CANLI ƏFSANƏ İZZƏT RÜSTƏMOV (üçüncü yazı)

885 1-03-2019, 12:02 siyaset / cemiyyet

CANLI ƏFSANƏ İZZƏT RÜSTƏMOV                                       (üçüncü yazı)



Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu, Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl Maarif Xadimi


Professor İzzət Rüstəmov müasiri olduğu bir neçə görkəmli filosoflar haqqında da məqalələr yazmışdır. “Cəmil Əhmədli haqqında düşünərkən” adlı məqaləsində Cəmil müəllimin həyatı və yaradıcılığı haqqında qısa məlumat verərək yazır: “Bir filosof kimi Cəmil haqqında təəssüratlarım o qədər geniş və zəngindir ki, bütün bunları qısa bir yazıda əhatə etməyə çətinlik çəkirəm. Ona görə də Cəmili görkəmli filosof kimi səciyyələndirən məqamların bəzilərini nəzərə çatdırmaq istərdim.
Cəmil çox mükəmməl bir fəlsəfi məktəb keçmiş, Moskvada aspiranturada oxumuş, sonralar böyük oxusu kütləsi tərəfindən maraqla qarşılanan əsərlər yazmış, kitablar nəşr etdirmişdir. Onun “ Materialist dialektikanın qanun kateqoriyası” adlı iri monoqrafik əsəri, “ Materialist dialektikanın əsas qanunları” kitabı xeyli əvvəl çap olunmasına baxmayaraq, indinin özündə də qiymətli məxəz olaraq qalır və sevilə-sevilə oxunur.

Cəmil çox güclü məntiqi təfəkkürə, dərin fəlsəfi təhlil qabiliyyətilə aşılanmış düşüncə tərzinə malikdir. Bir çox hallarda çox geniş şərh tələb edən problemləri olduqca yığcam təhlil etmək aydın şəkildə Cəmil təfəkkürünü atributu hesab oluna bilər. Cəmil Əhmədli uzun illər dialektika problemlərinin tədqiqi ilə məşğul olmuşdur. Lakin onun fəlsəfi yaradıcılığının son dövrə qədər gəlib çatan mərhələsini də nəzərə alsaq, görərik ki, Cəmilin yaradıcılıq palitrası olduqca geniş və zəngindir.
Cəmilin elmi rəhbərliyi ilə çoxlu sayda fəlsəfi kadrlar yetişmişdir. Cəmil çox istedadlı elm təşkilatçısıdır. Cəmil yaxşı pedaqoq və məharətli natiqdir, elmi diskussiyalarda çox prinsipial və kəskindir. O, mənalı bir ömür sürmüşdür, cəmiyyətimizə, xalqımıza şərəflə xidmət etmiş və indi də etməkdədir.”
“Görkəmli filosof, mahir elm təşkilatçısı, nəcib insan” adlı məqaləsi görkəmli alim-filosof, akademik Firidun Köçərlinin yaradıcılıq bioqrafiyasının bəzi məqamlarının şərhinə həsr edilmişdir. İftixar hissilə qeyd edir ki, XX əsrdə Azərbaycan mənəvi mədəniyyətinin , xalqımızın ictimai-siyasi , fəlsəfi fikrinin inkişafında misilsiz xidmətləri olan böyük bir şəxsiyyətdir.
Firidun Köçərli elə nadir, işıqlı şəxsiyyətlərdən idi ki, əli qələm tutandan ta ömrünün sonunacan yorulmaq bilmədən Azərbaycanda fəlsəfənin , ictimai-siyasi fikrin inkişafı, həmçinin fəlsəfə üzrə kadrlar yetişdirilməsi sahəsində fədakarlıqla çalışmışdır. Bu zəhmət bəhərsiz qalmadı. İndi respublikamızda adlı-sanlı filosofların, elmlər namizədləri, elmlər doktorları və professorların böyük bir nəsli yetişmişdir ki, onlar da Firidun müəllimi xüsusi səmimiyyətlə, iftixar hissi ilə yad edirlər.
İzzət müəllim Firidun Köçərlinin şəxsiyyətindən, ictimai-siyasi fəaliyyətindən, xüsusən fəlsəfi yaradıcılığından geniş söhbət açır. Yeri gəldikcə, oxucular üçün daha maraqlı görünən məqamları qeyd edərək göstərir ki, Firidun Köçərli gprkəmli alim kimi fəlsəfənin bir çox sahələrində dərin biliyə malik idi. Lakin onun elmi axtarışlarının mərkəzində Azərbaycan xalqının ictimai-siyasi və fəlsəfi fikir tarixinin aktual problemlərinin tədqiqi dururdu.
Onun M.F Axundov, N.Nərimanov, Ü.Hacıbəyov, C.Məmmədquluzadə haqqında yazdığı sanballı əsərlər bu gün də dəyərli elmi nümunələr kimi qiymətləndirilir. Bu əsərlərdə onun irəli sürdüyü elmi müddəalar və konseptual prinsiplər Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixinin tədqiqatçıları üçün elmi-nəzəri bazadır, örnəkdir.
İzzət müəllim bu məqalələrdə həm də özü ilə Firidun müəllim arasındakı münasibətlərə, qohumluq əlaqələrinə, bir sıra ailə-məişət məsələlərinə də geniş yer verir. Lakin əsas diqqəti Firidun Köçərlinin fəlsəfə sahəsindəki fədakarlığına və bu fədakarlığın dövlət tərəfindən üyksək qiymətləndirilməsinə yönəldir. Firidun müəllimin “ Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri” adlı əsəri haqqında məlumat verərək bildirir ki, bu əsər Üzeyir bəyi təkcə bir musiqiçi, bəstəkar kimi anlayanların fikirlərində ciddi dəyişikliklərə səbəb oldu.
Əsərin leytmotivi bundan ibarət idi ki, Üzeyir Hacıbəyov həm böyük bəstəkar, həm mahir publisist, görkəmli ictimai-siyasi dövlət xadimi , həm də dərin biliyə malik mütəfəkkir alimdir. Həm də bu əsər Üzeyir Hacıbəyov haqqında ilk qiymətli elmi axtarışlardan biri idi.
İzzət müəllim həmkarları olan fəlsəfə elmləri doktoru, professor Həsən Şirəliyev və fəlsəfə elmləri doktoru , professor, Əməkdar Elm Xadimi Çamal Mustafayev haqqında da məqalələr yazmışdır. Həmin məqalələrdə İzzət müəllim bu filosofların fəlsəfi yaradıcılıqlarından, fəlsəfə fənninin tədrisi və təbliği sahəsindəki fəaliyyətlərindən söhbət açır.
Professor İzzət Rüstəmovun 18 dekabr 2010-cu ildə “Fəlsəfə günü” ilə əlaqədar “Dəyirmi masa”da müasir dövrümüzdə qloballaşan dünyada fəlsəfəyə münasibətdə soyuqluğun yaranmasına, onun seçmə kurslar sırasına daxil edilməsinə, fəlsəfənin tədrisinə ayrılmış saatların azaldılmasına və sairəy qarşı etirazını bildirən çıxışı çox maraqlıdır. O, çıxışına bu sözlərlə başlayır: “Hörmətli həmkarlarımızın fikirlərinə qoşularaq deməliyəm ki, həqiqətən də müasir zəmanə ciddi surətdə dəyişmişdir. Qloballaşmanın günün prosesinə çevrildiyi, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, elektron cəmiyyətinin yaradılması zərurətinin irəli sürüldüyü bir vaxtda fəlsəfənin başa düşülməsini köhnə ənənələr çərçivəsində saxlamaq olmaz.

Buna görə də fəlsəfə, fəlsəfi təfəkkür əvvəlki təsəvvürlərimiz çərçivəsində donub qala bilməz. Müxtəlif dövrlərin fəlsəfi biliklər xəzinəsini zənginləşdirmiş bu və ya digər görkəmli filosofun əsərlərini əzbərləyib, onlardan sitatlar gətirməklə kifayətlənmək olmaz. Müasir elmin inkişafı konteksində fəlsəfi postulat və paradiqmaların ciddi təkamülə uğradığını , fəlsəfi anlayış və kateqoriyalara metodoloji yanaşmalarda dövrlə həmahəng səslənən yeni məqamların və təhlillərin meydana gəldiyini nəzərə almamaq olmaz. Maddi ilə mənəvinin münasibəti barədə dönə-dönə təkrar edib əzbərlədiyimiz ümumi müddəaları təkrar etmək necə də bəsit səslənir! Hazırda hər bir qabiliyyəli filosof yaxşı bilir və ya yaxşı bilməyə borcludur ki, məsələ indi heç də belə deyil.”
Bu çıxışında İzzət müəllim bir çox vacib məsələlərə toxunur O, indiki dövrdə materializm və idealizm , materialistlər və idealistlər haqqında təsəvvürlərin ciddi dəyişikliyə uğradığını, vaxtilə tənqid atəşinə tutulan idealist sistemlərdə çoxlu qiymətli ideyaların , fikirlərin də olduğunu etiraf edir və göstərir ki, kommunist rejimində bu filosoflara “burjua filosofu”, “burjua sosioloqu” damğası vuraraq, bir çox dəyərli mütəfəkkirlərin fəlsəfi təlimlərini diqqətdən kənarda saxlayırdıq. Qloballaşan, ciddi dəyişikliklərə məruz qalan müasir dünyada sosial inkişafın başlıca meyillərinin müəyyən edilməsində fəlsəfə, fəlsəfi təfəkkür çox mühüm amilə çevrilmişdir.
Bütün elm sahələri üzrə “fəlsəfə doktoru” anlayışının irəli sürülməsini və bu sahədə “elmi dərəcənin” təsis edilməsini professor İzzət Rüstəmov ürəkdən alqışlayır və bununla qeyri-fəlsəfi elmlər sahəsində fəlsəfəyə olan soyuq münasibətə son qoyulacağına ümidvar olduğunu bildirir. İzzət müəllim çıxışını davam etdirərək, akademik Ramiz Mehdiyevin yaxın günlərdə işıq üzü görmüş “Fəlsəfə”adlı dərs vəsaitinin məziyyətlərindən və istər bu sahənin mütəxəssisləri, istərsə də qeyri-elm sahələrində çalışan mütəxəssislər , habelə geniş oxucu kütləsi üçün olduqca böyük əhəmiyyətindən və faydasından danışır.
Zzət müəllim bu barədə öz fikrini belə verir: “Hörmətli akademik filosoflarımızı haqlı olaraq məzəmmət edir və nəzərə çatdırır: “Ölkəmizdə fəlsəfi fikir bu gün müəyyən böhran keçirir ki, bu böhran vəziyyətinin də əsas səbəbi fəlsəfə sahəsində tədqiqatların sosial praktikadan, bütövlükdə həyatın aktual problemlərindən və tələbatlardan uzaq olmasıdır.”
İzzət Rüstəmov akademik Ramiz Mehdiyevin dərs vəsaitinin respublikamızda fəlsəfə elminin inkişafında, geniş oxucu kütlələrinin bu fənnə maraqlarının artmasında, alimlərin öz işlərini müasir dünyanın tələblərinə uyğun şəkildə quracaqlarında , fəlsəfəyə biganə yanaşma hallarının aradan qalxmasında əvəzsiz rol oynaya biləcəyinə heç bir şübhə etmir. Sonra professor bu dərs vəsaitinin bölmələrini ayrı-ayrılıqda geniş şəkildə təhlil etməyə çalışır.
İzzət müəllim akademik Ramiz Mehdiyevin “Fəlsəfə” dərs vəsaiti haqqında fikrini, rəyini ümumiləşdirərək yazır: “Belə desək yanılmarıq ki, “fəlsəfə nəyimizə lazımdır?” deyən digər konkret elm sahələrinin mütəxəssisləri üçün daha faydalı ola biləcək müddəalar bu bölmədə öz əksini tapmışdır. Çünki müəllif daim bunun qayğısına qalır ki, bütün digər elm sahələri ilə fəlsəfənin münasibətini şərh edərkən, onun ümumnəzəri-metodoloji prinsiplərini önə çəksin.
Haqqında bəhs etdiyimiz bölmədə insan fəlsəfəsi, təbiət fəlsəfəsi, cəmiyyət fəlsəfəsi, tarix fəlsəfəsi kimi yarımfəsillər çox maraqla oxunmaqla yanaşı, istər fəlsəfənin, istərsə də bütövlükdə ictimai və humanitar elmlərin son dövrlərdə əldə etdikləri inkişaf nailiyyətlərinin ümumiləşdirilməsi əsasında yazılmışdır. Kitabda idrak nəzəriyyəsinin, dil, şüur problemlərinin şərhi də diqqətdən kənarda qalmamışdır.”
Professor İzzət Rüstəmov akademik Ramiz Mehdiyevin “Fəlsəfə” dərs vəsaitinin bu günümüz üçün nə qədər əhəmiyyətli olduğunu qeyd edərək göstərir ki, müasir sosial praktikanın dərki baxımından “Mülkiyyət fəlsəfəsi”, “XX əsrin sonu, XX1 əsrin əvvəllərində siyasi proseslərin fəlsəfi mənası “, “Bazar iqtisadiyyatı”, “Bəşər informasiya-texnologiya aləmində” kimi başlıqlar da hadisələrə istər sosial-fəlsəfi, istərsə də sosioloji və politoloji yanaşmaq baxımından şərhin yeniliyi ilə seçilir.
Fəlsəfədə mühüm və böyük mübahisələrə səbəb olan məsələlər içərisində şüur və idrak problemləri xüsusi yer tutur. Təbiətin şah əsəri və bütün canlılar aləminin əşrəfi olan insanla bağlı olan problemlər həmişə ciddi maraq doğurmuşdur. İzzət Rüstəmovun “İdrakda bioloji və sosial amillərin qarşılıqlı əlaqəsi” adlı məqaləsi məhz bu problemə həsr edilmişdir.İzzət müəllim bu məqalədə qeyd edir ki, insanla, onun müxtəlif baxımlardan tədqiqi ilə əlaqədar problemlər həmişə diqqət mərkəzində olmuşdur. Bu problemlər içərisində insanda, onun idrakında bioloji və sosial cəhətlərin qarşılıqlı əlaqəsi məsələsi xüsusilə əhmiyyətli yer tutur. Son dövrlərdə təbiət və cəmiyyətin , insan və təbiətin qarşılıqlı əlaqəsi, təsiri məsələsi istər nəzəri,istərsə də əməli cəhətdən düzgün mübahisə obyektinə çevrilmişdir.
Professor yazır:” Mübahisələrdə daha çox diqqət yetirilən məsələlərdən biri insanın bioloji, sosial və yaxud biososial varlıq olması məsələsidir. İnsan elə bir varlıq, maddi törəmədir ki, onsuz və ondan kənarda cəmiyyətin mövcudluğu mümkün deyildir. Cəmiyyətin varlığı və həyatı insanın varlığı və həyatı ilə bağlıdır. Təbiətin uzun sürən inkişafının məhsulu kimi meydana gələn cəmiyyət isə elə bir spesifiklik qazanır ki, insanın özünün mövcudluğu , yaşaması bu spesifiklikdən kənarda mümkün olmur. Deməli, insan da öz həyatı və varlığı ilə cəmiyyətə bağlıdır, ona borcludur. İnsan ictimai münasibətlərin məcmusudur.”
İctimai varlıq olan insan təbiətdən, özünün bioloji quruluşundan kənarda mövcud ola bilməz, deməli, oun idrakı da bioloji-fizioloji zəmindən kənarda mümkün deyildir. İzzət müəllim göstərir ki, insan idrakında bioloji və sosial cəhətlərin əlaqəsi barədə söhbət açarkən, hər şeydən əvvəl, idrak, dərketmə barədə danışmaq lazımdır. Dərketmə qabiliyyəti təkcə insana məxsus xüsusiyyət deyildir. Demək olar ki, bütün heyvanlar xarici aləmi “dərk edir”, ətraf mühitin dəyişməsinə uyğun olaraq öz hərəkət və yaşayış tərzlərini”tənzimləyir”, bunun sayəsində də mühitə uyğunlaşır., həyatlarını qoruyurlar. Heyvanlarda dərketmə instinktlərlə idarə olunur, kortəbii surətdə baş verir. İnsan idrakı öz mahiyyəti etibarilə nadir, yüksək keyfiyyətli ictimai hadisədir, xarici aləmin, təbii və ictimai mühitin insan beynində fəal, məqsədyönlü, şüurlu inikasıdır.
İdrakın əsasında inikas prosesi durur. İnikas materiyanın bütün formalarına xas olan cəhətdir. Qeyri-üzvi və üzvi təbiətdə , habelə ictimai hadisələrdə inikas özünün müəyyən xüsusiyyətləri ilə fərqlənir. İnsan idrakı xarici aləmin insan beynində heç də sadə, müxaniki inikası, güzgüdə olan inikası deyildir.Burada inikas canlı, subyektiv bir prosesdir. İnikas üçün inikas edən orqanın , “cihazın olması lazımdır. Belə bir cihaz isə insan beynidir, bütövlükdə canlı bir sistem olan insanın özüdür. Professor qeyd edir ki, idrak prosesi hissi idrakdan başlayır. Hissi idrak idrakın çox mühüm və zəruri pilləsidir. İnsan ictimai varlıq olduğundan onun hissi idrakı da ictimai xarakter daşıyır.. Lakin hissi idrakın mexanizmi elədir ki, onu bioloji-fizioloji amillərin təsirindən kənarda götürmək mümkün deyildir.

XƏBƏR LENTİ