Canlı əfsanə İzzət Rüstəmov (İkinci yazı)

1 253 20-02-2019, 10:51 kose / siyaset / cemiyyet

Canlı əfsanə  İzzət Rüstəmov    (İkinci yazı)

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə
üzrə fəlsəfə doktoru, Qabaqcıl Maarif Xadimi


Birinci yazıda göstərmişdik ki, İzzət Rüstəmovun “Seçilmiş əsərləri”nin birinci fəsli “Elmi məqalələr” adlanır. Burada vaxtı ilə rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş fəlsəfi ədəbiyyatın tənqidi təhlili, fəlsəfəyə dair bir sıra monoqrafiya barədə elmi yazılar da böyük əhəmiyyət kəsb edir.Burada həmçinin digər humanitar elmlər sahəsinə aid yazılar da mövcuddur. Bu yzıların sırasında mərhum akademik Cəmil Quliyevin elmi yaradıcılığının ümumiləşdirilmiş təhlilinə həsr olunmuş “Tarixi həqiqətlərin sosioloji təhlili, görkəmli ədəbiyyatşünas və jirnalist alim professor Şamil Vəliyevin “ Füyuzat” ədbi məktəbi haqqında”, tarix elmləri doktoru professor İradə Hüseynovanın “Qafqazın tarix ensiklopediyası” haqqında düşüncələr” adlı məqalələri də göstərmək olar.
Kitabın xüsusi bir fəslində müəllifin ayrı-ayrı illərdə dissertasiyalara yazdığı rəsmi opponent rəyləri, bir neçə avtoreferat haqqında yazıları da dərc olunub. Burada müəllifin tanınmış şəxsiyyətlər:akademik Abdulla Qarayev, Azad Mirzəcanzadə, Budaq Budaqov, Firidun Köçərli, Camal Mustafayev, Cəmil Əhmədli, Həsən Şirəliyev, Cəfər Xəndan, Mircəlal Paşayev, Nəsir İmanquliyev, Tofiq Köçərli və sair bunlar kimi tanınmış insanlar haqqında yazılara ayrıca yer verilmişdir.
Professor İzzət Rüstəmov XX əsr Azərbaycan filosofları arasında özünəməxsus yer tutan görkəmli alimlərdən biridir. O, çətinliklərdən qorxmayan, zəhmətkeş, geniş diapazonlu dünyaförüşə malik bir filosofdur. Onun yazıları öz sadəliyi, aydınlığı, məntiqiliyi, axıcılığı ilə seçilir və oxucuları cəlb edir. İzzət müəllimin hər hansı bir yazısını oxuyanda hiss edirsən ki, müəllif hər bir sözün, cümləınin üzərində xüsusi səylə işləmiş, əsərlərinin oxucular tərəfindən asanlıqla qavranılmısına çalışmışdır.
“Hüseyn Cavidin fəlsəfi irsindən qeydlər” adlı elmi məqaləsi bu deyilənlərə nümunə ola bilər. Düzdür, Hüseyn Cavid haqqında kifayət qədər danışılmış və yazılmışdır. Bəzən bu yazılanlar içərisində bir-birini təkrar edənlər də olmuşdur. Lakin İzzət Rüstəmovun fikirləri öz orijinallığı ilə fərqlənir. Məzmun yaxınlığı olsa da, ifadə tərzi tamamilə fərqlidir.
Professor İzzət Rüstəmov qeyd edir ki, Cavidin zəngin ədəbi-bədii və fəlsəfi irsinin tədqiqini başa çatmış hesab etmək olmaz. Cavid haqqında aşkara çıxarılmış bir çox materiallar , şeirlər, yazılar onun dünyagörüşünün indiyə qədər təsəvvür edildiyindən daha zəngin və əhatəli olduğunu sübut edir. Cavidin bütün əsərləri dərindən öyrənilmədən, Cavid öz yaradıcılıq ziddiyyətləri və səhvləri səpkisində də araşdırılmadan onun haqqında tam ardıcıl , inandırıcı təsəvvür əldə etmək mümkün deyildir.
Kimliyindən asılı olmayaraq, hər bir insan , çəxs, fərd yaşadığı cəmiyyətdə hökmran olan ideilofiyaya tabe olmalı, bu ideologiyanın iradəsi altında fəaliyyət göstərməlidir. İzzət Rüstəmov da kommunist ideologiyasına xidmət edən alimlərdən biri idi. Sosializm quruluşunu bəyənməyən və ona nifrət edən , bu quruluşun təntənəsi haqqında öz yaradıcılığında yaltaqlanmayan yüzlərlə sənət adamları “əksinqilabçı” damğası ilə sürgünlərə göndərilir və ya güllələnirdilər.
Hüseyn Cavid də “Topal teymur” və “Peyğəmbər” əsərlərinə görə bu sənətkarlar arasında idi. Sovet ideologiyasına xidmət edən ədəbi tənqid Hüseyn Cavidi bu əsərlərə görə tənqid atəşinə tutmuşdu. Həmin tənqidçilər arasında İzzət müəllimin də imzası vardır. Bu münasibətlə İzzət Rüstəmov həmin məqaləsində yazır:” “Topal Teymur” haqqında bir neçə söz demək istərdik. “Əlbəttə, sosialist gerçəkliyini təsvir etmək əvəzinə, Cavidin tarixi keçmişə müraciət etməsi, Teymuru ideallaşdırması onun çox ciddi səhvi idi”.
Lakin bunu da qeyd etmək lazımdır ki, İzzət müəllim öz tənqidi fikrini bir cümlə ilə bildirməklə bərabər, əsərdə xoş məziyyətlərin olmasını da göstərir. Bu xoş məziyyət əsərdə Cavidin üsyankar səsinin və ifşaedici nəfəsinin duyulmasından ibarətdir. Əsərdə göstərilir ki, “Teymurnamə” yazan şair şəraba çox meyl etdiyi üçün Teymur bunu nöqsan sayır. Şair isə Teymura belə cavab verir: “Siz cəngavərlər insan qanına hərissiniz, biz şairlər gülgun şəraba...Onda vəhşət və dəhşət var, bunda zövq və şətarət. Sizin hərb nərələriniz ürəkləri qoparır, insanları parçalayır, anaları ağladır, şairlərin eyş-işrət təranələri isə kinləri, küdurətləri öldürür, üzləri, könülləri güldürür. Siz insan qafalarını qırarkən, biz də o qafalardan yapılmış qədəhləri bir-birinə vururuz. Siz hərb və dəhşət qalibi, biz eşq və məhəbbət məğlubu...Fəqət bizim şu məğlubiyyətimiz o qalibiyyətdən daha üstündür.”
İzzət müəllim göstərir ki, Hüseyn Cavidin dünyagörüşünün, sosial-siyasi görüşlərinin tənqidi zamanı müəyyən nöqsanlara da yol verilir. Bu nöqsanlar ondan ibarətdir ki, çox zaman Cavidi idealist kimi qələmə verirlər. Burada Cavidin müəyyən dövrlərdə ayrı-ayrı ictimai hadisələrə idealistcəsinə yanaşması əsas götürülür. Bizcə, Cavidin görüşlərinin nəzəri-ideya istiqamətini bu cür yanaşma ilə düzgün təyin etmək olmaz. Əvvəla, nəzərə almaq lazımdır ki, cəmiyyət obyektiv aləmin ancaq bir hissəsini təşkil edir. Buna görə də cəmiyyətə baxışı bütün aləm haqqında baxış kimi , bütöv dünyagörüşü kimi qiymətləndirmək olmaz.
İkincisi, yuxarıdakı prinsipə əsaslanılsa, marksizməqədərki bütün materialistləri, o cümlədən, böyük rus inqilabçı demokratlarını da idealist hesab etmək lazım gəlir. Çünki onların hamısı bütövlükdə cəmiyyət hadisələrini izah etməkdə, başa düşməkdə idealist mövqedə durmuşlar. Tarixə, cəmiyyətə materialist baxış isə, yəni tarixi materializm ilk dəfə olaraq Marks və Engels tərəfindən kəşf edilmişdir”.
Sonra müəllif qeyd edir ki, Caviddə idealizm və ya materializm axtarmaq əvəzinə, onu dərindən tədqiq etmək, öyrənmək lazımdır. Məqsədimiz Cavidin fəlsəfi görüşlərinin istiqaməti haqqında bir sıra mülahizələrimizi oxucuların nəzərinə çatdırmaqdır. Müəllifə görə, Cavid belə hesab edimiş ki, cəmiyyətin inkişafına təsir edən amillərdən biri də fəlsəfədir. Ən faydalı düşüncələr fəlsəfə və ədəbiyyat vasitəsilə əldə edilə bilər.
Professorun fikrincə, Cavid qədim yunan filosoflarından Şərqdə çox məşhur olmuş Sokratın, Platonun, Aristotelin fəlsəfi yaradıcılığı ilə tanış imiş. “Uçurum” əsərində Sokrat və Əflatunu böyük istedadlar adlandırır. “Xəyyam” əsərində Ərəstun və Sokratın əsərlərinin Xəyyam tərəfindən öyrənilməsindən bəhs olunur. İzzət müəllim göstərir ki, alim və filosoflar içərisində İbn Sina və Ömər Xəyyam Cavidin ən çox sevdiyi alimlər idilər.
Müəllif bu barədə belə yazır:” Belə güman etmək olar ki, Cavid “Xəyyam” pyesini yazarkən uzun müddət Şərq fəlsəfi mühitini, xüsusilə, Xəyyamın fəlsəfi , elmi baxışlarını, onun rübailərində öz əksini tapmış ateist fikirlərini dərindən öyrənmiş, ciddi elmi axtarışla məşğul olmuşdur.
İzzət Rüstəmov Hüseyn Cavidin ən çox sevdiyi və təsirləndiyi alim, şair və filosofların adlarını çəkir. Onlardan Nizami, Füzuli, Hafiz, Sədi, Firdovsi, Rza Tofiq, Tofiq Fikrət, Namik Kamal, Əbdülhəqq Hamid, Herbert Spenser, Jan Jak Russo vəVolteri göstərir.
Professor İzzət Rüstəmov Cavidin fəlsəfi görüşlərini öyrənmək üçün onun əsasən iki məqaləsini—“Müharibə və ədəbiyyat”, “Həsbihal” ı oxumağı məsləhət görür. Çünki hər iki məqalədə Cavid elm, maarif və mədəniyyət məsələlərini ön plana çəkir. “Müharibə və ədəbiyyat”da o, tədris işində müəyyən mücərrədliyin hökm sürməsindən şikayətlənir, təhsil sistemindəki səthiliyə və nəzəriliyə qarşı çıxır, nəzəriyyənin təcrübə ilə vəhdəti məsələsini irəli sürürdü.
“Həsbihal” məqaləsində Cavid elmin böyük rolundan danışır, elm təhsili işində məktəbin, təlim-tərbiyənin böyük əhəmiyyətə malik olduğunu qeyd edir. Cavid göstərir ki, bir millətin hər halını tədqiq etmək üçün ən doğru meyar , ən kəsdirmə yol o millətin məktəbləridir. Hər hərəkət bir qanuna, bir rəhbərə möhtacdır ki, o rəhbər də olsa-olsa yenə məktəblər ola bilər. Hər iş sahibi...öz işində mahir olmalıdır. O məharəti bizə öyrədən şey isə elmdir, məktəbdir”.
İzzət Rüstəmov Hüseyn Cavidin fəlsəfi irsinin tədqiqinə, təhlilinə o qədər diqqət və ehtiramla yanaşır ki, bu sözləri Cavidin digər araşdırıcıları haqqında demək olmur. O, şairin bütün yaradıcılığını nəzərdən keçirir, hər bir əsərin, məqalənin ideya istiqamətini, mahiyyətini, qayəsini, ictimai-siyasi və mədəni həyatımızdakı rolunu, əhəmiyyətini oxucularına çox bacarıqla çatdıra bilir. Hüseyn Cavidin dili müasir oxucular üçün nə qədər çətin olsa da, İzzət müəllim onu çox sadə və lakonik şəkildə verə bilir.
İzzət müəllimin yazıları göstərir ki, o, çox məsuliyyətli bir tədqiqatçıdır. İfadə edəcəyi hər bir fikir və cümlə üzərində bəlkə də, saatlarla düşünür, daşınır, oxucularının qavrama dərəcəsini nəzərə alaraq beynindəkiləri kağız üzərinə köçürür. Onun məqalələri, şərhi o qədər geniş və əhatəlidir ki, bütöv bir əsər, monoqrafiya təsiri bağıçlayır. Onun elmi məqalələrini oxuyan hər bir ziyalı bu qənaətə gələ bilər.
Hüseyn Cavidin kimliyi istər bir sənətksr kimi, istər şair-dramaturq kimi , istərsə də vətəndaş-ziyalı kimi özünü İzzət müəllimin tədqiqatında göstərir. “Peyğəmbər”, “Xəyyam”, “Uçurum”, “Şeyx Sənan”, “Knyaz” və “Azər” əsərlərinin təhlilinə böyük həvəslə girişir, onların müsbət və mənfi cəhətlərini də qeyd edir.
Cavidin fəlsəfi görüşlərind əhəmiyyətli məsələlərdən biri də onun dinə, xüsusən islm dininə olan münasibətidir. Professor İzzət Rüstəmov bu məsələyə münasibətini belə bildirir: “Cavidin əsərləri bu məsələyə müxtəlif tərzdə cavab verir. Yaradıcılığının müəyyən dövrlərində Cavid İslam dinini qəbul edir, onun əhəmiyyətindən danışırdı. Məsələn, “Şeyx Sənan” əsərində Sənanın dili ilə İslam dini mənəvi günəş adlandırılır. Əsərdə ,eyni zamanda, islam dininin yayılması məsələsinə də toxunulur. “Peyğəmbər” əsərində də biz peyğəmbərin islam dinini intişar edib yaymaq uğrunda mübarizəsinin şahidi oluruq. Lakin Cavidin bütün yaradıcılığını diqqətlə izlədikdə, əsərləri ilə ətraflı tanış olduqda belə bir qəti yəqinlik hasil olur ki, o, heç bir zaman həqiqi mənada islampərəst, dinpərəst olmamışdır.”
Düzdür, filosoflar arasında elələri də vardır ki, Cavidi sufi şair adlandırırlar. Təəccüblüdür, sufilərin əqidəsinə görə, bütün varlığı ilə yaradana bağlı olan sufi dörd mərhələni keçdikdən sonra xaliqə qovuşur, əsil xoşbəxtliyə çatır, əbədiyyətə çevrilir. Hüseyn Cavidin heç bir əsərində belə bir mülahizəyə rast gəlinmir. Əksinə, Cavid bir sıra əsərlərində allahı qətiyyətlə inkar edir. Bu, danılmaz bir həqiqətdir. Uzun müddət Cavidin yaradıcılığını diqqətlə araşdıran müəllif də Cavidin dinpərəst olmadığı qənaətinə gəlmişdir. O, Cavid haqqında irəli sürdüyü hər bir fikri, mülahizəni şairin əsərlərindən gətirdiyi sitatlarla, nümunələrlə sübut edir.
İzzət müəllim “Fəlsəfə və sosiologiya: təmas nöqtələri və fərqlər” adlı məqaləsində son illərdə intellektual dünyamızda baş verən ciddi dəyişikliklər, yeni elmi paradiqmaların meydana gəlməsi, fəlsəfi fikrin müasir durumu və inkişafı ilə bağlı problemlərdən danışır və qeyd edir ki, uzun bir müddət köhnə ənənələrə sadiq qalmış, standart fəlsəfi düşüncədən kənara çıxa bilməmişik. Çünki fəlsəfəyə dair lazımi dərslik və dərs vəsaiti olmamışdır. Buna görə də hər hansı yığcam bir fəlsəfi məlumatlar toplusu bizə möcüzə kimi görünmüşdür. Nə yaxşı ki, son illərdə rus dilində olan bir sıra fəlsəfi ədəbiyyat dilimizə tərcümə olunmuşdur.
Bundan sonra fəlsəfəyə maraq artmış, yerli filosoflar meydana çıxmış və sanballı fəlsəfi əsərlər işıq üzü görmüşdür. Ancaq iş bununla bitmirdi. Bu barədə İzzət müəllim yazır:”Totalitar ictimai rejimin və kommunist ideologiyasının sərt tələblərindən kənara çıxa bilməyərək , müəyyən nəzəri postulat və paradiqmalara bir növ “dövrləşmiş” və “kristallaşmış” müddəalara əməl etməli olurduq. “Materializm-yaxşıdır, idealizm-pisdir, burjua ideologiyası və fəlsəfi fikri “lənətləndirilib tənqid edilməlidir” kimi bir növ gülməli və yaxud da çox bəsit bir düşüncə və təfəkkür tərzi ilə kifayətlənməli idik. Qəribə də olsa, dünyanın çox görkəmli idealist filosoflarının qiymətli fikirlərini təqdim edərkən, lüzumsuz qeyd-şərtlər gətirirdik. Əlbəttə, bir cəhət bizcə, mütləq nəzərə alınmalıdır. Elmi fikir tarixinə ateistlər kimi daxil olmuş mütəfəkkirlərdən söhbət gedərkən, “ağızbüzmələrə” yol verməməliyik. Bizcə, elmi fikir tarixinin “qoynunda yetişmiş” hər br düşüncə tərzi, nəzəri müddəalar öz dövrünə görə qiymətləndirilməli, tarixilik və məntiqiliyin süzgəcindən keçirilməlidir”
İzzət müəllim bu məqalədə bir sıra vacib və xüsusi əhəmiyyət kəsb edən məsələlərə də toxunur. O cümlədən müasir dövrümüzdə “Fəlsəfə tarixi” fənninə soyuq münasibətin mövcudluğuna təəssüflənir, bu fənni lüzumsuz sayanlara öz etirazını bildirərək qeyd edir ki, bu fənnin öyrənilməsi nəticəsində fəlsəfi fikrin təkamülünü və inkişaf dinamikasını izləmək çətinləşir. Buna görə də fəlsəfə tarixi ümumiyyətlə fəlsəfənin “təbii zəmini”, onun “informasiya xəzinəsi” hesab olunmalıdır.
Sonra professor dünyamızın insanları rahatsız edən ziddiyyət bə qarşıdurmalara, müharibə və terrora, siyasi ixtilaf və təzadlara baxmayaraq, daha çox yekdil olmasından, bir-birinin dərdinə çarə tapmağa çalışmasından , onun qarşısıalınmaz qloballaşan dünyaya çevrilməsindən və sairədən söhbət açır. İzzət Rüstəmov bunları qeyd edərək göstərir ki, bütün bunlar qloballaşma prosesinə qoşulmuş ölkələrdən əməkdaşlıq, müxtəlif sivilizasiyaların dialoqa qoşulmasını, ideya-siyasi yaxınlaşmasını tələb edir.
Müəllif yazır: “ Bütün bunların əsil mahiyyətini anlamaq üçün köhnədən əzbərlədiyimiz “təriflər”, anlayış, termin və kateqoriyalar kifayət etməz. Bütün dünyanın mütəfəkkirlərinin yaratmış olduqları “Fəlsəfəyə” bizdən yeni baxış tələb olunur. Hər bir ölkə, hər bir xalq , eləcə də hər bir görkəmli şəxsiyyət fəlsəfənin inkişafı sahəsində böyük xidmətlər göstərə, fəlsəfi dəyərlərimizə yeniliklər gətirə bilər. Lakin ümumi dünyagörüşü olan fəlsəfə bütün dünyaya məxsusdur. Onun qayğısına qalmaq, onu inkişaf etdirmək, həmçinin yad təsirlərdən, soyuq münasibətlərdən qorumaq hamımızın borcudur”.
İzzət Rüstəmov dünyagörüşü kimi, elmi təfəkkür sahəsi kimi fəlsəfə haqqında vaxtilə söylənilmiş əhəmiyyəti olan bəzi deyimləri nəzərə çatdırmaq istəyir və qeyd edir ki, dünyanın bir çox görkəmli mütəfəkkirləri fəlsəfəsiz keçinə bilməyiblər. Sonra İzzət müəllim qədim yunan filosof və mütəfəkkirlərinin fəlsəfə sahəsində qoyub getdikləri fəlsəfi irsin yenə də ağılları düşündüyünü , sonrakı illərdə yaşamış mütəfəkkirlər tərəfindən fəlsəfi dünyagörüşü ilə bağlı sanballı əsərlər yaradıldığını nəzərə çatdırır
Bu əsərlər içərisində ingilis riyaziyyatçısı Bertran Rasselinin “Qərb fəlsəfəsi tarixi”ni nümunə olaraq göstərir. Fəlsəfə nədir? -sualına Rasseli belə cavab verir:” Fəısəfə çox və ya az dərəcədə geniş və dar mənada işlədilmiş sözdür. Mən bu sözü ən geniş mənada işlətməyi təklif edirəm; mən bunu indi aydınlaşdırmağa çalışacağam. Mənim başa düşdüyüm kimi fəlsəfə teologiya ilə elm arasında duran nə isə aralıq bir sahədir. Teologiya kimi fəlsəfə elə şeylər barəsində mülahizə yürüdür ki, onların haqqında indiyə qədər dəqiq bilik əldə edilməmişdir. Lakin elm kimi fəlsəfə də daha çox zəkaya müraciət edir, nəinki avtoritetə. Mənim fikrimcə, bütün müəyyən bilik elmə məxsusdur,bütün doqmalar müəyyən biliyin hüdudlarından kənara çıxdığına görə teologiyaya aiddir.
Lakin teologiya ilə elm arasında hər iki tərəfin hücumları üçün açıq olan və heç kimin olmayan bir Torpaq vqrdır ki, bu da elə fəlsəfədir. Daha çox spekulyativ başları maraqlandıran suallar elə suallardır ki, elm onlara cavab verə bilmir. Teoloqların təkəbbüriü cavabları isə artıq əvvəlki yüzilliklərdə olduğu kimi, o qədər də inandırıcı görünmür. Dünya ruha və materiyaya bölünmüşdürmü? Əgər bölünmüşdürsə, bəs onda ruh nədir və materiya nədir? Ruh materiyaya tabedirmi və yaxud o, asılı olmayan qüvvələrəmi malikdir?Kainat müəyyən məqsədə doğru hərəkət edirmi?”
Bu suala münasibət bildirən İzzət müəllim də təsdiq edir ki, həqiqətən, fəlsəfənin predmetini ruh və materiyanın münasibəti ilə məhdudlaşdırmaq heç cür məqsədə uyğun deyil. İzzət müəllimə görə fəlsəfənin tarixinə nəzər salmaq baxımından , onu hansı sual və məsələlərin düşündürməsi baxımından bu, olduqca əhəmiyyətlidir.
Professor İzzət Rüstəmov L.Feyerbaxın fəlsəfə haqqında söylədiyi qiymətli fikirləri belə verir:
1.Fəlsəfə sözü elə bir açardır ki, onun vasitəsilə biz maneələri asanlıqla aradan qaldırırq.
2.Öz ideyası etibarilə fəlsəfə şeylərin mahiyyətini tədqiq etməlidir.
3.Yalnız həqiqət ideyası, fəlsəfə ideyası fəlsəfənin təməluni təşkil edir.Fəlsəfə ideyası fəlsəfi düşüncənin zərurətidir, onun daxili qanunauyğunluğudur.
4.Fəlsəfə yalnız aydın və müəyyən anlayışlara söykənə bilər, yalnız onlar etibarlıdır.
İzzət Rüstəmov qeyd edir ki, həqiqəən, bir elm kimi , bir fənn və idrak sahəsi metodoloji prinsiplər sistemi kimi fəlsəfə haqqında həm mütəxəssislər, həm də geniş oxucu kütlələrində aydın təsəvvür və anlayış formalaşdırmaq olduqca zəruridir. Bu zərurət və fəlsəfəyə maraq müasir dövrümüzün təbiətindən, onun çağırışlarından doğmuşdur. Bu fikirlə əlaqədar olaraq akademik Ramiz Mehdiyevdən də sitat gətirir: “Fəlsəfənin başlıca vəzifəsi dünyanın və insan həyatının idraki prinsiplərinin aydınlaşdırılması və təhlilindən ibarətdir”.
Bir məsələni də qeyd etmək lazımdır. Fəlsəfənin ali məktəblərdə zəruri fənlər sırasından çıxarılaraq seçmə fənn elan edilməsi, doktoranturaya qəbul zamanı fəlsəfənin qəbul və minümum imtahanları sırasından çıxarılmasına İzzət müəllim bir filosof kimi etiraz edir və “fəlsəfə elm deyil” söyləyənlərlə razılaşmayaraq, bu deyilənlərə öz münasibətini belə bildirir: “Fəlsəfə ictimai elmlər sahəsində xüsusi yer tutur. Həqiqətən də, fəlsəfə dünyanın dərk edilməsinin ümumi qanunlarının,prinsiplərinin şərhi ilə yanaşı, əsas diqqəti inkişaf və qarşılıqlı əlaqə prinsiplərinin, təfəkkürün və dialektikanın ümumi anlayış, termin, kateqoriyalarının təhlilinə vediyindən, təkcə, xüsusi və ümuminin qarşılıqlı əıaqəsini öyrəndiyindənən zəruri elmlər sırasına daxildir.
Həqiqətən də, fəlsəfə çox zəruri, lazımi elm sahəsidir. Belə düşüncə sahibləri unudurlar və yaxud yadlarından çıxarıblar ki, təbiət elmləri ilk əvvəl, necə deyərlər, “fəlsəfənin qoynunda” əmələ gəlib inkişaf etmişlər. Müstəqil elm sahələrinə çevrildikdən sonra da müəyyən qeyd-çərtlə fəlsəfə ilə əlaqəni kəsməmişlər. Elm tarixindən məlumdur ki, bir çox görkəmli təbiətşünaslar fəlsəfi təfəkkürə dərindən yiyələnmişlər”

XƏBƏR LENTİ