“Mətanət A” şirkətinin rəhbərliyindən 20 Yanvar şəhidlərinə inanılmaz sayqısızlıq - ŞİKAYƏT

566 1-02-2019, 11:20 cemiyyet

“Mətanət A” şirkətinin rəhbərliyindən 20 Yanvar şəhidlərinə inanılmaz sayqısızlıq - ŞİKAYƏT"Mətanət A” şirkətinin bir qrup işçisi rəhbərliyin 20 Yanvar şəhidlərini ziyarətə icazə vermədiyini iddia edir.

Xeberdar.net bildirir ki, AFN.az-a bu barədə işçilər adından daxil olan məlumatda bildirilir ki, şirkətin hazır məhsul anbarlarında işləyən fəhlələr işdən bir neçə saatlıq icazə istəyərək Şəhidlər Xiyabanına ziyarətə getmək arzusunda olsalar da, buna icazə verilməyib: "Anbardar rəhbərliklə əlaqə saxlayandan sonra bildirdi ki, cənab Elxan Bəşirovun göstərişi var, heç kimə icazə verilməsin, çünki şirkət prezidenti 20 Yanvar şəhidlərini şəhid saymır. Biz buna inana bilmədik, təkrar əlaqə saxlamasını xahiş etdik. Bizim yanımızda anbardar Elxan Bəşirovun köməkçisi ilə əlaqə yaratdı, o da bildirdi ki, Elxan müəllimin və qardaşı Fuad Bəşirovun qəti göstərişi var ki, heç kim iş yerini tərk etməsin, Şəhidlər Xiyabanına getmək istəyən ərizəsini yazsın, yoxsa maddə ilə işdən çıxarılacaq. Bu düşüncədə olan adam necə olur ki, şəhidlərin qanı ilə suvanmış torpaqda iş qurub var-dövlət qazanır, hələ üstəlik, deputat olmaq istəyir?” Qeyd edək ki, redaksiyamıza daxil olan məlumatda şikayətçi fəhlələrin ad və soyadları yazılıb, lakin biz hələlik onların kimliyini açıqlamamağı üstün tutduq.

Məsələ ilə bağlı "Mətanət-A” şirkətinin mətbuat xidmətindən münasibət öyrəndik. Şirkət sözçüsü bildirdi ki, bu, yalan məlumatdır: "Əksinə, rəhbərlik və işçilər Şəhidlər Xiyabanını ziyarət ediblər. Hətta ziyarətə gedənlərə nəqliyyat da ayrılıb. Biz bu barədə press-reliz hazırlayıb yaymışıq, saytımızda da var. Əvvəlcədən də daxili e-mail ilə bütün işçilərə xəbərdarlıq edilmişdi ki, kim istəyir ziyarətə gedə bilər”.

Qeyd edək ki, "Mətanət-A” şirkəti İdarə Heyətinin sədri Elxan Bəşirov bir neçə gün öncə vəzifəsindən istefa verərək yerini qardaşı Fuad Bəşirova dövr edib. O, hazırda şirkətin Müşahidə Şurasının sədridir. E.Bəşirovun növbəti parlament seçkilərində namizədliyini verəcəyi haqda iddialar da var.

XƏBƏR LENTİ