Ərdoğan: “Bizə işğalçı deyən, Afrikaya baxsın”; müxalifətdən prosesə dəstək
Türkiyə ordusu Baş Qərargahı Afrinə keçirilən “Zeytun budağı” əməliyyatının 7-ci günündə 13 təyyarənin 23 hədəfi bombaladığını bildirib. Açıqlamaya əsasən əməliyyatlar zamanı ümumilikdə 350-yə yaxın PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatı üzvləri öldürülüb. Baş Qərargah bəyan edib ki, hərəkat planlaşdırıldığı şəkildə uğurla davam edir.
Türkiyə səhiyyə naziri Əhməd Dəmircan bildirib ki, “Zeytun budağı” əməliyyatı zamanı Türkiyə tərəfi 14 itki verib, bunlardan 3-ü Türkiyə ordusunun hərbçiləridir. Eyni zamanda əməliyyatlar zamanı yaralanan əsgərləri ziyarət edən nazir ötən 7 gün ərzində 130 yaralının Türkiyəyə gətirildiyini bildirib.
Xatırladaq ki, əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin baş leytenantı Oğuz Kaan Usta, gizir Musa Özalkan və çavuş Mehmet Muratoğlu şəhid olub.
Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu “Zeytun budağı” əməliyyatını dəstəklədiklərini bildirib. Sitat: “Afrində əməliyyat həyata keçirilməlidir, buna heç bir etirazımız yoxdur. Ordumuza sonuna qədər güvənirik. Bu mübarizənin yanındayıq. Amma bəylər bundan narahatdır. Bunu çox yaxşı bilirəm. Biz ölkəmizin qorunması üçün "Öncə Türkiyə" deyirik. Türkiyə Cümhuriyyəti sərhədləri xətkeşlə çəkilən ölkə deyil".
Xeberdar.net