AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
Həsən bəy Zərdabi dünyəvi elmləri öyrənməyin, yeni məktəblərin açılmasının vacibliyini vurğulamaqla yanaşı, İslamın əsil mahiyyətinə zidd mərasimlərin keçirilməsinə qarşı çıxmışdır. Onun fikrincə, islama aid olmayan mərasimlərin keçirilməsi millətin inkişafının qarşısını alır. Məsələn, Zərdabi məhərrəmlik, Aşura günü ilə bağlı yazırdı ki, bu mərasimi baş yarıb, zəncir vurub qan çıxartmaqla keçirmək İslama və şəriətə ziddir. Onun fikrincə, İslamda belə ağla zidd qanunlar olmamış, bütün bunlar sonralar meydana çıxmışdır: «Neçə il bundan əqdəm bir şəxs təsəvvür edib ki, insan ağ kəfən və qan görəndə ziyadə riqqət bəhəm edib ağlar. Bu mülahizə ilə bir neçə nəfər başların tiği-dəllak ilə 4-5 yerdən cızıb, boyunlarına ağ kəfən salıb, sinəzənlik ilə təkaya və məsaciddə bu lisan ilə növbə ediblər ki, kaş aşura günü biz o aləmdə olaydıq və boynumuza kəfən salıb, qanımızı imam yolunda tökəydik».
Beləliklə, əlinə qəmə, qılınc alıb öz başını çarpmaq hünər və iftixar, qəhrəmanlıq və cürətkarlıq hesab olunduğu üçün, onun fikrincə, indi düşünmək lazımdır məhərrəmlikdə bu cür hərəkətlər etmək qəhrəmanlıq və cürətkarlıq, yoxsa nadanlıq və avamlıqdır. O, özü belə nəticəyə gəlir ki, heç bir elmli və savadlı müsəlman məhərrəmlikdə bu cür hərəkətlərə yol verib İmam Hüseynin (ə) şəhadətinə xələl gətirə bilməz. Çünki belə hallar ağla uyğun olmadığı kimi, islam qayda-qanunları baxımından da haramdır. Zərdabi yazırdı: «Bu qism təziyədarlıq şəriətdə varid olmadığına daxili-bidətdir və bidət haramdır. Hökmi-şər budur ki, hər əməli-müstəhəbə iqdam etmək feli-haram, ya tərki-vacibə bais ola, o müstəhəb əməlin özün tərk etmək vacib olur. Necə ki, insan heç vəch ilə bir qeyri adama əziyyət edə bilməz, həmçinin öz bədəninə betəriqi-ovla əziyyət edə bilməz və əgər etsə, gərək hakim ona tənbeh eləsin». Bu baxımdan insan öz bədəninə də əziyyət verməməlidir və əgər verirsə islami baxımdan da doğru deyildir. Bu mənada Zərdabi hesab edirdi ki, məhərrəmliyi bu cür həyata keçirməklə müsəlmanlar özlərini başqa xalqların yanında rüsvay edirlər. Onun fikrincə, alimlərin və hakimlərin öz bədənlərinə zərər yetirənlərə göz yumması isə təəccüblüdür.
Zərdabi hesab edirdi ki, indiki zəmanə müasirləşmək zəmanəsidir. Bu baxımdan digər dünya millətləri kimi müsəlman millətləri, o cümlədən Qafqaz-Azərbaycan türkləri də zamanla ayaqlaşmalı, köhnəpərəst düşüncə və adət-ənənələrdən əl çəkməlidir. O, bu yolda «Əkinçi»ni özünə ən yaxın silahdaş kimi görmüş və onu tənqid edənlərə cavab yazmışdır. O yazır: ««Əkinçi» bir nasehi-müşfiqdir ki, deyir, qardaş, hünəriyyat və kəmalat toxumu əkin ki, izzəti-dövlət səmərə götürəsiniz. «Əkinçi» bir vaizidir ki, bizi əbdandarlıq elmlərinə vəz və təhrik edir. «Əkinçi» bir nəfsi-ləvvamə ki, bizi yamanlıqdan məlamət edir ki, yaxşılıq tərəfinə gedək… «Əkinçi» bir aynadır ki, bizə lillət və miskənət eyiblərin nümayan edir və izzət və tərəqqi hüsnlərini cilvəyə verir…».
Zərdabiyə hakim kəsilən islahatçılıq və milli maarifçilıik onun «Əkinçi»də yazdığı hər bir məqaləsində özünu büruzə verir. Zərdabi «Əkinçi»nin yolunun yalnız və yalnız milli bir yol olduğu¬nu, Qafqaz müsəlman türklərinin də bir millət olduğunu və baş¬qa bir millətlərlə eyni sırada addımlamağa haqqı olduğunu ortaya qoyurdu. Bu baxımdan ziyalı milli oyanış naminə bütün səyləri ilə elm öyrənməyin, təhsil almağın vacibliyini soydaşlarının nəzərinə çatdırırdı: ««Əkinçi» qəzeti deyir ki, zəmanəmiz dəyişilib. İndi elm təhsil etmək gərək. Ona görə də, lazımdır elm kitabları gətirdib öz dilimizdə elm öyrən¬mək».
Zərdabi soydaşlarını inandırmağa çalışırdı ki, elm öyrən¬¬mək, qəzet oxumaq, məktəbə getmək insana onun təmsil olunduğu milləti yaxşı tanımaq, dilini daha yax¬şı öyrənmək üçün şərait yaradır: ««Əkinçi» qəzeti deyir ki, qəzet və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir, məzhəbinə qaim edir. Ona görə də, bütün millətlər səy edib qəzet və jurnallar çap etdirirlər ki, qeyri millət¬lər arasında payimal olmasınlar…». Zər¬da¬bi¬yə görə, dini və dünyəvi elmləri bir məktəbdə, bir müəllim¬dən öyrənmək isə doğru deyil, bu keçmiş zəmanənin qay¬da¬sı¬dır, zəmanə dəyişdiyinə görə bu qayda da dəyişməlidir. Başqa tərəfdən isə məktəblərdə əsasən dini elmlər öyrədilir, dünyəvi elmlərə isə maraq azdır, yaxud ümumiyyətlə fikir verilmir: «Elmi-əbdanı ya heç oxutmuruq ya oxutsaq da ona elə səy etmirik. Amma təqazayi-zəmanəyə görə və millə¬tin pişrəvindən ötrü lazımdır ki, biz də qeyri millətlər kimi elmi-əbdanı elmi-ədyandan ayırıb, onun üçün qeyri mək¬təbxana bina edib, qeyri müəllimlər təyin edək. Belə də həm mollamız molla, həmi hükəmamız hükəma olub, hər bir elm tərəqqi edər, yoxsa bu halda olan kimi hər iki elmin dalınca birdən düşdüyümüzə onların hər ikisindən avara oluruq. Biz ərz elədiyimiz məktəbxana bizim məktəbxana deyil ki, ora¬da başımıza qapaz vurub, ayağımızı falaqqaya salıb, adab, təharət, qüsl və qeyrə öyrədirlər. Amma elmi-əbdan mək¬təb¬xa¬nəsidir ki, onları təzədən bina etmək gərək». Zər¬dabi dünyəvi elmlərin öyrənilməsi üçün, yeni üsullu mək-təblərin açılması məsələsini irəli sürməkdə tamamilə haqlı idi. O, yaxşı başa düşürdü ki, millətin oyanışı üçün qəzet nə qədər əlverişli təbliğat vasitəsi olsa da, dünyəvi məktəblər bina edilmədən savadlı, millət təəssübü çəkən, milləti birliyə aparan nəslin yetişməsi çətin olacaq. Ona görə də, Zərdabi yeni məktəblərin açılması məsələsində də fəal iştirak et¬miş¬dir.
Bu dövrdə çar Rusiyası icazə verirdi ki, imperiya ərazisində iki cür məktəb açılsın: rus dilində və yerli-milli dildə. Zərdabi qeyd edir ki, ermənilər də bundan istifadə edib daha çox öz dillərində məktəb açırlar. Ancaq türklər arasında belə məktəblər açmaq mümkün deyil, çünki nə elm oxumuş müəllimlər, nə də elmi kitablar var: «Bəs bu halda bizim müsəlmanlardan məktəbxana açan gərək əvvəlinci qisim məktəbxana açsın ki, hər elm rus dilində oxunsun. Lakin belə məktəbxana açan gərək yaddan çıxarmasın ki, gələcəkdə gərək bizdə adam olaq və hər bir elmi öz dilimizdə oxudaq. Ona görə də, indi açılan məktəbxanalarda öz dilimizi oxutmaq nəinki lazımdır, bəlkə vacibraqdır».
Qeyd edək ki, H.Zərdabinin «Əkinçi» qəzetində elm öyrənmək və dünyəvi məktəblərin açılması ilə bağlı tez-tez səsləndirdiyi fikirlər M.F.Axundzadə tərəfindən birmənalı qarşı¬lan¬¬mamışdı. Axundzadə bu məsələ ilə bağlı yazır ki, Zərdabinin bu fikirlərindən bir nəticə hasil olmayacaq: «Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səmərəsini zikr edib, bizə hey təklif edirsən elm öyrənin, elm öyrənin!… Bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək. Əgər şəhərlərdə öyrənək məktəbxanalar yoxdur. Əgər külli-şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı. Hansı istitaətlə (bacarıqla, iqtidarla – F.Ə.)? Bərfərz ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərdə bilən müəllim yoxdur və bu dillərdə elm kitabları yoxdur». M.F.Axundzadəyə görə, milli məktəblərin açıla bilməməsi ilə bağlı ən vacib məsələ, müsəlmanlar arasında birliyin və hər hansı bir ideya xəttinin olmamasıdır: «Elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvala, istitaətimiz yoxdur, səbəbini izah etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqazda sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünni. Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz, ittifaq hara¬dan olsun? Vəsiləmiz dəxi yoxdur».
Axundzadənin bu fikirləri ilə razılaşmayan Zərdabi ona cavab olaraq yazır: «Əlhəqq bizim zəmanədə elmsiz qalan millət mürür ilə puç olmağı məlum və aşkardır. Əgər elm təhsil etmək üçün istitaət, ittifaq, vəsilə gərək imiş və bunların heç birisi biz müsəlman tayfasında yox imiş və ola bilməz imiş, belə də sizin kağız bəzi elm təhsil edənlərin sözünü təsdiq edir ki, deyirlər gələcəkdə müsəlman milləti dəxi ziyadə bisəmərə olacaq… əvvəlinci cavabımda ərz edi¬rəm ki, iş həqiqət belə deyil. Elm təhsil eləmək biz Qafqaz müsəlmanları üçün elə düşvar deyil ki, siz buyurursunuz». Zərdabi Axundzadəyə bildirmək istəyir ki, bu gün Qafqaz müsəlmanlarının elm öyrənib, yeni məktəblər aç-maq¬dan başqa çarəsi yoxdur və müsəlmanlar arasında birliyin olmamasına səbəb də elmsizlikdəndir. O yazır: «Bizə ki, göydən kömək gəlməyəcək, əgər səmərəsiz olmaqdan özü¬mü¬zü mühafizə etmək istəyirik, qəflətdə olmaq nə lazım. Yəqin deyəcəksiniz ki, ittifaqımız yoxdur, sünni, şiə sözü bu¬na mane olur. Əzizim, bizim zəmanədə və bizim vilayə¬ti¬miz¬də sünni, şiə sözü məhz anlamaz ağzında qalıb. Mənim dostum, halva demək ilə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çırmalayıb meydana daxil olun ki, bəlkə zikr olan xəyal əmələ gəlsin, yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz». Bizcə, Zərdabi bu fikirlərində daha çox haqlı idi. Xüsusilə Axundzadənin əlifba islahatının həyata keçirilməsinin mümkünsüz olduğu bir zamanda Zərdabinin dini və dünyəvi elmlər məsələsini müza¬ki¬rə obyekti edib, üstünlüyü sonuncuya verməsi, eləcə də mü¬səl¬manlar üçün yeni və milli məktəblərin açılmasını istəməsi daha gerçək və məqsədəuyğun idi.
Bu baxımdan ərəb əlifbası məsələsində Axundzadə ilə həmrəy olduğunu bildirməklə yanaşı, Zərdabi hesab edirdi ki, bu məsələdə də çıxış yolu vardır. Belə ki, məktəblər elm almağın ibtidası for-masında olmalı, sonralar isə oranı biti¬rənlər qəzet, jurnallar vasitəsilə biliyini artır¬malıdır. Çünki Zər-dabi anlayırdı ki, ərəb əifbasında inqilabi şəkildə islahatlar aparmaq baş tutası məsələ deyil, bunu yalnız tədri¬cən, müəyyən bir zaman kəsiyində həyata keçirmək olar. Əlbəttə, Zərdabi də Axundzadə kimi eyni mühitdə ya¬şayır, müstəmləkəçilik zülmünün və ruhani nüfuzunun güclü olduğu dövrdə xalqın həyatında önəmli olan sahələrdə islahatlar həyata keçirməyin çətinliyini yaxşı başa düşürdü. Bütün hallarda Zərdabinin Axundzadədən fərqli olaraq tutdu¬ğu yol, yəni xalqın maariflənməsi, yeni və milli mək¬təb¬lər¬də təhsil alması üçün irəli sürdüyü fikirlər daha məqbul idi.