“Qarabağa gedən rusiyalı deputat cəzalansın” tələbi

702 9-02-2018, 10:54 dunya / gundem

“Qarabağa gedən rusiyalı deputat cəzalansın” tələbiZahid Oruc: “Zatulinin bu addımına etiraz dövlət səviyyəsində olmalıdır”

Rusiya ali qanunvericilik orqanının üzvü növbəti dəfə Azərbaycana qarşı ağır cinayət törədib. Moderator.az-ın verdiyi xəbərə görə, yenə də söhbət Rusiya Federasiyası Dövlət Dumasının MDB və həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulindən gedir. Rusiya deputatı “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqda” qanunu pozaraq ölkəmizin işğal altındakı ərazilərinə daxil olub. O, separatçı-terrorçu rejimin rəhbəri Bako Saakyan və “parlament rəhbəri” adlanan Aşot Qulyanla görüşüb. Bundan öncə K.Zatulin İrəvanda Ermənistanın prezidenti hesab edilən Serj Sərkisyanla da təmasda olub.

Rusiya parlamentarisinin səfəri haqda məlumat Rusiya Dumasının rəsmi saytında dərc edilib. Xatırladaq ki, mütəmadi olaraq Ermənistan və Dağlıq Qarabağa səfərlər edən Rusiya Dumasının deputatı Konstantin Zatulin hələ 2010-cu ilin mayında Xankəndində qondarma rejimin saxta “parlament” seçkilərində də iştirak etmişdi.
“Qarabağa gedən rusiyalı deputat cəzalansın” tələbi
Maraqlıdir ki, bu səfər ərəfəsi, fevralın 7-də Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının binasında Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxışında Rusiya-Azərbaycan münasibətləri haqqında yüksək fikirlər səsləndirib: “Mən prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı çıxışında qeyd etdiyi bir fikri xatırlatmaq istərdim: ”Əgər bütün dünyada münasibətlər Rusiya və Azərbaycan arasında olan münasibətlər kimi olsaydı, o zaman dünyada heç bir problem olmazdı". Hesab edirəm ki, bu fikir Azərbaycan-Rusiya münasibətlərinin kursunu göstərir"...

Lakin görünən odur ki, ya Rusiya hər zamankı kimi ikili siyasətindən geri qalmır, ya da Konstantin Zatulin adlı deputatla bacara bilmir...

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin deputatı Zahid Oruc bildirdi ki, hazırda Rusiya rəsmi dairələrində Azərbaycana qarşı əvvəlki düşmən münasibət sərgilənmir: “Dağlıq Qarabağ məsələsi ilə bağlı 90-cı illərdəki Rusiya münasibəti onların siyasi məkanından, informasiyan mühitindən, dövləti xəttindən bir xeyli dəyişib, yenilənib. Bu hər cəhətdən özünü göstərir və mən onu təqdir edirəm. Bu gün Rusiya məkanında bir çox siyasətçilərin çox rahatlıqla Azərbaycan haqqında ədalətli, adekvat mövqe sərgilədiklərini görməkdəyik. Bu o şəraitdə baş verib ki, Rusiyanın diplomatik-siyasi idarələrində yetərincə ermənilər var. Onlar öz səlahiyyətlərini Kremldən özlərinə göstərilən isti münasibətlə qazanmayıblar. Açıq söyləmək lazımdır ki, yüzillər ərzində ermənilər Rusiya dövlət idarəçiliyi həyatındakı fəaliyyətləri ilə özlərinə məqam, kürsü, rütbələr qazanıblar. Belə olan halda, 90-cı illərdə əgər bəzi rus jurnalistlər hər gün Azərbaycana qarşı zəhər püskürürdülərsə, bizim adımız, işlərimiz o məkanda erməniləri genosidə uğratmaq kimi təqdim olunurdusa, bu gün artıq rəsmi müstəvidə bunlar mövcud deyil. Nəzərə almalıyıq ki, yüzminlərlə saytlar, informasiya daşıyıcıları, virtual qüvvələr və sair var. Ona görə də bəzən balansı gözləmək üçün Zatulin kimilər Dağlıq Qarabağa gedirlər”.
“Qarabağa gedən rusiyalı deputat cəzalansın” tələbi
Deputatın sözlərinə görə, Zatulinin bu addımı Rusiyanın daxilindəki qüvvələr arasında balans yaratmaq məqsədi də daşıya bilər: “Rusiya məkanında qeyd etdiyimiz qüvvələrin mövqeyini sanki balanslaşdırmaq üçün, tarazlıq yaratmaq üçün Konstantin Zatulin Qarabağa gəlib, orada hansısa görüşlər keçirir. Sübut etməyə çalışır ki, sizin pulunuzdan asılı deyiləm. Hərçənd ki, ortada o da var. Sanki dövlətin içindəki müəyyən qüvvələrin ssenarisini həyata keçirirlər. Rusiya kimi güclü bir ölkənin içində ”yumurtaların hamısını bir səbətə yığmamaq “ iradəsi var. Digər tərəfdən, beyinlərində hələ də bizi düşmən kimi görənlər var. Düşünürlər ki, türk coğrafiyasının bir parçası olan Azərbaycan müstəqilləşsə, güclənsə, daha böyük fəlakətlər yaradar, Rusiyanın nüfuz dairəsindən çıxar. Bununla yanaşı, burada başqa mərkəzlərin də tapşırıqları var”.

“Nə etməliyik” sualına gəlincə, Z.Oruc vurğuladı ki, hər zamankı kimi bu məsələdə də etirazımızı bildirməliyik: “Xarici İşlər Nazirliyinin siyahısında bu adamların adları qeyd olunmalıdır. Onlar bilməlidirlər ki, bizim üçün arzuolunmaz şəxsdirlər. Bu fəaliyyətlərinə görə sanksiyalarla üzləşəcəklərini bilməlidirlər. Rusiya parlamentində olan dostluq qruplarımızın əli ilə hər zaman bu qüvvələrin üzərinə getməliyik ki, onlar bu addımlardan çəkinsinlər. Əsas fəaliyyət isə ölkənin içində siyasi, iqtisadi müstəvidə olmalıdır ki, sonunda Dağlıq Qarabağ Azərbaycana qayıtsın, Zatulinə məhz Bakıdan keçərək Qarabağa keçməyə icazə verək. Zatulinin bu addımına etiraz dövlət səviyyəsində olmalıdır. Parlament üzvləri buna qarşı bəyanatlar irəli sürməlidirlər. O cümlədən Xarici İşlər Nazirliyində bu addımı atan insanlara qarşı sərt addımlar seçilir, onlar qara siyahıya salınır. Görünməlidir ki, bu adamlar bizim üçün arzuolunmazdırlar. Azərbaycan qanunvericiliyinə görə bu, cinayət əməli sayılır. Bu, ölkəmizin suveren hüquqlarına müdaxilədir. Lapşin hadisəsi də belə bir presedent yaratmalıdır ki, deputatların da mandatına və toxunulmazlığına baxmayaraq, qanun qarşısında cavabdehlik daşıyırlar. Əslində bu gün Krım hadisələrində gördüyünüz kimi , Ukrayna ilə bağlı Avropa Birliyi ölkələri öz parlamentarilərinə qadağan ediblər, onlar gedəcəkləri təqdirdə hansı cəzalar gözləyir. Biz də bu modeli tətbiq edirik. Azərbaycan əlahiddə olaraq özündən qanun yazmayıb. Bu məsələ ilə bağlı beynəlxalq praktikada hökm sürən reallıqlar, hüquqi prinsiplər var”.

Xeberdar.net

XƏBƏR LENTİ