə.İnsanov Ali Məhkəməyə verdiyi şikayətə baxılmamasından narazı qalaraq Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət etmişdi.

Qeyd edək ki, Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanmışdı. Ona törətdiyi əmələ görə 7 il 5 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

O, bu hökmdən apellyasiya şikayəti vermişdi. Şikayəti təmin edilməyən sabiq nazir Ali Məhkəməyə müraciət etmişdi. Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunmuşdu. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilirdi. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunan Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatmışdı.(Musavat.com)

XƏBƏR LENTİ