Cinayətkar erməninin büstünə gecə gözətçiliyi edən üç-dörd erməni Gürcüstan hökumətinə meydan oxuyur

“Gürcüstan hökuməti Avaqyanın büstünün götürülməsi ilə bağlı qəti addımlar atmaq əvəzinə, ikibaşlı oyun oynayır”
Cinayətkar erməninin büstünə gecə gözətçiliyi edən üç-dörd erməni Gürcüstan hökumətinə meydan oxuyur

Faiq Ələkbərli: “Bu barədə hökumətin qərarı varsa, ermənilərin o abidəyə keşik çəkməsindən asılı olmayaraq, o götürülməlidir”

Çoxlarımız haqlı olaraq düşünürük ki, Gürcüstan hökuməti bir ovuc erməninin əlində əsir-yesir olub. Uzağa getmədən buna nümunə olaraq Gürcüstanın Axalkalaki Bələdiyyəsinin Buqaşen qəsəbəsində Mixail Avaqyana qoyulan abidənin hökumət tərəfindən hələ də sökülməməsidir. Baxmayaraq ki, həm gürcü, həm də Azərbaycan xalqı torpaqlarımızın işğalında iştirak etmiş, Abxaziyada gürcülərə qarşı vuruşmuş M.Avaqyanın büstünün götürülməsi ilə bağlı Gürcüstan hökumətinə dəfələrlə müraciət ünvanlayıb. Hətta büstün qoyulması ilə bağlı etiraz aksiyaları da keçirilib.

Onu da vurğulayaq ki, Gürcüstanın Yaxın Şərq və Qafqaz Tədqiqatları İnstitutunun rəhbəri, politoloq Vasili Papava da Avaqyanın abidəsinin qoyulmasına qarşı bəyanat verib. Papava qeyd edib ki, Gürcüstanda separatçılarla çiyin-çiyinə döyüşmüş insana büst qoyulacağını eşidəndə, buna inana bilməyib. “Təəssüflər olsun ki, məlumat təsdiqini tapdı. Gürcüstanın ekspert ictimaiyyəti Gürcüstanda baş verən bu hadisədən hiddətlənib. M.Avaqyana büstün qoyulması haqqında qərar yerli səviyyədə qəbul olunsa da, mərkəzi hakimiyyətin bundan xəbəri olmaya bilməzdi. Bürokratik aparat elə bunun üçün mövcuddur. Yox, əgər abidənin qurulması hakimiyyətlə razılaşdırılmayıbsa, deməli, Tbilisi artıq Axalkalaki bölgəsində vəziyyətə nəzarət etmir. Bəs Azərbaycanda Gürcüstanın ərazi bütövlüyünə qarşı savaşmış separatçıya abidənin ucaldılması Gürcüstanda necə qarşılanardı? Qəzəb partlayışı baş verərdi. Onda soruşan lazımdır ki, M.Avaqyanın abidəsinin qurulmasına niyə icazə veriblər. Bu məsələ bizdə müzakirəyə çıxarılsaydı, sizi əmin edirəm ki, Gürcüstan ictimaiyyəti qəti şəkildə bunun əleyhinə olardı” - deyə politoloq bildirib.

Avaqyanın büstünün sökülməsi tərəfdarlarının sayı kütləviləşdikcə, hökumətin abidəni götürəcəyi məsələsinin reallaşacağı bildirilir. Deyilənə görə, hökumət abidənin götürülməsi ilə bağlı tədbirlər görməyə başlayıb. Gürcüstanın sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata görə, hakimiyyətin bu qərarı artıq Axalkalaki rayonunda yaşayan ermənilərin etirazına səbəb olub. Deyilənə görə, Gürcüstan parlamentinin binası qarşısında Dağlıq Qarabağ separatçısı Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların və gürcülərin birgə keçirdikləri aksiyadan sonra separatçının büstü ilə bağlı real təhlükə yaranıb. Məlumatlara görə, bundan əndişələnən ermənilər dəstə-dəstə Avaqyanın büstünün mühafizəsi ilə məşğul olurlar. Ermənilər bu yolla Gürcüstan hökumətinin rəyini nəzərə almadıqlarını göstərirlər. Ekspertlər bildirirlər ki, Gürcüstan hökuməti siyasi iradə göstərərək o büstün götürülməsinə nail olmalıdır. Gürcüstan hökumətinin ermənilərə loyal münasibət bəslədiyini deyən politoloqlar qeyd edirlər ki, ermənilərin hər gecə Avaqyanın büstünə qarovul çəkməsi o deməkdir ki, onlar Gürcüstan hökumətinin iradəsi əleyhinə gedirlər.

Tarix üzrə fəlsəfə doktoru, tarixçi-alim Faiq Ələkbərli mövzu ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, Qarabağ müharibəsində yüzlərlə azərbaycanlını qətlə yetirən bir separatçıya qonşu və dost Gürcüstanda abidə qoyulmasının Gürcüstan və Azərbaycan cəmiyyətində etirazla qarşılanması öz nəticəsini verməlidir: “Caniyə Gürcüstanda abidə ucaldılmasının yolverilməz olduğunu Gürcüstan və Azərbaycan xalqları çox yaxşı bilirlər. Hesab edirəm ki, bu hadisəyə kifayət qədər reaksiya göstərildi. Bir qatilə abidə qoyulması həm azərbaycanlılar, həm də gürcülər tərəfindən haqlı olaraq etirazla qarşılandı. Mənə elə gəlir ki, Gürcüstan hökuməti Avaqyanın büstünün götürülməsi ilə bağlı qəti addımlar atmaq əvəzinə, ikibaşlı oyun oynayır. Bir tərəfdən, həmin bölgədə yaşayan erməniləri özündən narazı salmaq istəmir (bəlkə də onlardan çəkinir), digər tərəfdən də o, Azərbaycanın, azərbaycanlıların və bizə dəstək verən qüvvələrin bu məsələdə nə qədər israrlı olduğunu gözləyir. Gürcüstan hökuməti doğrudan da Avaqyanın heykəlini götürməkdə maraqlıdırsa, onda heç nəyə baxmadan siyasi iradə göstərib o abidəni götürməlidir. Bu barədə hökumətin qərarı varsa, ermənilərin o abidəyə keşik çəkməsindən asılı olmayaraq, o götürülməlidir.

Özü də Gürcüstan da Azərbaycan kimi erməni separatizmindən əziyyət çəkir. Tutalım, Gürcüstanda separatizmlə məşğul olan bir cinayətkara Azərbaycan heykəl qoysaydı (amma Azərbaycan heç vaxt belə addım atmaz), onda Gürcüstan buna etiraz etməzdimi? Təbii, edərdi.

Bu məsələ ilə bağlı Azərbaycan dövlətinin, eləcə də Gürcüstanda yaşayan azərbaycanlıların ortaya qoyduqları iradə tamamilə məntiqlidir, bu, Gürcüstan hökumətinin mənafeyi ilə də üst-üstə düşür. Ona görə də Gürcüstan hökuməti qəti addımlar atıb büstü götürməlidir. Bu büst, nəyin bahasına olursa-olsun, oradan götürülməlidir. Büstün götürülməməsi Azərbaycan-Gürcüstan münasibətlərinə çox ciddi xələl gətirə bilər. Eyni zamanda, Gürcüstanın özü üçün də ciddi yaralar aça bilər”.

F.Ələkbərli qeyd etdi ki, Gürcüstan hökuməti qərar qəbul edərək Avaqyanın büstünü tezliklə götürməlidir. Bunun Azərbaycan və Gürcüstan arasında mövcud əlaqələrin davam etməsi üçün çox vacib addım olduğunu deyən alim hesab edir ki, Gürcüstan hökuməti abidəni götürəcək. O qeyd etdi ki, azərbaycanlılar və gürcülər, eləcə də bütün sağlam qüvvələr bu büstün sökülməsinə nail olana qədər mübarizələrini davam etdirəcəklər.

İradə SARIYEVA

Cinayətkar erməninin büstünə gecə gözətçiliyi edən üç-dörd erməni Gürcüstan hökumətinə meydan oxuyur

  • 12-02-2019, 14:26
  • 154


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  6. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  7. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  8. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  9. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
  10. Buraxın İqbal Ağazadəni kütlənin ixtiyarına – qoy öldürsünlər!
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI