Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
İşə hakim Azad Məcidovun sədrliyi ilə baxılıb. Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Növbəti prosesdə prokuror M.Kərimova cəza istəyəcək.
Mahir Kərimov ifadəsində necə şirkət rəhbəri olmasını danışıb.
30 ilə yaxın tikinti sahəsində işlədiyini deyən M.Kərimov 1987-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Baş Təmir Tikinti İdarəsində işləyərkən orada taxta sexinin rəisi olan Ələsgər Ömərovla tanış olduğunu söyləyib.
Bildirək ki, Ələsgər Ömərov İTV telekanalının sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.
M.Kərimov deyib ki, uzun illər dostluq etdiyi Ələsgər Ömərov 2005-ci ildə ona çoxmərtəbəli bina tikintisi ilə məşğul olmaq üçün “Fateh-N” adlı şirkət açacağını deyib.
"Mənə də direktor olmağı təklif etdi. Ələsgər dedi ki, başqa bir neçə şirkətin təsisçisi və sədri olduğu üçün burada rəsmi sənədlərdə adı keçə bilməz, ona görə mənim sənəd üzərində imzam olmasını, lakin bütün işləri özünün görəcəyini dedi. Mən də onu çoxdan tanıdığım üçün razılıq verdim. Şirkət təsisçisi Nəsir İsayev, direktor isə mən oldum. 2007-ci ildə Ələsgərin tapşırığı ilə Nəsir İsayev təsisçilikdən çıxdı, bütün paylarını mənə verdi. Beləliklə, mən həm təsisçi, həm də direktor oldum. 2005-ci ildə Neapol küçəsi 26A ünvanında 11 mərtəbəli, 5 bloklu 290 mənzilli binanın tikintisinə başlandı, özül qazılan andan mənzillər satılmasına start verildi. Satışı birbaşa Əlsəgər özü tənzimləyirdi, müştərilərlə görüşürdü, pulu da mənim iştirakım olmadan alırdı. 2010-cu ilə qədər mənzillər 99 faizi satıldı, həmin il binanın tikintisində problemlər yarandı"- deyən M.Kərimov bu problemlərin səbəbini də göstərib.
O qeyd edib ki, müştərilərdən alınan pullar həmin binaya deyil, onun yanındakı ikinci binanın tikintisinə xərclənirmiş.
Hakim qardaşının sözlərinə görə, bu səbəbdən də həmin bina üçün tikinti avadanlıqlarının alınmasında, işçilərin maaşlarının verilməsində çətinlik yaranıb: "Bu da tikintinin dayandırılmasına gətirib çıxartdı. 2012-ci ildə Ələsgər Ömərov ürəktutmasından vəfat etdi. Bundan sonra mən binanın tikintisini öz gücümə davam etdirməyə çalışdım. Lakin maliyyə imkamlarım məhdud olduğu üçün başa çatdıra bilmədim".
Xatırladaq ki, M.Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilir.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
M.Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. "Fateh-N" MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.
Qeyd edək ki, M.Kərimov məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib.
Xeberdar.net