Ən qanlı terror aktları - SİYAHI

717 29-01-2018, 16:07 cemiyyet / gundem

Ən qanlı terror aktları - SİYAHIXXI əsrin əsas bəlalarından biri qlobal terrorizmdir. Son illər dünyanın müxtəlif ölkələrində çoxsaylı insan tələfatına səbəb olan terror aktları baş verib.

Moderator.az Modern.az -a istinadən ən çox saylı insan tələfatı ilə nəticələnən terror aktlarının siyahısını təqdim edir.

ABŞ-da 11 sentyabr terroru- 2996 ölü, 6 min yaralı

2001-ci il sentyabrın 11-də “Əl Qaidə”nin 19 üzvü 4 təyyarəni ələ keçirərək onları Ümumdünya Ticarət Mərkəzinin əkiz binalarına, Pentaqonun mənzil-qərargahına çırpmışdı. Daha bir təyyarə isə Pensilvaniyanın Şanksvill şəhəri yaxınlığında qəzaya uğramışdı. Terror aktı zamanı 2 996 nəfər həlak olmuş, 6 mindən çox insan isə xəsarət almışdı. “Əl-Qaidə” qruplaşması və onun lideri Üsəma Ben Ladenin hadisənin əsas təşkilatçısı elan olunmuşdu.

Somalidə 14 oktyabr 2017-ci il terroru – 512 ölü, 295 yaralı

2017-ci il oktyabrın 14-də Somalinin paytaxtı Moqadişo şəhərində son 10 ilin ən qanlı terror aktı törədildi. Şəhərin Hoban məhəlləsində yerləşən mehmanxananın yaxınlığında törədilən terror aktı zamanı ilkin olaraq 143 nəfərin öldüyü bildirilsə də, sonra qurbanların sayı 512-yə çatdı. Somalinin informasiya naziri Əbdürəhman Osman hadisə zamanı ölənlərin tam sayının heç zaman müəyyən olunmayacağını demişdi. Somali hakimiyyəti hücumu Əl-Qaidənin Somali qanadından olan “Əş-Şabab” qruplaşmasının adı ilə bağlamışdı.

İraqda 14 avqust 2007-ci il terroru – 458 ölü, 750 yaralı

ABŞ işğalından sonra terror təhlükəsi ilə üzləşən İraqda 2007-ci ildə ölkə tarxinin ən qanlı terror hadisəsi gerçəkləşmişdi. Avqustun 14-də ölkənin şimalında yerləşən Sincar şəhərinin yaxında olan Əl-Kahtaniya, Əl-Adnaniya və Əl Cəzirə kəndlərində eyni zamanda bir neçə yanacaq daşıyan avtomobilin partlaması nəticəsində 458 nəfər ölmüş, 750-dən artıq insan isə yaralanmışdı. Yezidi kürdlərinim yaşadığı kəndlərdə terror aktının Əl-Qaidə tərəfindən törədildiyi ehtimal olunur. Rəsmi məlumatlara baxmayaraq, yerli jurnalistlər ölənlərin sayının 500-ü keçdiyini yazırdı.

Rusiyada 3 sentyabr 2004-cü il terroru: 335 ölü, 782 yaralı

2004-cü il sentybarın 1-də Ruslan Xuçbarovun başçılıq etdiyi terrorçu qrup Şimali Osetiyanın Beslan şəhərində orta məktəbi ələ keçirmişdi. Sentyabrın 3-də 1100-ə yaxın şagird və müəllimin girov saxlanıldığı məktəbi azad etmək üçün başlanılan hücum əməliyyat zamanı 335 nəfər (186 uşaq olmaqla) həlak olmuş, 24 terrorçudan 23-ü məhv edilmişdi. Hadisənin əsas təşkilatçısı Şamil Basayev 2006-cı ildə məhv edilmişdi.

Misirdə 24 noyabr 2017-ci il terroru – 305 ölü, 128 yaralı

Misirin Sinay yarımadasında yerləşən Əl-Raud qəsəbəsində baş verən terror aktı isə öz amansızlığı ilə uzun illər yaddaşlarda qalacaq. Ötən il noyabrın 24-də İŞİD qruplaşmasının 20-yə qədər üzvü qəsəbədəki məscidi cümə namazı zamanı mühasirəyə alaraq insanları atəşə tutmuşdu. Dəhşətli hadisə zamanı 305 nəfər ölmüş, 128 nəfər isə yaralanmışdı.

Cinayəti törədən terrorçular 1 həftə sonra keçirilən əməliyyatla məhv edilmişdilər.

Xeberdar.net

XƏBƏR LENTİ