“Yeni Gəncə Tibb Mərkəzi"ndə nə baş verir? –Həkimlərdən şikayət və şok edəcək faktlar

1 493 15-08-2018, 15:46 siyaset / bolge / gundem

“Yeni Gəncə Tibb Mərkəzi"ndə nə baş verir? –Həkimlərdən şikayət və şok edəcək faktlar

Esmira Orucova: "Yeni Gəncə Tibb Mərkəzi"ndə uşaqlığın artımları ilə birlikdə ekstripasiyası əməliyyatı keçirdim. Əməliyyatdan sonra məndə sidiyin uşaqlıq yolu ilə axması baş verdi.

Tibb və təhsil iki elə sahədir ki, burda yol verilən xətalar bir başa xalqın taleyi ilə oynayır. Biri bu günü, biri isə gələcəyi ilə. Xalqın bu günki taleyi ilə oynayan səhiyyədəki problemlə bağlı hər gün dövrü mətbuatda tənqidi yazılar yazılsa da, baş verən qanun pozuntuları, problemləp işıqlandırılsa da, problemin həlli istiqamətində heç bir addım atılmır.Əksinə vəziyyət hər gün bir az da ağırlaşır. Vəziyyət o qədər dramatikdir ki, xəstəxana, həkim adları gələndə hər kəsin dalağı sancır, insanlar mümkün qədər gec həkimə getməyə çalışırlar. Çünki onları xəstəxanaları qəssabxanalara çevirmiş çoxlu rüşvətxor və savadsız, səhlənkar, xəstəsinə müştəri kimi baxan, onu soğan qabığı kimi soymağa hazır həkimlər gözləyir.
Gəncədən vətəndaş Orucova Esmira Müşgül qızı xeberdar.net-n elektron poçtuna şikayət məktubu göndərib.Məktubda Yeni Gəncə Tibb Mərkəzində qarşılaşdığı problemlərdən,həkim savadsızlığından, və özünün, digərlərinin yalnış müalicəsindən və bu müalicənin faciələrə səbəb açmasından bəhs edir. Məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Mən 15.12.2017-ci ildə "Yeni Gəncə Tibb Mərkəzi"ndə uşaqlığın artımları ilə birlikdə ekstripasiyası əməliyyatı keçirdim. Əməliyyatı İbrahimov Qafar Niyazi oğlu apardı. Əməliyyatdan sonra məndə sidiyin uşaqlıq yolu ilə axması baş verdi. Mən sarğıya gederkən Qafar həkimə dedikdə, o Abbas Səhhət adına şəhər xəstəxanasında uroloq həkimə müraciət etməyi məsləhət gördü. Uroloq həkim Qafar həkimin ona zəng etdiyini dedi və qadın həkimi ilə birlikdə müayinə apardı. Sonra kateter qoydular. Təxminən 10 gün sonra mən Uroloq həkimlə yenidən görüşdüm. Kateteri çıxartdıqdan sonra yenidən sidiyin uşaqlıq yolu ilə axması baş verdi. Zabit həkim bunun ancaq əməliyyat yolu ilə aradan qalxa biləcəyini söylədi. Mən Yeni Gəncə Tibb Mərkəzinin müdiri Ülkər Kərimovaya şifahi olaraq şikayət etdim. O, Qafar həkimi çağırdı və izahat tələb etdi. Qafar həkim isə bunun cərrahi əməliyyatla heç bir əlaqəsi olmadığını bildirdi. Belə bir hadisənin insan orqanizmində öz-özünə necə baş verməsini izah etmədi. Mən əməliyyatdan sonra bu günə qədər uşaq bezində gəzirəm. Hadisə ilə bağlı psixoloji travma aldım və bir neçə ay ambulator müalicə aldım.
“Yeni Gəncə Tibb Mərkəzi"ndə nə baş verir? –Həkimlərdən şikayət və şok edəcək faktlar
01.09.2017-ci ildə gəlinim Məmmədova İahə Qabil qızı İbrahimov Qafar həkim tərfindən kor bağırsaq əməliyyatı keçirmişdir. Əməliyyat qurtardıqdan sonra həkim sağ yumurtalıqda kistanıda götürdüyünü söylədi və əməliyyatın müvəffəqiyyətlə keçdiyini söylədi. Bizdə inandıq. 19.02.2018 ci ildə ultrasəs müayinəsi aparılanda gəlinimdə sağ yumurtalığın olmadığı aşkarlandı. Biz şok keçirdik. Qafar həkim isə yumurtalığa dəymədiyini və sadəcə kistanı götürdüyünü söylədi. Verilən epikrizdə bunların heç biri qeyd olunmayıb.Qəribədir hər ikimizə verilən epikirizdə xəstələrin sağlam olması yazılır və fəsadlar haqqında heç bir qeydiyyat yoxdur.
Məm Qafar həkimin apardığı əməliyyatların törətdiyi fəsadlar barədə Səhiyyə Naziri Oqtay Şirəliyevə də şikayət ərizəsi ilə müraciət etdim. Şikayət ərizəsinə baxılması üçün tibb mərkəzinin müdirinə tapşırıq verildi. Mən Ülkər Kərimovanın zəngindən sonra onunla görüşdüm Ülkər xanım mənim fikrimi soruşdu. Məndə ikinci əməliyyatın aparılması xərclərini və səriştəli cərrahın seçilməsinin onların edəcəklərini söylədim. Eyni zamanda üzr istəməyi çox görən Qafar həkim cəzalansın. Ülkər xanım tibbi şuranın üzvləri Elman həkim və Sahil həkimlə birlikdə belə qərara gəldilərki bu məsələ tibbi şurada müzakirə olunsun və iki gündən sonra mənə məlumat verilsin. İki gündən sonra mən Ülkər xanımla yenidən görüşdüm. O, mənə bildirdiki, Bakı Şəhəri Batamdar qəsəbəsində yerləşən Caspian İnternational Hospital xəstəxanası ilə əməkdaşlıq edirlər və orada işləyən İlham həkimlə əlaqə saxlayacağını söylədi. Həkimlərin məsləhəti ilə iyun ayında yəni daxili yaralar sağaldıqdan sonra getməyi qərara aldım. Ülkər xanıma əməliyyata getməzdən əvvəl onunla yenidən görüşəcəyimi və məsləhət gördükləri cərrahı öyrənəcəyimi söylədim.
Mən iyul ayının əvvəllərində yenidən Tibb Mərkəzinə getdim. Ülkər xanım əməliyyat xərclərini Qafar həkimin qarşılayacağını söylədi. Mən və yoldaşım Sahil həkimlə birlikdə Qafar həkimlə görüşdük. Lakin o, yenidən hər şeyi inkar etdi. Mən tibbi savadı olmayan hər bir insanın başa düşdüyü cərrah səriştəsizliyini Tibb Mərkəzində sübut edə bilmirəm. Olunan şikayətləri heçə saymayan Qafar həkim görünür bu sahədə çox təcrübəlidir, ya da kiminsə arxasında gizlənir.
Mən çox xahiş edirəm ki, mənim vətəndaşlıq hüquqlarım bərpa olunsun və belə səriştəsiz həkimlər cəzalandırılsın. Mən həyatım boyu uşaq bezində gəzə bilmərəm. Mən sadə bir müəlliməyəm. Nəyə görə hər hansı bir savadsız cərrahın etdiyi səhvin mənəvi və psixoloji zərəri ilə yanaşı maddi ziyanıda çəkməliyəm. Belə həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, başqalarınada dərs olsun.
Ümid edirəm ki, ədalət bərpa olunacaq və mən əvvəlki fiziki sağlamlığıma qovuşacam.”

Xeberdar.net olaraq qarşı tərəfin mövqeyini telefon vasitəsilə öyrənməyə çalışsaq da, cəhdimiz baş tutmadı. Telefonumuzu cavablayan Yeni Gəncə Tibb Mərkəzinin xanım əməkdaşı rəhbərliyin məsələyə münasibət bildirəcəyini desə də, saatlar keçməsinə baxmayaraq açıqlama verilmədi.Bu səbəbdən məktubu dərc edir, yazıda adı çəkilən şəxslərin və qurumun mövqeyini dərc etməyə hazır olduğumuzu bir daha vurğulayırıq.
Ümid edirik ki,aidiyyatı qurumlar məsələnin həlli istiqamətində addımlar atacaq,vətəndaşın pozulmuş hüquqları bərpa olunacaq və sağlamlığına qovuşacaq.


Xeberdar.net

XƏBƏR LENTİ