Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "BakuPost"a verilən məlumata görə, mütəmadi aparılan hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər nəticəsində ötən gün vətəndaşlar tərəfindən xeyli sayda silah polis orqanlarına təhvil verilib.
Belə ki, Sumqayıt şəhər sakini Bəyim Yusifzadə 1 ədəd "Makarov” markalı tapançanı, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Əfqan Məmmədov, Sədərək kənd sakini Tural Əlizadə, Ordubad şəhər sakini Ümüd Mustafayev, Biləv kənd sakini Xanəli Quliyev, Parağa kənd sakini Əmrah Həmidli tapdıqları nömrələri silinmiş ümumilikdə 4 ədəd "İJ” və 1 ədəd "Ortsan” markalı tüfəngləri, Ağdaş rayon sakinləri Natiq Qasımov, Süleyman Abidov və Mehman Osmanov isə "İJ” markalı 3 tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.
Şəmkir rayonunun Keçili kəndi ərazisində polis əməkdaşları tərəfindən 1 ədəd "Karabin” tipli qundağı və lüləsi kəsilmiş tüfəng, 3 ədəd patron darağı və 238 ədəd müxtəlif çaplı patron tapılıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaroğlan kənd sakini Elməddin Həbilovdan 1 ədəd "İJ-16” markalı tüfəng, Sabirabad RPŞ-nin Qaragüney Polis Bölməsinin əməkdaşları isə İmişli rayon sakini Əhməd Hüseynovdan sənədsiz "İJ” markalı ov tüfəngi götürüblər.
Silahlar aidiyyəti üzrə təhvil verilib.