MƏDƏD COŞQUN: “Şükürlər olsun ki, büdrəsəm də, yıxılmamışam, sapsam da, sapand olmamışam...”

1 606 3-01-2019, 13:07 kose / siyaset / gundem

MƏDƏD COŞQUN:  “Şükürlər olsun ki, büdrəsəm də, yıxılmamışam, sapsam da, sapand olmamışam...”
Müsahibimiz Borçalı mahalının nəsillərə örnək oğlu, ləyaqətli şair-publisist, Yurd, Vətən sevdalısı, 80-in dizini qatlamış Türk oğlu Türk Mədəd Coşqundur.

- Salam, Mədəd müəllim. Aqilliyin zirvəsində xoş gördük sizi! Necəsiniz?

- Salam, əzizim Qiymət xanım. Diqqət və qayğınıza görə çox sağ olun.

Bil düşmənin nəfsindir,
Dünya sevən kəsindir,
Nəyin varsa bəsindir,
Allahına şükür de!


Dünyanın yaxşılarına, qədir-qiymət bilənlərinə arxalanıb Allahıma şükür deyirəm.
- Bu müsahibənin suallarını bəlkə də mən illərdir ki, ürəyimdə hər gün gəzdirir, belə demək mümkünsə, cavablarını da özlüyümdə təxmini də olsa müəyyənləşdirirəm. Sizcə, bu necə ola bilər? “Ruh ekizləri” anlamı deyilən bir şey mövcuddurmu sizə görə?
- Əgər siz illərdir ki, müsahibə üçün sualları ürəyinizdə gəzdirib cavabları da özlüyündə təxmini də olsa müəyyən edibsinizsə , deməli “ruh ekizləri” deyilən bir şey mövcuddur. Kimisə özündə görürsənsə, o sənin üçün əzizləşirsə, hətta belə müqəddəsləşirsə, deməli, o sənin ruh ekizindir. Bu, çox yüksək və ilahi hissdir, hər kəsə nəsib olmayan xoşbəxtlikdir.
- Siz Aşıq Veysəl demişkən, “uzun, incə bir yol” keçmisiniz. Heç büdrədiyiniz, yolunuzdan sapdığınız, yaxud sapmaq istədiyiniz hansısa an olubmu?
- Suala “yox” cavabı da verərdim. Amma Uca Allah hər şeyi görən və biləndir. O görüb ki, büdrəmişəm də, sapmışam da. Gənc olasan, qeyri-təvazökarlıq sayılsa da, şair olasan, Coşqun olasan və gözəlliyi görməyəsən, bu, mümkün deyil. Lakin çox şükürlər ki, qəlbimin nazı ilə oynamaqla yanaşı, büdrəsəm də, yıxılmamışam, sapsam da, sapand olmamışam. Xəyanətə yol verməmişəm, ilham pərilərinə yalnız ruhun, qəlbin ehtirası kimi baxmışam:

Bahar mənə bənzər, qış sənə, ay qız,
Bahar Coşqundursa, qış təmkinlidir...


- deyərək, coşqunluq qarşısında təmkinli olmağı tövsiyə etmişəm.

İnsaflı etirafım da olub:

Sən dağ çiçəyindən çəkilmiş qaymaq,
İstəmirəm ayran, şor edim səni.
İstimlə isidə bilməyəcəmsə,
Niyə tüstüm ilə kor edim səni?!


Onu da deyim ki, çox sonralar bu insani münasibətimin əvəzində çoxlu minnətdarlıq, razılıq eşitmişəm.
- Sizə görə, ideal insan varmı, yaxud “ideal insan” anlayışını necə qəbul edirsiniz?

- Məncə ideal olmaq son dərəcədə kamil, müdrik, səhvsiz və nöqsansız olmaq deməkdir. Bütün bu xüsusiyyətlərin yalnız Uca Allaha məxsusluğunu nəzərə alsaq, heç nə, həmçinin insan da ideal ola bilməz. Lakin bir məqam da var: yaxşını pisdən, aqili nadandan, mərdi namərddən, mürvətlini zalımdan və s. seçməyi bacarmaq kimi Allah vergisinə nail olan xoşbəxtlər də (elə bu da bir növ ideallıqdır) var. Belə insanların qəbul etdiyi sevilən-seçilən şəxslər ideal insan kimi qəbul oluna bilər. Həm də sevənlərin gözündə onların nöqsanları az görünür.
- Sizə bu sualı bir dəfə də ünvanlamışdım, ancaq istərdim yenidən və daha ətraflı cavab verəsiniz: “Siz anadan belə coşqun doğulmusunuz, yoxsa ədəbi yaradıcılığa vurğunluq, ilham pərisi deyilən nədirsə... o sizi coşqunluğa sövq edib? Bir sözlə, bu coşqunluq hardandı sizdə?”
Beləliklə, “Coşqun” təxəllüsünün tarixini açıqlayardınız biz oxucularınıza...
- Anadan necə doğulduğum yadımda deyil. Yadıma yalnız o düşür ki, Borçalının Dunus kəndindəki ibtidai məktəbdə oxuyanda ilk müəlliməm Xanım müəllimə mənə gözəl şeir oxumağı öyrətmişdi. Kənddə keçirilən şənliklərdə çıxış edirdim – ona “deklamasiya” deyirdik. Sonra təhsilimi Azərbaycan Gəyliyəni kəndində davam etdirdim. Burada ədəbiyyat müəllimim Qurban Qurbanov mənim cızma-qaralarıma qayğı ilə yanaşırdı. Hətta məktəbin divar qəzetində şeirlərimi verirdilər. O vaxtlar rayonda çıxan “Sosializm maldarlığı” qəzetində şeirlər çap edilirdi. Bir gün Qurban müəllim məni redaksiyaya apardı. Orada gənc yazarların poeziya dərnəyi keçirilirdi, biz də qoşulduq. Şeirlər oxuduq. Öz aləmimdə ən güclü ədəbiyyatçı saydığım Qurban müəllimin yanımda olması məni ürəkləndirmiş, bir qədər də coşdurmuşdu. Başqaları bir şeir oxuduğu halda, mən ardıcıl üç şeir oxudum. Dərnək rəhbəri:
- Ay Qurban müəllim, bu uşaq yaman coşub, haa… - dedi.
Qurban müəllim məmnuniyyətlə və fərəhlə:
- Coşqundu, daa! – dedi.
Həmin qəzetdə bir neçə şeirim çıxdı. Qurban müəllim “coşqun söhbəti”ni məktəbdə danışmışdı. Tanıyanlar mənə “Coşqun” deyə müraciət edirdilər. Sonralar “Sovet Gürcüstanı” respublika qəzetində dərc olundum. Bir gün xətrini çox istədiyim və xətrimi çox istəyən gözəl ziyalı Səməd Qurbanov məsləhət gördü ki, şeirlərimi “Mədəd Coşqun” imzası ilə təqdim edim. Belə də oldu.
- Şair Mədəd Coşqunun “Seçilmiş əsərləri. I cild” kitabı əlimdədir və onu mənə hədiyyə edərkən yazdığınız avtoqrafı sizə xatırladıram (bilirəm çoxdan unutmusunuz nə yazdığınızı):

“Demirəm, alagöz, ya qələmqaşsan...
İnsansan, vətəndaşsan,
Kiməsə bacı, kiməsə qardaşsan.
Müxtəsəri, əzizim Qiymət xanım,
Sən “Aqillərin yanında dünyadan qiymətlisən”. Mədəd”.

MƏDƏD COŞQUN:  “Şükürlər olsun ki, büdrəsəm də, yıxılmamışam, sapsam da, sapand olmamışam...”
Siz avtoqrafı da şeir kimi yazırsınız. Bu, poetik duyumunuzdan irəli gəlir, yoxsa insana, insanlığa verdiyiniz dəyərdən?
- Mənim üçün əziz, dəyərli, bəlkə də əvəzsiz olan, dərin ehtiram bəslədiyim şəxslərə avtoqraf verərkən üzlərinə deyə bilmədiklərimi poetik formada ifadə etmək fürsətindən ləzzət alıram.
- Siz dəyərli şair, jurnalist, publisistsiniz. 80 illik zəngin, keşməkeşli ömür yolu keçibsiniz. Bu ömür yolu həm nikbin, həm də qəmgin notlarla zəngin olub, desəm, zənnimcə yanılmaram. Çox qəribədir, sizin ailə üzvlərinizin adları özlüyündə səadət, xoşbəxtlik, insanpərvərlik, sədaqət, barış, sülh, ədalətlilik, dürüstlük, dönməzlik, qətiyyət kimi müqəddəs anlamları özündə ehtiva edir: Mədəd, Ziyafət, Sədaqət, Mətanət, Ədalət... arxasını siz davam etdirin, zəhmət olmasa... Bu, təsadüfdür, yoxsa?...
- Məni elə təriflədiniz ki, az qaldım özüm-özümə heyran olam, minnətdaram. Qaldı sualınıza… Ümumiyyətlə, təsadüflər aşiqi deyiləm, təsadüfən doğulmamışam, təsadüfən də ölməyəcəm. Adlar da təsadüfi deyil. Sözlərin mənasından başqa, düzümü də, ahəngi də mənim üçün vacibdir. Bu adlarda yalnız bir dəfə qanunumu pozmuşam və ağır cəzalanmışam. Sədaqətdən, Mətanətdən, Ədalətdən sonra olan oğluma çoxlu təkidlərdən sonra üzünü görmədiyim, 1942-ci ildə Xarkov döyüşlərində qəhrəmancasına 36 yaşında həlak olan atamın adını - İsa qoymuşdum. Və oğlum Ədalətə yazdığım kimi:

Heç ömür olarmı qəmsiz, xətasız,
İstəməzdim qəm-qüssəyə batasız.
Sən qardaşsız qaldın, mən də atasız,
Sınıbdır sazının teli atanın.


Yenə Allaha şükür…
MƏDƏD COŞQUN:  “Şükürlər olsun ki, büdrəsəm də, yıxılmamışam, sapsam da, sapand olmamışam...”
- Siz bir ailə başçısı olaraq, ömür-gün dostunuz Ziyafət xanım, eləcə də övladlarınız Ədalət, Sədaqət, Mətanət... üçün hər zamanmı nümunə ola biləcək ailə başçısı, ata olmusunuz?...
- Dəqiq cavab verə bilmərəm. Düşünürəm ki, heç bir aqil insan bu sualı düzgün cavablandıra bilməz. Yalnız onu deyə bilərəm ki, mən Ziyafət xanımın, o da mənim yarım olub. Çox çətinliklər, yoxsulluq, məhrumiyyətlər görmüşük. Həmişə bir-birimizə arxa-dayaq olmuşuq, qətiyyətlə gələcəyə baxmışıq. Sınmamışıq. Sonra ağ günlər başlayıb. Yüksək vəzifələr tutmuşuq, el-obada ad-san qazanmışıq. Ziyafət xanıma “Həcər”, “El anası” deyirdilər. Mərhum dostum yazıçı Seyfəddin Ziya isə Borçalıda “böyük qardaş” mənasında işlənən “Qağa” deyə müraciət edirdi Ziyafət xanıma.
Yüksək vəzifələrdə, el arasında deyildiyi kimi, yağlı yerlərdə çalışsaq da, ailəmizə haram tikə gəlməyib. Hamı bizi halallıq etalonu kimi tanıyır və sevirdi.
Övladlarımın üçü də ali təhsillidir. Qızım Sədaqət Tbilisi Dövlət Universitetini bitirmişdi. “BBC” radiosunun prodüseri işləyirdi. Bir neçə dildə sərbəst danışırdı. Qızım Mətanət Tbilisi Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirdi. Oğlum Ədalət Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Moskvada və Ukraynada işıq üzü görmüş iki şeir kitabının müəllifidir. O, Azərbaycan dilində də yazır. Ədalətin bir neçə il əvvəl nəşr etdiyi “Tiflisdə yeddi məhbus” romanı ədəbi mühitdə böyük maraqla qarşılanmışdır. Başda Ziyafət xanım olmaqla, hamısını həyatımnan çox sevmişəm.

Övladlarıma –


Atalar var
övlada oğurlanmış sərvətlə,
haram varla-dövlətlə
ömürlük nifrət qoyur.

Mən belə yox:

Atalar var dünyadan
Köçür,
amma övlada
Ellərin ürəyində
Sevgi, məhəbbət qoyur... – belə ata olmuşam.


- Həyatın amansızlıqlarına qarşı bu dəyanət, bu dözümlülük, bu qürur, qətiyyət hardandı sizdə? (Bu suala görə məni bağışlayın).
- Bu günümə çox şükür. Amma həyat mənə qarşı çox amansız olub. Qoltuqlarda böyümüşəm, qulaqlarım xoş sözə, gözlərim xoş təbəssümə, könlüm nəvazişə, qarnım doyunca yeməyə həsrət qalıb, yenə də içimdə həmişə bir işıq yanıb, qəlbimdə inam böyük olub, həmişə qolumnan tutan bir qüvvənin təsiri ilə gələcəyə qətiyyətlə baxmışam. Bütün bu çətinliklərin müvəqqəti olduğunu hiss etmişəm. Kitablara arxalanmışam. Orta məktəbi qızıl medalla, institutu fərqlənmə diplomu ilə bitirmişəm. Bir şeirimdə dediyim kimi:

Qəmin səma olsa, süzə bilərsən,
Qüssən ümman olsa, üzə bilərsən,
Dərdin dağ da olsa, dözə bilərsən,
Dərdini dərditək bölən olarsa.

Mənim də dərdimin şərikləri olub. Ziyafət xanımla ailə qurduqdan sonra çox müşküllərə qalib gəlmişik. Bu böyük dayağımı itirdikdən sonra övladlarım arxa-dayağım olub, dərdimi dərditək bölən dostlarım var. Bir faktı xatırlatmaq istəyirəm: Ziyafət xanım rəhmətə gedəndə, onu vəsiyyət etdiyi kimi, Borçalıda dəfn etmək üçün gedən qəm karvanında övladlarımla, qohumlarımla bərabər üç dostum – Əlləz Ovçuyev, Zakir Paşayev və Seyfəddin Əliyev mənimlə çiyin-çiyinə idi. Mən həmişə insanlara arxalanmışam. Xoşbəxtəm ki, sevdiyim insanlar da məni sevirlər. Elə ona görə də:

Dözmüşəm insanların
Cərgəsində hər zaman
möhkəm dayanmaq üçün.
Vətəndən, eldən ötrü şeir məşəli olub
əbədi yanmaq üçün.


- Gəncliyinizin müxtəlif dönəmlərində başınıza gələn bir neçə gülməli hadisədən mən də az-çox xəbərdaram. Bəlkə oxucularımızı bir nikbin ovqata kökləyək, necə bilirsiniz?
- Kəndimizlə Qələmçi (indiki Qantiadi) kəndinin arası təxminən bir kilometr idi. Mən ikinci sinifdə oxuyanda camaat həmin kəndə seçkiyə gedirdi. Seçki çox möhtəşəm keçirilirdi. Biz uşaqlar da seçkiyə getməyə həvəsli idik. Yadımdadır, axşamdan mən və xalalarımın üç yetimi, təxminən 6-9 yaşlarında uşaqlar idik, ağlaşdıq ki, sabah bizi də seçkiyə aparsınlar. Mürsəl dayım dedi ki, kim sübh tezdən yuxudan qalxa bilsə, onu seçkiyə aparacaq. Gecə həmişə olduğu kimi, anamın qucağına sığındım. Qərara aldım ki, gecəni yatmayım. Bir də gördüm ki, yuxu məni aparır. Anladım ki, əgər yatıb qalsam, məni seçkilərə aparmayacaqlar. Birdən ağlıma bir fikir gəldi: yaxamdakı düyməni anamın köynəyindəki ilgəyə bağladım. Planım işə yaradı. Səhər anam yerindən qalxanda məni də dartıb oyatdı. Anam məni döymək istədi. Bunu görən Mürsəl dayım belə baxıb: “Bacı, sən Allah, bu uşağa dəymə, bu, çox fərasətli uşaq olacaq”, – dedi və məni də həmin gün seçkiyə apardı. O vaxtdan mənim bütün nailiyyətlərimdə, uğurlarımda Mürsəl dayım həmişə başda olub, mənimlə fəxr edib.
Başqa bir epizodu da danışmaq istəyirəm. Ziyafət xanım institutu bitirdikdən sonra şəhərdə qalmaq təklifi alsaq da, rayona qayıtdıq. Borçalıda az-çox tanınırdım, ali məktəbi əla bitirmişdik. Odur ki, bizi perspektivli məktəblərdən birinə göndərmək istədilər. İmtina etdik və rayonun yolu-izi bərbad, işıqsız Qamışlı kəndinə təyinat aldıq. Məktəbdə yalnız direktor ali təhsilli idi. O da qonşu kənddən gəlmişdi. İşə fanatikcəsinə başladım. Özümü maarifçi ədəbi qəhrəmanlar kimi aparırdım. Dərsdən sonra şagirdlərlə ehtiyacı olanlara kömək edirdik. Bir qocanın kartofunu çıxarırdıq, bir kimsəsizə odun yarırdıq və s. Bütün xeyirxahlıq təşəbbüslərim tərəddüdsüz qəbul olunurdu. Yalnız bir müəllim həmişə əngəl yaradırdı. Onu xeyirxahlığın mahiyyəti haqqında düşünməyə vadar edə bilmədim. Onda başqa üsula əl atdım. Rayonda yaşayan dostumdan xahiş etdim və o, tənəffüs vaxtı hamı müəllimlər otağında olanda məktəbə zəng vurdu. Dəstəyi götürüb dedim:
- Bəli, buyurun, Aslan müəllim (rayon təhsil şöbəsinin müdirinin adı). Bəli, bəli. Bütün müəllimlərin dərsində oturum? Sonra da Sizə məlumat verim? Baş üstə!
Sağollaşıb dəstəyi yerinə qoydum. Müəllimlərə dedim ki, Aslan müəllim idi, tapşırığını da eşitdiniz. Sabahdan dərslərinizdə oturacağam.
Gözlədiyim kimi də həmin müəllim dərsi çox zəif keçdi. Necə var idisə, elə də yazdım. İradlarımı ona oxudum. Düz sözə nə deyə bilərdi? Çox xahiş etdi, mən də nöqsanlar olan qoşa vərəqləri üz-üzə yapışdırıb dedim: “Bax, əgər bir də ümumi işlərə əngəl törətsən, bu yapışqan açılacaq”. Bundan sonra həmin müəllim kollektivə qaynayıb-qarışdı, bütün xeyriyyə tədbirlərində birinci oldu.
- Ailə qurduğunuz ilk dövrlərdə üzləşdiyiniz çətinliklərə necə mübarizliklə sinə gərdiyinizi bilirəm. Bəlkə gənclərə örnək olan bu dönəmləri yenidən xatırlayaq...
- Onları xatırlamaq mənim üçün çətindir. Amma onlardan çıxartdığım nəticələri gənclərə tövsiyə edə bilərəm. Biz ailə quranda mən III, Ziyafət xanım isə I kursda oxuyurdu. Kənddən gətirdiyim səkkiz yaşlı bacım qızlarıma dayəlik edirdi. Biz, beşnəfərlik ailə, 3 il heç kəsdən maddi yardım almadan təqaüdlə yaşadıq. Mənim yardım göstərənim yox idi, Ziyafətin isə valideynləri ondan küsmüşdülər. Vəziyyətimizin necə olduğunu özünüz təsəvvür edin. Amma bizim sevgimiz və inamımız qalib gəldi. Bir neçə ildən sonra xoşbəxt ailələrdən biri olduq. Gənclərə tövsiyyəm budur ki, yalnız qarşılıqlı sevgiyə istinad etsinlər. Onların sevgiyə, inama arxalanıb qəti addımlarla gələcəyə doğru irəliləməsini arzulayıram.
- Sizin özgürlüyünüz, dəcəlliyiniz, kövrəkliyiniz, kürlüyünüz, cığallığınız... daha nə bilim hansı keyfiyyətləriniz sinənizdə gəzdirdiyiniz uşaq kimi sadə, səmimi şair ürəyinin tərtəmiz, sappasaf duyğularla döyündüyündən xəbər verir. Belə təmiz ürəklə yaşamaqdan bıkmadınızmı, ey böyük İnsan?!
Bu mənada, şair Nizami Saraclının sizə həsr etdiyi şeir çox maraqlıdır:

Başkeçiddə beş kişidən
Birisən, qardaşım Mədəd!
Şairlərin ən dəcəli,
Kürüsən, qardaşım Mədəd!

Sellər, sular gəlsə dilə,
Nanə-yarpız batmaz lilə.
Yüz yol, min yol ölsən belə,
Dirisən, qardaşım Mədəd!


- Məncə, ulu tanrı bəndəsinə təmiz, saf, ülvi hisslərlə dolu ürək verəndə dözüm də, qətiyyət də verir. Dünyadan, onun gözəl insanlarından, ilham pərilərindən, sevgidən güc alıb gələcəyə inamla hər şeyə dözmüşəm. İnsan təmiz ürəklə yaşayanda həyatın çətinliklərinə dözür.
MƏDƏD COŞQUN:  “Şükürlər olsun ki, büdrəsəm də, yıxılmamışam, sapsam da, sapand olmamışam...”
- Hansı şeirləri seçilmiş şeirlər hesab edirsiniz: elin dilində-ağzında dolaşan, yoxsa birbaşa hədəfə vuran, yaxud poetik ölçünün bütün qayda-qanunlarına riayət olunaraq yazılan şeirləri?
- Seçilmiş şeir, daha dəqiq desək, əsl şeir elin dilində-ağzında da dolaşar, birbaşa hədəfə də vurar, poetik ölçünün bütün qayda-qanunlarına da uyğun olar. Əsas odur ki, şeir ürəkdən gəlsin. Yazmaya bilmədiyin şeir, hədəf obyekti hər an gözlərinin önündə dayanıb sənə dinclik verməyəndə yazılan şeir seçilmiş şeirdir. Uşağın ana bətnindən çıxmaq, azad olmaq zərurəti təbii-bioloji qanunauyğunluqdur. Əks təqdirdə, müxtəlif fəsadlar, təbəddülatlar yarana bilər. Əsl şeir də öz ana bətnindən - şairin ürəyindən çıxmalıdır. Şeirin ən vacib amili, məncə, həyatiliyindədir.

Həyat özü şeirdir,
Deyir ürək sözünü.
Mənsə bu şeiriyyətin
Köçürənəm üzünü.


Öz duyğularımızı, hisslərimizi, ürəyimizin ehtizazını çox ehtiyat və incəliklə bədii sözə həvalə etməliyik.

- Ümumiyyətlə, şeiriyyət, poeziya, yaradıcılıq və yaradıcı insan, ədəbi mühit – bütün bunları necə xarakterizə edərdiniz?
MƏDƏD COŞQUN:  “Şükürlər olsun ki, büdrəsəm də, yıxılmamışam, sapsam da, sapand olmamışam...”
- Mən, ümumiyyətlə, hər şeyi - günəşdən başlayaraq qarışqaya qədər, özüm də olmaq şərti ilə hər şeyi yalnız Uca Allahın adı ilə bağlamağı sevirəm. O böyük qüdrət sahibi bəndələri üçün zəruri olan hər şeyi xəlq edib. O cümlədən də, poeziyanı, şeiriyyəti. Yaradıb ki, bütün nemətlərdən zövq aldığımız kimi poeziyadan da feyziyab olaq, qəlbimiz isinsin, ruhumuz təzələnsin, hisslərimiz saflaşsın. Bundan o yana poeziya görmürəm. Mühit isə başqa şeydir. Bəlkə, bu da Allahın yaratdığı qismət, bəxt, şans formasıdır.

- “Borçalı” Cəmiyyəti, Elat Bayramı, Borçalı, Türk Dünyası, Azərbaycan… – bu məhfumların sizin üçün önəmi maraqlıdır oxucu üçün...
- Borçalı mənim beşiyim və qəbrimdir.

Coşqun deyər, etmə qüssə, etmə qəm,
Zildə səslən, yaraşmayır sənə qəm.
Öləndə də qucağında öləcəm,
Qol qoymuşam belə hökmə, Borçalı.

Sən Allah, qoy birini də deyim:

Bir vaxtlar var idi şöhrətim, adım,
İndi boylanıram hey maddım-maddım,
Niyə ölüb Borçalıda qalmadım,
Mən niyə şəhərli oldum, ay Allah?

Mənə Borçalı əziz olduğu kimi, “Borçalı” Cəmiyyəti də əzizdir. İlk əlaqəmiz 90-cı illlərə təsadüf edir. 20 ildən çoxdur ki, cəmiyyətin üzvüyəm. İdarə heyətinin üzvü idim. “El adamı”, “Sağlığında heykəlləşənlər” və s. mükafatlarla dəyərləndirilmişəm. Bir çox problemlərimə baxmayaraq, yenə də cəmiyyətin fəallarından olmağımla fəxr edirəm, Zəlimxan Məmmədlinin yanındayam. Mədəd Coşqun kimi qətiyyətlə deyirəm: Kimin ki damarında bir damla Borçalı qanı var, o, mütləq Z.Məmmədlinin yanında olmalıdır. Çünki Zəlimxan müəllim çox güclüdür, etikası da, savadı da, ad, bilik və bacarığı da, ləyaqəti də güclüdür. Cəmiyyətdə onu əvəz edəcək bir kəsi düşünə bilmirəm.
- Sizi şair kimi sevir, dəyərləndirirlər, bəs ədəbi titulların, mükafatların sizin bircə addımlığınızdan ötüb, layiq olmadığı halda, mədhiyyəçiliklə məşğul olaraq makulaturanı makulatura üstünə qalaqlayan nadan “söz dəllallar”nın “qismətinə çıxması”na necə baxırsınız?
- Canım mənim, sualınız çox çətindir. Bu haqda saatlarla yox, günlərlə danışa bilərəm. Amma danışmıram. Çünki sualın cavabını əziz oxucular yaxşı bilir. Təkcə onu deyim ki, bir vaxt şeytan məni yoldan çıxartdı. Hətta belə bir şeir də yazdım:

Çox acı kəlməyə, sözə,
Çox möhnətə dözə-dözə,
Çoxunu çıxartdım düzə,
Özüm yoxuşda qalmışam…


Sonra şeytanın gözünü töküb bu şeiri yazdım:

Tarix sınayar özü,
Seçər əyrini, düzü.
Coşqun, bir gün qəlb sözü
Ellər sanar şeirimi.

MƏDƏD COŞQUN:  “Şükürlər olsun ki, büdrəsəm də, yıxılmamışam, sapsam da, sapand olmamışam...”
- Sevilən şairimizsiniz, sizdən örnək götürməli olan gənc ədəbi nəslə, ziyalılarımıza, eləcə də, sadə oxucularımıza sözünüz, tövsiyyəniz...
- Bütün insanlara səadət, can sağlığı, təmkin və səbr, işgüzarlıq və məsuliyyət arzulayıram. İstərdim ki, insanlar haramdan, qeybətdən, dedi-qodudan, paxıllıqdan uzaq dursunlar. Ürəkləri sevgi, məhəbbət yuvası olsun - Vətən sevgisi, millət sevgisi, xalq sevgisi, insan sevgisi... Gənc ədiblərə isə məsləhət görərdim ki, daha çox işləsinlər, mütaliə etsinlər, öyrənsinlər. Bar verdikcə, başlarını aşağı salsınlar. “Bərəkallah, bu balaca alabaş, filin üstə əcəb gedir birbaş” məsələsindən qorunsunlar.


- Müsahibə üçün təşəkkürlər, böyük İNSAN, dəyərli ŞAİR!

Söhbətləşdi: Qiymət Məhərrəmli.

XƏBƏR LENTİ