Şahbuzda başçının müavini sakinləri cana doyurub... - İDDİA

1 073 4-02-2019, 12:58 gundem

Şahbuzda başçının müavini sakinləri cana doyurub... - İDDİADövlətimizin başçısı bütün çıxışlarında qeyd edir ki, insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə, məmur-vətəndaş münasibətlərinin xüsusi yer tutduğunu da vurğulayır: "Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır – özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə, dediyim kimi olmalıdır.

Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də, göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır”.

Əfsuslar olsun ki, bəzi vəzifə sahibləri dövlət başçısının yuxarıda göstərdiyi düz yolla getmir, onun iradəsinə zidd xoşagəlməz əməllər torətməklə, yürütdüyü hərtərəfli uğurlu siyasətə kölgə salırlar. Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərlə zəngin dilbər guşələrindən biri olan Şahbuz rayonunun sakinləri də, məmur özbaşınalıqlarından əziyyət çəkənlər sırasındadırlar. Onlar, sözün həqiqi mənasında, olmazın məmur əziyyəti ilə üzləşirlər. Bəd əməllərlə insan hissləriylə oynayan, onları “sındıran” belə məmurların önündə gedənlərdən biri də, rayon icra başçısının müavini Tural Quliyevdir. Özü də, ozünü başqalarından fərqləndirməyə çalışanlardan, gözlərini xalqdan gizlədən, bu məqsədlə qara eynək taxanlardandır. Ondan qorxanlar dalınca “Dördgöz” deyirlər.

“Dördgöz"ün qanunsuz "qəti" göstərişləriylə, insanları xofda, qorxu içərisində yaşadırlar ona tabe olan digər iradəsiz məmurlar. Məqsədli surətdə evlərə, həyətlərə icazəsiz, yerli-yersiz təxminən on dövlət qurumunun əlliyə yaxın əməkdaşı daxil olur. Beləcə, rayon camaatı heç bir əsas olmadan sıxışdırılır. Tural Quliyev haqq səsini ucaldanları, konustitusyon hüquqlarını tələb edənləri yerindəcə döydürtməkdən, onları sutkaliq həbsə atdırmaqdan belə çəkinmir. Etdiyi qanunsuzluqların da adını belə qoyur ki, guya, "filankəs dövlətə qarşı çıxır, sədrin göstərişlərini pozur”. Bu kimi əsassız, sərsəm "sığorta sözlərlə" törətdiyi qanunsuz əmməllərinə “don geydirən" başçı müavini haqqında rayon camaatı nələr danışmır?!.

Vay o günə ki, vətəndaş Naxçıvan Ali Məclisinə şikayətə gedə və ya onun elektron ünvanına başına gətirilənlər barədə hansısa şikayət xarakterli müraciət yaza! Elə, həmin gün, şikayətçi vətəndaşın başına "od ələnir". Naxçıvana şikayətə gedən, qayıdanda Şahbuza qalxan həmin sakin, “Vayxır” deyilən dik ərazidə Turalın Quliyevin qeyri-rəsmi əmriyə saxlanılır. Elə, buradaca, şikayətə getdiyi üçün, dəhşətli işgəncələrə məruz qalır.

İradəcə olduqca zəif olan Şahbuzun icra başçısı Rafael Babayevi barmağına dolayan onun bu müavininin pis əməllərinin səsi hər gün çıxmaqdadır. Ən pisi odur ki, Ali Məclisin adından istifadə edərək, rayon camaatını əzdirir bu harın, yekəxana kreslo sahibi. Etdikləri adı əməlləri də, qanuna, kitaba sığan deyil. Məsələn, mal-qara saxlayanlara bərk-bərk tapşırtdırır ki, heyvanlarını otlağa elə aparsınlar ki, biçarə mal-qara yolu “batırmasın”. Və ya, dam-tövlə sahibi içəridən çıxan peyini həyətə tökməsin və sairə, və ilaxır. Daha bir qəribəlik: Əgər hansısa inzibati binanın açılışında Vasif Talıbov əhalini incitmədən, kompensasiya ödəyərək, üç metr yolu genişləndirməyi şifahi şəkildə tövsiyə edirsə, Rafel Babayevlə Tural Quliyev, “ağına-bozuna baxmadan", həmin ərazinı darmadağın etdirir, bir manat da kompensasiya ödəmir, narazılıq edəni isə, sürütdürərək, polis məntəqəsinə apartdırır.

Əslində, Vasif Talıbovun naxçıvanlıları sevdiyini, bu sayaq cılız işlərlə məşğul olmadığını və heç buna vaxtı belə çatmadığını hər kəs gözəl bilir. Lakin sonda Tural Quliyevin Ali Məclis rəhbərliyini inandıra biləcəyindən tam əmin olan sakinlər, qorxudan "dillərini qarınlarında saxlayırlar". Məhz, buna görə, rayonda hər kəs pıçıltı ilə danışır. Sanki 1937-ci ildir, Şahbuzda hələ də repressiya hökm sürür.

Bu yerdə, narahatçılıq doğuran başqa bir məsələyə də toxunmağı vacib bildik. Hamı deyir ki, rayonun bütün idarə, müəssisə, təşkilat müdirləri Tural Quliyevin “şinelindən çıxıblar". Elə, buna görədir ki, rayon Su İdarəsinin rəisi, Təhsil Şöbəsinin müdiri, Uşaq Baxçasının müdirəsi, xələfi olan İşıq İdarəsinin rəisi və sair onlarla idarə rəhbəri, şəxsən onun göstəriş və himayəsi altında, qorxub-cəkinmədən camaatı soyurlar. Üstəlik, müxtəlif ağlagəlməz bəhanələrlə, yuxarıların adından sui-istifadə etməklə, “gəncləşdirmə siyasəti pərdəsi altında"... öz xeyirlərinə yararlanırlar. Tural Quliyev ali məktəbləri güc-bəla, birtəhər bitirən, diplomları toz içində yatan, bir il belə iş təcrübəsi olmayan “məzunları” da vəzifəyə təyin etdirir. Təbii ki, başçı Rafael Babayevin imzası ilə. Vətəndaş-məmur münasibətlərindən, etik davranışlardan bixəbər olan bu gənc, təcrübəsiz "kadrlar” da, Tural adlı “allahlarına” güvənərək, sakinləri “gözlərini qırpmadan” incidirlər. Bəzən, düşmən blokadasında olan bu əyalətin ev sahiblərinin də, komunal haqq-hesab sayğaclarına, çirkin niyyətlə “barmaq edilir". Allah göstərməsin, yazıq, biçarə ailə başçısının qara günləri də, elə, bundan sonra başlayır. Qurumlar bunu “müəyyən” etdikdə, abonentlər yaxşıca döyülür, yeddi sutka qeyri-rəsmi həbs edilirlər. Həbsdən sonra da, bir-iki min manat sələmə pul götürərək, sayğac aid olan qurumun rəhbərinə verirlər ki, onları daha incitməyib, əl çəksinlər onlardan. Həmin məmurlar da, bu “şirinlikləri” ağaları Turala çatdırırlar...

Onu da qeyd edək ki, rayon ictimaiyyəti, o cümlədən dövlət işində çalışanlar hər şənbə günü “iməcilikdə” olurlar. Ancaq onlar dövlətin nəfinə deyil, şəxsi məqsədlər üçün istismar edilirlər. Misal üçün, başçının, Tural Quliyevin fermalarının içini və həyətini təmizləyir, restoranlarının böyür-başına sal daşlar döşəyir və sair işlər görürlər. Hətta iş o yerə çatır ki, iməciliyə gedən insanlar, Allah-təaladan yağış yağdırmasını yalvarışla xahiş edirlər ki, bəlkə Tural Quliyev və Rafael Babayev islanmaqdan “qorxub”, həmin şənbə günü onların o ağır işdə işləmələrinə əmr verməsinlər.

Bəs, görəsən, bu əzazil, sakinlərə bu boyda divan tutmaq "səlahiyyəti olan Tural Quliyev kimdir?! Deyək, oxucularımız da bilsinlər bu “dəli oğlanın” kimliyini. Qərəzsiz-filansız, şər-şəbatasız deyirik ki, o, o vaxtlar Ulu Öndər Heydər Əliyevə qarşı çıxan, onun yürütdüyü siyasətə qara yaxan məşhur müxalifətçi Qeyrət Quliyevin əmisi oğludur. Müxalifətçi əmisi oğlundan "dərin tərbiyə" alıb, onun tövsiyələri ilə böyüyüb. Yəqin ki, camaatdan da, elə, bunun qisasını alır. Məgər, adi bir vətəndaş günahkardırmı ki, Qeyrət Quliyev doğulduğu Naxçıvana, onun düşünən beyni hesab edilən Heydər Əliyevə ağ olub?! Bəs, görəsən, Muxtar Respublikanın hörmətli rəhbərləri, Tural Quliyevin onların adından bəhrələndiyini bilmirlər?! Əgər bilirlərsə, o zaman nədən, o, “əl quzusu” kimi bəslənir?!.

Bu və bu kimi narahatedici çox qəribə suallar gecə-gündüz hədsiz düşündürür şahbuzluları. Düşündurücü bu sualların cavablarını tapmaq üçün, araşdırmalarımızı davam etdiririk. Tural Quliyevin Şahbuz rayon İşıq İdarəsinin rəisi olanda, hər ay əhalidən yığılmış işıq pulundan yüksək məbləğləri necə mənimsədiyi də, bu sualların cavabını tapmağa ağırlıq gətirir. Olduqca düşündürücü olduğu üçün, araşdırma yazılarımızı izləyin. \\gundemxeber.az\\

XƏBƏR LENTİ