Ermənişünas alimdən erməniləri vahiməyə salan proqnoz

616 26-01-2018, 11:06 dunya / gundem

Ermənişünas alimdən erməniləri vahiməyə salan proqnozQafar Çaxmaqlı: “Türkiyə PKK-nı axıra qədər qovmağa qərarlıdır, terrorçular Dağlıq Qarabağa yerləşsə, onları məhv etmək üçün əməliyyatları bu ərazilərə keçirə bilərlər”

2016-cı ilin aprelində Azərbaycana qarşı döyüşən erməni, PKK və YPG terrorçuları bu gün Suriyada “Zeytun budağı” əməliyyatında Türkiyə ordusuna qarşı vuruşur.

Bunu AzVision.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey deyib. G.Gülbey vurğulayıb ki, Suriyada yaşayan ermənilər hər zaman Türkiyəyə qarşı olublar: “Onlar ya Əsədin yanında, ya da YPG terror təşkilatının tərkibində Türkiyəyə qarşı döyüşüblər. Ermənilərin YPG və PKK ilə birlikdə hərəkət etdiklərini dəfələrlə bildirmişik. 2016-cı ilin aprel döyüşləri zamanı İran və Türkiyənin Ağrı dağı bölgəsindən keçərək Ermənistana dəstək üçün 400 nəfər PKK və YPG yaraqlısı gedib. Onların 150-si Suriya ermənisi, 250-si isə Suriya və Türkiyə mənşəli PKK üzvü kürdlər idi”.

ASİMDER rəhbərinin sözlərinə görə, Türkiyədə yaşayan ermənilərin katolikosu türk ordusuna müvəffəqiyyət arzulasa da, onun səmimiliyi inandırıcı deyil: “Katolikos Almaniyada yaşayan ermənilərin ruhani lideri Qaraqin Bekçiyandır. Bu adam Avropada və Almaniyada HDP, yəni PKK və YPG-nin siyasi qanadı olan partiyaya səs toplayıb. Belə bir düşüncəyə sahib birinin Türk ordusuna müvəffəqiyyət arzulaması nə qədər inandırıcı ola bilər? Bu baxımdan katolikosun səmimiliyinə inanmıram və ermənilərə güvənmirəm”.

Əvvəllər də xəbər verdiyimiz kimi, Azərbaycanın işğal altında olan əraziləri erməni-kürd terrorçuları üçün sığınacaq və təlim yerinə çevrilib. Bu mənada Afrin əməliyyatı uğurla başa çatdıqdan sonra Azərbaycan və Türkiyənin Qarabağda da hərbi əməliyyatlar həyata keçirib terrorçuları məhv edəcəyi barədə hətta erməni ekspertlər belə proqnozlar verirlər. Ermənistan milli elmlər akademiyasının şərqşünaslıq institutunun direktoru, politoloq Ruben Safrastyan Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini açıq etiraf edib. “Əgər Türkiyə qalib gələrsə, bu, Dağlıq Qarabağda vəziyyətin Ermənistanın əleyhinə dəyişəcəyi ilə nəticələnəcək. Çünki bölgədə güclənən Türkiyə Azərbaycanla birləşərək, Qarabağ məsələsinin tezliklə həllini tələb edəcək. Nəzərə almalıyıq ki, bu gün Azərbaycan özlüyündə güclüdür” - erməni ekspert deyib.

Ermənişünas alim Qafar Çaxmaqli isə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan Azərbaycanla münaqişədə olduğu bütün zamanlarda “kürt kartı”ndan istifadə edib: “Həm də Türkiyəyə qarşı terror fəaliyyətlərində PKK-ya yardım edib. Əştərəkdə və Ələyəzdə təlim düşərgələrinin olduğu da mətbuatda yer alıb. Bu, rəsmən inkar edilsə də, əsir düşən PKK-lı Ermənistanda təlim keçdiklərini etiraf edib. Dağlıq Qarabağla Ermənistan arasındakı bölgəyə kürdlərin yerləşdirilməsi və burada, Laçın və Kəlbəcərdə bir ”Kürdüstan" kantonu yaratmaq planı da olub. Vəkil Mustafayev adlı bir kürd də burada “Kürdüstan respublikası” elan etmişdi. PKK-nın önəmli fiqurlarından olan Cemil Bayığın Dağlıq Qarabağa bu mövzunu müzakirə etmək üçün gəlib-getdiyi barədə məlumatlar vardı. PKK-nın nə üçün burada özünə bir “yuva” qurmamasının bir çox səbəbləri var. Onlar ağırlığı Türkiyənin cənub-şərqinə vermişdilər. “Çözüm sürəci” zamanı onlar Türkiyənin bu bölgələrində müstəqil bir kürd dövləti quracaqlarına inanırdılar. Beynəlxalq imperializm də bunu belə bilirdi. Amma Türkiyə yaxşı ki, bu təhlükəni vaxtında gördü və siyasət tamamilə dəyişdi".

Q.Çaxmaqlı qeyd etdi ki, hazırda Afrində PKK uzantıları sıxışdırılarkən Dağlıq Qarabağ məsələsi yenidən gündəmdədir: “Amma Ermənistan buraya kürdlərin axınına isti münasibət göstərmir, bununla ermənilər Türkiyənin əlinə ”bəhanə" vermək istəmirlər. Çünki Türkiyə PKK-nı axıra qədər qovmağa qərarlıdır, terrorçular Dağlıq Qarabağa yerləşsə, onları məhv etmək üçün əməliyyatları bu ərazilərə keçirə bilərlər. Belə bir situasiya ola bilsin ki, gələcəkdə yarana bilər. Azərbaycan bütün bunları ehtiyat variant olaraq əlində saxlamalı və bu istiqamətdə təbliğat işini genişləndirməlidir". Ekspert Afrin variantının Dağlıq Qarabağda tətbiqini mümkünsüz hesab etmir: “Afrin variantına uyğun olaraq Qarabağda antiterror əməliyyatları keçirmək indiki halda uyğun görünməsə də, qarşıda bu təcrübəni tətbiq etmək məqbuldur, bütün beynəlxalq normalara uyğundur. Türkiyə öz güvənliyini sərhədlərindən kənarda belə apara bilirsə, Azərbaycan öz ərazisində bunu nədən etməsin? Məncə, bu addımı atarkən bəzi ölkələri məlumatlandırmaq kifayət edəcək. Ona qədər isə Minsk Qrupu ölkələrinin vasitəçiliyindən imtina etmək lazımdır. Bunun üçün kifayət qədər əsaslarımız var. Bunlardan daha öncəki müsahibələrimizdə bəhs etmişik”. Q.Çaxmaqlı Ermənistan prezidentinin AŞ PA tribunasından səsləndirdiyi son bəyanatın da Azərbaycana Minsk Qrupunun fəaliyyətindən imtina baxımından əlavə əsaslar verdiyini təsdiqlədi: “Sərkisyan bunu dəfələrlə təkrar edib. Ermənistanda Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması fikri yoxdur. Müharibəsiz onların Dağlıq Qarabağı Azərbaycanın hər hansı şəkildə nəzarətinə vermək variantları yoxdur. Ancaq eyni zamanda Ermənistanda təbii ki, Afrin əməliyyatından sonra Qarabağda da hərbi əməliyyatların aparılacağı qorxusu var”.

Xeberdar.net

XƏBƏR LENTİ