“İşinin öhdəsindən gələ bilməyən din xadimlərinin pulu kəsiləcək”- Mübariz Qurbanlı

880 24-05-2018, 17:47 cemiyyet

“İşinin öhdəsindən gələ bilməyən din xadimlərinin pulu kəsiləcək”- Mübariz Qurbanlı
“Maddi dəstək alan din xadimləri öz işlərinin öhdəsindən gələ bilməsələr, təbii ki, təqdimat veriləcək və bunun əsasında onlara verilən maddi dəstək dayandırıla bilər”.

Xeberdar/net m'lumat verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

ADR-in 100 illiyi münasibətilə keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandıran Mübariz Qurbanlı bildirib ki, məscidlərdə çalışanların əməyi qiymətləndirilməlidir.

“Məscidlərdə çalışanlar mənəvi sahə ilə məşğuldurlar, onlar bura gələn insanlara İslam dinin dəyərləri barədə məlumat verir, təbliğat aparır. Bu şəxslər məscidlərdə çalışaraq əmək sərf edirlər, onların bu fəaliyyəti bu və ya digər formada maddi cəhətdən də müdafiə olunmaldır. Əks təqdirdə onların maddi cəhətdən təmin olunmaması şəxsi həyatları üçün çətinliklər yarada bilər”, o deyib.

Mübariz Qurbanlı vurğulayıb ki, maddi yardım Mənəvi Dəyərlər Fondundan ayrılır və bu Fond təkcə dövlət büdcəsindən formalaşmır, ianələrdən, qrantlardan, xeyriyyə tədbirlərindən də maliyyə əldə edəcək: “Fondun nizamnaməsinə görə, bu vəsaitdən din xadimlərinə maddi dəstək verə bilər”.

Mübariz Qurbanlı deyir ki, maddi dəstək differensial şəkildə müəyyən edilib: “Mütəvəlliyə verilən maddi dəstəklə naibə verilən vəsaitlə, naibə verilən maddi dəstəklə imama verilən vəsait arasında fərq var. 1000 nəfərdən yuxarı din xadimi bu maddi dəstəyi almağa başlayıb. Maddi yardım müddətlədir, hələlik 10 aylıq müəyyənləşib”-deyə Komitə sədri bildirib. O, əlavə edib ki, növbəti ildə maddi yardım alan din xadimlərinin sayı azala da, arta da bilər. Bu, Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edəcəyi siyahıdan asılıdır.

Mübariz Qurbanlının sözlərinə görə, digər rəsmi qeydiyyatdan keçən qeyri-müsəlman dini təşkilatlar isə hələ ki, dövlət tərəfindən birbaşa maddi yardım alır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fonduna dövlət büdcəsindən bu il 6,1 milyon manat civarında vəsait ayrılıb.

“İşinin öhdəsindən gələ bilməyən din xadimlərinin pulu kəsiləcək”- Mübariz Qurbanlı
Mənəvi Dəyərlərin Təbliği Fondunun qərarına görə, martın 1-dən imamlar 400 manatdan, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arası maddi dəstək alır. Bu məbləğ Azərbaycanda orta əməkhaqqı əsasında müəyyənləşdirilib.

ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı Azərbaycanı tənqid edən hesabatı ilə bağlı BBC Azərbaycancanın sualının cavabında deyib ki, “hesabatdakıların heç biri həqiqətə uyğun deyil”.

ABŞ Dövlət Departamenti bir müddət öncə yaydığı hesabatda bildirib ki, Azərbaycan hökuməti dini fəalların saxlanmasını və həbslərini davam etdirir, məscidləri bağlayır, qeydiyyatsız icmaların ibadətləri dayandırılır.

Mübariz Qurbanlı isə bu tənqidi qəbul etmir, deyir ki, Azərbaycanda dini etiqad azadlığı dünyada ən qabaqcıl ölkələrdən belə yüksək səviyyədədir: “Həmin sənəddə çoxlu yanlışlığa yol verilib, 2-3 il əvvəlki faktı builki fakt kimi yazıblar. Azərbaycanda dini fəaliyyətə heç bir təqib yoxdur”.

Onun sözlərinə görə, Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilən və məhkəmə qərarı ilə təqsirli bilinən şəxs Cinayət Məcəlləsində bu və ya digər maddəsini pozduğuna görə cəzalandırılır və bunu başqa səbəblərə bağlamaq doğru deyil: “Əgər kimsə din xadimidirsə, başqa bir əməl törətdiyinə görə həbs olunubsa, bunu dini etiqad azadlığına bağlamaq düzgün deyil”, o bildirib.

XƏBƏR LENTİ