Özbəkistan İslam Kərimovun ölümündən sonra da qapalı ölkə olmaqda davam edir. Xüsusən də əcnəbi kütləvi informasiya vasitələri üçün. Son vaxtlar isə ölkədə səs-küylü xəbərlərin ardı-arası kəsilmir. Yanvarın 26-da məlumat yayıldı ki, Özbəkistanın 52 yaşlı keçmiş daxili işlər naziri Ədhəm Əhmədbəyov həbs olunub. Həbsdən bir ay əvvəl Özbəkistan prezidenti Şavkat Mirziyoyev Ə.Əhmədbəyovu xəyanətdə ittiham etmişdi. Dekabrın 22-də parlament qarşısında çıxış edən prezident bildirmişdi ki, xəyanəti Əhmədbəyovu general-leytenant rütbəsindən məhrum etdi. Bu rütbə keçmiş nazirə 2014-cü ildə mərhum prezident İslam Kərimov tərəfindən verilmişdi.
Əhmədbəyovla bağlı baş verənlər diqqət çəkməyə bilərdi. Amma bu hadisənin ardınca – yanvarın 31-də Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Rustam İnoyatovun vəzifəsindən uzaqlaşdırılması Özbəkistan hakimiyyətində ciddi proseslərin getdiyini göstərdi.
73 yaşlı İnoyatov keçmiş prezident İslam Kərimovdan sonra Özbəkistan rəhbərliyinə gələcək ən şanslı namizəd hesab olunurdu. Çoxları Kərimovu məhz onun əvəzləyəcəyini düşünürdü.
Təhlükəsizlik orqanlarında "təmizləmə" İnoyatova qədər də başlamışdı. Əvvəlcə Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin 11 bölgə üzrə rəisi, sonra da İnoyatovun müavinləri işdən azad edilmişdi. Bütün bunlar birmənalı şəkildə göstərirdi ki, ölkənin birinci prezidentinin (İslam Kərimov) təyin etdiyi təhlükəsizlik qüvvələri növbə ilə yola salınacaq.
25 yaşlı İslam Kərimov
Bugünlərdə yayılan növbəti səs-küylü xəbər İslam Kərimovun nəvəsinin (Gülnarə Kərimovanın oğlu) Britaniyadan siyasi sığınacaq istəməsi oldu. Babasının adını daşıyan 25 yaşlı İslam Kərimov hələ ötən ilin avqustunda ölkənin yeni rəhbərliyi haqda kompromat dərc edəcəyinə söz vermişdi. Anası ilə bağlı ittihamların saxta olduğunu deyən İ.Kərimov hökumət üzvlərinin korrupsiyaya bulaşdığını və əlində bunu təsdiq edən sənədlər olduğunu bəyan etmişdi.
İ.Kərimov Gülnarə Kərimovaya Özbəkistanda cinayət işi açılandan bəri Londonda yaşayır. 2017-ci ilin 28 iyununda Özbəkistanın Baş Prokurorluğu Gülnarə Kərimova barəsində dələduzluq, xarici valyutanın gizlədilməsi, gömrük qanunvericiliyinin pozulması, ticarət və xidmət qaydalarının pozulması, sənəd saxtalaşdırılması, cinayət fəaliyyəti ilə əldə olunan gəlirlərin qanuniləşdirilməsi ittihamları üzrə cinayət işinin başladıldığını elan etdi. G.Kərimovaya qarşı ittihamlar cinayətkar qruplaşma üzvlərinin, şahid və zərərçəkənlərin ifadələri, eləcə də qrupun nəzarətindəki 14 firma və 16 offşor şirkətin fəaliyyətinə dair materialların yoxlanılması əsasında irəli sürülüb.
Məlumata görə, 12 xarici ölkədə G.Kərimovaya məxsus cinayət yolu ilə qazanılmış 1 milyard 394,1 milyon dollarlıq, 18,5 milyon franklıq və 63,5 milyon avroluq aktivlər aşkarlanıb. Özbəkistan prokurorluğu Gülnarə Kərimovanın dövlətə 2 milyard dollar həcmində zərər vurduğunu iddia edir.
[img=left]https://i0.wp.com/fayzbog.uz/wp-content/uploads/2018/01/720_460_80_1950898183.jpg?resize=720,410[/img]
Rustam İnoyatov, İxtiyer Abdullayev
Qayıdaq, Rustam İnoyatova. 1944-cü ildə Özbəkistanın Surxandarin vilayətində anadan olan İnoyatov 1970-ci ildən xüsusi xidmət orqanlarında işləyib. 1995-ci il iyunun 7-də Milli Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Onu Özbəkistanın "boz kardinalı" adlandırırdılar. İnoyatov Özbəkistanda İslam Kərimovdan sonra öz postunda bu qədər uzun müddət qalan ikinci adamdır. Bu arada, İnoyatovun yerinə ölkənin baş prokuroru İxtiyer Abdullayev təyin olunub.
İnoyatovun rəhbərliyi dövründə Milli Təhlükəsizlik Xidməti ölkənin bütün vacib sahələrinə təsir imkanları olan quruma çevrilmişdi. Kərimovun hakimiyyəti illərində bu qurum repressiv sistemin mərkəzi strukturu idi. İstənilən fərqli fikir və ya rejimin tənqidi qəddarlıqla susdurulurdu.
Özbəkistan üzrə ekspert Alişer İlhamov deyir ki, Milli Təhlükəsizlik Xidmətinin hər müəssisədə öz casusu vardı: "Bu adamlar işlədikləri quruma hesabat verir, insanları təqib edir, xəbər ötürürdülər".
Ekspertin fikrincə, İnoyatovun işdən azad edilməsi təkcə rəhbər dəyişikliyi ilə məhdudlaşmayacaq: "Məqsəd bu strukturda islahatlar aparmaq və onun səlahiyyətlərini daraltmaqdır. Milli Təhlükəsizlik Xidməti dövlət içində dövlət, "milli təhlükəsizlik" isə geniş anlayış idi. Dissidentlik, tənqidi baxışlar milli təhlükəsizliyə təhdid kimi qəbul olunurdu".
Keçmiş prezident İslam Kərimov
İslam Kərimovun ölümündən sonra Rustam İnoyatov prezidentliyə əsas namizədlərdən biri hesab olunurdu. Lakin nəticə etibarilə qələbə qazanan Mirziyoyev oldu. Həmin vaxt bir çox analitiklər tərəflərin anlaşdığını düşünürdülər. Lakin sonrakı proseslər göstərdi ki, mübarizə gizli də olsa, davam edibmiş.
Prezident Mirziyoyev hakimiyyətə gələndən sonra bir sıra islahatlara başladı ki, deyilənlərə görə, İnoyatov onların reallaşmasının qəti əleyhinə olub. Mətbuatın yazdığına görə, bəzi Qərb ölkələri ilə viza rejiminin ləğvi, Düşənbə ilə Daşkənd arasında birbaşa reysin açılması kimi qərarlar məhz İnoyatov onların əleyhinə çıxdığı üçün gerçəkləşməmiş qalıb və icrası ertələnib.
Milli Təhlükəsizlik Xidmətinə ən böyük zərbələrdən biri ötən ilin payızında Şavkat Mirziyoyevin "Valyuta siyasətinin liberallaşdırılması üzrə prioritet tədbirlər haqqında" imzaladığı fərman oldu. Nəticədə valyuta mübadiləsini aparmaq sərbəstləşdi. Ona qədər bunu yalnız seçilmiş şirkətlər edə bilirdi. Valyuta mübadiləsi ilə bağlı bütün maliyyə qaynaqlarına nəzarət edən Milli Təhülükəsizlik Xidməti məlum fərmandan sonra bu imkanını itirdi. Bu da qurumun böyük gəlir mənbəyindən məhrum olunması demək idi.
Şavkat Mirziyoyev Milli Təhlükəsizlik Xidmətini açıq şəkildə tənqid etməyə başladı. Ötən ilin dekabrında qurumda islahatlar aparmağın vacibliyi ilə bağlı çağırış etdi. Bu yaxınlardakı çıxışlarının birində isə söz verdi ki, bir sıra qurumların xarici səfirliklərdə təmsil olunan və səfirləri izləyən əməkdaşlarından qurtulacaq.
Alişer Usmanov
İnoyatov kimi güclü rəqiblə baş etmək üçün Mirziyoyevə dəstək lazım idi. Və iddialara görə, bu dəstək ona Alişer Usmanov kimi, özbək əsilli rus oliqarxlardan gəlib.
Kərimovun dövründə bütün iri investisiyalar Milli Təhlükəsizlik Xidmətinin əlindən keçirdi. İndi Alişer Usmanov kimi, sərmayəçilərə "yaşıl işıq" yandırmaqla hökumət Milli Təhlükəsizlik Xidmətinin biznes sahəsinə təsirlərini də zəiflətmiş olur.
Prezident Mirziyoyev işgüzar səfərlərində dəfələrlə Usmanovun şəxsi təyyarəsindən istifadə edib. Eləcə də BMT Baş Assambleyasının 2017-ci ildə keçirilən iclasına qatılmaq üçün Nyu-Yorka uçanda. Mirziyoyev ötən ilin aprelində Moskvaya səfəri zamanı bir neçə iri layihə üzrə saziş imzalamışdı. Dəyəri bir neçə milyard olan layihələrdən birinin açar fiquru məhz Alişer Usmanovdur. Bundan başqa, Usmanovun rəhbəri olduğu "UMS Holdings" hazırda "Ucell"in (Özbəkistanın ikinci böyük mobil operatoru) alınması ilə bağlı "Telia" şirkəti ilə danışıqlar aparır.
Ekspertlərə görə, Özbəkistanda son baş verənlər Mirziyoyevin vahid komanda qurmaq planının tərkib hissəsidir. Və Mirziyoyev prezident seçiləndə bu prosesin 1-2 il vaxt alacağı proqnozlaşdırılmışdı. Lakin Özbəkistanda bir çoxları ehtiyat edir ki, əsas gəlir mənbələrinə indi də hakimiyyətə yaxın şəxslər və ya oliqarxlar nəzarət edəcək. Nəticədə Milli Təhlükəsizlik Xidməti zəiflədilmiş olsa da, köhnə sistem mövcudluğunu davam etdirəcək, islahatlar isə yarımçıq qalacaq…
Strateq.az