"Azərbaycan bizim ölkənin mühüm tərəfdaşıdır. Yüksək səviyyədə əldə olunan ikitərəfli sazişlərin uğurla həyata keçirilməsi üçün müvafiq qurumların müntəzəm fəaliyyəti lazımdır".
“Report” Türkmənistanın Dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, bunu Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov ölkənin Balkan vilayətinə işgüzar səfərin yekununda Türkmənbaşı şəhər beynəlxalq aeroportunda dövlət rəsmilərinin iştirakı ilə keçirdiyi müşavirədə deyib.
O həmçinin bildirib ki, Xəzər dostluq və beynəlxalq əməkdaşlıq dənizi olmalıdır, onun ərazisində sülh və beynəlxalq qarşılıqlı fəaliyyətə yönəlmiş böyük işlər görülməlidir.
Müşavirədə Türkmənistan və Azərbaycan ali nümayəndə heyətlərinin Balkan vilayətində baş tutan görüşünün nəticələrindən danışan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov bildirib ki, gündəliyə iki ölkənin iqtisadiyyatın əsas sahələri üzrə əməkdaşlığının prioritet istiqamətləri daxil edilib. XİN rəhbəri görüşdə əsas diqqətin təbii ehtiyatlar, energetika, nəqliyyat, rabitə kimi sahələrdə beynəlxalq tərəfdaşlığın inkişafı üçün çox böyük imkanların olması ilə bağlı məsələlərə ayrıldığını qeyd edib.
Xeberdar.net