Neftlə bağlı bədbin proqnozlar doğrulmadı

782 6-01-2018, 11:18 iqtisadiyyat / gundem

Neftlə bağlı bədbin proqnozlar doğrulmadıQiymətlər 70 dolları ötə bilər...

Neftin qiyməti bütün bədbin proqnozları geridə qoyaraq 70 dollar səviyyəsinə doğru irəliləyir. “Brent” markalı neftin bir bareli 68 dollara yüksəlib. Bu artım ən çox neft istehsal edən, eyni zamanda iqtisadiyyatı neftdən asılı olan ölkələri sevindirir. Bəs görəsən, artım hansı amillərə dayanır və nə dərəcədə davamlı olacaq? 2018-ci il üçün neftin orta qiyməti neçə dollar proqnozlaşdırılır? Artım davam edərsə Azərbaycan dövlət büdcəsində neftin qiyməti artırıla bilərmi?

“Yeni Müsavat”ın suallarını cavablandıran Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, hazırda bazara təsir edən əsas amillər əsas boru kəmərlərində baş verən problemlərlə bağlıdır: “Neftin bahalaşmasına təsir göstərən bir neçə amil oldu ki, son bir həftə ərzində qiymətlər 65-70 dollar dəhlizində var - gəl edir. Buna təsir edən amillər nə idi? Ötən ilin son hərracında ”Brent" markalı neft 66,62 dollar göstəricisi ilə ili başa vurdu. Neftin qiymətinin 65 dollar həddini keçməsi Şimal dənizindən 80 mənbədən gündəlik 450 min barel nefti Böyük Britaniyaya nəql edən Forties neft boru kəmərində sızma aşkarlanması ilə əlaqədar idi. Bu səbəbdən həmin boru kəməri təmirə dayandırıldı ki, ekoloji fəsadlar olmasın. Nəticədə neft birdən-birə 62 dollardan 65 dollara yüksəldi. Sonrakı proseslər yenə də boru kəmərlərində olan hadisələrlə əlaqədar idi ki, bu da qiymətin daha 1 dollar artımına səbəb oldu. Söhbət Liviyadakı bir neçə yataqdan Aralıq dənizinə terminala boru kəmərindəki diversiyadan gedir. Bu da bazar iştirakçılarını çox təşvişə saldı. Nəticə etibarilə neftin qiyməti 66 dollar baryerini üstələdi. Bu notlarla 2017-ci il yekunlaşdı, 2018-ci ilin gəlişi isə Amerika Neft İnstitutunun yanvar ayının 3-də açıqladığı hesabatla başladı ki, bu ABŞ-da həftəlik neft ehtiyatlarının 5 milyon barel azalması ilə bağlı idi. Bildiyiniz kimi, ABŞ-da həm hasilat göstəriciləri, həm də ehtiyatlarla bağlı göstəricilər, həm də buruqların sayı bazar iştirakçıları tərəfindən çox həssas yanaşılan bir mövzudur. Ona görə də, bu bazar iştirakçıları arasında ilk hərracdaca təsirini göstərdi və ona gətirib çıxartdı ki, neftin qiyməti 68,21 dollara qədər artdı. Ancaq bir gün sonra Amerika enerji Administrasiyası daha dəqiq rəqəmlər səsləndirməli idi və həmin axşam qeyd edildi ki, azalma 5 milyon bareldən bir qədər aşağıdır. Bununla da neftin qiymətində enmələr müşahidə olundu. Bu enmələr davam edir və qiymətlər 67,44 dollara qədər düşüb. Lakin 67 dollar da böyük bir göstəricidir. Çünki 2015-ci il mayın əvvəlindən bu yana birjalarda bu cür qiymət qeydə alınmayıb. Çoxları hərraclarda neftin 70 dollar göstəricisini aşmasını gözləyir".
Neftlə bağlı bədbin proqnozlar doğrulmadı
Ekspertin sözlərinə görə, cari il üçün proqnozları orta qiymət səviyyəsində götürsək, ötən illə müqayisədə daha pozitivdir: “Dünya iqtisadiyyatının artım tempi əvvəlkindən daha yaxşıdır. Dünya miqyasında neftin istehlakı təqribən 1,2-1,8 milyon barel arasında artıma doğru getməlidir. Bundan başqa, ”bunker nefti" deyilən bir anlayış var ki, onun da azalması davam edəcək. Hər 3 amil neftin qiymətlərinin artımına işarə edir. Azalma ilə bağlı hələ ki elə bir təlaş doğuracaq xəbərlər yoxdur. Neftin qiyməti 70 dolları ötə də bilər, müəyyən bir zaman kəsimində 75-ə də qalxa bilər, hətta 45 dollara da düşə bilər. Necə ki, ötən il orta qiymət 54 dollar oldu, yay aylarında 42 dollara düşdü, ilin sonunda isə 66 dollara qalxdı. Əsas qiymət orta qiymətdir. Cari ildə orta qiymət kimi neftin bir barelinin 56-57 dollara olacağı proqnoz edilir. Proqnozlarla bağlı ilk korreksiya aprel ayından etibarən edilir. Çünki birinci rübün yekunları açıqlanır, bundan sonra dünya iqtisadiyyatının, şirkətlərin iqtisadi-maliyyə göstəriciləri təhlil edilir, onların proqnozlara nə dərəcədə uyğun olub-olmaması müəyyən edilir, daha sonra ilkin korrektələr edilir".

Bəs qiymətlər bu templə bahalaşmaqda davam etsə, ilin birini yarısından sonra neftin qiyməti ilə bağlı Azərbaycan dövlət büdcəsində dəyişiklik edilə bilərmi?

Bu sualı cavablandıran İlham Şaban bildirdi ki, hazırda dövlət büdcəsində neft 45 dollardan götürülüb və artırılması gözlənilmir: “Əgər biz 2017-ci ilin praktikasını nəzərə alsaq, 40 dollardan götürülmüşdü, ancaq orta qiymət 54-55 dollar oldu. Bununla bağlı Dövlət Neft Fondunun büdcəsində və xərcləmələr hissəsində oktyabr ayında dəyişikliklər oldu. Bir məqamı nəzərə almaq lazımdır ki, bu il Azərbaycanda neft hasilatı azalmaqda davam edəcək. Bu o deməkdir ki, neftin bahalaşması reallıqda bizdəki bu azalmanı kompensasiya edəcək və gəlirlərin ötən ilki səviyyədə qalmasına kökləyəcək. Biz ona ümid edə bilərik. 2017-ci ildə dövlətin mənfəət nefti 6 milyarddan bir qədər artıq proqnoz edilir. Bu ayın sonunda daha dəqiq məlumat olacaq. 2018-ci ildə neftin qiyməti ötən illə müqayisədə daha çox olsa da, hasilat azaldığı üçün biz ancaq ona ümid edə bilərik ki, ötən ilki səviyyəni qoruyub saxlaya bilək. Ötən illə müqayisədə cari il üçün büdcə xərcləri 20 faiz artırılıb. Onsuz da hökumət bütün bunları proqnoz edib. Neftin qiyməti 100 dollardan aşağı düşəndən sonra bu il ilk dəfə hökumət kapital və tikinti xərclərini artırıb. Öncəki illərdə isə daim azalma siyasəti yürüdülmüşdü. Həmçinin kifayət qədər böyük büdcə kəsiri də var ki, əlavə gəlirlər bu büdcə kəsirinin örtülməsinə yönələ bilər”.

Xeberdar.net

XƏBƏR LENTİ