Prezidentin sabiq köməkçisi Heydər Əliyevlə Dəmirəlin məxfi görüşündə müzakirə olunan sirləri açdı — İLK DƏFƏ (MÜSAHİBƏ)

666 27-03-2019, 14:12 siyaset / gundem

Prezidentin sabiq köməkçisi Heydər Əliyevlə Dəmirəlin məxfi görüşündə müzakirə olunan sirləri açdı — İLK DƏFƏ (MÜSAHİBƏ)Azərbaycan prezidentinin sabiq köməkçisi, politoloq Eldar Namazovun “Demokrat.az” xəbər portalına verdiyi müsahibəni təqdim edirik.

- Eldar müəllim, siz daha çox xarici siyasət, Qarabağ konflikti haqqında fikirlərinizi ifadə edirsiniz. Ancaq ölkə daxilində də ciddi hadisələr baş verir. Məsələn: Azərbaycan prezidenti tərəfindən sosial-iqtisadi sahədə müəyyən addımlar atılıb. Problemli kreditlərin əsas hissəsinin dövlət tərəfindən ödənilməsi, pensiya, əmək haqları və müavinətlərin artırılması haqda sərəncamlar olub. Bu addımlara münasibətiniz necədir?

- Son prezident seçkiləri ərəfəsində mən mətbuata demişdim ki, bu seçkilərin nəticəsi mənim üçün bəllidir. Seçkilərdə indiki prezident qalib gələcək. Mənim üçün maraqlı olanı prezident seçkilərindən sonra baş verəcək hadisələrdir, yəni bölgədə hansı dəyişikliklər olacaq, ölkəmiz hansı istiqamətdə inkişaf edəcək.

İndi siz dediyiniz hadisələr baş verir. Mən bura müəyyən kadr dəyişikliklərinin baş verməsini, daha çox gənc kadrların müxtəlif vəzifələrə təyin edilməsini, bir sıra dövlət qurumlarının ləğvi istiqamətində addımları da əlavə edərdim. Bütün bu faktlara qiymət verərkən hesab edirəm ki, indiyə qədər qısa zaman dönəmində bu qədər addımlar atılmayıb. Novruz Bayramı münasibəti ilə xalqı təbrik edərkən prezident bəyan etdi ki, bu addımlar davam etdiriləcək. Siyasi islahatlar, məhkəmə-hüquq, sosial-iqtisadi islahatların keçirilməsi ilə bağlı qərarlar hazırlanır və müvafiq tapşırıqlar verilib.

Mən görürəm ki, cəmiyyətdə də bu hadisələrə münasibətdə birmənalı mövqe yoxdur. Hətta eyni düşərgədə təmsil olunan, hakimiyyəti sərt tənqid edən cəbhədə də fərqli fikirlər eşidilir. Məsələn, bunu düzgün addım sayan və bunun davamlı olmasını istəyən mövqelər ifadə olunur. Bəziləri isə bu addımlara və niyyətlərə inanmırlar, bunu imitasiya adlandırırlar. Mənim fikrimcə, bu proses sözsüz ki, islahatlar mərhələsidir. Sadəcə olaraq bu prosesin artıq dönməz xarakter alıbmı və köklü dəyişikliklərə gətirib çıxaracaq kimi sualına bir mənalı cavab verə bilmirik, çünki bu addımlar hələ təzə atılır. Həqiqətən də, bütün sahələrdə belə islahatların keçirilməsinə ehtiyac var. Mən əvvəlki illərdə də islahatlar mövzusunda çıxış etmişəm, müəyyən konsepsiyaların hazırlanmasında da iştirak etmişəm. Vaxtı ilə biz “Gələcək-10 il” adlı iki cildli kitab nəşr etdik.

Rəhbərlik etdiyim İctimai Forum Azərbaycanda qırxa yaxın sahə üzrə islahatların əsas istiqamətlərini və məqsədlərini göstərdi. Yəni bu mövzu ilə daima maraqlanan və belə islahatların keçirilməsini arzulayan şəxs kimi deyə bilərəm ki, müəyyən bir sahə var ki, ilk növbədə orada islahatlar həyata keçirilməlidir. Bu da dövlət idarəetmə sistemidir. Dövlət idarəetmə sistemi əslində bu kompleks islahatlar üçün bir açardır, instrumentdir. Əgər cərrah əməliyyat keçirməyə hazırlaşırsa, onun masası üzərində lazımı instrumentlər olmasa, əməliyyata başlamaz. İdarəçilik sistemi də, hakimiyyətin əlində olan alətdir. Effektiv işləyən idarəçilik sistemi siyasi, hüququ və sosial-iqtisadi islahatlar həyata keçirilməsində mühüm alətdir, demək olar şərtdir. Ona görə, hesab edirəm ki, idarəçilik sistemi ilə bağlı müəyyən addımlar atılıb, lakin ilk novbədə onları sürətləndirmək və başa çatdırmaq lazımdır. Ola bilsin ki, müəyyən ləngimələr onunla bağlıdır ki, dövlət idarəçilik sisteminin əsas hissələri konstitusiyada öz əksini tapıb və prezidentin fərmanı ilə onu dəyişmək mümkün deyil. Ola bilsin ki, konstitusiyada dəyişikliklərə ehtiyac var.

Prezidentin sabiq köməkçisi Heydər Əliyevlə Dəmirəlin məxfi görüşündə müzakirə olunan sirləri açdı — İLK DƏFƏ (MÜSAHİBƏ)
- Konkret nəyi nəzərdə tutursunuz?

- Azərbaycan kimi kiçik ölkədə həm Prezident İnstitutu, həm Nazirlər Kabinetinin olması əlavə yükdür. ABŞ-da prezident faktiki olaraq həm də baş nazirdir. Prezident nazirlərini təyin edir, nazirlər də prezident qarşısında cavabdehdirlər. Azərbaycanda da nazirləri prezident təyin edir və nazirlər prezidentin qarşısında hesabatlıdır. Ona görə də, SSRİ sistemindən qalan bu nəhəng Nazirlər Kabineti institutun, məmur ordusunun vəzifəsinin nədən ibarət olduğu indiki halda bəlli deyil. Nəzarət-kontrol funksiyaları da Prezident Aparatına məxsusdur. Amma bu institut konstitusiyada öz əksini tapıbsa, deməli konstitusiyada dəyişiklik edildikdən sonra o ləğv oluna bilər. Əgər nə zamansa konstitusiyaya dəyişiklik ediləcəksə, fikrimcə bir məsələ də nəzərə alınmalıdır. Vitse-prezident institutu təsis ediləndə də bəlli oldu ki, birinci vitse prezidentdən sonra ikinci vitse-prezident və üçüncü vitse-prezidentlər və s. ola bilər. Əslində dünya təcrübəsində belə bir halı görməmişəm.

Ancaq prezidentlər olub, bəzi ölkələrdə isə vitse-prezidentlər də olub. Lakin birinci, ikinci, üçüncü vitse-prezident məsələsi yoxdur. Bu mənada hesab edirəm ki, vitse-prezident institutuna da aydınlıq gətirilməlidir. Əgər biz nə zamansa referendum keçirəcəyiksə, prezident və vitse-prezident institutuna üstünlük verilməlidir. İkinci, üçüncü, dördüncü vitse-prezidentlər institutunun yaradılmasına ehtiyac görmürəm.

Nəzərə almalıyıq ki, prezident institutu olduqca vacib institutdur və onu gözdən salmaq da olmaz. Nə qədər insanın vəzifəsi qarşısında prezident sözü ola bilər? Sizə maraqlı bir məsəl çəkim: Vaxtı ilə dostlarım ABŞ-a səfər etmişdi və fürsətdən istifadə edərək iki günlük Meksikaya keçmişdilər. Dostum ingilis dilini dərindən bilirdi və yanındakı şəxsdə professor olan müəllimi idi. Onlar bir neçə otelə müraciət ediblər ki, yer alsınlar. Hər dəfə dostum otel əməkdaşlarını başa salırdı ki, yanındakı şəxs Azərbaycandan gələn professordur. Amma onlara heç yaxşı yerlər təklif edilmirdi. Dostum oteldə işləyən meksikalılardan maraqlanır və deyir ki, biz Azərbaycandan gəlmişik, bizdə professorlara, alimlərə hər zaman böyük hörmət var. Amma otellərdə hər dəfə müraciət etmişəm ki, professora yaxşı yer alım, lakin siz buna ciddi reaksiya vermirsiniz. Bu zaman dostuma cavab veriblər ki, niyə sizdə bu nadir haldır, bizdə hər kənddə onlarla professor var. Aydın oldu ki, Meksikada kənd müəllimlərinə də professor deyirlər. Beləcə Azərbaycanda professor ifadəsinin nüfuzu Meksikada müəyyən qədər nüfuzunu itirmişdi. İndi ölkədə qarşısında prezident sözü olan necə vəzifə ola bilər? Mənə elə gəlir ki, prezident və vitse-prezident institutu olmalıdır, ikinci, üçüncü, dördüncü vitse-prezidentlər məsələsi isə aradan qaldırılmalıdır. Digər tərəfdən sir deyil ki, dərin islahatlar Azərbaycan kimi ölkələrdə müəyyən qrup məmur korpusunun maraqları ilə uzlaşmır. Belə islahatlara məmur korpusu tərəfindən müəyyən müqavimətlər olur. Biz bunu tarixdən də yaxşı bilirik. Hər bir ölkədə islahatlar aparılanda məmur korpusunun bir hissəsi buna müqavimət göstərib. Bu mənada idarəçilik sistemində islahatlar daha sürətlə getsə, bu başqa sahədə də uğurlu islahatların aparılması üçün zəmin yarada bilər.

- Novruz Bayramı ərəfəsində prezidentin böyük əfv sərəncamı verməsi və yüzlərlə məhbusun azadlığa buraxılması müzakirə mövzusu olaraq qalır. Siz bu addımı necə şərh edirsiniz?

- Bu elə məsələdir ki, onu müsbət qiymətləndirmədən başqa yanaşma ola bilməz. Azadlığa çıxan hər bir şəxsi, onların yaxınlarını təbrik edirəm. Bu yaxınlarda mətbuatda oxudum ki, bu sahədə növbəti addım hazırlanır. Allah həbsxanada olan hər kəsin qapısını açsın. Hesab edirəm ki, əfv sərəncamı həm insan haqlarının təmin edilməsi, həm də ölkə daxilində sivil hakimiyyət-cəmiyyət münasibətlərinin formalaşması baxımından çox vacib və böyük addım idi.

- Siz uzun illər sabiq səhiyyə naziri, akademik Əli İnsanovu müdafiə etmisiniz. Son əfv sərəncamı ilə Əli İnsanov da azadlığa çıxıb. Son 14 ildə sabiq naziri müdafiə edən şəxs kimi bu addıma münasibətiniz maraqlı olardı...

- Həqiqətən də, Əli İnsanovun azadlığa çıxması ölkə mətbuatının diqqət mərkəzində olan məsələdir. Mən hətta əfv sərəncamı verilən gün mətbuatı izlədim. Qəzet və saytlarda Əli İnsanovun azadlığa buraxılması ayrıca xəbər kimi təqdim olundu. Yəni, başlıqlar gedirdi prezident Əli İnsanovu əfv etdi və başqa xəbərdə prezidentin əfv fərmanı imzaladığı, çoxlu sayda siyasi məhbusların azadlığa çıxdığı qeyd olunurdu. Əli İnsanovun jurnalistlər qarşısında qısa açıqlamasından sonra isə bu mövzu demək olar ki, mətbuatı zəbt edib və indiyə qədər ətrafında müzakirələr gedir, fikirlər söylənilir, məqalələr yazılır. Mən mətbuatda gedən materiallara baxdıqda bir daha əmin oluram ki, hadisəyə münasibətin formalaşmasında daha çox kimlərinsə şəxsi maraqları rol oynamağa başlayıb.

Məşhur bir kəlam var: bu stəkan yarısına qədər doludur, ya da yarısına qədər boşdur. Mən hiss edirəm ki, Əli İnsanovun azadlığa çıxması ilə bağlı münasibət bildirəndə bəzən eyni məsələni insanlar müxtəlif cür görürlər. Yəqin, bu onunla bağlıdır ki, prezidentin əfv fərmanı imzalaması, çoxlu sayda siyasi məhbusların azadlığa çıxması, xüsusən cəmiyyət tərəfindən daha çox diqqət mərkəzində olan Əli İnsanovun azadlığa çıxması məsələsi bəziləri üçün ölkədə daha çox qarşıdurma və gərginlik yaratmaq üçün fürsət, bəziləri üçün bu addımların ölkə daxilində müəyyən barışıq, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoqun və sivil münasibətlərin formalaşması yönündə imkan sayılır. Bundan asılı olaraq insanlar bir-birindən fərqli yozmalar edirlər. Mən gördüm ki, bəzi məmurlar əsəbi şəkildə belə reaksiya verirlər ki, Əli İnsanov islah olunmayıb, o azad edildikdən sonra prezidentə təşəkkürünü ifadə edərdi, buraxdığı səhvlərə görə üzrxahlıq edərdi və s. Bu adamlar yəqin ki, nə haqda danışdıqlarını bilmirlər.

Əli İnsanov vaxtı ilə iqtisadi məsələlərlə bağlı məhkum olunub və özü bu ittihamları qəbul etməyib, işi sifarişli sayıb. Buna görə də, əfvlə bağlı müraciət etmədi və 11 ildən artıq cəzasını çəkdi. Beləcə cəza bitdiyi üçün Əli müəllim azadlığa çıxmalı idi. Lakin onun azadlığa çıxmasına qısa vaxt qalmış ona yeni cinayət işi açıldı. Bu da dəbdə olan narkotik ittiham idi. Yəni narkotikin saxlanılması, istifadə edilməsi və ya yayılması ilə bağlı cinayət işi. Bu ikinci cinayət işi ilə bağlı Əli müəllimə hökm oxunmuşdu və konkret olaraq ikinci cəza ilə bağlı prosesi prezident əfv fərmanı ilə yarımçıq qoydu. Beləcə Əli İnsanov azadlığa çıxdı. İndi bunların dediklərindən belə çıxır ki, Əli İnsanov, hakim partiyanı yaradan insanlardan biri, 73 yaşlı akademik, ziyalı bir şəxs azadlığa çıxanda deməli idi ki, səhvimi boynuma alıram, üzr istəyirəm və bundan sonra nəşə çəkməyəcəm, narkotik maddələrdən istifadə etməyəcəyəm, onların satışı ilə məşğul olmayacağam? Bunları deməli idi?

Əli İnsanov azadlığa çıxdıqdan sonra jurnalistlərin müxalifətə qoşulub-qoşulmayacağı ilə bağlı sualına cavab verdi. Belə suala adətən necə cavab vermək olar? Demək olar ki, bəli müxalifətə birləşəcəyəm, günü sabah hansısa partiyanı müəyyən edib ona qoşulacağam. Bəziləri bu suala kobud cavab verərək deyərdi ki, bizdə müxalifət var, onlar kimdir ki, mən onlara qoşulum. Üçüncü yanaşmada belə olardı ki, mən hər kəslə əməkdaşlığa hazıram, hər kəsə dəstək də verə bilərəm. Kimin kimə birləşəcəyi isə allahın işidir və bunu gələcək göstərər. Mənə elə gəlir ki, Əli İnsanov bu suala cavabında normal seçim etdi və dedi ki, əməkdaşlıq etməyə hazırdır, kiməsə dəstək verə bilər və digər məsələləri də gələcək göstərəcək.

Mənə elə gəlir ki, bu tipli yersiz ittihamları Əli İnsanova qarşı irəli sürən adamlar əslində İnsanova deyil, prezidentə mesaj göndərirlər. Mesajlarının da məğzi odur ki, bu islahatlara ehtiyac yoxdur, nahaq siyasi məhbusları azad edirsən. Yəqin, onların istəyi belə idi ki, bu insanlar azadlığa çıxmasın, elə Əli İnsanovda cəzanın qalan hissəsini çəkərdi və bu müddət başa çatanda yəqin yatdıqı kolonda çarpayısının altında bir-iki ədəd “Stinger” raketləri “tapıb” terror aktında ittiham edərək cəzasına 5-10 ildə əlavə etmək olardı. Yəqin, onların düşüncəsi belədir. Mən söhbətimizin əvvəlində qeyd etdim ki, məmur korpusunun bir hissəsinin öz maraqları ola bilər. Həm iqtisadi islahatlarla bağlı, həm əfvlə bağlı, həm də hakimiyyət-vətəndaş cəmiyyəti münasibətləri ilə bağlı. Onların öz maraqları da nə prezidentin, nə də dövlətin maraqları ilə üst-üstə düşməyə bilər. Mən, bu məsələyə münasibətdə də ziddiyyətli yanaşma hiss edirəm.
Prezidentin sabiq köməkçisi Heydər Əliyevlə Dəmirəlin məxfi görüşündə müzakirə olunan sirləri açdı — İLK DƏFƏ (MÜSAHİBƏ)
- Bundan sonrakı mərhələni necə təsəvvür edirsiniz?

- Hesab edirəm ki, ümumiyyətlə 14 il cəmiyyətdən təcrid edilən insanın həbsxanadan çıxmasından 14 saniyə keçməmiş bir çox məsələlərlə bağlı ondan cavablar gözləmək doğru yanaşma deyil. Əli müəllim tezis şəklində bir çox suallara cavab verdi. Mətbuatda indiyə qədər bu mövzuda yazır. Mən güman edirəm ki, 14 il cəmiyyətdən təcrid edilən insan üçün müəyyən vaxt lazımdır ki, ailəsi, qohum-əqrəbası ilə ünsiyyətdə olsun, istədiyi adamlarla görüşüb məsləhətləşmələr aparsın, onunla görüşmək istəyən insanlarla fikir mübadiləsi aparsın, yəqin beynəlxalq təşkilatlarla, onun hüquqlarını müdafiə edən qurumlarla da görüşləri olacaq. Bu görüşlər yəqin ki, bir-iki həftəyə həll olunan məsələ deyil. Bu görüşləri başa çatdırandan, həm ölkə daxilində, həm də ölkə xaricində baş verən proseslərlə bağlı rəy formalaşdırandan sonra Əli müəllimin mətbuat üçün açıqlamaları daha ətraflı olar. Bunun üçün də, müəyyən bir zamana ehtiyac var. Mən bu mövzuya aidiyyəti olan bir hadisəni xatırlayıram. Heydər Əliyevin köməkçisi vəzifəsində işləyirdim. Avropa səfərindən qayıdanda adətən Ankara hava limanında bir neçə saat dayanırdıq, bu müddətdə təyyarənin texniki işləri, uçuşa hazırlıq məsələləri olurdu.

Heydər Əliyevlə yaxın dostluq edən Süleyman Dəmirəl hava limanına gəlirdi və təyyarənin texniki işləri həll edilənə qədər Heydər Əliyevlə görüşür, söhbətləşirdi. Biz bir dəfə Avropadan bu marşrutla qayıdanda Heydər Əliyevə xəbər verdilər ki, Süleyman Dəmirəl sizi evində gözləyir və sizinlə nahar etmək istəyir. Heydər Əliyev tapşırdı ki, bu görüşdə məndə iştirak edim. Biz Süleyman bəyin evinə getdik. Evdə Süleyman bəyin özü və xanımı idi. Gözəl nahar hazırlanmışdı və biz birgə nahar etdik. Daha sonra Heydər Əliyevlə Süleyman Dəmirəl söhbət etdilər. Bəlli oldu ki, Süleyman bəyin ayrıca görüş keçirməsinin səbəbi var. Süleyman bəy Heydər Əliyevə müraciət edib bildirdi ki, siyasətdə qarşıdurmalar, iqtidar-müxalifət münasibətləri kəskin olur. Müxalifət həmişə çalışır ki, iqtidarın kiçik bir səhvini böyük səhv, böyük səhvini isə cinayət kimi təqdim etsin və s.

Eyni zamanda iqtidarda müxalifətə qarşı ciddi əks kampaniya aparır. Amma sonra elə zaman gəlir ki, iqtidar-müxalifət bir araya gəlib ümummilli məsələlərdə birgə addım atırlar. Süleyman Dəmirəl misal gətirərək dedi ki, baş nazir işlədiyi dövrdə ölkədə çevriliş olub və onu devirdikdən sonra ev dustağı ediblər. Ancaq bu hadisədən 10-15 il sonra onu ev dustağı edən adamla birlikdə hökumət qurub və bir komandada işləyib. Bütün bunları misal gətirən Süleyman Dəmirəl dedi ki, Azərbaycanda da nə vaxtsa belə münasibətlərin fomalaşması çox yaxşı olardı. O mənadakı siyasi mübariz öz yerində, hər bir siyasi qüvvənin öz maraqları var, kampaniya zamanı sərt sözlər deyilə, ittihamlar da səsləndirilə bilər. Ancaq ümummilli məsələlər, dövlətçilik maraqlarının toxunan məsələlər var ki, onun həlli üçün iqtidar-müxalifət birgə olmalı, lazım gələndə bir komanda da çalışa bilməlidir.

Heydər Əliyev Süleyman Dəmirəlin sözlərinə çox hörmətlə yanaşdı və öz növbəsində ölkəmizin tarixçəsindən bir neçə hadisəni danışdı və qeyd etdi ki, Süleyman bəy haqlıdır, amma buna nail olmaq üçün gərək hər iki tərəf belə düşünsün və məsələyə belə yanaşsın. Məndə cavan insan kimi, bu iki çox təcrübəli və müdrik siyasətçilərin söhbətinə qulaq asırdım. İndi də həmin görüş gözlərim önündə canlanır. Ölkəmiz həqiqətən də, ciddi və təhlükəli proseslər qarşısındadır. Hamı başa düşür ki, aprel döyüşlərindən sonra artıq Qarabağ konflikti dondurula bilməz. Böyük ehtimalla biz güc tətbiq edərək torpaqlarımızı azad etməli olacağıq. Çox az ehtimal var ki, konfliktin həlli sülh yolu ilə mümkün olsun.

Eyni zamanda bizim ətrafımızda da təhlükəli proseslər gedir. Artıq İranla düşmən mövqedə olan geopolitik mərkəzlər elan edirlər ki, İrandakı rejim növbəti ilə qalmayacaq və növbəti dəfə İran İslam İnqilabının il dönümünü qeyd edə bilməyəcək. Sanki bizdən asılı olmayaraq elə bir durumla üzləşə bilərik ki, başımızın üzərindən raketlər uça və Azərbaycana 100 minlərlə qaçqın gələ bilər. Eyni zamanda da ölkənin daxilində də dərin islahatların keçirilməsi zərurəti artıq göz önündədir və müəyyən addımlar da atılır.

Mən hesab edirəm ki, bu problemlərin həllində, fərqi yoxdur torpaqlarımız müharibə və ya sülhlə həll ediləcək, həmçinin İranla baş verən hadisələrlə bağlı ölkəmiz daxilində normal iqtidar-vətəndaş cəmiyyəti münasibətləri olmasa, ümummilli məqsədlər naminə əməkdaşlıq və birlik olmasa, sadaladığım problemlərin heç birini həll etmək mümkün olmayacaq. Mən ümid edirəm ki, vaxtı ilə Süleyman Dəmirəlin söylədiyi fikirlər və Heydər Əliyevin də çox düzgün qeyd etdiyi yanaşma Azərbaycanda nə vaxtsa öz yerini tutacaq və siyasi münasibətlərin həyat tərzinə çevriləcək.


Zaur Hacılı
Demokrat.az

XƏBƏR LENTİ