Kreml Ermənistandan vaz keçəcəkmi?

597 1-02-2018, 11:18 dunya / gundem

Kreml Ermənistandan vaz keçəcəkmi?Politoloq: “Qarabağ məsələsində mövqeyimiz o zaman güclənə bilər ki...”

ABŞ hökuməti, prezident seçkilərinə Moskvanın müdaxiləsi ilə bağlı Rusiyanın cəzalandırılmasını nəzərdə tutan sanksiyalar qanununa uyğun olaraq 114 rusiyalı siyasətçi və 96 oliqarxın adını əks etdirən siyahını açıqlayıb.

Bəzi müşahidəçilər hesab edir ki, ABŞ-Rusiya qarşıdurması, şimal qonşumuzun sərt iqtisadi sanksiyalara məruz qalması Kremlin əlaltısı və forpostu olan Ermənistanın durumunu bir az da ağırlaşdıracaq. Bu, bir faktdır ki, işğalçı Ermənistan tamamilə Rusiyanın himayəsinə sığınıb. Ancaq artıq ehtiyatları belə, tükənmək üzrə olan Rusiyanın yaxın perspektivdə İrəvana yardım əli uzatmağa nə maliyyəsi, nə də həvəsi qalmaya bilər. Hesab olunur ki, bu vəziyyət Azərbaycanın Qarabağla bağlı şansını artıra bilər.

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a öncə bildirdi ki, Rusiyaya qarşı sanksiyalar həm qısamüddətli, həm də uzunmüddətli məqsədlər güdülərək hazırlanıb və tətbiq edilib: “Qısamüddətli məqsəd odur ki, Rusiya özünün revanşist və revizionist siyasətindən vaz keçsin, Ukraynadan, Gürcüstandan geri çəkilsin, ABŞ-ın qlobal hegemonluğuna mane olmasın. Uzunmüddətli hədəf isə Rusiyanı iqtisadi və texnoloji baxımdan mümkün qədər zəiflətmək və onun beynəlxalq miqyasda ABŞ-a rəqib olmaq imkanlarını aradan qaldırmaqdır. Sanksiyaları hazırlayanlar axmaq deyil və birinci hədəfin Putin iqtidarı dövründə gerçəkləşmə ehtimalının çox az olduğunu onlar da bilir. Bu isə o deməkdir ki, sanksiyalar qüvvədə qalacaq və Rusiyaya neqativ təsirini göstərməyə davam edəcək. Uzunmüddətli perspektivdə zəifləmiş, güc itirmiş Rusiyanın əvvəl-axır siyasətini dəyişmək zorunda qalacağı təxmin edilir”.
Kreml Ermənistandan vaz keçəcəkmi?
Politoloqun sözlərinə görə, Qarabağ məsələsində mövqeyimiz o zaman güclənə bilər ki, Rusiyanın siyasətində dəyişiklik baş versin: “Bu dəyişiklik iki halda gerçəkləşə bilər: birincisi, Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlər kontekstində müəyyən siyasi qərarlar qəbul edərək Moskvanın mövqeyini dəyişməyə nail olur. Bu barədə daha öncə dəfələrlə danışmışıq. Söhbət Azərbaycanın postsovet məkanında Rusiyanın liderliyi ilə qurulmuş inteqrasiya layihələrində iştirak qərarı verməsindən gedir. Yəni SSRİ dövründə olduğu kimi, biz Ermənistanla eyni siyasi, iqtisadi məkanda yer alırıq, onunla müttəfiq oluruq və beləliklə, hər iki ölkə Moskvanın patronajlığı altında yaşamağa razılaşır, nəticədə münaqişə öz-özlüyündə mahiyyətini itirir. Azərbaycan tərəfi indiyədək buna getməyib və belə görünür ki, ölkə müstəqilliyinin və suverenliyinin məhdudlaşması anlamına gələn addımları bundan sonra da atmaq niyyətində deyil. İkinci halda, bölgəmizdə dəyişiklik o vaxt baş verər ki, Rusiya neo-imperialist iddialarından vaz keçsin və postsovet məkanını nəzarət altında saxlamağı özünün həyati marağı kimi görməsin. Bu da öz növbəsində 2 halda gerçəkləşə bilər: Moskvada imperialist ambisiyaları olmayan və əsas diqqətini ölkə daxilindəki problemlərin həllinə yönəldən normal bir hökumətin qurulması və yaxud Qərbin sanksiyaları nəticəsində Rusiyanın ciddi şəkildə zəifləyərək öz mövqelərini itirməsi. Təəssüf ki, bu gün Kreml postsovet məkanı ölkələrinin nəzarətdən çıxmasını və onların Qərblə dərin siyasi-iqtisadi əməkdaşlığa getməsini Rusiya üçün ağır milli təhlükəsizlik problemi sayır. Ermənistanla müttəfiqliyin son illər daha da dərinləşdirilməsinin təməlində məhz bu qorxu dayanır”.

Ş.Cəfərliyə görə, ümumiyyətlə, Moskvanın bu münaqişələri yaratması da məhz həmin qorxudan qaynaqlanır: “Rusiya etnik-ərazi münaqişələrindən bu regionda öz mövcudiyyətini saxlamaq üçün yararlanır. Ona görə də düşünürəm ki, ABŞ-ın Rusiyanı Ukraynadan və Gürcüstandan çıxarmağa çalışdığı hazırkı məqamda Moskvanın Ermənistandan vaz keçməsini və Azərbaycanı rahat buraxmasını gözləmək ifrat nikbinlik olardı. Rusiya Qafqazda - Ermənistanda və Gürcüstanın işğal olunmuş regionlarında hərbi bazalar saxlamaqla NATO təhlükəsinə qarşı özünün cənub sərhədlərində bufer zonası yaratmağa çalışır. Moskva Azərbaycan hakimiyyətinin də, müxalifətinin də daha çox Qərbə meylli olduğunu şübhəsiz ki, çox gözəl bilir. Gürcüstanın yaxın gələcəkdə NATO-ya qoşulması Azərbaycandakı bu meylləri gücləndirə bilər, çünki biz bu halda avroatlantik məkana qonşu olacağıq. Bu səbəblə, hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi daha bir müddət başımızın üstündə Domokl qılıncı kimi qalacaq. Amma bu, bizim daxildə sosial-iqtisadi və demokratik inkişafımıza əngəl deyil. Biz münaqişə var deyə, bu bəhanəyə sığınıb, demokratik inkişafdan vaz keçməməliyik. Demokratikləşmə ölkəmizin beynəlxalq nüfuzunu gücləndirərdi”.

Xeberdar.net

XƏBƏR LENTİ