Müstəqil Ağayev
X1X əsrin axırları–XX əsrin əvvəlləri Azərbaycanda sosial-siyasi hadisələrin qızğın cərəyan etdiyi bir dövrdür. Həmin illərdə Azərbaycanda burjua-mülkədar ideologiyası ilə proletar ideologiyası arasında kəskin mübarizə gedirdi. Habelə, bu dövrdə Azərbaycan ictimai fikrində demokratik fikir cərəyanı da ən geniş yayılmış ideoloji cəbhələrdən biri idi.
Demokratik cəbhə bir sıra məsələlərdə burjua-mülkədar ideologiyasının əleyhinə çıxır, geniş zəhmətkeş kütlələrin oyanmasına kömək edirdi. Demokratik xadimlər öz yaradıcılıqlarında bir çox məsələlərin, xüsusilə sosial həyat barəsində proletar ideologiyasının irəli sürdüyü bəzi problemlərin həllində marksistlərlə, demək olar ki, eyni cəbhədən və ya ona yaxın mövqedən çıxış edir, zülm və istismar dünyasının eybəcərliklərini, sinfi ziddiyyətləri, məzlum xalq kütlələrinin ağır həyat şəraitini təsvir edir, buna çarə düşünürdülər.
Məhz bu zaman Azərbaycan ədəbiyyatında mütərəqqi romantizm cərəyanına mənsub olan bir sıra şair və ədiblər yaşayıb-yaratmışlar. Bu mütəfəkkir şair və ədiblər arasında Abbas Səhhəti, Abdulla Şaiqi, Cəlil Məmmədquluzadəni, M.Ə.Sabiri, Məhəmməd Hadi və Hüseyn Cavidi göstərmək olar. Abbas Səhhətdən bəhs edən yazarlar onu ancaq ədəbi-bədii mövqedən tədqiq etmiş, sosial-siyasi və fəlsəfi( etik-estetik) görüşlərinə toxunmamışlar.
Şairin sosial-siyasi görüşlərinə gəldikdə, burada sosial inkişaf haqqında mülahizələri, maarifçilik fəaliyyəti, Şərq-Qərb probleminə münasibəti, azadlıq və bərabərlik haqqında düşüncələri də araşdırılmalıdır.
Abbas Səhhətin sosial-siyasi görüşləri onun iyirmi ilə yaxın davam edən fəal yaradıcılıq dövrü ərzində ciddi dəyişikliklərə məruz qalmış, daim həyatın irəli sürdüyü suallara cavab axtaran şairin bu baxışları bir təkamül və dəyişilmə halında olmuşdur. Buna görə onun həmin baxışlarını izləmək, sosial inkişaf haqqında mülahizələrini, maarifçilik fəaliyyətini, sosial utopiyasını, azadlıq və bərabərlik haqqında düşüncələrinin xarakterini tədqiq və təhlil etmək, XX əsrin əvvəllərində sosial fikir tariximizdəki boşluğu bərpa etmək və daha dərindən öyrənmək üçün xüsusilə vacibdir.
Hər şeydən əvvəl, 1904-cü ildə Rusiya ilə Yaponiya arasında başlanan müharibəyə Abbas Səhhətin münasibətini nəzərdən keçirək.
Abbas Səhhət 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirdiyi bir şeirinin giriş hissəsində Rusiyadakı mütləqiyyət quruluşuna tam tərəfdar olduğunu, imperatora ixlas və sədaqətini izhar edərək, siniflərdən və sinfi fərqlərdən asılı olmadan cəmiyyətin bütün üzvlərini, ölkənin bütün əhalisini rus-yapon müharibəsində əlahəzrətin qələbəsi yolunda çalışmağa çağırır. O göstərir ki, Şeyxülislamın əmri ilə qazi Əbdülhüseynzadə minbərə çıxaraq əhaliyə belə müraciət edir:
Cümlə məcruhə bu günlərdə ianət dəmidir.
Malü can ilə köməklik eləyin sultanə,
Həq-taala bu təriq ilə yazıb Quranə..
Buyurub şeyx hər ol kəs ki, müsəlman olsun,
İmperaturə gərəkdir ki, sənəxan olsun.
Əmri-baridir səlatinə itaət vacib,
Hamılıqnan deyin, ey qövm ki, ey bari-xuda,
İmperaturimizə ömri-təvil eylə əta.
Daima rəzmdə əfvacını mənsur eylə,
Düşmənin kor elə, məğlub elə, məqhur elə (4, 30).
Beləliklə, Abbas Səhhət Rusiya mütləqiyyətinə “can, mal və zəban vasitəsilə” yardım göstərməyə çağırmaqla, həm imperializmin ədalətsiz, işğalçı müharibəsinin tərəfdarı kimi, həm də Rusiyada mütləqiyyət quruluşunun pərəstişkarı kimi çıxış edir.
Birinci rus inqilabından əvvəl, yəni 1904 –cü ildə Abbas Səhhət mütləqiyyət quruluşunun keşiyində durur, bu quruluşa sədaqətlə xidmət etməyə çağırır. O, hələ Rusiyada siniflər və sinfi mübarizəni görmür, ölkəni vahid bir tam hesab edərək mütləqiyyətçi çarın yaratdığı qanlı üsuli-idarəni müdafiə edir.
Belə bir cəhəti qeyd etmək vacibdir ki, bu vaxta qədər A.Səhhətin yaradıcılığından, onun dünyagörüşündən bəhs edən müəlliflər şairin dünyagörüşünün inkişafında bu ilk mərhələni, demək olar bir kənara atmış, yaxud onun yuxarıda nümunə kimi gətirilən əsərini, bəlkə də, nəzarətdən qaçırmışlar
Abbas Səhhətin yaradıcılığında belə bir pillə, mərhələ olduğunu qeyd etmək xüsusilə onun dünyagörüşündə baş verən dəyişiklikləri, bütövlükdə onun dünyagörüşünün təkamülünü izləmək üçün olduqca zəruridir. Bunsuz şairin yaradıcılığını, həyata, sosial varlığa münasibətini təhlil edərkən yarımçıqlığa, natamamlığa yol verilər və yaradıcılığının sonrakı dövrlərində baş verən dəyişikliklərin əhəmiyyəti kifayət qədər dəyərləndirilə bilməz.
Abbas Səhhət Avropa xalqlarına nisbətən öz ölkəsinin iqtisadi geriliyini görür, hiss edir, öz millətinin irəliləməsinin, elmə, maarifə yiyələnməsinin zəruriliyi fikrinə gəlir. Ümumiyyətlə, Abbas Səhhət sosial-siyasi baxışlarında maarifçilikdən çox irəli gedə bilmir. Sosial intibah, dirçəliş və yüksəliş üçün elmin, maarifin həlledici rol oynaması nöqteyi-nəzərində durur. 1906-cı ildə yazılan “Fəryadi-intibah, yaxud amali-vətənpərvəranə” əsərində o, bütün millətə müraciət edir:
Ayıl, ey milləti-məzlumə, ayıl!
Ayıl, ey bülbüli-gülzari-vətən,
Nəğmən ilə ola bidar vətən!
Sən ki, şəhbazi-yədi-qüdrət idin,
Tayiri-sidreyi-ülviyyət idin,
Kim səni didəsi giryan eləmiş?
Kim səni hali-pərişan eləmiş? (4, 37)
Abbas Səhhət öz maarifçilik ideyalarını təbliğ edərkən, elm və maarifin yayılmasına nəinki dinin tərəqqisi üçün zəruri şərt kimi baxır, eyni zamanda elmin inkişaf etdirilməsini dinin ən mühüm tələblərindən biri sayır Elm ilə dini nəinki barışdırmaq, hətta elmin, maarifin yayılmasına dinin ən mühüm tələbi kimi baxmaq şairin bu dövrdəki yaradıcılığı üçün səciyyəvidir. Abbas Səhhətin dediyi kimi, əgər hazırda din və vətən “əldən gedirsə”, bu ona görədir ki, dinin tələblərinə, birinci növbədə, elmi, maarifi yaymaq tələblərinə əməl edilmir, adamlar cəhalət və zülm yolunu tutmuşlar.
Bu dövrdə Abbas Səhhəti azadlıq və bərabərlik problemi də məşğul edir. O, vətənini, millətini azad görmək istəyir. Şair bəşəriyyətin səadətini məhz azadlıqda görür Azadlıq dünyasının yaranması insanların həyatında yeni yüksək ülvi bir mərhələdir. İnsanların rifahı, həyat uğurları, müvəffəqiyyətləri azadlıqla bağlıdır.
Vətəninin, xalqının başına gələn müsibətlər, elin qara günləri, məzlumların istismarı, köləlik həyat tərzi, bir vətəndaş kimi, Abbas Səhhəti çox rahatsız edirdi. O, üzünü millətin başbilənlərinə tutub deyir:
Bu fəlakətdə qalan millətinə imdad et!
Görməyirsənmi bu biçarə vətəndaşlarını,
Bacı-qardaşlarını, sevgili dindaşlarını-
Zülm zəncirinin altında çəkir işkəncə? (4, 92)
Abbas Səhhət göstərir ki, vətən övladının şücaəti, mərdliyi vətən dara düşəndə, onun azadlığı əlindən alınıb qul halına salınanda, başının üstünü qara buludlar örtəndə aşkar olar. Hər bir övlad ananın dərdinə şərik olmağa, onu ölümün pəncəsindən xilas etmək üçün fədakarlıq göstərməyə borcludur. Vətən – ana deməkdir:
Borc deyilmi edəsən nəfli xidmət vətənə?
Ananın dərdinə övlad şərik olmazmı?
Ananın halı vəxim olsa, oğul solmazmı?
Vətən uğrunda gərək şəxs fədakar olsun,
Böylə mövsümdə yatan kimsələrə ar olsun! (4, 93)
Birinci dünya müharibəsinin başlanmasından artıq iki il keçirdi. Hökumətin daxili və xarici siyasətindən narazılıq son həddə çatmışdı. Soyğunçuluq müharibəsi, nahaq təkülən qanlar, əsarət və istismar, hüquqsuzluq, son dərəcə ağır həyat tərzi xalq kütlələrini qəti addım atmağa məcbur edirdi. Ölkənin ən iri şəhərlərindən tutmuş əyalət mərkəzlərinə qədər hər yerdə çarizmə qarşı tətil və üsyanlar baş verir, silahlı toqquşmalar olur, minlərlə insan həyatına son qoyulurdu. Bu zaman hamını bir fikir məşğul edirdi: çarizmi devirmək, azad və xöşbəxt bir quruluş yaratmaq! Bunun üçün hamı bir nəfər kimi əl-ələ verib birləşməli, zülmə son qoyulmalı idi. Abbas Səhhət də bu fikrə şərik şıxaraq yazır:
Vətən imdadinə çağırır hər fərdi,
Ya ər ol, ortaya çıx, gəl kömək et qardaşına,
Ya gedib evdə otur, həm də ləçək sal başına.
Ər-qadın, yaşlı-cavan, zorlu-zəif, şah-gəda,
Hər kəs etsin gərək imkanı qədər borcun əda (4, 93).
Abbas Səhhət azadlığı çox geniş mənada başa düşürdü. Ona görə də insanı hər bir cəhətdən azad görmək istəyir, bütün məhdudiyyətlərin ləğv edilməsini arzulayırdı. Bir sənətkar kimi, şair vətən üçün əlindən gələni o vaxt edə bilər ki, özü azad olsun. Şairin əsas silahı qələmdir. Qələm azad olmasa, şair tərksilah olunmuş əckərə bənzər:
Yazmaq olmaz, fəqət olmazsa qələm azadə.
Həqqə, namusa, nicata, qələmə and olsun,
Ərşə, fərşə, günəşə, sübhi-dəmə and olsun,
Çox həqiqət mənə təlqin eləyir vicdanım,
Yoxdur ondan birini söyləməyə imkanım.
İstərəm qoşmağı, lakin yük ağır, yol da yoxuş,
Necə uçsun qanadı sınmış, əzilmiş bir quş? (4, 94)
Bu misralar özü şairin ideya istiqamətini, mürəkkəb tarixi şəraitdə tutduğu mövqeyini, sosial-siyasi hadisələrə münasibətini dolğun əks etdirir. Abbas Səhhət mütərəqqi fikirli, humanist bir insan olduğu üçün ətrafında cərəyan edən sosial-siyasi hadisələrə biganə qala bilmirdi. Xüsusən içərisində yaşadığı cəmiyyətdəki ədalətsizlik, haqsızlıq və bərabərsizlik, bir vətəndaş kimi, onu çox rahatsız edirdi. Düzdür, İranın və Şamaxının mühafizəkar mühiti, aldığı təhsilin sxolastik məzmunu ona müəyyən təsir göstərirdi. Dünyagörüşü hələ məhdud olduğu üçün çarın “mərhəmətinə” də inanırdı. Yaradıcılığa başladığı ilk günlərdən o, əzilənlərin, məzlumların xeyirxahı, tərəfdarı olmuş, cüzi səhvlərinə baxmayaraq, onların mənafeyini müdafiə etmişdir. İnqilab illərindəki fəaliyyəti şairin ağalar və qullar, “hakimlər” və “məhkumlar” dünyasında tutduğu mövqeyini aydın göstərir. Onun yaradıcılığının leytmotivini də xalq mənafeyini müdafiə etməsi təşkil edir.
Xalqın qanını soranlar, acgöz varlılar, mərhəmətsiz insanlar Səhhətin əsərlərində kəskin tənqid və ifşa olunur. Abbas Səhhət hamının bərabər və azad olacağı bir cəmiyyət arzusundadır. Mövcud sosial-siyasi quruluş insanlar arasında bərabərsizlik, ədalətsizlik, haqsızlıq kimi qeyri-insani cəhətləri bərqərar etdiyinə görə şair tərəfindən nifrətlə, qəzəblə yad edilir. Bərabərliyə düşmən kəsilənlərin fikrini şair ümumiləşdirərək, Odessaya qaçmış İran şahı Məhəmmədəlinin dili ilə belə verir:
Söz verdi atam, eybi nədir, siz deyən olsun.
Növbət mənə çatdıqda, dedim, mən bilən olsun.
Olmaz bu ki, şah ilə gəda haqda tən olsun?
Ancaq mənə tabe gərək əhli-vətən olsun.
Əfsus, bütün səylərim bisəmər oldu,
Səd heyf ki, zəhmətlərim axır hədər oldu (4, 137).
1917-ci il Fevral burjua-demokratik inqilabına böyük ümidlər bəsləyən şair xalqa “verilən” azadlıq və bərabərlik haqqındakı ilk şayiələrdən o qədər sevinir, o qədər şadlanır ki, sevincini ifadə etməkdə çətinlik çəkir. Gördüklərinə, eşitdiklərinə inana bilmir, özünü qeyri-adi bir aləmdə hiss edir: “ Sübhanəllah! Qapalı ağızlardan qıfıllar götürüldü. Böyük-kiçik, əla-ədna, bəy-rəiyyət, zabit-əskər, cümhuri-nas bilafərq və məzhəb hər kəs hüquqca müsavi olaraq sayeyi-himayətdə ictima etdilər:
“- Ax,ya rəbb! Bu nə aləm! Dünən öz zabitinin hüzurunda “la” və “nəəm”dən artıq söz söyləməyə ixtiyarı olmayan bir nəfər, indi necə azadə, ürküsüz, qorxusuz öz əfkarını bəyan edir “ (4, 276)
Ancaq bu sevinc və şadlıq real zəmindən uzaq, sadəcə söylənmiş söz olduğu üçün uzun müddət davam etmədi. Hakimiyyəti ələ alan Müvəqqəti hökumət xalqın bütün ümidlərini qırdı. Çarizmin məlum mürtəce siyasətinin davamçısına çevrildi. Millətlərə, xalqlara heç bir azadlıq, heç bir hüquq verilmədi. İstismar, təqib və təzyiq bir az da gücləndi, ədalətsizlik və bərabərsizlik daha geniş miqyas aldı. Bunu görən şair hökumətin yalançı, hiyləgər siyasətinin mahiyyətini belə şərh edir: “ ...Hasili-kəlam, hürriyyət və məşrutiyyətin ancaq adı gəlmiş, özü gəlməmişdir. Sabir mərhum demişkən:
Rəngi də solmayıb hələ (4, 277).
Abbas Səhhət insanın bərabərliyini onlara verilən azadlıqla vəhdətdə götürür. Əgər insan siyasi, iqtisadi və sosial cəhətdən azad deyilsə, o zaman heç bir bərabərlikdən söz açmaq olmaz. Hakim və məhkum, ağa və nökər münasibətlərinin mövcud olduğu, istismar və zorakılığın hökm sürdüyü bir cəmiyyətdə hansı bərabərlikdən danışmaq olar?
Abbas Səhhət bütün fəaliyyəti ərzində ən çox cəmiyyətin azadlığı problemi üzərində düşünmüş, yaradıcılığında da bu problemdən irəli gələn fikir və düşüncələr, narazılıq və narahatlıq kimi sosial hisslər üstünlük təşkil etməkdədir. Məlumdur ki, siyasi (hüquqi) bərabərlik iqtisadi bazisdə müəyyən mütərəqqi dəyişikliklərlə bağlıdır. Mülkiyyət münasibətlərinin aradan qaldırılması, yəni ümumi mülkuyyətin bərqərar olması cəmiyyətin siyasi həyatında (üstqurumunda) da zəruri dəyişikliyə gətirib çıxaracaqdır. Lakin bütün bunları A.Səhhətin dərk etməsi üçün hələ şərait yaranmamışdı.Şair sadəcə olaraq gördüyü qeyri-adiliyə təəccüb edir, öz etirazını bildirir, onu rahatsız edən məsələlərin aradan qalxmasını istəyir.
Bu illərdə hələ romantizmin güclü təsiri altında qalan müəllif bütün xalqların geriliyindən bəhs edərkən, həyatda gördüyü sosial bəlaları başlıca olaraq ruhani bəla hesab edir və bunun əlacını, çarəsini yerlərdə, cəmiyyət içərisində yox, göylərdə axtarır, göylərə müraciət edir. Müəllifə görə, əvvəl gərək məhz afaq, göylər gülsün, orada şadlıq baş versin, sonra isə belə bir şadlıq, sevinc bizə qismət olsun:
Nə üçün xəstəhalü nalansan?
Qoparıb məşhəri-fəqanü ənin
İzləriz biz də ta pərişansan.
Gülmədən sən gülərmi heç üzümüz?
Tərəbəngiz olarmı ya sözümüz? (4, 60)
Abbas Səhhətin yaradıcılığında maarifçilik uzun müddət ərzində aparıcı və başlıca ideyalardan biri kimi özünü göstərir. O, hətta ədəbiyyatı, dili hər bir millətin nicat tapması üçün əsas amil hesab etmişdir. 1914-cü ildə yazdığı “ Bizdə milliyyət uyğusu ölür” adlı məqaləsində o, dil və ədəbiyyatın rolunu mübaliğəli şəkildə göstərərk yazır “...Lisan və ədbiyyat hər millətin mayeyi-nicatıdır. Hər millətin yaşaması ədəbiyyatına bağlı olduğu bədihidir” (7, № 5, 1914)
Burada Abbas Səhhət insanların həyatının inkişaf səbəblərini araşdırarkən, ümumiyyətlə, sosial həyat məsələlərinə düzgün mövqedə dura bilmir. Sosial həyatın zəminini, bazisini görmür, hər bir millətin, hər bir xalqın ədəbiyyat və dilinə onun nicat tapması üçün başlıca amil kimi baxır, onun yaşaması üçün ədəbiyyatı ən mühüm bir şərt sayır. Sosial həyat hadisələrinin cərəyan etməsi və inkişafı səbəblərini, cəmiyyət həyatının inkişaf qanunauyğunluqlarını başa düşməkdə Abbas Səhhət idealizm mövqeyində durur.
Abbas Səhhətin 1916-cı ildə yazdığı əsərlərində də şair həyatda dəyişikliklər yaradılması üçün ən mühüm vasitəni elm və maarifin yayılmasında görmüş, öz maarifçilik ideyalarının təbliğini davam etdirmişdir. Məsələn, “Şərarə” adlı şeirində o, elmi, maarifi insanın əlində ən mühüm qüvvə hesab edir və belə bir qənaətə gəlir ki, bu qüvvə sayəsində insanlar xoşbəxt yaşaya bilərlər:
Ta ki, hər müşkilin olsun münhəll.
Elmdən şəhpər açıb pərvaz et!
Məsədət rütbəsini ehraz et!
...Qüvvətin varsa, yaşarsan məsud,
Yoxsa, şəksiiz, olacaqsan nabud (4, 95). Abbas Səhhət yaradıcılığında dinə də müəyyən qədər yer ayırmışdır. O, zənn edir ki, din ilə birlikdə başqa dünyəvi elmləri də öyrənmək, mənimsəmək və bunların sayəsində yüksəlmək lazımdır.
Abbas Səhhətin yaradıcılığında Şərq-Qərb məsələsi də müəyyən yer tutur. Abbas Səhhətin fikrincə, Şərq ölkələri olduqca geridə qalmışdır. Şərq ölkələrində elm və mədəniyyət yoxdur. Elmin pərisi Şərqdən Qərbə qaçmışdır. Qərbdə elm, mədəniyyət, maarif yüksək səviyyədədir, bu yanda isə din adı altında dinsizlik, zülm, istibdad hökm sürməkdə, mövhumatdan başlar havalanmaqdadır. Şərqi qəflət və cəhalət bürümüşdür. Buna görə də şair allaha müraciətlə ondan əlac gözləyir, islam ölkələrinin imdadına yetməsini arzulayır:
Ürəklər lövhəsində nöqteyi-beyza qaralanmış.
Bu dərdə öz təbibi-haziqin göndər, əlac etsin,
Məzaci-milləti-islam səhhətdən cidalanmış (4, 45) .
Abbas Səhhət Şərq ölkələrini və onların xalqlarını Qərbdən ibrət götürməyə, onların yolu ilə getməyə çağırır. Hələ 1906-cı ildə çap etdirdiyi “ Dəvət” əsərində yazırdı:
Cəhlü qəflətlə vəli islam evi viran olub.
Dideyi-dinpərvəran bu hala xunəfşan olub,
Çarə axtarmaq gərək, həməhdü həmpeyman olub (4, 34).
Abbas Səhhətin yaradıcılığından bəhs edən bəzi müəlliflər onun əsərlərində Şərq-Qərb probleminə xeyli yer verildiyini qeyd edir və bildirirlər ki, bu qarşılaşdırmada şair Qərbin yüksək inkişafa çatdığını, Şərqin isə geridə qaldığını kədər və təəssüflə təsvir edir. Şərq ölkələrinin də Qərbdə əldə edilən inkişaf səviyyəsinə çatmasını arzulayır.
Lakin bu mülahizələri mütləqləşdirmək, yalnız bunları qeyd etməklə kifayətlənmək şairin dünyagörüşünün şərhində birtərəfliliyə aparıb çıxarmış ölar. Şərq-Qərb probleminin Abbas Səhhət tərəfindən qoyuluşunda nəzərimizi cəlb edən daha bir mühüm cəhət ondan ibarətdir ki, şair heç də həmişə Qərbi idealizə etmir, Qərbin qarşısında diz çökməyi təbliğ etmir, heç də həmişə Şərqin də Qərbin yolu ilə getməli olduğu fikrində qalmır. Müəyyən hallarda o, Qərbin Şərqə mənfi təsirindən də bəhs edir, Qərb qarşısında təqlidçilik nəticəsində Şərqin öz milli xüsusiyyətlərini itirdiyini bildirir. Onun əsərlərində hətta belə bir fikrə də təsadüf edilir ki, bu, Şərqin öz milli azadlığını itirməsinə gətirib çıxara bilər. Deməli, Abbas Səhhətin yaradıcılığında Qərbin imperialist dövlətlərinin Şərq xalqlarına qarşı müstəmləkə siyasətinin ümumi şəkildə qeyd edildiyini də görmək mümkündür.
Abbas Səhhət 1914-cü ildə qələmə aldığı “ Bizdə milliyyət uyğusu ölür” məqaləsində yazır: “Hər şeydə avropalılara təqlidən bütün varlığımızı unutmağa, hürriyyəti-milliyyətimizi qayib etməyə mayilik. Məsum balalarımızı hələ göz açmamış xarici mürəbbiyələrə təslim edirik. Bədbəxt balalarımızın dünyanı bilməımişdən, tanımamışdan ruhunu zəhərləyib öldürürük. Doğrudur, övladımız zahirdə ölüb qəbrə getməyir, lakin həqiqətdə ruhu ölür, vücudu, canı bir məzar şəklini alır. Çünki insanın həqiqi ruhu onun dəyanəti və milliyyətidir. O, zəhərləndikdən sonra, məhv olduqdan sonra yerdə nə qalır? Ruhsuz bir qalıb, cansız bir cəsəd. Biz bununla mədəniləşmərik” (7, № 5).
Ümumiyyətlə, xalqımızın mütəfəkkir oğlu Abbas Səhhətin dünyagörüşü XX əsrin əvvəllərində milli sosial fikrimizin inkişafında mühüm yer tutur, bir çox cəhətdən onun daha da yüksəlməsinə, tərəqqi etməsinə xidmət göstərir. Bütövlükdə onun dünyagörüşü, fəlsəfi baxışları, sosial-siyasi, etik və estetik görüşləri həmin dövrdə sosial şüurumuzun yeni nailiyyəti kimi dəyərləndirilməyə layiqdir.
ƏDƏBİYYAT
1.Abbas Səhhət.Seçilmiş əsərləri, 2005
2.”Bəsirət” qəzeti №5, 1914.
3.Talıbzadə K. Abbas Səhhət,Bakı-1986
Müstəqil Ağayev
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutu Fəlsəfə və ictimai fikir tarixi şö-
bəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəl-
səfə doktoru
Xeberdar.net
ABBAS SƏHHƏTİN SOSİAL-SİYASİ GÖRÜŞLƏRİ
Bilin, ey qövm, bu günlər nə fəraqət dəmidir,
Ayıl, ey ümməti-mərhumə, ayıl!
Qalx, oyan, cürət elə, rə`d kimi fəryad et!
Mənfəət verməyi bildikdə, bacardıqda, sənə-
Sayılırsan vətən övladlarının bir fərdi,
Vətənə, millətə sanma deyiləm dildadə,
Toplandı camaat ki, gərək əncümən olsun,
Köhə idarəmiz durur,
Sən ey afaqi-növbəhari-həzin!
...Kəsb qıl elmü hünər, səyü əməl,
Təməddün yox, təəllüm yox, təğafül çox, təcahül çox,
Bax, əcanib bərrü bəhrə elm ilə sultan olub,