CANLI ƏFSANƏ İZZƏT RÜSTƏMOV (I yazı)

1 309 9-02-2019, 14:41 kose / siyaset

CANLI  ƏFSANƏ  İZZƏT  RÜSTƏMOV   (I yazı)
Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu, Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl Maarif Xadimi.


XX əsr Azərbaycanın ictimai, siyasi və fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisi sahəsində fəlsəfə elmləri doktoru, professor, Şöhrət ordenli filosof İzzət Rüstəmovun gərgin əməyini, böyük zəhmətini qiymətləndirməmək ədalətsizlik olardı.
Gənclik illərinin enerjisini, gözlərinin nurunu, bütün həyatını elmin bu sahəsinə həsr edən və indi də böyük əzmlə çalışmaqda olan İzzət Rüstəmov mənalı və şərəfli bir ömür yolu keçmişdir. İzzət müəllim 1932-ci ilin 15 fevralında Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. 1949-cu ildə Gədəbəy rayonunun Çay- Rəsullu kəndində orta məktəbi “Qızıl medalla” bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin (İndiki BDU-nun) Tarix fakültəsi nəzdində Fəlsəfə şöbəsinə daxil olmuş və 1954-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1954-1959-cu illərdə Universitetin Fəlsəfə kafedrasında laborant işləyib. 1954-1955-ci ildə ona “Fəlsəfə tarixi”, “Dialektik materialuizm” və “Tarixi materializm” fənlərindən mühazirə dərslərini aparmaq məsləhət görülüb. Elə həmin illərdə namizədlik imtahanlarını əla qiymətlərlə başa vurub.
1961-ci ilin aprel ayında “Həsən bəy Zərdabinin ictimai, siyasi və fəlsəfi görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1973-1975-ci illərdə Azərbaycan Dövlət Universitetində Azad partiya komitəsinin katibi işləmişdir. 1972-ci il mart ayının 1-də “X1X əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi biliyini inkişafının fəlsəfi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Moskva Dövlət Universiteti fəlsəfə fakültəsinin professoru, görkəmli alim Şeydabəy Fərəc oğlu Məmmədov İzzət Rüstəmovun elmi məsləhətçisi idi. Yeri gəlmişkən, xatırladaq ki, İzzət müəllimin dissertasiyası Moskva ekspertləri tərəfindən yüksək qiymətləmdirilmişdir. İzzət Rüstəmov indiyə qədər yüzdən artıq namizədlik və doktorluq dissertasiyalarının elmi opponenti olmuşdur.
İlk dəfə olaraq İzzət Rüstəmiv A.A.Bakıxanovun “Əsraül-mələkut” və “Kəşfül-Qəraib” əsərlərinin dərin təhlilini vermiş, onun digər elmi əsərlərinə də müraciət etmişdir. İzzət müəllim A.A.Bakıxanovun “Əsrarül-mələkut” əsərinin Türkiyədə vaxtilə edilmiş tərcüməsini ( “Əfkarül-Cəbərut” adı ilə) aşkara çıxararaq öz tədqiqatına daxil etmişdir. İzzət müəllimin təhlilində A.A.Bakıxanov görkəmli təbiətşünas alim və filosof kimi təqdim edilir. Onun elmi tədqiqatları böyük alim, akademik Heydər Hüseynovun Azərbaycan ictimai-fəlsəfi fikir tarixinə dair çox yüksəık qiymətə layiq əsərlərindən sonra özünün xüsusi sanbalı, orijinallığı və yeniliyi ilə fərqlənir.
İzzət Rüstəmov 1984-1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Fəlsəfə kafedrasının müdiri, 1987-ci ilin mart ayından 1988-ci ilin iyun ayına qədər Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini işləmişdir.
1994-cü ilin dekabr ayından 1999-cu ilin yanvar ayınadək Azərbaycan Respublikası Baş Nazirinin humanitar işlər üzrə müavini işləmiş, “Büynəlxalq texniki və humanitar yardım üzrə Dövlət Komissiyasının “, “ 20 yanvar faciəsinin ildönümü üzrə”Hökumət Komissiyasının” Sədri olmuşdur. Baş Nazirin müavini işlədiyi vaxtlarda Roma, Cenevrə, Nyu-York, Odessa, Xartum, Kuveyt şəhərlərində rəsmi hökumət ezamiyyətlərində olmuşdur.
1999-cu ilin yanvar ayının 21-dən 2004-cü ilin iyul ayına qədər Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru işləmişdir. 2004-cü ilin iyul ayından indiyə kimi Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri vəzifəsində çalışır.
1961-ci ildən fəlsəfə elmləri namizədi, 1972-ci ildən fəlsəfə elmləri doktorudur. 1965-ci ildən dosent, 1977-ci ildən professordur. O, 100-dən artıq elmi məqalənin və kitabın müəllifidir.”Həsən bəy Zərdabi” ( Gənclik nəşriyyatı1967, 187 səhifə), “Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri”( “Diplomat” nəşriyyatı, 2001, 481 səhifə), “XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin vəhdəti” ( Azərnəşr 1992, 120 səhifə), “Çernışevski vəı Azərbaycanda ictimai fikir” (akademik F.Köçərli ilə müştərək, Azərnəşr-1979, 100 səhifə), “ Əslimiz-nəslimiz” (tarixi-sosioloji etüdlər”, Turan evi, 207 səhifə) adlı monoqrafiyaları çapdan çıxmışdır.
“Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri”, “Çernışevski və Azərbaycanda ictimai fikir” kitabları ABŞ Konqresinin kitabxanasında kataloqa daxil edilmişdir.
İzzət Rüstəmov yeni şəraitin tələblərinə uyğun olaraq, ideoloji-metodoloji prinsipləri rəhbər tutmuş, Azərbaycan xalqının mənəvi mədəniyyətinin üç böyük nəhəngi olan A.A.Bakıxanovun, M.F.Axundovun, H.B.Zərdabinin elmi yaradıcılığını dərindən araşdırıb təhlil etmiş, göstərilən zaman çərçivəsində Azərbaycanda ilk dəfə olaraq maarifçilik fəlsəfəsini sistem halında tədqiq etmiş, onun tam elmi mənzərəsini yaratmışdır.
İzzət müəllim özünün elmi yaradıcılığında dərin təhlil əsasında X1X əsrdə Azərbaycanda maarifçiliyin və maarifçilik fəlsəfəsinin təkamülü və formalaşmasının başlıca xüsusiyyətlərini müəyyənləşdirmiş, A.Bakjıxanovun yaradıcılığı nümunəsində isə yetkin və kamil maarifçiliyə doğru aparan yolun düzgün elmi mənzərəsini yarada bilmişdir.
İzzət Rüstəmov Həsən bəy Zərdabinin elmi yaradıcılığına qiymət verərkən, ilk dəfə olaraq “nəzəri maarifçilik” və “praktik maarifçilik” anlayışlarını elmi dövriyyəyə daxil etmişdir. Qeyd etmək lazımdır ki, onun doktorluq dissertasiyası göstərilən zaman müddətində Azərbaycanda təbii-elmi biliyin, daha konkret deyilsə, Azərbaycan təbiətşünaslığının elmi təhlilinə həsr olunmuşdur.
İzzət müəllimin rəhbərliyi, müəllifliyi və elmi redaktorluğu ilə ilk dəfə Azərbsaycanda monumental “Enciklopedik fəlsəfə lüğəti” yaradılmışdır.(Azərbaycan Ensiklopediyası nəşriyyatı-1997, 520 səhifə). İzzət Rüstəmov ictimai, siyasi profilli, xüsusilə fəlsəfi, o cümlədən sosiologiyaya dair ədəbiyyatın Azərbaycan dilinə mahir tərcüməçisidir. “ Elmin gəncliyi. Marksaqədərki iqtisadçı mütəfəkkirlərin həyatı və ideyaları” (Gənclik-1987, 420 səhifə)kitabını, “Qısa estetika lüğəti”ni (A.Aslanovla müştərək, 1968-ci il, 224 səhifə), “Ateistin cib lüğəti”ni (Azərnəşr-1987, 310 səhifə), “Ümumi sosiologiya” dərs vəsaitini (müəllifləri Moskva sosioloqları Z.T.Qolenkova, M.M.Okuliç, V.N.Kuznetsov) Azərbaycan dilinə tərcümə etmişdir.
İzzət Rüstəmov fəlsəfə, sosiologiya, siyasi elmlər sahəsində kadrların yetişdirilməsində yaxından iştirak edir.İndiyə kimi onun rəhbərliyi ilə 22 nəfər fəlsəfə doktoru, o cümlədən 6 nəfər elmlər doktoru hazırlanmışdır. O, 40 il müddətində fəlsəfə elmləri sahəsində namizədlik və doktorluq dissertasiyalar ı üzrə Dissertasiya Şuralarının üzvü və həmsədri kimi fəaliyyət göstərmişdir. Hazırda İzzət müəllim AMEA-nın fəlsəfə İnstitutunda Dissertasiya Şurasının üzvüdür.
İzzət Rüstəmov Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın fəlsəfə elmləri üzrə ilk Ekspert Şurasının sədri, humanitar elmlər üzrə Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərtmişdir.
İzzət Rüstəmov akademik S.İ.Vavilov adına medalla (1992), Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı (2007) ilə, “Şöhrət” ordeni ilə(2009) təltif olunmuşdur. O, Fəlsəfə və Hüquq İnstitutunda və həmçinin Bakı Dövlət Universitetində Dissertasiya Şuraları nəzdində fəaliyyət göstərmiş Elmi seminarlara rəhbərlik etmişdir. O, indiyə kimi 100-dən artıq elmlər doktoru və fəlsəfə doktorluğu üzrə opponent olmuşdur. Bunların içərisində xeyli sayda xarici ölkə vətəndaşları da yer tutur. Onun opponent rəyləri həmişə yüksək qiymətləndirilib.
Həsən bəy Zərdabi İzzət müəllimin tədqiqatında A.A.Bakıxanovdan, M.F.Axundovdan və ümumiyyətlə Azərbaycan mədəniyyətinin bütün əvvəlki inkişaf mərhələlərindən gələn mütərəqqi ideyaların, maarifçilik fəlsəfəsinin ən qüdrətli davamçısı idi. Moskva Dövlət Universitetində Fizika-riyaziyyat fakültəsinin Təbiət elmləri bölümünü elmi dərəcə ilə bitirən, dünya və rus elmi qaynaqlarının, elmi nailiyyətlərinin dərin bilicisi olan Həsən bəy Zərdabi görkəmli bioloq, astronom, ekoloq, təbib kimi nəzərə çatdırılır.
İzzət müəllim Həsən bəy Zərdabinin çoxlu sayda elmi əsərlərini, o cümlədən “Əkinçi” qəzetinin materiallarını ətraflı öyrənməklə, onun görkəmli təbiətşünas alim, zəngin biliyə malik filosof obrazını yaratmışdır. O, ilk dəfə olaraq özünün doktorluq dissertasiyasında XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi fikrin inkişafının konkret problemlərini nəzərdən keçirir. A.A.Bakıxanov, M.F.Axundov, H.B.Zərdabinin maarifçilik fəlsəfəsinin, onların elmi ideyalarının XX əsrin əvvəllərində Azərbaycanın görkəmli mütəfəkkirlərinin, şair və ədiblərinin, maarifpərvər ziyalılarının, jurnalistlərinin elmi yaradıcılığında necə təcəssüm tapması və davam etdirilməsi problemi üzərində geniş dayanır. Daha doğrusu, professor İzzət Rüstəmov XX əsrin əvvəllərində təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri haqqında aydın təsəvvür yaradır.
Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavid, Məhəmməd Hadi, M,Ə.Sabir, Abbas Səhhət, Abdulla Şaiq və digərlərinin təbii-elmi və fəlsəfi görüşləri konkret elmi materiallar əsasında təhlil olunur. Müəllif Nəriman Nərimanovu dərin fəlsəfi təfəkkürə malik təbiətşünas alim, böyük təbib kimi nəzərə çatdırır. İlk dəfə olaraq nəinki “Molla Nəsrəddin” jurnalında çap olunmuş materiallar, eyni zamanda böyük mütəfəkkirin (Cəlil Məmmədquluzadə) bədii yaradıcılığı araşdırılan problem baxımından tədqiqata cəlb olunur, “Əkinçi” ilə “Molla Nəsrəddin” jurnalı arasındakı varisliyi və ideya qohumluğu ilk dəfə olaraq diqqətə çatdırılır, həmçinin Ömər Faiq Nemanzadənin təbii-elmi baxışlarının fəlsəfi təhlili verilir.
Professor İzzət Rüstəmov Hüseyn Cavid və Məhəmməd Hadinin elmi-fəlsəfi baxışlarının təhlili əsasında onların elmi ictimaiyyətə az məlum olan bir çox yeni əsərlərini aşkara çıxarır, onların elmi mahiyyətini oxucuların nəzərinə çatdırır. Bunların arasında Hüseyn Cavidin dərin fəlsəfi məzmuna malik “Müharibə və ədəbiyyat” məqaləsi, , 8 məqalənin toplandığı “Həsbihal” əsəri, ərəb qrafikasında “Peyğəmbər” əsəri elmi təhlilə cəlb olunur.
Mütəfəkkir şair Məhəmməd Hadinin “Fəlsəfənin çiçəkləri”, “Elmi-əbdanə həqiqi bir nəzər” başlıqlı məqalələr seriyasının təhlili əsaında o, təbiətşünaslıq üzrə elmi materiallara dərindən bələd olan filosof kimi səciyyələndirilir. İzzət müəllim vaxtı ilə “Əkinçi”də başlanmış “Elmi-əbdan və elmi ədyan” mübahisəsinin XX əsrin əvvəllərində “Bizə hansı elmlər lazımdır?”rubrikası ilə davam etdirilməsini ilk dəfə ətraflı təhlil edir, bu əsnada özünü göstərən başlıca istiqamətləri müəyyənləşdirmişdir..
İzzət Rüstəmov “Əkinçi”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “İqbal”, “Tərəqqi”, “Füyuzat”, “Dəbistan”, “Şəlalə” və sair bu kimi qəzet və jurnallarda dərc olunmuş materiallardan geniş istifadə etmişdir. Nəzərə alaq ki, bunların hamısı ərəb əlifbası ilə nəşr olunmuşdu. Əlbəttə, “Kaspi” qəzeti istisna təşkil edir.
Qeyd etmək lazımdır ki, professor İzzət Rüstəmovun elmi yaradıcılığı təkcə fəlsəfi fikir tarixi ilə məhdudlaşmır. Onun yaradıcılığında dialektika və idrak nəzəriyyəsi, məntiq, etika, estetika məsələlərinin təhlili də geniş yer tutur . Bu cəhətdən onun oxucular tərəfindən müsbət qarşılanmış “İdrakda bioloji və sosial amillərin qarşılıqlı əlaqəsi”, “Fəlsəfə və sosiologiya:təmas nöqtələri və fərqlər” mövzusunda elmi məqalələrini qeyd edə bilərik.
İzzət müəllim ulu öndər Heydər Əliyevin elmi və fəlsəfi düşüncələrinin təhlil olunduğu “Gələcəyə istiqamətlənmiş böyük siyasət”, “Heydər Əliyevin ideya-nəzəri irsi Bakı Dövlət Universitetində dərindən öyrənilir”, “ Bakı Dövlət Universiteti və Azərbaycanda milli ideologiyanın formalaşmasında humanitar elmlərin rolu” kimi elmi məqalələri diqqəti xüsusilə cəlb edir.
Professor İzzət Rüstəmov Azərbaycan fəlsəfəsində “Fəlsəfi tənqid”in əsasını qoymuş və fəlsəfi ədəbiyyatın təhlilinə həsr olunmuş xeyli sayda məqalələri ilə bunu doğrultmuşdur. İzzət müəllim Moskva Dövlət Universitetində (1964), Minsk Dövlət Universitetində(1980) ixtisasartırma təhsili almışdır. 1977-ci ildə Sov.İKP MK-nın “Tərbiyəyə kompleks yanaşma” problemi üzrə Ümumittifaq müşavirəsində Azərbaycan KP MK-nın nümayəndə heyətinin tərkibində iştirak etmişdir. 1987-ci ildə İctimai Elmlər Akademiyasında kurslarda təhsil almışdır.
1988-ci ilin aprel ayında Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin təşkil etdiyi elmi müşavirədə məruzə ilə çıxış edib. 1988-ci ilin iyun ayında Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri kimi Nyu-Yorkda BMT-nin Təhlükəsizlik Şurasının Fövqəladə sessiyasında (narkomaniya və narkobiznesə qarşı mübarizə üzrə) məruzə ilə çıxış etmişdir.
İzzət müəllim Prezident Seçkilərində “Respublika ərazi üzrə müşahidəçi qismində (say 588) Gədəbəydə fəal iş aparmış və Bakının Xətai rayonunda təşkil olunmuş Zirvə toplantısında xüsusi məruzə ilə çıxış etmişdir. O, 2-3 oktyabr 2014-cü ildə Bakı Beynəlxalq Humanitar Forumunda çıxışla iştirak etmişdir (vəsiqə nömrə74836).
İzzət müəllim Lütvizadə adına Müasir Beynəlxalq Elmlər Akademiyasının akademikidir. Onun baza təhsili fəlsəfə olduğu üçün uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Professorun başlıca tədqiqat obyekti X1X əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda ictimai, siyasi və fəlsəfi fikir tarixi, Azərbaycan maarifçilik mədəniyyəti , fəlsəfəsi və bu dövrdə Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləridir.
İzzət müəllim elmi yaradıcılığa başladığı bütün dövrlərdə fəlsəfi tənqiodə ciddi maraq göstərmiş, müxtəlif vaxtlarda çapdan çıxmış fəlsəfi kitablar, rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş dərsliklər və dərs vəsaitləri haqqında mətbuatda elmi-tənqidi fikirlərlə çıxış etmişdir.
Professor İzzət Rüstəmovun gərgin əməyinin və yuxusuz gecələrinin məhsulu olan elmi məqalələrini, fəlsəfi tənqid və başqa yazılarını özündə ehtiva edən “Seçilmiş əsərləri” 2012-ci ildə nəşr olunmuşdur. Kitab 432 səhifə və 4 fəsildən ibarətdir. 1-ci fəsil – “Elmi məqalələr”, 2-ci fəsil--“Fəlsəfi tənqid”, 3-cü fəsil—“Görkəmli alimlər haqqında düşüncələr”, 4-cü fəsil--“Dissertasiyalar haqqında qeydlər” adlanır.
“Elmi məqalələr” bölməsində Hüseyn Cavid və Məhəmməd Hadinin fəlsəfi görüşlərinin, o cümlədən dünyəvi elmlər haqqında fikirlərinin təhlili əsas yer tutur. Müəllif qeyd edir ki, Hüseyn Cavid hələ siyasi bəraət almadığı dövrdən onun çox orijinal fəlsəfi poetikasının elmi təhlili ilə məşğul olmuşdur. Burada başlıca yeri Hüseyn Cavidin “Müharibə və ədəbiyyat” məqaləsi, 8 məqalədən ibarət “Həsbihal” əsəri və digər yazıları yer tutur.
Məhəmməd Hadi də görkəmli mütəfəkkir şair və filosof idi. XX əsrin əvvəllərində “Həyat” qəzetinin qaldırdığı “Bizə hansı elmlər lazımdır?”başlıqlı elmi mübahisədə Məhəmməd Hadi çox fəal iştirak etmiş, “Elmi-əbdanə həqiqi bir nəzər” mövzusunda elmi dəyəri yüksək olan silsilə məqalələr yazmışdır. Ona görə də bu kitabda Məhəmməd Hadinin dünyəvi elmlər haqqındakı fikirlərinin şərhinə müəllif daha çox diqqət yetirmişdir.
Kitabda böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin elmi-nəzəri irsinin təhlilinə, habelə, Azərbaycanda milli ideologiyanın formalaşmasında humanitar elmlərin rolu məsələsinin araşdırılmasına geniş yer verilmişdir. Azərbaycanda intensiv şəkildə formalaşmaqda olan milli ideologiya ilə ulu öndər tərəfindən irəli sürülmüş “Azərbaycançılıq” konsepsiyası arasındakı qırılmaz vəhdət və dialektik əlaqə xüsusi olaraq nəzərə çatdırılır. Müəllifə görə, “Azərbaycançılıq” konsepsiyası milli ideologiyamızın əsas dominantı və başlıca müəyyənedicisidir.
Bu kitabda fəlsəfi təfəkkür və fəlsəfi dünyagörüşü, fəlsəfə və sosiologiyanın qarşılıqlı əlaqəsi, təmas nöqtələri və fərqləri barədə yazılar da xüsusi yer tutur. Kitabın bir bölməsi də fəlsəfi tənqid məsələlərinə həsr olunmuşdur. Burada vaxtı ilə rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş fəlsəfi ədəbiyyatın tənqidi təhlili, fəlsəfəyə dair bir sıra monoqrafiya barədə elmi yazılar da böyük əhəmiyyət kəsb edir.

XƏBƏR LENTİ