PUTİN ÖZ KOMANDASINI NECƏ QORUYACAQ? – Rusiya elitasında qorxu və gərginlik artır

759 3-02-2018, 13:03 dunya / gundem

PUTİN ÖZ KOMANDASINI NECƏ QORUYACAQ? – Rusiya elitasında qorxu və gərginlik artır
ABŞ maliyyə nazirliyinin “Kreml məruzəsi” adlanan sənədi dərc etməsindən bir neçə saat sonra, bu haqda şəxsən Rusiya prezidentinin özü danışmağa başladı. Onun sözlərinə görə, bu siyahıya nəinki siyasətçilər və biznesmənlər, həm də “146 milyon rusiyalı” daxil edilib.

Vladimir Putin Kremlin bir neçə addımlığındakı “Qostinıy dvor”da yerləşən özünün seçki qərargahındakı çıxışında elə danışıb ki, guya bu siyahı bütün Rusiyaya qarşı atılmış “düşmənçilk aktı”dır.

- Siyahının dərc edilməsi necə baş verdi?

Keçən il ABŞ Konqresi Tramp administrasiyasına Putin rejimində varlanan adamların siyahısını tərtib etməyi tapşırmışdı. Bu siyahı Konqresin sanksiyalar barəsindəki “Caatsa” qanunu çərçivəsində həyata keçiriləcək mümkün yeni sanksiyalar üçün əsas təşkil edir. Lakin Tramp Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini qəbul etmək istəmir. O, Moskva ilə münasibətləri gərginləşdirməməyin tərəfdarıdır. Belə ki, onun administrasiyası yeni cərimə sanksiyalarının qəbul edilməsi müddətini buraxdı. Bunun əvəzinə ABŞ Maliyyə Nazirliyi həmin siyahını dərc etdi.

Beləliklə, Tramp və dövlət katibi Reks Tillerson haradasa şpaqat etməyə cəhd göstərirlər: bir tərəfədən bu siyahının dərci ilə onlar Konqresin tələbini təmin etməyə çalışırlar, digər yandan isə onlar Rusiyanı daha çox qıcıqlandırmaq istəmirlər. Əsas ideya, Putinin yaxın dostlarına qarşı daha sərt sanksiyaların tətbiq oluna biləcəyi qorxusunun köməyindən istifadə etməklə, Moskvanı cilovlamaqdan ibarətdir. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, bu siyahı qorxutmaq üçün düşünülüb və ona görə də hələlik gələcəkdə həyata keçirilməsi üçün konkret sanksiyalara ehtiyac yoxdur.

Sözsüz ki, Tramp administrasiyasının bu cür davranışı Konqres tərəfindən çox tənqidi qarşılanıb. Müxalifət Trampı Rusiyaya qarşı münasibətdə hədsiz mərhəmətli olmaqda günahlandırır. Demokratların xarici siyasət komitəsinin başçısı əsəbləşərək deyib: “Mən vədlərdən boğaza qədər doymuşam. Nə qədər gözləmək olar? Nəhayət, bu hökumət bizim ölkəni və bizim seçkiləri nə zaman qoruyacaq? Onlar Moskvaya cəzalanmaqdan qaçmağa növbəti dəfə imkan verəcəklər”.

- Kimlərə şamil ediləcək?
PUTİN ÖZ KOMANDASINI NECƏ QORUYACAQ? – Rusiya elitasında qorxu və gərginlik artır
Həmçinin “Putin siyahısı” da adlandırılan “Kreml məruzəsi”ndə 210 nəfərin adı var. Onlardan 114-ü hökumət və ya da səhmləri dövlət nəzarətində olan firmalarla bağlıdır. Qalanları isə (96 nəfər) Kremlə bağlılığı olan və var-dövlətləri azı bir miyard dollardan çox olan oliqarx və biznesmenlərdir.

Bu əlaqələrin konkret tərəfi bəlli deyil. Çünki informasiya məxfi saxlanılır. Maliyyə nazirliyinin bildirdiyinə görə, məruzənin həmin hissəsində digər adlar, korrupsiya ilə bağlı sübutlar və əlavə məlumatlar var. Siyahıya Putinin güc strukturlarında işləmiş köhnə etibarlı dostlarının adlarının salınması da təəccüb doğurur. Bunlar Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və müdafiə naziri Sergey Şoyqudur.

Rusiyanın bütün enerji resurslarına rəhbərlik edən “Qazprom”un rəhbəri Aleksey Miller və “Rosneft”in rəhbəri İqor Seçinin də adları siyahıdadır. Siyahıya “Rossiya” bankının direktorlar şurasının sədri Yuriy Kovalçuk da salınıb. Prezident administrasiyasının başçısı Anton Vayno da yaddan çıxmayıb. ”Senior political leaders” bölməsində Dövlət Dumasının sədri Vyaçeslav Volodinin də adını tampaq olar.

Amma bu sənəddə Putinə kimin nə qədər yaxın olmasına fərq qoyulmayıb. Siyahıda məntiq də yoxdur. Çünki siyahıda Dmitri Medvedyevin rəhbərlik etdiyi nazirlər kabinetinin 30 üzvünün adının olmasına baxmayaraq, Mərkəzi Bankın başçısı Elvira Nabiullina və Hesablama Palatasının sədri Tatyana Qolikovanın adları yoxdur.

- Siyahıda kimlərin adları çəkilməyib?

Adların seçilməsi təəccüb doğurur. 2007-ci ildən Çeçenistana rəhbərlik edən Ramzan Kadırovun adı siyahıda yoxdur. Siyahıya həmçinin ilhaq olunmuş Krımın rusiyapərəst hökumətinin rəhbəri Sergey Aksyonovun da adı salınmayıb. Bundan başqa Suriyadakı hərbi əməliyyatlarda iştirak etmiş və hal-hazırda orada fəaliyyətdə olan ordu generallarının da adı siyahıda yoxdur.

- Səhv varmı?

Ən azından bir nəfər var. Bəzi Rusiya KİV-ləri bildiriblər ki, siyahıya salınmış “Rosset”-in keçmiş rəhbəri Oleq Budarin artıq 2017-ci ildən bu vəzifədən gedib.

- Oliqarxların siyahısı necə görünür?
PUTİN ÖZ KOMANDASINI NECƏ QORUYACAQ? – Rusiya elitasında qorxu və gərginlik artır
Əgər bu siyahıya diqqətlə baxsaq, onda görərik ki, bu, “Forbes” jurnalının 2017-ci ildə dərc etdiyi Rusiya milyarderləri siyahısının əksidir. Hər iki siyahıda birinci yerdə “Novatek” enerji konserninin rəhbəri Leonid Mixelson, ikinci və üçüncü yerdə isə poladəritmə biznesinin nümayəndələri Aleksey Mordaşev və Vladimir Lisinin adları dayanıb. Siyahıda həmçinin Əlişir Usmanov və Roman Abramoviç kimi tanınmış oliqarxların da adları var.

Həqiqətənmi siyahıya salınmışların hamısı Kremlə yaxın adamlardır? Bu sualın cavabı yoxdur. Bir tərəfdən Putinin etibarlı adamı Arkadi Rotenberq və Kiril Şamalovun adı keçir. Hal-hazırda A.Rotenberq Rusiya ərazisindən Krıma körpü çəkir. ”Bloomberg” agentliyinin məlumatına görə, K.Şamalov artıq Putinin keçmiş kürəkənidir və o eyni zamanda neft-kimya nəhəngi ”Sibur”un direktorlar şurasının üzvüdür.

Digər tərəfdən isə, siyahıda Kreml ilə xüsusi yaxınlığı olmayanların da adı var. Bunlar “Maqnit” pərakəndə mağazalar şəbəkəsinin qurucusu və müştərək sahibi Sergey Qalitski və “Yandex”-in yaradıcısı Arkadi Voloşdur.

- Bunun gələcəkdəki nəticələri necə ola bilər?

Maliyyə nazirliyinin yeni sanksiyalara ehtiyac olmamasını və bu siyahının da yarımçıq olmasını söyləməsinə baxmayaraq, Rusiya elitası arasında böyük narahatçılıq yaşanır. Çünki adları çəkilənlər üzərində “domokl qılıncı” kimi təhlükə asılıb və onlar nə vaxtsa sanksiya cərimələrinin hədəfi olacaqlarından bərk qorxurlar. Əgər ABŞ həqiqətən də yeni sanksiyalar elan edərsə, onda adları çəkilən bu şəxslər öz xarici hesablarının dondurulması ilə hesablaşmaq məcburiyyətində qalacaqlar. Bundan başqa onların ABŞ və ya Qərbi Avropaya səfərləri məhdudlaşa bilər. Bu isə onlarla iş görən xarici firmaları da qorxudur.

Amma yeni sanksiyalar olmadan da bu siyahı adları çəkilən biznesmenlərin işini mürəkkəbləşdirə bilər. Axı onların adları həmişəlik Kremllə bağlanacaq…

İndi sual olunur: əgər ümumi yekunla götürsək, dərc edilən bu siyahı siyası planda kimə faydalıdır? Bəlkə bu, Qərbin Kreml ilə iqtisadi elitanın arasını vurmaq istəyidir.

Putin özünün vətənpərvərlik divarı arxasında gizlənməkdə davam edərək, Rusiyanı birliyə çağıracaq? Hələlik Moskvanın bu siyahıya cavab tədbirləri ilə necə reaksiya verəcəyi bəlli deyil.

(“Der Spiegel”-Almaniya)

XƏBƏR LENTİ