Böyük Britaniya ərazisində dəbdəbəli həyat tərzi keçirən və korrupsiyada şübhəli sayılan zəngin xarici vətəndaşlar bu sərvətin mənbəyini əsaslandırmalı olacaqlar.
Bu barədə Britaniyanın təhlükəsizlik naziri Ben Uolles “The Times”ə bildirib.
Xəbər verilir ki, Britaniya hakimiyyəti ötən həftə qüvvəyə minmiş və mütəşəkkil cinayətkarlığa, korrupsiyaya qarşı mübarizəni nəzərdə tutan yeni qaydalar əsasında oliqarxları hədəfə alacaq. Bu qaydalar Böyük Britaniyanın nəzarət orqanlarına 70 min dollardan yuxarı dəyəri olan şübhəli aktivlərə sahibi həmin pulun mənbəyini lazımi qaydada izah etməyənə qədər həbs qoymağa imkan verir.
Bildirilir ki, bu yoxlamalar Rusiya, Çin və Yaxın Şərqdən olan investorlara tətbiq ediləcək. Söhbət Londonda daşınmaz əmlaka onlarla milyard dollar sərmayə qoyan oliqarxlardan gedir.
Ben Uolles bildirib ki, Rusiyadan xarici banklar, o cümlədən Britaniya bankları üzərindən on milyardlarla dollarlar xaricə çıxarılıb. “Biz daha buna imkan verə bilmərik”-məmur deyib.
Britaniyanın mütəşəkkil cinayətkarlıq üzrə Milli agentliyinin məlumatına görə bu ölkə üzərindən hər il orta hesabla 127 milyard dollar “yuyulur”. Lakin agentlik bu rəqəmi də aşağı sayır, ehtimal edir ki, Britaniya offşorları üzərindən yuyulan çirkli pulların məbləği bundan da çox ola bilər.
Antikorrupsiya fəalları və beynəlxalq insan haqları təşkilatları neçə vaxtdır ki, çirkli pulları Londonda daşınmaz əmlaka yatırmaqla yuyan xarici oliqarxlara qarşı mübarizə aparılmasını, onların aktivlərinin dondurulmasını tələb edirdi.(virtualaz.org)