OSMAN ƏHMƏDOĞLU: “Onun toruna düşdüyümə və bir ömür o torda qalmağıma görə, Allahıma çox-çox şükranlarım var...”

OSMAN ƏHMƏDOĞLU:   “Onun toruna düşdüyümə və bir ömür o torda qalmağıma görə, Allahıma çox-çox şükranlarım var...”


“Borçalının dəyərləri” silsiləsindən növbəti müsahibəmizin qəhrəmanı Gürcüstan Aşıqlar Birliyinin sədri, tanınmış şair-publisist Dərviş Osman Əhmədoğludur.


- Salam, Osman müəllim. Sizi hər görəndə Koroğlu və onun başındakı 7777 dəlisi yadıma düşür. İndi bir yandan da bu 70 çıxdı... Amma deyəsən, “Koroğlunun qocalığı” yada düşmədi əsla...

- Günaydın, əfəndim! İlk sualınız bir az da koroğlulaşdırdı məni. Özümün hansı yaşda olmağıma baxmayın, ruhum hələ də 7777 meydanında var-gəl eləyir və ordan hayqırır:

Mənəm deyən gəlsin, girsin meydana,
Dolansın meydanı mərdi-mərdana!


Qaldı sol tərəfdən və özü də qəfildən üstümü alan və məni bir az imtahana çəkmək istəyən bu 70-ə deyən gərək ki, keçməz sənin bu fəndin! Çünki mənə azınnan bir 77 gərəkdi. Hələ aşılası bələnnər, keçiləsi ümmanlar intizar içində aşılmasını, keçilməsini gözləyir. Doğrudu, deyillər, “sən saydığını say, gör fələk nə sayır...”
Və qadir Allahdan təmənnam budur ki, bu yeddinin yanındakı sıfırın üstünə bir 7 də gəlsin.

- İnşallah, biz bu 7-nin 27, 37 olmasını diləyərək, sizin önünüzdə hələ aşılacaq çox bələnlərin olduğunu xatırlatmaq istəyirik. Bilirik ki, keçmişiniz çox maraqlı olduğu kimi, gələcək günlərinizin də keşməkeşli olacağı şübhəsizdir. Buna özünüzü hazır sayırsınızmı? Axı siz köç arabasında dünyaya gəlmisiniz.... Yəqin ki, bu da Tanrının bir işarəsidir sizin ömür yolunuzda...

- Sorunuzun sonundan başlamaq istəyirəm, əfəndim. Əvət, mən köç arabasında, yaylaq yolunda, taxıl biçinində, bir bazar günü dünyaya gəlmişəm. Görünür, bu da taleyimin mənə bəxş elədiyi çox maraqlı bir başlanğıcdı. Və mən bu hadisəni ömrüm boyu şirin düşüncələrlə yadıma salıram. Özü də mən atam dəmirçi Əhmədlə anam qara Tamamın dünyaya gələn 13-cü övladıyam. Hələ məndən sonra da dünyaya gələn və nənəmin adını daşıyan Fatma adlı bir bacım da var. Nə isə...
Ömrü verən Allahdı. Kim nə qədər yaşayarsa-yaşasın, onu o gözəgörünməz olan əzəli və əbədi qüdrət sahibi bilər. Özü də məsələ nə qədər yaşamaqda ha döyül. Məsələ necə yaşamaqdadı. Çox ömür, sadəcə günləri, ayları, illəri və fəsilləri sayaraq yaşamaq yaşamaqdımı, a qurvan olom?!
Çox-çox uzaq illərdən yadımda qalan bir şeirin bir bəndini xatırlayıram:

Mənasız düşməsin saçlarıma dən,
Qarğa yaşı qədər yaşım olmasın.
Heç kəsin yanında deyirəm ki mən,
Həyatda kölgəli başım olmasın...

Və bəzən elə az ömrü olan elə uzun ömürlər yaşayacaq işlərə möhür vurur ki! Kim nə qədər yaşasa, öz ömrünü yaşayır, əlbəttə. Və mənə arzulanan uzun ömürdə əgər uzunömürlü işlərin qulpundan tuta biləcəyəmsə, qoy o ömür mənə qismət olsun...
Özümü bildim-biləli, kökün-soyun və milli kimliyimin dərki yolunda bərqərar olmuşam. Yurda bağlılığım, dosta sədaqətim, qüşmənə mərdanə düşmənliyim daha özəl tərəfimdi mənim (Amma deyəsən özümütərifə yaman uydum ha...). Ömrümün bu tərəfindən o biri tərəfinə boylananda nələr görünür...
Hələ orta məktəbdə oxuduğum illərdəki sərgüzəştlərim yazılsa, bəlkə də dopdolu bir kitab olar. Amma əsil xatirələr universitet illərindən başlayır mənim həyatımda. O dönəmdəki ən acı xatirələr belə bu gün nə qədər şirindən-şirin görünür mənə. Və o günlər...necə də gözəl yazılıb:

“Sızlar yada düşəndə
Ürəyimin telləri...”


... Azərbaycan Tarix Muzeyi. Əli Şamilin verdiyi antisovet ruhlu intibahnamələri paylamaq üçün ora getmişəm. Ciblərim dolu yüzlərlə kağız... Səttarxanın, Xiyabaninin, Şəhriyarın, Şah İsmayılın, Atatürkün, Şeyx Şamilin və s. azadlığa dair cümlələri yazılmış şəkilləri və intibahnamələr. Yenicə ikinci qata çıxmışdım ki, gözündə zəncirli gözlük, başında qaragül bəy papağı olan çox yaraşıqlı bir kişi və yanında da iki oğlan muzeylə tanış olur. Bir qız 1918-ci il hadisələri haqda rusca nə isə deyir və bu iki oğlan ona türkcə tərcümə eləyir. Mən söhbətə qarışdım və onların yalan söylədiyini dedim. Həmin adam: “Onda sən anlat!” – dedi. Anlatdım. Nuru Paşanın Bakını işğaldan necə azad elədiyini açıqladım. Və bu oğlanlar məni tutub aparmaq istədilər. Həmin adam məni onlardan xilas elədi. Və özünün də Türkiyənin Moskvadakı səfiri olduğunu dedi. Mənə öz kartını da verdi və o kartda yazılmışdı: “Türkiyə Cümhuriyyətinin SSRİ-dəki böyükelçisi Yapıncılar”.
Həyatımdakı bitib-tükənməyən sərgüzəştlərin özü də çox maraqlı bir kitab olar əgər yazılsa...
Deyirlər, dörd ünsür bu dünyanın hər şeyini tamamlayır: Torpaq, Su, Od, Hava. Amma mənə görə onların hər dördünü tamamlayan bir Eşq də var ki, onsuz bu həyatın nə dadı, nə tamı və nə də bir anlamı olar.
Yurda, yuvaya, elə-obaya, insanlara sevgidə əgər bir “Kəbə qulpundan tutmaq” varsa, onda hə...

- Əli Şamil dediniz, belə bir sual doğdu içimdən: Yer üzündə Əlilər çoxdur, amma sizin öz Əliniz var, bilirəm. Açıqlaya bilərsinizmi, kimdir o Əli sizin üçün?
OSMAN ƏHMƏDOĞLU:   “Onun toruna düşdüyümə və bir ömür o torda qalmağıma görə, Allahıma çox-çox şükranlarım var...”
- Nəhayət, qorxduğum sualı verdiniz. Və bilirəm ki, cavabım sizi qane eləməyəcək. Çünki o sualın içində nələrin olduğunu siz özünüz də çox gözəl bilirsiniz. Bəlkə də mənim cavabımı oxuyanda yenə lağlağıya başlayacaq: “Ay avara, yenə nə yalanlar uydurursan?” – deyəcək. Fəqət, yenə nəsə deməliyəm.
Qiymət xanım, sizin dediyiniz Əli Şamili mən 50 ildən artıqdır tanımağa çalışıram, amma hələ yarıya gəlib çatmamışam. Gör, onu məndən sonra tanıyanlar harda olar...
Və...onu bilirəm ki, hər zaman, hər meydanda at oynadan Osman Əmədoğlu həmən o Əlinin meydanında piyada görünüb. Gözümü elə qırıb ki, özümü hələ də tarazlaya bilmirəm. Bircə onu bilirəm ki, mənim mən olmağımda onun payı əvəzsizdi. Onun toruna düşdüyümə və bir ömür o torda qalmağıma görə Allahıma çox-çox şükranlarım var.

- Aşıq Aydın Çobanoğlu, Hüseyn Arif, Şəlil Rza Ulutürk, Süleyman Rüstəm... Bilirəm, bu isimlər çox söz deyir sizə...

- Aşıq Aydın Çobanoğludan danışmaq mənə çox çətindi. Onun nakam ömrü çox-çox sinələrə dağ çəkdi. Əslində, o ölmədi, şəhid oldu. Və şəhidlik məqamında bərqərardı. İnsan kimi insan, dost kimi dost, aşıq kimi əvəzsiz bir ustad, şair kimi çox incə ruhlu şairiydi. Bəlkə də sazımızın səsini-sorağını imperiya dönəmində canlı olaraq dünyaya göstərən yeganə ozanıydı. Aydınla bağlı çox xatirələrim, çox yazılarım var: “Gürcüstan” qəzetində, “Folklor və Etnoqrafiya” dərgisində çap olunub.
Hüseyn Ariflə, Xəlil Rza Ulutürklə bağlı ayrı-ayrılıqda yazacağım kitabların artıq müəyyən hissələri yazılmağa başlayıb. Qismət olsun. Onların hər ikisiylə də bitib-tükənməyən söhbətlərim var. Sağlıq olsun. Yaşayarıq, görərik.
Əli Şamilin və Qiymət xanımın mənə yazdıracağı 3 kitab varıydı. Onlardan biri – unudulmaz müəllimim Bəxtiyar Vahabzadəylə bağlı olan “219-cu auditoriya” artıq oxucuların ixtiyarındadı. Hüseyn Ariflə Xəlil Rza Ulutürk isə yazılmaqdadı...
Xalq şairi Süleyman Rüstəmlə bağlı xatirələrim də çoxdu. Onunla bir neçə dəfə görüşmüşəm. 1976-cı ildə şairin 70 illik yubileyində yazdığım bir şeiri özünə oxudum, bəyəndi. Şeirin üstünü yazdı və çap olunmasını istədi. Ona yazdığım mədhnamənin bir bəndi yadımdadı:

Meydan alıb Bakısında bahar-yaz,
Təbriz adlı Leylisinə qovuşmaz.
Yol verməyir görüşünə Xan Araz,
Həsrət nəğməsini yayan şairim,
Şəhriyarı haraylayan şairim.


Ərəb əlifbasıyla yazdığı 3 şeirini də mənə verdi ki, bunları “Gürcüstan”- da çap elətdirim. Və mən o şeirləri Tiflisdə çap elətdirdim (Redaktor Süleyman Əfəndini də ustad şəxsən tanıyırdı). Həmin şeirlər indi də yadımdadı və özünün əlyazması da məndə durur. Özünün imzasıyla bir şəklini də mənə hədiyyə eləmişdi ustad.
Bizim görüşlərimiz təkcə bunnarnan bitmir. 1979-cu ildə İran tarixində yeni mərhələ başladı. İnqilab dalğaları şah rejimini nəinki yerindən oynatdı, hətta tarmar elədi. O inqilabda güneyli qardaşlarımızın da payı vardı. Fəqət, umduğumuz o çevrilişdən bizə pay düşmədi. Bax, onda mən “Süleyman Rüstəmə məktub” adlı bir şeir yazdım. Həmin şeiri ustad özü Azərbaycan Yazıçılar Birliyində oxudu. Şeir belə başlayırdı:

Gecə-gündüz nalə çəkən ay ustad,
Söylə güləcəkmi üzü Təbrizin?
“Yanıq Kərəmi”yə köklənib durur,
Dərdi kül eyləyib bizi Təbrizin.


... Və gün o gün oldu ki, illər boyu həsrətinnən şam kimi əridiyimiz milli Kəbəmiz olan Təbrizə qədəm basdıq. O anı, o günü, o vüsalı nə qələm yaza bilər, nə dil deyə bilər. Və nə mutlu ki, o həsrətə son qoyulan günün sevincini sizinlə birlikdə bölüşmüşük, Qiymət xanım! Savalanı seyr eləmişik, Səhəndə boylanmışıq, Eynalıya yön çöyürmüşük, Ərg qalasını ziyarət eləmişik. Seyid Məhəmməd adlı qardaşımızın canımıza can qatdığı, o müqəddəs diyarı qarış-qarış gəzdirdiyi, Borçalı əsilli Əşrəf xanımla görüşdürdüyü və nələr, nələr...
Ordan Elat Yurduna açılan qapı... “Borçalı” Cəmiyyətinin dünyaya yayılan “Elat Mədəniyyəti Günü”nə Seyid Məhəmmədin gəlişi və dünya türklərinin bir araya gəlişinə çox uğurlu bir addımın atılması bizləri biz eləməyə bir daha bağladı.
Və mənə elə gəlir ki, bütün nisgillərə son qoymaq üçün çağırışdan əməli işə keçməyin zamanı yetişib. Elə bu da Şəhriyarların, Bəxtiyar Vahabzadələrin, Süleyman Rüstəmlərin, Xəlil Rza Ulutürklərin ruhlarını rahatladar.

- Elə bu məqamda “Elat” barədə danışmaq yerinə düşər. Başkeçidin Armudlu yaylağında keçirilən “Elat Mədəniyyəti Günü” ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı oxucularımız üçün...

- Qiymət xanım, yenə çox həssas nöqtəyə toxundunuz. ELAT – üstünü toz almış murazımızın yenidən puçur töküb, çiçək açmasıdı.
Elat – “Borçalı Cəmiyyəti”nin və şəxsən Zəlimxan Məmmədli düşüncəsinin ən dəyərli məhsuludu. Dədələrin dədəsindən üzübəri yaylaq yerlərimizin yada salınması, Yurda baş əyilməsi, insanların öz vətənlərində yenidən boy boylaması nə deməkdi?! Bəlkə də son 100 ilin ən böyük Türk-Turan bayramıdı “Elat” bayramı!
Elat bizim and yerimiz, ibadət yerimiz, ən ulu ziyarət yerimizdi.
Bizi orda bir araya gətirən Zəlimxanın timsalında Haqqın özüdü. Ora qədəm basanlar aydan arı-sudan duru olur. İtirilən yaddaşına sahib olur. Orda insan donunda mələk olur hər kəs. Və nə mutlu ki, siz ordasınız həmişə. Mən ordayam. Bizdən olanlar ordadı. Üzü Elata gedənlər cənnətə gedənlərdi...

- Dinlə məni, qoca dünya,
Mən sənin öz lələn Türkəm!


– deyən şair üçün Türklük, Turançılıq anlamı nə deməkdir əslində?

- Türklük – Dəyərin dərki, Soyun anlayışı, Milli kimliyin ruhdan qana, qandan şüura – təfəkkürə yönləndirilib, düşüncədə nurlandırıldıqdan sonra mənəviyyatda təcəllasıdı.
Türklük – Allahın alnımızın yazısında imzaladığı gözəgörünməz kimlik vəsiqəmizdi.
Türklük – bir etnosdan daha çox bir bütövlüyün, bir tamlığın, bir qürurun simgəsidi.
Türklük – çox böyük imzadı.
Türklük – əfəndilikdi.
Nə mutlu “Türkəm” deyənə və Türklüyünü anlayana! Onlardan biri də mən:

Dağı-daşı yarıb gələn,
Xanimanlar qurub gələn,
Cahana hayqırıb gələn,
Aləmə səs salan Türkəm!


- Bayraq sizin üçün çox müqəddəsdir, bilirəm. Və bu yerdə neçə il öncə Kosovada türklüyümüzün simgəsi olan təndir çörəyini bayraq kimi başlar üzərinə qaldırdığınız o anları xatırladım...

- Nə yaxşı xatırladınız həmin hadisəni, Qiymət xanım! İnanın, hər dəfə xatırlayanda, göz yaşlarımı saxlaya bilmirəm. Hadisə belə olub: Kosovanın Priştina və Prizren şəhərlərində şeir şölənləri keçirilirdi. Borçalımızı təmsil eləmək mənim payıma düşmüşdü.
... Evdən çıxhaçıxda qohumum, dəyərli ziyalı Suddarxan müəllim bizə gəldi. Kürədən təzə çıxmış bir təndir əppəyi də gətirmişdi. Çörək o qədər göz oxşayırdı ki... Onu bütünlüklə yoluma götürməyi qərara aldım. Tiflisdən İstanbula, ordan da Priştinaya cəmi üç saata uçdum. Təyyarədən enən kimi düz tədbirə vardıq. 26 ölkənin ədəbiyyat adamları gəlmişdi. Tədbir başlamışdı artıq. Hər ölkədən gələn nümayəndə öz ölkəsinin bayrağı ilə səhnəyə çıxırdı. Mənə xəbər verdilər ki, üçüncü çıxışçı sən olacaqsan. Amma mən öz ölkəmin bayrağını aparmamışdım özümlə. Kosovanın baş bakanı, Türkiyənin neçə-neçə millət vəkili, ümumilikdə 180 civarında şair, alim, ictimai-siyasi xadim iştirak edirdi məclisdə.
Mənə söz verilməzdən öncə evdən apardığım o gözəl təndir əppəyini kağıza bükülmüş halda çıxacağım kürsünün siyirtməsinə qoydurdum.
... Və mənə söz verildi. Yavaşca bağlamanı aşağıda açdım. Əppəyi ikiəlli tutub başım üzərinə qaldırdım və dedim: “Mən bura bayraqsız gəlməmişəm. Bu əppək minillər öncəsindən ulu Türk diyarı olan Borçalı məmləkətində Türk ərənlərinin atının nalının izindən bitən buğdanın unundan bişən təndir əppəyidi. Bu əppəyi mənə o diyarda bir ana verdi və dedi ki, bütün Türk dünyasına səslən, onlara de ki, əgər Borçalı adında bir Türk diyarını unutsanız, bu əppək sizlərə qənim olsun!”
Bu sözlərdən bütün zal kükrədi! 180 adam təlatümə gəldi! Məndən sonra kürsüyə qalxan Qaziantepli millət vəkili Mehmet Erdoğan ağlaya-ağlaya konuşmada gec qaldığını, bir Borçalı Türkünün devrim (inqilab) yapdığını və öz bayrağını orda dalğalandırdığını söylədi.
Sonra hamının istəyiylə həmin təndir əppəyi 180 tikəyə bölündü və hər kəs öz qismətini öncə öpüb göz üstə qoydu və sonra yedi.
Daha sonra həmin 180 adamın dəyərləndirməsinə görə, Borçalı mahalından gəlmiş təndir əppəyi “Dünyanın ən bahalı çörəyi” elan olunaraq mükafatlandırıldı.

- Hara getsəniz, harda olsanız, lap dünyanı fəth etsəniz belə, hər zaman maqnit kimi sizi öz qoynuna çəkən bir yurd var – Borçalı! Bir ocaq var – Keşəli Dərviş Osmanın müqəddəs ailəsi, xoş günlərinin, ağır, əzablı günlərinin ortağı, yol yoldaşı Güldərən xanım və bir-birindən ağıllı, sayğılı, saf əqidəli övladlarınız! Bir qədər də bu barədə danışaydınız...

OSMAN ƏHMƏDOĞLU:   “Onun toruna düşdüyümə və bir ömür o torda qalmağıma görə, Allahıma çox-çox şükranlarım var...”

- Mən Turan oğluyam! Bəlkə də bu, gülməli görünər bəzilərinə. Fəqət, nə mutlu ki, siz məni olduğu kimi görünən və göründüyü kimi olan gözlə görənsiniz. Bu – doğru! Amma bir Yurd sevdası da var, axı! Və anlayan hər kəs böyük Füzuli demiş: “... Bu sevdadan usanmazmı?!”
Borçalı adında alın yazım mənim həyatımın “Adəmindən Xatəminə” ilk və son nöqtəsidir. Mən özümü o yurdun mayasınnan rişələnən və boy atan, kökü minillərin dərin qatlarınnan boylanan qosqoca bir palıdı hesab eləyirəm. Onu tufan yıxmaz, zəlzələ məhv eləyə bilməz.
Borçalı həm atadı, həm anadı, həm övladdı, həm beşikdi, həm axirət yerimdi. Aclığımı, susuzluğumu o yurdun qüruruyla rahatlatmışam. Borçalının bu başınnan o başına – aranınnan yaylağına, qarlı qışınnan güllü yazına hər şeyi mənə mən qədər əzizdi. Və o Yurd adlı can içində canımın bir qolu da Babakişioğulları nəslinin yaşadığı Keşəli şenniyidi. Dədəm-babam orda yaşamış və mənim indiki nəslim orda bərqərardı.

OSMAN ƏHMƏDOĞLU:   “Onun toruna düşdüyümə və bir ömür o torda qalmağıma görə, Allahıma çox-çox şükranlarım var...”

Altı övladımız olub, ikisi körpə ikən dünyasını dəyişib. Allah canlarına dəyməsin, 4 övladımla – Savalanla, Qoşqarla, Alpayla, Tamamla (anam qara Tamamın adını vermişəm qızıma), hələlik 13 nəvəmlə və 4 övladın anası və 13 nəvənin nənəsi, ən başlıcası isə Dərviş Osman nəslinin bel sütunu, arxam-dayağım Güldərənlə bir ocağın işığında yaşayırıq. Ailə sevgisi başımın tacıdı, əlbəttə! Və... bir də Dəli Kür eşqim, Anaxatır sevdam yaşadır məni!
Və bu iki nehrin məhz Borçalıda bir-birinə qovuşmasına mən Turan sevdasının vüsala çatması kimi baxıram. Son nəfəsimdə “Borçalı!” deyənəm, “Turan!” deyənəm, “Anaxatır-Kür!” deyənəm!

- Ailədən ki söz düşdü, bir qədər nəsil-şəcərəyə də yön çevirək. Dədəniz Dərviş Osman (Cındır Osman), atanız Dəmirçi Əhməd, ananız Qara Tamamı xatırlayaq bir az da...

- Dərvişlik bir Haqq payı, Allah sevgisidi. Dərvişlik paklıqdı, sevgisində, sədaqətində dönməzlikdi. Dərvişlik ruhanilikdi, piranilikdi. O bizə verilən ən dəyərli mirasdı. Dədəm Dərviş Osman – Haqq aşiqi Cındır Osman XIX yüzilin ikinci yarısında və XX əsrin birinci yarısında pir dəlisi, peyğəmbər aşiqi, saflıq simgəsi olub. Ömrünü nəqşibəndilik təriqəti yolunda nisar eyləyib. Həzrəti pirimiz olan, “Divani Şərif”, “Nigarnamə” adlı divanlar müəllifi – böyük ustad Mir Həmzə Seyid Nigarinin müridi olub. Bir ömür onun müridi, çıraqtutanı kimi bu gün də adı böyük ehtiramla anılır. Azərbaycanın xalq şairi Nəriman Həsənzadə “Seyid Nigari türbəsi” poemasının V fəslini dədəm Dərviş Osmana – Cındır Osmana həsr eləyib.
Dədəm Həzrəti Pirin bütün “Divani Şərif”ini özünəməxsus ritmlə əzbərdən söylər və o ahənglə də Dərbənd, Şəki, Qazax, Borçalı, Kars və Amasyada at sürərmiş. Atam Dəmirçi Əhməd bütün ömrünü Haqq yoluna, din-iman yoluna bağlamış bir irfan adamı olmuşdur.
Qazaxın İncə dərəsində Hacı Mahmud Əfəndi (Hajəfəndi) türbəsini öz xərciylə ötən əsrin 70-ci illərində təmir elətdirib. Laçın bölgəsində Haqq aşığı Sarı aşığın qəbri üstündə türbə tikdirmiş və ona görə də xeyli cəza almışdı.
O zamanlar Laçında II katib işləyən Fatma Aslanbəyli olmasaydı, Dəmirçi Əhməd bəlkə də zindandan qurtara bilməzdi.
Qaldı analar anası – anam Qara Tamam... Dili bayatılı, nağıllı anam... Ondan nə deyə billəm ki, tək başdaşına yazdığım şeirdən ikicə misradan başqa?! –

... Yanında yer saxla mənə,
Torpaq, anam amanatı!...


- Haqqınızda “Bu Yerlərin öz Osmanı burdadı” kitabı yazılıb. Məncə, siz elə bir insan, elə bir şəxsiyyət, elə bir şairsiniz ki, hər anınız dastanlaşa, əfsanələşə bilər...

- Həə, Qiymət xanım, rəhmətlik Sabit Rəhman deyərdi: “Bir var, deyəsən tamaşa göstərilən salon yarıya qədər doluydu! Bir də var ki, deyəsən, əşi, salon yarıyacan boşuydu...”
Siz mənim yarıya qədər doluluğumu elə vurğulayırsınız ki, eşidən doludan da dolu görür məni. Bu, təqdimatdan asılıdı. “Bu Yerlərin öz Osmanı burdadı” da mənim təqdimatımdı. Sağ olsun Firidun Şamiloğlunu. Və mənim məndən içəri bir “mən”imi mənim özümdən də bir mən qədər öndə görən müsahibim Qiymət xanıma mərhaba! Və... doğrudan da:

“Hər kimsə Nəsimi sözünü fəhm edə bilməz,
O, quş dilidir, onu Süleyman bilir ancaq!...”


Sizin müqəddəs qələminizin və uca könlünüzün məhsulu olan bu söhbət özü də bir dastan kimidi. Düzüb-qoşanı, oxuyub-anlayanı mən bilən kimi zərgər olsa...

- Osman müəllim, maraqlı söhbətə görə, sizə oxucular adından minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Ruhunuz həmişə belə diri, təbiniz yüyrək, 70-niz də 100 olsun, inşallah!

Söhbətləşdi: Qiymət MƏHƏRRƏMLİ

OSMAN ƏHMƏDOĞLU: “Onun toruna düşdüyümə və bir ömür o torda qalmağıma görə, Allahıma çox-çox şükranlarım var...”

  • 10-01-2019, 15:51
  • 280


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Axı bu ayrıseçkilik qoxan cümlələr bir aydının qələmindən necə çıxa bilər?!
  2. Baxış Nağıyevin Gədəbəydən göndərdiyi adamı Jurnalisti ölümlə hədələdi
  3. Rusiyalı ekspert: "Rəsmi Moskva İrəvana təzyiqini artırır"
  4. Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı
  5. İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək
  6. Bir karyeranın sirri – Və yaxud Cavid Qurbanovun yaratdığı möcüzələr…
  7. Elan- İtdiyi üçün etibarsız sayılır
  8. Nazirlik yayılan məlumatları təkzib etmədi
  9. BAKI VAQON DEPOSUNUN RƏİSİ İPƏ-SAPA YATMAYAN BƏLƏDÇİLƏRƏ «ƏXLAQSIZLIQ DAMĞASI» VURUR?
  10. Rusiyada toqquşan qırıcı təyyarələrin pilotları sağ tapıldı - Yenilənib
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI