Eşşək...Eşşək arısı...və “u...zun...qulaq...laşdırılan” uşaqlığımız...

1 327 9-12-2018, 11:14 kose / siyaset / gundem

Eşşək...Eşşək arısı...və “u...zun...qulaq...laşdırılan” uşaqlığımız...

Bu yazını böyük ürək ağrısı və təəssüf hissiylə qələmə alıram. Əlim qələm tutandan bəri bəlkə ilk dəfədir ki, yazımı bu qədər dərin iztirab və ağrı içində yazmağa məcbur edilirəm. Məcbur edən, yaxud edənlərsə...
Məsələ burasındadır ki, əsl poeziya bayramı kimi yaddaşlarımıza yazılan dünənki günümüzün (Şəxsiyyətinə və yaradıcılığına böyük ehtiram hissiylə yanaşdığım qələm dostum, əvəzsiz şairlərimizdən olan Ayaz Arabaçının “Uzaqlar yaxın olsa...” kitabının təqdimat mərasimi doğrudan-doğruya şeirimizin təntənəsinə çevrildi!) sevgi və qürur ehtişamının yaşatdığı həzzin qığılcımları ürəyimizi elə sarmış ki...
Lakin... Məsələ də elə bu lakindədir: “Kitabevim.Az”-ı şairlərin, qələm adamlarının, kitabın, elm və təhsilimizin, ümumilikdə ziyalılığımızın məbədi saymışam həmişə. Və bu məbəddə əsərlərini sevə-sevə oxuduğum ədəbi camiə üzvlərinin bir neçə kitab təqdimatında böyük məmnuniyyətlə iştirak etmiş və əsl zövq almışam. Bu dəfə də elə olacaqdı və oldu da: məhz sevilən şair Ayaz Arabaçının və sevənlərinin sayəsində...
Əlbəttə ki, ilk baxışda “xırda” görünən, əslində isə çox böyük bir qanqaraldan nüansı çıxmaq şərtilə...
Mətləb üstünə gələrək deyim ki, gözəl rəssamımız Nəvai Mətinin təəssüflə dostum Giyaya və mənə ünvanladığı sual bizi təəccübləndirir: “Siz mənə deyə bilərsinizmi, əlifbamız hansı hərflə başlayır?” Bir şey başa düşmürük: “Əlbəttə ki, “A” hərfi ilə!” “Bəs burda niyə əlifbamız “E” hərfi ilə başlayıb?” – deyə əlindəki kataloqu açaraq, ilk səhifəsini bizə göstərir. Təəccübdən gözümüz böyüyür: 3 yaşınadək uşaqlar üçün nəzərdə tutulmuş, heyvanları körpələrimizə tanıtma məqsədilə nəşr olunmuş, rəngli şəkillərlə süslənmiş “Rəsmli heyvanlar sözlüyü” kataloqunun ilk səhifəsi, doğrudan da, “E” ilə başlayır və... “Eşşək” şəkli öz əksini tapır! İkinci səhifə də bunun davamıdır: “Eşşək arısı”!
Eşşək...Eşşək arısı...və “u...zun...qulaq...laşdırılan” uşaqlığımız...
Elə bil kataloqu hazırlayan şəxslərimizin ziyalılıq səviyyəsi adıçəkilən heyvanın anlaq səviyyəsindən o tərəfə gedə bilməyib. Yoxsa onlar nədən Ağacdələn, Anadil, Ayı, Anakonda, Adadovşanı, Arı... və indi hamısını xatırlamadığım digər neçə-neçə heyvan və quşu unutsunlar ki?! Doğrudanmı, körpələrimizin dünyagörüşünün formalaşmasına (əslində isə, məhvinə!) hesablanmış bu cür biabırçı (Söhbət dizayn və çap səviyyəsindən getmir, çünki poliqrafik cəhətdən bu iş, insafən, böyük zövqlə görülüb!) nəşrlərin işıq üzü görməsində bilavasitə və bilvasitə xidməti olanlar (Bu işdə əsas məsuliyyət nəşriyyat rəhbərliyinin üzərinə düşür, çünki onlar nəyi və nə məqsədlə, niyə və nə cür çap etdiklərinin fərqində olmalıdırlar!) körpələrimizə hökmən “uzunqulaqlaşdırma” dərsi keçməklə onların dünyagörüşünü formalaşdırmağı qarşılarına məqsəd qoyublar? Bu – xidmət deyil, bu – aşağılamadır! Bu – gələcək nəslin zövqünün korlanmasına hesablanmış cinayətdir!
Əgər belədirsə... belədir, əlbəttə!

Eşşək...Eşşək arısı...və “u...zun...qulaq...laşdırılan” uşaqlığımız...



Qiymət MƏHƏRRƏMLİ

XƏBƏR LENTİ