Rusiyalı hərbi ekspert:"ABŞ yenidən köhnə strategiyaya dönür, ciddi ordu hazırlığı həyata keçirir..."

838 6-02-2018, 14:00 dunya / gundem

Rusiyalı hərbi ekspert:"ABŞ yenidən köhnə strategiyaya dönür, ciddi ordu hazırlığı həyata keçirir..."ABŞ, Rusiya və Çin arasında ikinci soyuq müharibə başlayır.

Bu sözlər rusiyalı hərbi ekspert Pavel Felgenhauerin “Apostrof” portalında dərc olunan məqaləsində yer alıb.

“ABŞ Barak Obama dövründən bu yana Çin və Asiyaya diqqət ayırıb. Rusiyanın bu siyahıda peyda olması artıq xəbərdir. Ona görə ki, son zamanlara qədər, daha dəqiq desək, 2016-cı ilə qədər Rusiyaya düşmən və təhdid kimi baxılmırdı. İndi Rusiya təhdidə çevrilib və bəlkə də əsas təhdid olub. Ona görə ki, Rusiyanın potensialı, daha çox isə strateji nüvə potensialı Çindən daha əhəmiyyətlidir. Bunu artıq “Soyuq müharibə №2” adlandırmaq olar.

Əksər hallarda ABŞ əvvəlki kimi fəaliyyət göstərməyə çalışacaq. Hərbi hazırlıq və strategiyada dəyişiklik baş verir. Soyuq müharibə dövrünün sonlarından başlayaraq, ABŞ əsasən regional-lokal müharibələr aparıb. Bu zamana qədər ABŞ ordusu SSRİ ilə qarşıdurma və Avropada böyük tank müharibələri üçün qurulmuşdu. Belə bir ordu kiçik intensivliyi olan savaşlar üçün yaramırdı. Bunun üçün dəyişikliklər gərək idi. İndi ABŞ yenidən köhnə strategiyaya dönür, ciddi ordu hazırlığı həyata keçirir. Bu ordu artıq partizanlarla yox, böyük ordu ilə – təxminən 25 min tankla savaşa hazır olmalıdır.

Hazırda yeni növ nüvə silahlarının istehsalına da başlanılıb. Ona görə ki, ABŞ 1991-ci ilə qədər bununla məşğul olmayıb. Obama nüvə silahlarından imtinanın tərəfdarı idi və bu sahədən də Rusiya ilə razılaşmaya cəhd edirdi. Lakin heç nə alınmadı. Tramp isə öz növbəsində bəyan etdi ki, nüvə silahı yenilənməli, hərbi xərclər artırılmalıdır. Hazırda partiyalararası konsensus formalaşıb ki, təkcə nüvə silahlarını yenilənməklə kifayətlənmək olmaz. Onların fikrincə, Amerika ordusu təkcə dəniz sahili ekzotik ölkələrdə konfliktlərə yox, həm də Avropa, Yaxın Şərq və Uzaq Şərqdə savaşlara hazır olmalıdır.

Putin dəfələrlə ictimai şəkildə qürurlanırdı ki, biz amerikalıları strateji sistemlərdə qabaqlayırıq. Bu həqiqətdir. Ona görə ki, Rusiya yeni raketlər yaradıb, amerikalılar isə köhnədə qalıblar. Son 30 ildə onlar nüvə potensiallarını yeniləməyiblər. İndi isə taktiki nüvə silahlarını, daha dəqiq desək isə nüvə başlığı olan qanadlı raketlərini yeniləyəcəklər. Bu raketlər donanmaya qayıdacaq. Obama əvvəllər bunu məhz donanmadan uzaqlaşdırmışdı.

Bu dəyişikliklər ilk növbədə Çin yox, məhz Rusiya ilə bağlıdır.

Artıq ikinci soyuq müharibə başlamaq ərəfəsindədir və üç gərginlik ocağı mövcuddur. Bunlar Avropa, Uzaq Şərq və Yaxın Şərqdir. Yaxın Şərq və Avropada hərbi fəaliyyətlər artıq gedir, amma bu toqquşmalar kiçik intensivlikdə baş verir. Bu toqquşmalar Donbas, Suriya, İraq və Yəməndə yaşanır. Uzaq Şərqdə hərbi fəaliyyətlər hələlik yoxdur, amma olma ehtimalı böyükdür. Bu il belə toqquşmalardan biri Şimali Koreya sayəsində yarana bilər. Bütün ocaqların hamısında yüksək eskalasiya təhdidi mövcuddur. Belə bir ehtimal var ki, bu eskalasiya nəticəsində bu ocaqların hər biri vahid qlobal müharibə ocağına qarışa bilər. Belə ehtimal böyük olmasa da, mövcuddur. Bu ssenarinin reallaşması nüvə müharibəsi qorxusunu müəyyən qədər önləyə bilər”, – məqalədə bildirilib.

Axar.az

XƏBƏR LENTİ