XƏZƏRİN XANI
yaxud
AKADEMİK ÖMRÜNÜN SPEKTRLƏRİ
Şair-publisisit, yazıçı-araşdırmaçı Elbəyi Cəlaloğlu son dövr yaradıcılığında yeni üslub – oçerk-müsahibə janrı ilə diqqət çəkib. Onun bədiiatdan kənar, reallığı əks etdirən “60 ilin söhbəti” kitabı və ara-sıra mətbuatda yayınlanmış oçerkləri dediyimizə bu silsilədən olan nümunələrdir. Elbəyi Cəlaloğlu bu dəfə Xəzər dənizinin sirlərini və bu sahənin ən böyük mütəxəssislərindən olan Dövlət mükafatı laureratı, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun həyatını əks etdirən “Xəzərin xanı, yaxud akademik ömrünün spektrləri” adlı əsəri ilə qarşınıza çıxıb.
Kitab barədə annotasiyada deyilir: “Şair-publisist, yazıçı-araşdırmaçı Elbəyi Cəlaloğlunun “Xəzərin xanı, yaxud akademik ömrünün spektrləri” adlı bu kitabında Azərbaycanın qiymətli ziyalısı, okeanologiya üzrə görkəmli mütəxəssis, AMEA Coğrafiya İnstitutunun direktoru, Dövlət mükafatı laureatı, akademik, professor Ramiz Mahmud oğlu Məmmədovun həyat və yaradıcılığından, elmi fəaliyyətindən geniş şəkildə bəhs olunur. Oçerk-müsahibədə diqqət çəkən məsələlərdən biri də Xəzər dənizi ilə bağlı bir çox qaranlıqlara işıq salınmasıdır”.
Xəzər dənizinin milli taleyimizlə bağlılığı
Doğma Azərbaycanımızın qüdrətli dövlətə çevrilməsi üçün onun inkişafının ən yüksək səviyyədə olması, hesab edirəm ki, hər bir azərbaycanlının ən böyük arzusudur və bunun üçün hər bir vətəndaş öz vəzifə borcunu vicdanla yrtinə yetirməlidir. Təbii ki, bu tərəqqi birtərəfli deyil, əksinə, siyasət, iqtisadiyyat, elm, ədəbiyyat, idman, incəsənət və mədəniyyətin bütün sahələrinə paralel şəkildə şamil edilməli olduğunu hər kəs deyə bilər. Bu yazıda Azərbaycanın coğrafiya elminə nəzər salacaq və çağdaş elmimizdə sözügedən sahənin böyük mütəxəssisi ilə etdiyimiz söhbətin məğzini sevgili oxucuyla bölüşəcəyik. Qəhrəmanımız Azərbaycanın qiymətli ziyalılarından biri, okeanologiya üzrə tanınmış mütəxəssis, AMEA Coğrafiya İnstitutunun direktoru, Dövlət mükafatı laureatı, akademik, professor Ramiz Mahmud oğlu Məmmədovdur. Ramiz bəyin əasasən Xəzər dənizi ilə bağlı ortaya kifayət qədər tutarlı tədqiqat əsərləri qoymuş olduğu bizlərə məlumdur. Bunu onun kitabları, elmi məqalələri və dövri mətbuatda barəsində getmiş müxtəlif səpgili yazılar da isbat edir. Ramiz müəllim barədə diqqət çəkən yazılardan biri də rus dilində çıxan “Kaspiy” qəzetinin 30 may 2015-ci il tarixli nömrəsində dərc olunmuş “Xan Kaspiyskiy” (Xəzərin xanı) məqaləsidir. Həmin yazıdan bir məqamı xatırlatmaq istəyirəm: “...Xəzər dənizinə sədaqəti və onun tədqiqi üzrə fədakarlığına, çoxillik elmi nailiyyətlərinə görə, məsləkdaşları və dostları zarafatla onu “Xəzərin Xanı” adlandırırlar. “Xan”ın öz şəxsi hesablamalarına görə o, Xəzər dənizinə həsr olunmuş iyirmiyə yaxın irihəcmli layihə həyata keçirib, 300-dən çox elmi məqalə, onlarla monoqrafiya yazıb, Xəzər dənizinin hidrometeoroloji atlasını (hansı ki, ona 300-dən çox xəritə daxil edilib) və ilk hidrometeorologiya atlasını ortaya qoyub...”.
Hörmətli akademikin Xəzər dənizi ilə bağlı yaratdığı təsəvvürü onun apardığı tədqiqat əsərlərində axtarmaq daha doğru olardı. Bu yazımızda isə qəhrəmanımızın ömür yolu, ictimai-siyasi mövqeyi ilə yanaşı, həm də onun Xəzər dənizi barədə fikirlərinə ekskurs edəcəyik. Və akademik ömrünün spektrlərinə nəzər yetirərkən, bir daha Xəzər dənizinin milli taleyimizlə birbaşa bağlı olduğunun şahidi olacağıq.
Bütün bunları nəzərə alaraq, əvvəlcə bu sahənin tarixindən bəzi xatırlatmalar etmək qərarına gəldim. Hesab edirəm ki, Seyran Əliyevin “Qədimdən qədim Azərbaycanım” kitabına istinad edərək əziz oxucuda Xəzər dənizi tarixində mövzumuza uyğun getmiş proseslər barədə təsəvvürün yaradılması yazımızı bir az da maraqlı edər.
Seyran Əliyevin adı keçən kitabında yer almış “Bakı atlantidası” oçerkində qeyd olunur ki, eramızın ilk əsrlərində Xəzərin səviyyəsi müasir səviyyədən 6-8 metr aşağı olmuşdur və bu səbəblə Bakı dənizdən 3-5 km aralı yerləşməklə quru yollu şəhər olmalı idi. Müəllif həmin kitaba daxil etdiyi “Ptolemeyin səhvləri” oçerkində bu faktı bir daha təsdiqləyərək qeyd edir ki, Xəzərin səviyyəsi indi okean səviyyəsindən təxminən 28 metr aşağıdırsa, eramızın əvvəlində, demək olar, 36-40 metr, yəni müasir səviyyədən 6-12 metr aşağı olub. Belə bir səviyyədə Xəzərin şimalının quru olduğunu qeyd edən müəllif bunu Xəzərə tökülən ən böyük çay olan Volqa boyunca yağıntının az olduğu ilə izah edir və hal-hazırda Volqadan axıb gələn suyun Xəzərə tökülən ümumi suyun 87 faizini təşkil etdiyini qeyd edir.
Seyran Əliyevin “Qədimdən qədim Azərbaycanım” kitabında yer almış “Abşeron niyə abşeron adlanır?” oçerkində XIII əsr coğrafiyaşünası Həmdullah Qəzviniyə istinadən etdiyi qeydlərə görə, XIII əsrin ortalarında Xəzərdə suyun səviyyəsinin misli görünməmiş dərəcədə qalxması prosesi başlanıb. 100 ildən az bir müddətdə Xəzərin səviyyəsi 10 metr və bəlkə də daha çox qalxmışdır. Suyun qalxması sahildə yaşayan əhalinin gözü qabağında baş verirmiş və onlar sahildən uzaqlaşmağa məcbur olurmuşlar. Bu zaman bir çox kəndlər, bir neçə böyük şəhər, hündür təpədə yerləşən Bakının bir hissəsi, həmçinin Pirallahı adası da suyun altında qalmışdır. XIV əsrin ortalarında isə Xəzərin suyu yenidən çəkilməyə başlayıb və Pirallahı adası suyun altından çıxıb. Kitabdakı “Zərdüştilər Bakı sakinləridirmi?” oçerkində isə başqa orta əsr müəlliflərinə istinadən suyun qalxmasının XIV əsrin birinci yarısında baş verdiyi qeyd olunur. Kitabdakı “Sirli Abşeron” oçerkində Bakı yaxınlığında batmış şəhərlər haqqındakı əfsanələrin XIV əsrə aid edildiyi və dənizin səviyyəsinin indikinə nisbətən cəmi 4 metr aşağı olduğu, məşhur “karavansara” və “Bayıl daşları”nın su altında qaldığı diqqətə çatdırılır.
Yuxarıda gətirdiyimiz sitatlar Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı tarixi faktları bizə xatırlatdı. Son 60 ildə bu dənizdə nələrin baş verdiyini və Xəzərşünaslıqdakı yenilikləri isə yazımızın qəhrəmanı akademik Ramiz Məmmədovun dediklərindən biləcəyik.
Hörmətli akademik buyurur: Bizim gördüyümüz vacib işlərdən biri Xəzər dənizinin səviyyəsinin dəyişməsinin uzunmüddətli proqnozunu verməkdir. Bu məsələ bizə qədər həll olunmamışdı. Fikir verin, bu məsələ nə qədər vacibdir: 1978-1995-ci illər dövründə Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxdı və dənizin Azərbaycan sahil zonasının sosial-iqtisadi həyatına və ekoloji şəraitinə 2 milyard ABŞ dolları civarında ziyan dəydi. Əlavə olaraq, qeyd edək ki, bu, o dövrün qiymətlərinə uyğun hesablamalardır. Onda Azərbaycan respublikasının illik büdcəsi 0,5 milyard dollara yaxın idi. Demək, bunun dörd misli çərçivəsində Azərbaycana ziyan dəymişdi, yollar, kommunikasiya xətləri və s. suyun altında qalmışdı.
R.Məmmədov L.Qumilyovdan sitat gətirərək deyir: Xəzərin şimal-qərb sahillərində yerləşmiş Xəzər xanlığının qüdrətini laxladan amillərdən biri orta əsrlərdə Xəzər dənizinin səviyyəsinin kəskin qalxması olmuşdur. Səviyyənin kəskin qalxmasının səbəbi isə o zaman Amu-Dərya çayının istiqamətini dəyişib Xəzərə doğru axmasıdır. Amu-Dərya çayının Xəzərə doğru axmasının izləri təyyarə və yerin süni peyklərindən bu gün də Uzboy çökəkliyində görünür.
1992-ci ildə Xəzər dənizinin kəskin qalxması dövründə biz proqnoz verdik ki, Xəzərin səviyyəsinin qalxması 1996-cı ildə dayanacaq. Lakin heç kəs bizə inanmadı. Biz bunu Günəş aktivliyinin təbii sikllərinə uyğun olaraq müəyyən etmışdik. Moskva isə öz proqnozunda Xəzər dənizinin səviyyəsinin bundan sonra daha 4,5 metr qalxacağını göstərərək, Azərbaycana tədbirlər görməsini tövsiyə edirdi. Bu barədə Moskvadan məşhur akademik Qiorqi Serqeyeviç Qolitsin ölkə başçısına teleqram da vurmuşdu. Və bu müraciət bizim verdiyimiz proqnoza şübhə ilə yanaşılmasını bir az da gücləndirmişdi. Bunlara baxmayaraq, bizim verdiyimiz proqnoz özünü doğrultdu. Belə ki, 1996-cı ildə dənizin səviyyəsinin qalxması dayandı, sonradan 1,5 metrə qədər aşağı düşdü. Qeyd edim ki, səviyyə indi də düşməkdə davam edir ki, bu da yaxşı hal deyil. Amma o zaman biz hökumətin çoxlu xərclər çəkməsinin qarşısını aldıq, yoxsa, dənizin səviyyəsinin qalxması ilə bağlı görüləcək tikinti işləri xeyli-külli miqdarda vəsaitin xərclənməsinə səbəb olacaqdı. Sonralar Qolitsini görəndə, – Qiorqi Serqeyeviç, bəs noldu? – deyə maraqlandım. O isə, bizim proqnozumuzu əsassız hesab edərək, – asan tənqid olunandır, hər şey ola bilir, – deyə ritorik cavab verdi.
Hal-hazırda Xəzərin sahilində aparılacaq böyük tikinti layihələri, parkların salınması və s. kimi işlər bizim verdiyimiz proqnozların əsasında həyata keçirilir. Biz Xəzər dənizi səviyyəsinin yaxın gələcək üçün -26,0 və -29,0 metr arasında dəyişə biləcəyi proqnozunu vermişik. Qeyd edim ki, bu ölçü şkalasında dünya okeanının səviyyəsi koordinat oxunun “0” nöqtəsində dayanır.
Ramiz müəllim mövzumuzla bağlı davam edir: “Xəzər dənizinin ən böyük problemlərindən biri onun ekoloji vəziyyətidir, yəni çirklənməsi və çirklənməsinə edilən təsirləri lokallaşdırmaqdır. Bizim gördüyümüz işlərə qədər onun ekoloji vəziyyətini belə görürdülər: məsələn, filan yerində fenolun miqdarı bu qədərdir, digər yerlərində onlarla başqa tullantının miqdarı o qədərdir və s. Düzdür, bu, Xəzərin ekoloji vəziyyəti barədə bir qədər məlumat verir, amma çirklənmənin azaldılması üçün əsas nəyi etməli olduğumuz həll olunmamış qalırdı, çünki bu halda neft hasilatı da aşağı düşür.
Bu tullantıları azaltmaq mexanizmi tapılmalıydı, amma bundan da əvvəl çirklənməni təsnifləşdirmək lazım idi. Məsələn, çirklənmənin nə qədəri çaylar vasitəsilə daxil olur, nə qədəri sənaye və məişət obyektlərindən gəlir, nə qədəri dənizdə neft hasilatından yaranır, nə qədəri dənizin səviyyəsinin dəyişməsindən yaranır və s. Birinci, biz bunların üzərində işlədik, yerbəyer elədik. Sonra bunların necə yayılmasını və yayılma arealının proqnozunu vermək lazım idi. Bu da mühafizə tədbirlərinin lokal olaraq qurulması yerlərini müəyyən etmək üçün lazım idi. Çünki bütün dənizi təmizləyə bilməzsən, amma çirklənmənin mənbəyini, yayılma formasını müəyyən edib, onların qarşısını almaq mümkündür. Məsələn, əgər dənizə min ton neft tökülübsə, o zaman küləyin sürətinə, havanın və dənizin temperaturuna əsasən çirklənmənin hansı istiqamətdə yayılacağını və hansı arealı tutacağını müəyyən edən fiziki-coğrafi model yaratmaq mümkündür. Bundan sonra ləğvetmə gəmilərini göndərməklə çirklənməni çevik şəkildə lokallaşdırırsan. Bax, biz də bu modeli yaratdıq.
Əlavə olaraq, qeyd etmək istəyirəm ki, 2010-cu ildə AMEA-nın ümumi yığıncağında çıxış edən ölkə Prezidenti İlham Əliyev Xəzər Dəniz Tədqiqatları İnstitutunun yaradılmasını tapşırdı ki, bu da mənim ən böyük arzularımdan biridir. Mən də onun əsasnasməsini yazıb prezident aparatına göndərdim, lakin bu günə qədər cavab almamışam. Əsasnamədə göstərmişəm ki, sözügedən institut Bakıdan kənarda, məsələn Yaşmada 30 hektar ərazidə tikilə bilər. Orada da laboratoriyalar, alimlərin oturacağı bina, qonaq evi, gəmilər və s.-nin olmasını təklif etmişəm. Düzdür, bütün bunların başa gəlməsi böyük vəsait tələb edir, amma deyilən institutun yaradılmasına böyük ehtiyac var”.
(Davamı gələn sayımızda)
Xeberdar.net
XƏZƏRİN XANI yaxud AKADEMİK ÖMRÜNÜN SPEKTRLƏRİ-I hissə
ELBƏYİ CƏLALOĞLU