Dünya Bankı qlobal iqtisadi artımla bağlı 2018-ci il üçün proqnozunu iyun ayı proqnozu olan 2,9%-dən 3,1%-ə qaldırmaqla yanaşı riskləri də açıqlayıb.
"Report" "Financial Times"a istinadən xəbər verir ki, Bank ekspertləri hesab edirlər ki, 2018-ci ildə qlobal iqtisadiyyatın artım tempi demoqrafik amillər, investisiya çatışmazlığı, məhsuldarlıqda artımın yavaşlaması və monetar siyasətin sərtləşdirilməsi kimi risklərlə yavaşlaya bilər.
Bununla yanaşı Dünya Bankı xəbərdarlıq edib ki, əgər hökumətlər struktur islahatları həyata keçirməsə, qlobal iqtisadi artım müvəqqəti olacaq.
Əmək bazarında doyma nöqtəsinə yaxınlaşdıqları üçün dünyanın aparıcı ölkələrində növbəti illərdə iqtisadi artımın yavaşlaması gözlənilir. Bankın proqnozlarına görə, inkişaf etmiş ölkələrin iqtisadi artım tempi 2017-ci ildəki 2,3%-dən 2018-ci ildə 2,2%-ə, 2020-ci ildə isə 1,7%-ə enəcək.
Bununla yanaşı, Dünya Bankı qlobal iqtisadiyyat üçün qısamüddətli riskləri açıqlayaraq bildirib ki, FED-in və digər mərkəzi bankların monetar siyasətlərini daha çevik sərtləşdirməsi nəticəsində qlobal bazarlarda ucuz borclanma dövrü anidən bitə bilər. Bu da öz növbəsində kapital bazarları üçün həddindən artıq təhlükəlidir. Risklər arasında həmçinin proteksionizm və qlobal ticarət həcmində artımın yavaşlaması amilləri göstərilir.
Xeberdar.net