Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN

951 9-12-2018, 00:34 kose / siyaset

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYNIII YAZI

Böyük islahatçı Mirzə Tağı xan Qacarlarda baş nazir vəzifəsindən uzaqlaşdırıldıqan sonra onun yerini tutan sədr-əzəm Mirzə Ağa xan Nuri tanınmış din xadimləri Molla Mirzə Məhəmməd Eldermani və Hacı Molla Əli Keniyə göstəriş verir ki, Qürrətü-Eynlə görüşərək dini inancını yoxlasınlar və onun haqqında son höküm çıxarsınlar. Tahirə ilə onlar arasında ən azı səkkiz görüş keçirilir ki, sonunda mollalar ölüm fətvası qərarı çıxarırlar: “Tahirə Qürrətül-Eyn elmdə ondan xeyli aşağıda dayanan, dini öz məqsədləri üçün alət edən mollalara deyir: “Sizin gətirdiyiniz dəlillər cahil və nadan bir uşağın dəlilləridir. Siz bu sərsəmlikləri, bu yalanalrı nə vaxt saxlayacaqsınız? Siz gözlərinizi nə vaxt qaldırıb həqiqət Günəşinə baxacaqsınız?””.

Bu o demək idi ki, Tahirə heç bir anlamda mollalarla və onların təmsil olunduğu radikal sxolastik dünyagörüşlə razılaşmır, üstəlik bu cür sxolastik təfəkkürü kökündən qamçılayırdı. Ona görə də, mollalar yenilkçi ruhlu və rasional baxışlı Qürrətül-Eynlə bacara bilməyəcəklərini anlayıb onun haqqında ölüm fətvası verməkdən başqa çıxış yolu görmədilər. “Nəhayət, 1852-ci il 15 sentyabr çərşənbə günü gəlir. O, üzünü cəlladlarına tutaraq deyir: “Siz məni istədiyiniz qədər tez öldürə bilərsiniz, amma qadınların azadlığını saxlaya bilməyəcəksiniz”. Onu Britaniya nümayəndə¬liyinin və Türkiyə səfirliyinin qarşısında, kifayət qədər böyük heyəti olan Elxani adlanan bağda işgəncələrlə edam edirlər. Cəlladlarına onun son sözləri belə olmuşdu: “Siz məni nə qədər tez istəsəniz, öldürə bilərsiniz, amma qadınların azadlığını saxlaya bilməzsiniz”.

Onun aşağıda verdiyimiz şeirində də görürük ki, o, tutduğu yolun doğruluğuna inanmış və bu yolda həlak olmuşdur:

Eşqinin uğrunda sənin, bəlaya qatlaşan mənəm,
Özgəçilik eyləməgil, qəminlə aşina mənəm.
Örtmüsən də surətini, pərişan görünür saçın,
Xalqdan olmusan uzaq, hər kəs ilə cüda mənəm.
Əsəl də sən, şəkər də sən, budaq da sən, səmər də sən,
Günəş də sən, qəmər də sən, zərrrə mənəm, həba mənəm.
Nəxl də sən, üzüm də sən, püstə dodaq nigar mənəm,
Etibarlı əfəndi sən, bəndeyi-bivəfa mənəm.
Kəbə də sən, sənəm də sən, deyr də sən, hərəm də sən,
Sehirli dilrüba da sən, aşiqi-binəva mənəm.
Yaxşıca dilbərim dedi, durmagil orda, gəl bəri,
Uzaq durur kibrdən o, məzhəri-kibriya mənəm.
Tahirə sərməst olub, vüsal ümidilə dolub,
Lütfünü bəklərəm fəqət, mötərifi-xəta mənəm.
Qürrətül-Eyn başqa bir şeirində isə yazırdı:
Ey yatmış olan, sevgili gəldi oyan,
Silkələ özünü, tezcə oyan.
İndi o, sevgiyə lütf etməyə gəldi,
Ey sevgilinin aşiqi-zarı oyan.
Gəldi baş ucuna təbibi canın,
Ey könülü yorğun düşmüş, oyan.
Ey sevgilinin sərxoşu olan,
Qəm aparan şərab gəldi, oyan.
Ey ayrılığa düşmüş olan,
Budur yara qovuşma dövrü, oyan.
Ey xəzandan solmuş olan,
İndi bahar zamanı oldu, oyan.
Yepyeni il, yepyeni yaşamdır artıq,
Param-parça olmuş ey ölü, oyan.

Eduard Braun iddia edir ki, aşağıdakı şeirin də Qürrətül-Eynə aid olması ilə bağlı ortaq fikir vardır:

İştiyaqi-eşq əsirləri ağrı və bəla qandallarında,
Sənin bu sınıq ürəkli aşiqlərin sənin intizarından həyatlarını fəda edərlər.
Günhasız olsam da mən, Məhbubum əlində qılınc öldürməyə hazır durub.
Əgər bu ona xoşsa, bu zalımın nazına, mən bu zülmdən çox razıyam.
Sübh zamanı yatmışkən, o qəddar Dilbər yanıma gəldi,
Onun qədd-qamət və çöhrəsində mən sanki səhərin açılmasını gördüm.
O rayihəli zülfün tökülməsindən Çin ənbəru ətir alardı.
Onun gözləri Tərtəri kafirlərinin əbəs hücum etdiyi dini məhv edir.
Eşqi və şərabı zahidin hücrəsinə, möminin türbəsinə dəyişən səninlə mən nə edim?
Zira bizim dinimiz ilahidən, sən ucuz bir şey kimi tutarkən?
Sənin sevimli saçının burulmuş burulmuş zülfü, sənin yəhərin və atın, sənin yeganə qayğın,
Sənin ürəyində Mütləqin bir payı , nə də yoxsul barədə bir fikir yox.
İsgəndərin cah-cəlalı və şöhrəti sənin olsun, qələndərin vərdiş və təriqəti mənim,
Əgər bu sənə xoşdursa, mən imtina edirəm, bu pis olsa da, mənə yetər.
“Mən” və “biz”ölkəsini unut; Fənayi-fellahda ev qur,
Bu addımı atmaqdan qorxmadığın üçün, sən ən uca səadətə yetərsən.
Qürrətül-Eynə aid olunan başqa bir şeirdə də, babilik ehkamları təbliğ olunur:
Üzünün təcəllisi parladı, alınının şüaları ucaldı;
Mən sizin Rəbbiniz deyiləmmi, “Bəli” deyə cavab verək.
Sədaqət zərbəsi vuran təbilin “Bəli”sini qarşılayan,
Sənin təbilindən gələn “Deyiləmmi”nin çağırışıdır.
Ürəyimin qapısına fəlakət ordularının ayaq və çadırları görünür.
O gözəl ayın mənə sevgisi, düşünürəm, yetər, zira o bəla yağışına güldü.
Aşağı düşdükcə o həyəcanla nida etdi, “Kərbəla şəhidiyəm mən”.
O mənim fəryadımı eşidəndə və mənim üçün hazırlıq görəndə,
Qəbrim üstündə ağlamağa gəldi, acı-acı ağladı da.
Əgər sən heyrət atəşi ilə ürəyimin Sinasına od vursan, bundan nə ziyan?
O ürək ki, ancaq o qədər qəddarlıqla sındırmaq üçün əvvəlcə yüz cür bərkitdin
Bütün gecəni göydəki mələkləri öz eşq məclisinə qonaq çağırmaq üçün
Bu təsvirəgəlməz çağırışı səsləndir: “Eşq olsun, bəla dəymiş icmaya!”
Sənin kimi heyrət balığının bir puçluğu, Varlığın Dənizini vəsf etməyə can atarmı?
“Yox” əjdahasının qışqırtısına qulaq asaraq Tahirə kimi sakit otur.

Filosof-şair Məhəmməd İqbal “Cavidnamə” əsərində Qürrətül-Eyni çox yüksək səviyyədə tərənnüm etmişdir. Onu Həllac Mənsurla eyniləşdirən İqbal Tahirəyə aid olan bir şeiri poemasında iqtibas kimi vermişdir:

Əgər biz səninlə üz-üzə dursaq, baxışım sənə tuş olsa
Sənə görə olan kədərimi sənə nöqtə-nöqtə söyləyəcəyəm
Ki sənin çöhrəni görüm, bir yüngüm meh kimi gəzim,
Ev-ev, qapı-qapı, cığır-cığır, küçə-küçə
Sənin hicranından gözlərimdən qanlı yaş axır
Çay-çay, dəniz-dəniz, çeşmə-çeşmə, axın-axın.
Mənim kədərli ürəyim sənin eşqini ruhuma toxuyur
Sap-sap, ilmə-ilmə, kələf-kələf, hana-hana.
Tahirə öz ürəyinə qayıtdı, səndən başqa birini görmədi,
Səhifə-səhifə, qat-qat, pərdə-pərdə, niqab-niqab.
Nigaran aşiqlərin şövqü və ehtirası ruhuma yeni həyəcan saldı
Köhnə müşküllər başənə qaldırdı
Ağlıma, ruhuma hücum saldırdı
Fikir dənizim bütünlüklə təlatümə gəldi
Sahillər fırtınadan viran-viran oldu.
Tahirəyə aid olunan həmin şeirin digər variantı isə belədir:
Əgər səni üzbəüz görsəm, sənə ağrılarımı birərbir danışaram
Sənin üzünü görmək üçün, meh kimi
Ev-ev, qapı-qapı, küçə-küçə, cığır-cığır gəzərəm.
Sənin incə ağzın, kəhrıba yanaqların
Çiçəklər, qızılgüllər, lalə və ətirlə parlayır.
Sənin hicranından ürəyimin qanı gözlərindən Dəclə axır,
Dəniz kimi, çaylar kimi, axın-axın.
Dərdli ürək sənin eşqini həyat toruna toxuyub
İlmə-ilmə , tel-tel, əriş-əriş, arqac-arqac.
Tahirə özü ürəyinə girdi, səndən başqa heç nə tapmadı,
Səhifə-səhifə, qat-qat, lövhə-lövhə, təbəqə-təbəqə.

Milli ideoloqumuz M.Ə.Rəsulzadə 1949-cu ildə qələmə aldığı “Azərbaycan mədəniyyət ənənələri” məqaləsində Qürrətül-Eynlə bağlı yazırdı: “Dini hərəkata mənsub olan qəhrəman bir qadın var. Adı Qürrətül-Eyndir. Gözəlliyi və savadı ilə məşhur olan bu qadın Qəzvin qazısının qızı, azərbaycanlı bir türkdür. Tehranda Nəsrəddin şahın əmrilə özünü diri-diri yandırmağa məhkum etdilər. Ona “dinini tərk et, şah səni bağışlar”, dedilər. Fəqət, o:

Bən deməm kim, sən səməndər ol da, ya pərvanə ol,
Çünki yanmaq niyyətindir, dönmə, dur, mərdanə ol!
beytini söyləyərək yandı”.

Türk aydını Süleyman Nazif isə yazırdı ki, Tahirə Janna Darkdan daha mötəbər, daha gerçək, daha görkəmli və daha böyük qəhrəmandır: “Həvvadan tutmuş doğulacaq son qız övladına qədər, hər bir kəs Qəzvindən olan bu gənc türk qadınını xatırlayarkən gözləri yaşaracaq və qürurla dolacaq. Ah! Təəssüf, Qürrətül-Eyn!”. Nihal Atsız “Gənc qızlarcığa çağırı” məqaləsində yazırdı: “Siz də adı Zərrintac olan qəzvinli Türk qızı kimi inanclarınız uğuruna, üzündə xoş gülümsəmə ilə atəşə doğru erkək bir bozqurd kimi yürüməyi bacarın”.

19-cu əsr İngilis mütəfəkkiri Edvard Braun “İran ədəbiyyatı tarixindən” kitabında Qürrətül-Eynlə bağlı yazırdı: “Qürrətül-Eyn kimi bir qadının meydana çıxması istənilən ölkədə və istənilən dövrdə nadir bir fenomendir, lakin İran kimi bir ölkədə bunun olması qeyri-adi haldır – xeyr, demək olar, bir möcüzədir. Məftunedici gözəlliyi ilə bərabər, nadir intellektual qabiliyyəti, atəşli bəlağəti, qorxmaz sədaqəti, şərəfli şəhidliyi ilə o, öz həmvətənləri arasında bənzərsizliyi və ölümsüzlüyü ilə irəli çıxır. əgər Babın dini heç bir böyüklüyə iddia etməsəydi, onun Qürrətül-Eyn kimi bir qəhrəman doğurması kifayət edərdi”.
Çox güman ki, Qürrətül-Eyn edam edildikdən sonra bütün əsərləri bir araya toplanaraq məhv edilmiş, bununla da ondan günümüzə çox az yaradıcılıq nümunələri qalmışdır. Ona görə də Tahirə Qürrətül-Eynin yaradıcılığı ilə bağlı əlimizdə geniş bilgilər yoxdur. Ona aid yalnız bir neçə şeirdən bəhs olunur ki, həmin şeirlərin qəti şəkildə Tahirəyə aid olması da birmənalı deyildir. M.İshak yazır: “Beləliklə, bizdə Tahirəyə aid edilən ancaq bir neçə şeir vardır. Bu şeirlərdən ən azı biri onun şeiri ola bilməz, o birilərin müəllifliyi isə şübhəlidir. Elə isə, onda Qürrətül-Eynin şöhrəti nəyin əsasındadır? Onun şöhrətinin səbəbi başqa yerdə axtarılmalıdır. Müxtəlif yazarların işlərindən biz öyrənirik ki, o dərin bir ilahiyyatçı və böyük bəlağətə malik mübəlliğ idi. Onu eşidənlər onun bəlağətli söhbətlərindən ovsunlanır və ona diqqətlə qulaq asardılar. İlahiyyatı dərindən bilməsi və inandırıcı bəlağəti, biz düşünürük ki, məhz onun şan-şöhrətinin səbəbidir”.

Ancaq onun ictimai fəaliyyəti və əlimizdə olan fikirləri bizə deməyə əsas verir ki, ümumilikdə Qürrətül-Eyn dini məsələdə radikal islahatların aparılması tərəfdarı olmuşdur. Yəni o, sxolastik fəlsəfi təfəkkürdən dünyəvi fəlsəai təfəkkürə keçid məsələsində təkamül deyil, sıçrayış yolunu tutmuş idi. Eyni zamanda, o, baş babçı Seyid Əli Məhəmməd Şirazinin “Bəyan” kitabını yazmaqda əsil məqsədinin, ya da alt niyyətinin nədən ibarət olmasından asılı olmayaraq bu məsələdə səmimi bir mücadilə vermişdir. Şübhəsiz, o, İslam dininə əlavə olunmuş xurafat və mövhumatın tənqidində haqlı idi.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

XƏBƏR LENTİ