GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV

1 223 21-11-2018, 13:35 kose / gundem

GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROVAzərbaycanda fəlsəfi fikir, xüsusən marksist-leninçi fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisində Əməkdar Elm Xadimi, Fəlsəfə elmləri doktoru, professor Midhət Mir Musa oğlu Ağamirovun xidmətlərini unutmaq, bizcə, insafsızlıq olardı. Çünki o, təkcə Azərbaycanda deyil, Sovet İttifaqının bir çox elm mərkəzlərində tanınmış filosof idi.

Midhət Mir Musa oğlu Ağamirov 15 may 1920-ci ildə Şuşada ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra 1940-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur.

Midhət müəllim öz dövrünə görə elmin bir çox sahələrində məşhur olan Mir Möhsün Nəvvabın oğul nəvəsidir. Mir Möhsün Nəvvab isə alim, şair, yazıçı, tarixçi, müsiqişünas, nəqqaş-xəttat, mahir rəssam, astroloq-münəccim kimi tarixə düşmüşdür.

Azərbaycan türklərinə qarşı ermənilərin tarix boyu tərətdikləri cinayətlərin, vəhşiliklərin canlı şahidi olmuş, “Erməni məsələsi” adlı kitabında bütün bunları olduğu kimi əks etdirmişdir. Başqa millətlərdən fərqli olaraq, Mir Möhsün Nəvvab heç bir mənbə, məlumat və deyilənlərdən istifadə etməmişdir. Yalnız şahidi olduğu hadisələri, gördüyü faciələri, erməni vandalizminin dəhşətlərini, insanlığa sığmayan hərəkətlərini qələmə almışdır.

Midhət Ağamirov 15 yanvar 1939-cu ildən 12 oktyabr 1940-cı ilə kimi “Gənc işçi” qəzetində çalışmış, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi aparatında əməkdaşlıq etmiş, “Gənc bolşevik” jurnalında məsul katib kimi fəaliyyət göstərmiş, “Pionerskaya pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur.

Bir sentyabr 1940–cı ildən bir iyul 1941-ci ilə kimi V.İ Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. 8 oktyabr 1941-ci ildən 15 iyul 1942-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Partiya Tarixi İnstitutunda–Sov.İKP MK yanında Marksizm-leninizm Universitetinin Azərbaycan filialında elmi əməkdaş kimi işləmişdir.

16 iyul 1942-ci ildən 28 iyul 1957-ci ilə kimi həmin institutda böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir. Həmçinin, bu illərdə ali məktəblərdə də dərs demişdir. 1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki BDU) “M.Ə.Sabirin ictimai-siyasi baxışları” mövzusunds namizədlik dissertasiyasını müdafiə etmişdir. 27 iyul 1957-ci ildən 18 aprel 1977-ci ilə kimi Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda “Marksizm-leninizm fəlsəfəsinin tarixi” şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1972-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Bundan başqa, 1945-1947-ci illərdə Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda elmi əməkdaş, 1948-1949-cu illərdə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda marksizm-leninizm fəlsəfəsi kafedrasının assistenti, 1949-1951-ci illərdə həmin institutda marksizm-leninizm fəlsəfəsi kafedrasında baş müəllim, 1952-ci ildən 1982-ci ilə kimi həmin institutda fəlsəfə kafedrasının dosenti, 1983-1985-ci illərdə S.M. Kirov adına ADU-da tarixi materializm kafedrasında mühazirə kursları aparmış, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda fəlsəfə kafedrasının professoru kimi də fəaliyyət göstərmişdir.

Midhət Ağamirov XX əsrin əvvəllərində Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikrin, marksist-leninçi fəlsəfənin aparıcı tədqiqatçılarından biri olmuşdur. İnstitutda işlədiyi müddətdə on monoqrafiya çap etdirmişdir: “Mirzə Ələkbər Sabirin dünyagörüşü” (1962), “Azərbaycan ictimai fikrində milli məsələ”( 1963), “Azərbaycanda marksist-leninçi ideologiya uğrunda mübarizə tarixindən” (1965), “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən” (1971), “İrtica illərində Azərbaycanda marksist-leninçi fikir” (1980), “Abdulla Şaiqin dünyagörüşü” (1983), “Məhəmməd Hadinin fəlsəfəsi” (1987), “Azərbaycanda marksist-leninçi təlimin yayılması”(1988), “Azərbaycan romantiklərinin dünyagörüşü” (1989), “Azərbaycanda qeyri-marksist ideya cərəyanlarının tənqidi” (1989) və s.

Bu illərdə Midhət Ağamirovun Azərbaycanda marksist-leninçi təlimin yayılması tarixinə, elmi kommunizmin problemləri və marksist-leninçi fəlsəfənin tarixinə dair 100-dən çox elmi məqaləsi çap edilmişdir. M.Ağamirov “Azərbaycanda fəlsəfə və ictimai-siyasi fikir tarixi” çoxcildliyinin baş redaktorunun müavini, 4-cü cildin məsul katibi olmuşdur.

M.Ağamirov əsərlərində külli miqdarda arxiv materiallarını, müxtəlif dillərdə olan çoxlu sayda bolşevik mətbuatını, müxtəlif burjua və digər cərəyanları öyrənib ümumiləşdirmək əsasında Azərbaycanda müxtəlif dövrlərdə marksist-leninçi təlimin yayılması tarixini, əsrin əvvəllərində idealist və materialist fəlsəfə arasında gedən gərgin mübarizəni açıqlamışdır. Habelə, fəlsəfi materializmin, tarixi materialistcəsinə anlamanın, sinif, sinfi mübarizə, dövlət, inqilab, millət və milli münasibətlər kimi problemlər ətrafında gedən mübarizənin təbliği və müdafiəsində V.İ. Leninin “Materializm və empiriokritisizm” əsərinin böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.

Midhət müəllimin Azərbaycanda marksist-leninçi fəlsəfənin tarixinə aid əsərləri mərkəzi elmi-nəzəri və respublikanın partiya mətbuatında çox yüksək qiymətləndirilmişdir.

Alimin 1971-ci ildə rus dilində nəşr olunmuş “Azərbaycanda marksist-leninçi təlim uğrunda mabarizə tarixindən” adlı kitabı haqqında “Fəlsəfə məsələləri” jurnalının 12-ci sayında müsbət rəy dərc olunmuşdu. 1972-ci ildə isə “ Moskva Universitetinin Xəbərləri”ndə(№ 12) də belə bir rəy çap edilmişdi:” Midhət Ağamirovun “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən “(1906-1907) adlı kitabı çox ciddi və orijinal elmi-tədqiqat əsəridir. Marksist-leninçi fəlsəfə elminin öyrənilməsinə vacib və qiymətli hədiyyədir”.

1980-ci ildə rus dilində nəşr olunmuş “İrtica illərində Azərbaycanda marksist-leninçi fəlsəfi fikir” adlı monoqrafiyası haqqında “Moskva Universitetinin Xəbərləri”ndə (1980, № 3) dərc edilmiş rəydə deyilirdi: “ Midhət Ağamirovun “İrtica illərində Azərbaycanda marksist-leninçi fikir” monoqrafiyası bütövlükdə özünün elmi ləyaqətinə, dərinliyinə, aydın ifadəsinə, irəli sürülən məsələlərin məntiqi dəlillərə əsaslanmasına, partiya yönümünə, üzə çıxarılmış faktlara elmi yanaşmasına görə, sözsüz, bizim son illərdə fəlsəfi fikir sahəsində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir. Marksist-leninçi fəlsəfə tarixinə qiymətli bir hədiyyə olduğu üçün onu cəsarətlə Sovet filosoflarının ən yaxşı tədqiqatları ilə bir sırada qoymaq olar”.

Midhət Ağamirovun məqalələrinin əsas hissəsi marksizm-leninizm klassikıərinin aşağıdakı görkəmli əsərlərinə həsr edilmişdir: K.Marks və F.Engelsin “Kommunist partiyasının manifesti”, K.Marks və F. Engelsin 3 cildlik seçilmiş əsərlərinin 1-ci cildi, F.Engelsin “Anti-Dürinq”, V.İ. Leninin “Materializm və empiriokritisizm”, “Fəlsəfə dəftərləri”, “Mübariz materializmin mahiyyəti haqqında” və s.

Professorun məqalələri, yazıları əsasən marksizm-leninizm klassiklərinin əsərlərinə həsr olunduğu üçün, şübhəsiz, elmi maraq doğurur. Bu əsərlər ilk dəfə olaraq M.Ağamirov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Bir sıra məqalələri isə elmi kommunizm problemlərinə həsr edilmişşdir.

Müəllifin “Mirzə Ələkbər Sabirin dünyagörüşü”, “Abdulla Şaiqin dünyagörüşü”, “Məhəmməd Hadinin fəlsəfəsi” adlı monoqrafiyaları və XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi fikir tarixinə aid orijinal elmi tədqiqatları, habelə, tarixi-fəlsəfi mövzulara aid məqalələri xüsusilə çox dəyərlidir.

M.Ağamirov Azərbaycan SSR EA tərəfindən hazırlanan və 35 çap vərəqi həcmində olan ilk fundamental “İctimi-siyasi terminlər lüğəti”nin baş redaktoru olmuşdur. Bu lüğət fəlsəfəni, siyasi iqtisadı, elmi kommunizm nəzəriyyəsini, qismən də olsa, etikanı, estetikanı, elmi ateizm və hüququ əhatə edir.

Marksizm-leninizm klassiklərinə aid əsərlərin Azərbaycan dilinə tərcümə edilməsində M.Ağamirovun əməyi olduqca böyükdür. O, V.İ Leninin 55 cildlik əsərlərinin hamısının tərcüməsində iştirak etmişdir. 1970-ci ildə M.Ağamirova “V.İ. Leninin əsərlərinin 4-cü nəşrinin Azərbaycan dilinə tərcüməsi sahəsindəki yüksək fəaliyyətinə görə” Respublikanın Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilmişdir. 1982-ci ildə ona “Elmin inkişafında və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə” “Azərbaycan SSR-nin Əməkdar Elm Xadimi” kimi fəxri ad verilmişdir.
1985-ci ildə M.Ağamirova V.İ. Leninin 55 cildlik külliyyatının Azərbaycan dilinə tərcüməsində iştirakına görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən “Fəxri fərman”la təltif edilmişdir.

Midhət Ağamirov beynəlxalq elmi konqreslərdə respublikanı təmsil etmiş, dəfələrlə ümumittifaq elmi forumlarda nəzəri məruzələrlə çıxış etmişdir. O, eyni zamanda, böyük ictimai iş aparmaqla da məşğul olmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin redaksiya komissiyası sədrinin müavini, Azərbaycan Sovet Ensiklopediyasının fəlsəfə üzrə elmi məsləhətçisi, Azərbaycan SSR EA Terminologiya Komitəsinin üzvü, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutu Elmi Şurasının üzvü, Sov.İKP MK yanında Marksizm-leninizm Universitetinin Azərbaycan KP MK-nın nəzdindəki filialı olan Partiya Tarixi İnstitutu Elmi Şurasının üzvü, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutnun nəzdindəki doktorluq dərəcəsi verən İxtisaslaşdırılmış Şuranın üzvü olmuşdur.
GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV
1944-cü ilin may ayında “Qafqazın müdafiəsinə görə, 1945-ci ildə “Böyük Vətən müharibəsi illərində fədakar əməyinə görə”, 1946-cı ildə ”Əmək fədakarlığına görə”, 1985-ci ildə “Böyük Vətən müharibəsində (1941-1945) qələbənin 40 illiyinə görə” medalları ilə təltif edilmişdir.
Midhət Ağamirov hələ orta məktəbdə oxuyarkən özünün çevikliyi, maraq dairəsinin genişliyi, elmə böyük həvəs göstərməsi, möhkəm yaddaşa malik olması və hazırcavablığı ilə seçilirmiş. Hər hansı bir mətni bircə dəfə oxumaqla yaddaşında möhkəm saxlarmnış. Orta məktəbi əla qiymətlərlə bitirərək, o zamankı V.İ. Lenin adına Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olmuş (1940) , birinci kursun sonunda (1941) qalan kurslara davam etmədən 4 illik kursun materialları əsasında Dövlət imtahanı verib, tam kursu bitirmək haqqında fərqlənmə diplomu almışdır.
İnstitutu bitirdikdən sonra (1942) Azərbaycan KP MK nəzdindəki Partiya Tarixi İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. Çox ciddi və tələbkar olan M.Ağamirovun fəlsəfə, xüsusən marksizm-leninizm fəlsəfəsi sahəsində əldə etdiyi uğurlar onu təkcə respublikada deyikl, onun hüdudlarından çox-çox kənarlarda da tanıtmışdı.

1980-ci ildə Azərbaycan SSR EA-nın həqiqi və müxbir üzvlərin seçilməsi münasibətilə komissiya yaradılır. M.Ağamirovu müxbir üzvlüyə layiqli namizəd kimi irəli sürən və müdafiə edən çoxlu məktub Azərbaycan SSR EA-nın seçki komissiyasına daxil olmuşşdur. Seçki komissiyasına ünvanlanmış bu sənədlər M.Ağamirovun bilikli, bacarıqlı və çox məhsuldar bir alim olduğuna dəlalət edir.

Midhət Ağamirov qayğıkeş insan, qərəzsiz və vicdanlı alim, ciddi və prinsipial, özünün və sözünün yerini bilən, təvazökar, yeri gələndə kiməsə, nəyəsə yarayan, alicənab bir şəxsiyyət idi. Tatarıstandan, Başqırdıstandan, Qırğızıstandan və s. respublikalardan olan və marksizm-leninizm fəlsəfəsi tarixinə aid doktorluq dissertasiyası yazan filosof-alimlər Azərbaycan SSR EA-na gələndə mütləq, Ağamirovla görüşür, ondan məsləhətlər alır, onun təklif, qeyd və mülahizələrini məmnuniyyətlə dinləyir və səmimiyyətinə inanırdılar.

Fəlsəfə elmləri doktoru, professor Nurqələm Mikayılovun Midhət Ağamirov haqqında dediklərindən :”Midhət müəllim yaxşı yoldaş, səmimi dost idi. Dostluqda möhkəm və sədaqətli idi. Bəzən dostlar arasında da söz-söhbət olur. Vaxtilə Midhət müəllimlə aramızda narazılıq yaranmışdı. Düzdür, alimik, ancaq biz də insanıq. Belə hallar ancaq insanlara məxsusdur. Bir müddət bir-birimizdən incik düşdük. Amma Midhət müəllim öz “böyüklüyünü” göstərdi. Qabağa düşdü, heç bir şey olmamış kimi, salam verib əlini uzatdı. O vaxtdan bütün incikliklərimiz aradan qalxdı.
Midhət müəllimin ürəyi təmiz idi, kin-küdurət saxlamazdı. Zarafatı, xüsusən şit zarafatı sevməzdi, çox sadə insan idi. Elmi müzakirə və mübahisədə prinsipiallıq göstərərdi. Onda geri çəkilmək yox idi. Dediklərini, mütləq, sübuta yetirməyə çalışardı. Amma tələbələrə qarşı mərhəmətli idi. Azərbaycanda marksizm-leninizm fəlsəfəsi tarixinin tədqiqi, təbliği və tədrisində böyük əmək sərf etmişdir. Bunu etiraf etmək lazımdır.

Marksizm-leninizm klassiklərinin və fəlsəfəyə dair bir sıra dərsliklərin Azərbaycan dilinə tərcümə edilməsində Midhət Ağamirovun xidmətləri əvəzsizdir. O, gözəl insan idi, əsil şəxsiyyət idi. Midhət Müəllimin əziz xatirəsi həmişə dostlarının qəlbində yaşayacaqdır. Onun haqqında çox danışmaq olar, ancaq...?

Midhət Ağamirov öz yaradıcılığında əsasən Azərbaycanda marksist-leninçi təlimin, marksizm-leninizm fəlsəfəsinin tədqiqi, təbliği və müdafiəsinə geniş yer vermişdir. Ömrünün, demək olar ki, çox hissəsini bu sahəyə həsr etmişdir. Bütün yaradıcılıq boyu marksizm-leninizm təliminə istinad etmiş, hadisələrə bu mövqedən yanaşmış və onları dəyərləndirmişdir.

Müstəqil Ağayev

AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,
Qabaqcıl Maarif Xadimi

XƏBƏR LENTİ