“Hörmətli Aqiyə xanım, xatırladım ki… ”

1 462 16-05-2018, 22:55 siyaset / gundem

“Hörmətli Aqiyə xanım, xatırladım ki… ”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Aqiyə Naxçıvanlı komitənin iclasında deyib ki, “Hazırda boşananların sayı artıb. Rahatlıqla boşanırlar, ailə dağılır. Çünki ictimai qınaq yoxdur. İndiki gənclər toydan iki ay öncə rəqsə gedirlər. Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər. Ailələrdə dözümlülük yoxdur. Milli-mənəvi dəyərləri qorumaq lazımdır… Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa,əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki… Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyib. İndi bəs nə baş verir? …. Zorakılığın qurbanı olan uşaqları görəndə, dəhşətə gəlirik. Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik. Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmi? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”.
Əvvəla, onu qeyd edim ki, bu yanaşma tərzi, bu çıxış heç də MM-də Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olan kəsə, bir millət vəkilinə uyğun bir çıxış deyil. Həm də Beynəlxalq ailə günündə...
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədrliyinə layiq görülmüş millət vəkili, səlahiyyətli şəxs bu cür halların aradan qaldırılması üçün problemlərin kökünü araşdırmalı, onun həlli yolunda işlər görməli, sosial layihələr həyata keçirməlidir. Müasir insan üçün ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri artırılmalıdır. Bununla bağlı fərdin ailədə davranışını nizama salmaqda ailə hüquqlarının imkanları üzərində dayanmaq lazımdır. Hüququn bu sahədə imkanlarının iki növü vardır. Birincisi, o mütləq prosedurlarla fərdin davranışını tənzimləyir (nikahın qeydə alınması, atalığın müəyyənləşdirilməsi), ikincisi, birbaşa və ya bilavasitə qanunun xüsusi qaydalarla müsbət və ya mənfi, ədalətlə və ya ədalətsiz qiymətləndirdiyi davranışın bu və ya digər modelini nəzərdə tutur. Bu hüquqi modellər, öz növbəsində dəyərlərin müəyyən sistemlərinə əsaslanır. Fərdlər dəyərlərin şəxsi sistemi ilə harmonik uyğun gələndə bu modeli qəbul edir və qavrayırlar. Bu gün biz bu hüquqlardan danışanda insanları maarifləndirə bilmiriksə, nəticələrin acınacaqlı olması qaçılmazdır. Və bütün bu kimi maarifləndirmələr də məhz dövlət tərəfindən həyata keçirilməlidir.
Bir daha qeyd edim ki, komitənin vəzifələri insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların hüquqlarının pozulmasının qarşısını almaq, qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaq, yoxsulluğun azaldılması, məşğulluq strategiyası üzrə dövlət proqramlarının həyata keçirilməsində maraqlı olmaq və s-dir. Sadalanan məsələlər bu sahədə yerinə yetirilməli olan ən vacib vəzifələrdir. Hörmətli Aqiyə xanımın nəzərinə çatdırmaq gərəkdir ki, əgər bu məsələlər cəmiyyət qınağı, el ağsaqqal və ağbirçəklərinin məsləhətləri ilə həllini tapacaqsa, onda siz kimə və nəyə lazımsınız?! Və ya müqayisə olaraq demisiniz ki, əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyib. İndi bəs nə baş verir?”. Əgər müstəqil olmadığımız zamanlarda bu cür müqayisə etdiyiniz hallar baş verirdisə, demək ki, problem yenə də dövlət tərbiyəsindədir. Bu gənclərin ən böyük dəstəkçisi, təhlükəsizliyinin, yaşamının təminatçısı dövlət olmalıdır.
Ondan başlayaq ki, cəmiyyətdə hər kəsin ailə qurmaq və valideyn olmaq kimi istəyi, haqqı, hüququ var. Dövlət bu haqları qorumağa borcludur. Əgər bu haqları təmin edə bilmirsə, bunun məsuliyyətini vətəndaşın üzərinə yükləməməlidir.
Deputat qeyd edir ki, komitəyə müraciət edən qadınlar savadsızdır. Savadsız olmaq, ailə qurmamalı anlamına gəlmir. Əgər XXI əsrdə hüquqi bir cəmiyyətdə hələ də savadsız, şiddətə, zorakılığa məruz qalan qadınlar varsa, onlara yardım etməli qurum “sən savadsızsan, dünyaya gətirdiyin övladı dövlət sənə sifariş etməyib ki, dövlətdən yardım istəyirsən” deyirsə, bu birbaşa dövlətin bu sahədəki yarıtmazlığından irəli gəlir. Hörmətli Aqiyə xanım birbaşa dövlətin təhsil siyasətinin pis olduğunu etiraf edir.
Kimsə kimsəyə sən dünyaya niyə övlad gətirirsən deyə irad bildirə bilməz. Hələ bu Ailə, qadın və uşaq məsələləri komitəsinin sədridirsə, buna nə hüququ, nə haqqı var. Hamımız canlıyıq və təbiətin bizə yaradılışdan verdiyi bir vəzifə var; nəsil artımını təmin etmək. Hə, əgər ki, ailə quran cütlük dünyaya gətirdiyi övladına baxa bilmirsə, ailə planlamasına düzgün yanaşmırsa, bu da dövlətin günahıdır.
Hörmətli Aqiyə xanım komitəyə müraciət edən qadınları savadsız, cahil adlandırır. Ailə quranda düzgün seçim etməməkdə günahlandırır onları. Nəzərinizə çatdırım ki, həmin qadınlar məhz böyüklərin məsləhəti ilə, el qınağından çəkindikləri üçün gözüyümulu ailə qururlar. Vurğuladığınız “ağsaqqal, ağbirçək məsləhəti” ilə. İnanın ki, o cahil adlandırdıqlarınızın sevgidən, məhəbbətdən bəlkə anlayışı sıfırın altndadır. Ailə qurulandan sonra isə min bir problemlər ortaya çıxır. Qeyd etdiyiniz savadsız, hüququnu, haqqını bilməyən qadın da zorakılıqla üzləşir, bir qədər savadlı və haqqını tələb edən qadın da haqsızlıqla, bəzən şiddətlə qarşılaşır ki, bu halların sonu ya ölümlə nəticələnir, ya da boşanma ilə. Hələ ictimai qınaqdan danışmıram. İctimai qınağı qaldıra bilməyənlər susur, dözür. Nədən maarifləndirmə aparıb, insanların təhlükəsizliyini qoruyaraq, onlara sahib çıxmağınız ehtiyacını duymursunuz? Axı belə hallarda savadsız, dediyiniz “ağsaqqal, ağbirçək məsləhəti ilə” evlənməyələrin münasibətlərinin ölümlə nəticələnəcəyinə, boşanma ilə nəticələnməsi daha məqsədəuyğundur. Məgər bütün hallarda yaranan problemlərin içindən xeyirlə çıxmaq dövlətin vətəndaşı üçün borcu deyilmi? Məgər biz pis övladımızı küçəyəmi atırıq?
Əgər dövlət boşanmaların sayından narahatdırsa və düşünürsə ki, bu yanlışdır, o zaman bunun qarşısını almaq üçün ortaya effektiv bir mübarizə metodu qoymalıdır. Dövlət qurumu olaraq, savadsızlığın qarşısını almaq üçün nələr edirsiniz? Savadlı olub da halal zəhməti ilə pul qazana bilməyənləri işlə təmin etmək, onlara öz ehtiyaclarını ödəmək üçün fəaliyyət göstərməsi istiqamətində hansı addımları atmısınız? Gənclərin ailə qurmaq üçün möhkəm təməl qurmasına hansı şəraiti yaradırsınız?
Hər bir vətəndaşın özünü təmin edə bilmək haqqı və hüququ var ki, bu gün dövlət vətəndaşlarına bu haqları tanımır. Minlərlə gənc işsiz, valideynindən asılı vəziyyətdə yaşayır. Əgər məsələyə o prinsiplə yanaşsaq ki, pulun yoxdu, işin yoxdu, evin yoxdu ailə qurma, o zaman ölkə ailə institutunun məhvi və demoqrafik böhranla üz-üzə qalacaq.
Bu gün ali məktəb bitirən tələbələr dövlət sifarişi üzrə ehtiyac olan sektorlarda işləmir, çünki dövlət bu sifarişi yerinə yetirmir. Ali savadlı, diplomlu şəxslər taksi sürücüsü, ticarətçi, fəhlə və s. kimi çalışır. İlk növbədə bu problemi aradan qaldırmaq lazımdır. Vətəndaşın fərdi təminatını yerinə yetirəndən sonra, ailə planlaşdırması mövzusunda onu maarifləndirməlidir. Və bu maarifləndirmə işinə orta məktəbdən başlamalıdır. Və sonda.
Hörmətli Aqiyə xanım, bir daha XATIRLATMAQ istəyirəm ki, siz Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri üzrə komitə sədri, minlərlə insan tərəfindən seçilmiş SAYILAN millət vəkilisiniz.


İlahə Sadıqova
Ümid Partiyası “Ailə, Qadın, Uşaq problemləri və Gender bərabərliyi” şöbəsinin müdiri, “Kulturologiya və onun ümumi məsələləri” ixtisası üzrə dissertant, ailə-nikah məsələləri üzrə ekspert

XƏBƏR LENTİ