"Rusiya Ermənistanın təşvişə düşməsini istəmir"

645 3-02-2018, 13:00 dunya / gundem

"Rusiya Ermənistanın təşvişə düşməsini istəmir"Bildiyiniz kimi bu ilin yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərlərinin görüşündən sonra Minsk Qrupunun həmsədrləri belə bir bəyanatla çıxış etdilər ki, görüşdə nazirlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının səlahiyyətinin genişləndirilməsi və atəşkəs rejimini monitorinq edən ofis əməkdaşların sayının artırılması ilə bağlı həmsədrlərin nəzərdən keçirdiyi konseptual sənəd barəsində prinsipial razılaşma əldə edib. Bu məsələyə “kreativ” yanaşan Xarici işlər naziri Elmar Məmmədyarovun mövqeyi birmənalı qarşılanmadı və bir sıra politoloqlar tərəfindən tənqid edildi.

Dünən tanınmış konfliktoloq Elxan Mehdiyevin bu məsələ ilə bağlı Moderator.az -a göndərdiyi yazını həyəcan təbili kimi də qəbul etmək olar. (Həmin yazını buradan oxuya bilərsiniz: http://www.moderator.az/news/210883.html)

Doğrudanmı durum göründüyündən də vahim?

Politoloq Nəzakət Məmmədova mövzu ətrafında Moderator.az-ın əməkdaşının sualını cavablandıraraq həmkarının həyəcan təbilini şərh edib:

"Münaqişədə de fakto və de yurye status kvo var. De yurye Qarabağ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində yerləşən bir ərazisidir, hətta vilayət statusu da yoxdur. Azərbaycan onun bu statusunu haqlı olaraq ləğv edib. Əgər danışıqlar uğurla yekunlaşarsa, Azərbaycan ora yüksək muxtariyyət statusu verməyə hazırdır.

De yurye status kvo BMT-nin 4 məlum qətnaməsi, beynəlxalq hüquq prinsipləri, hamılıqla qəbul olunmuş beynəlxalq normalar, beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Helsinki Yekun Aktında nəzərdə tutulan prinsiplərin məcmusudur. Yekun de yurye status kvo isə tərəflər arasında sülh sazişi imzalandıqdan sonra təsbit olunan bilər.

De fakto status kvo isə hazırda təmas xəttində işğalçı ordu ilə Azərbaycanın müdafiə ordusu arasındakı cəbhə xəttində olan vəziyyətdir. ATƏT-in sülhyaratma missiyasının tərkibinin genişlənməsi de fakto status kvota təsir edə bilər. Lakin de yurye status kvonu dəyişməyəcək. ATƏT müşahidə missiyası onsuz da var idi, bu, yeni bir təsisat deyil, say tərkibi genişləndirilir. Bu genişlənmə vəziyyətin monitorinqini daha yaxından izləməyə imkan verəcək.

Atəşkəsi ən çox pozan, təxribat törədən, snayperlərdən atəş açıb hərbçiləri öldürən hansı tərəfdirsə, müşahidə missiyasının genişlənməsi də həmin tərəfi daha çox narahat edər. Azərbaycan belə təxribatlara əl atmır, bunu Ermənistan edir, deməli bu onları daha çox narahat etməlidir.

Əksinə, cəbhəyanı bölgələri iriçaplı silahlardan atəşə tutulan, mülki əhalisi öldürülən, hərbi qulluqçuları snayperlərdən atəş açılaraq qətlə yetirilən Azərbaycan tərəfdir. ATƏT müşahidə missiyasının genişlənməsi bunun qarşısını almasa da, ən azından monitorinq aparıb təxribatçının kim olduğunu müəyyən edə bilər.

Hətta Azərbaycan da onların cavabını versə belə, bu cavabvermə bəzən güc ekvivalentini aşsa da, bunun ermənilərə psixoloji təzyiqdən başqa hansısa bir təsir göstərməsi çətin məsələdir. Ermənistan və Qarabağ erməniləri bilir ki, onun arxasında Rusiya durur, Azərbaycanın onların atəşinə lap 10 qat artıq cavab verməsi münaqişənin yekun həllinə, Qarabağın bizə qaytarılmasına gətirib çıxaracaqmı?!

Rusiyanın bu məsələdə canfəşanlığına gəlincə, düşünmək olar ki, Yaxın Şərqdə hərbi uğurlardan sonra Rusiya həddindən artıq eyforiyaya qapılıb və özünü artıq faktiki fövqəldövlət kimi aparır. Üstəlik, ABŞ-Avropa münasibətlərində ziddiyyət, NATO-da Türkiyənin mövqeyindən dolayı fikir ayrılığı Rusiyanı özünü ikinci SSRİ rolunda hiss etdirir.

Bu, Rusiyanın Qarabağ siyasətinə də təsir edir. Rusiya Qarabağda mövcud status kvonun saxlanılmasında son dərəcə maraqlıdır və bu səbəbdən ordakı vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsini, Ermənistanın təşvişə düşməsini istəmir. ATƏT müşahidəçiləri missiyasının tərkibi genişlənməklə Rusiyanın planları daha da möhkəmlənmiş olur.

Nə Pentaqon, nə NATO Qarabağı özlərinin həyati maraq zonasına daxil etməyiblər, üstəlik də onların başı hazırda Suriyada qarışıqdır. Avropa Birliyinin özünün də ABŞ-la bir sıra problemləri var, üstəlik onlar Rusiya təbii qazından çox asılıdır. Qarabağ belə bir mürəkkəb beynəlxalq şəraitdə Rusiyanın nəzarətindədir və o, proseslərə çox böyük təsir göstərir."

Xeberdar.net

XƏBƏR LENTİ