İŞIQLI ŞƏXSİYYƏT - YUSİF RÜSTƏMOV (Üçüncü yazı)

1 155 10-04-2019, 10:00 kose / siyaset / gundem

İŞIQLI ŞƏXSİYYƏT - YUSİF RÜSTƏMOV                                     (Üçüncü yazı)

Xeberdar.net I yazı

“Fəlsəfənin əsasları” adlı kitabda ikinci bölmənin ikinci hissəsi “Antik fəlsəfə” adlanır. Burada antik fəlsəfənin meydana gəlməsi, Milet məktəbinin filosofları Fales (b.e.ə.625-547), Anaksimandr (b.e.ə.610-547), Anaksiman (b.e.ə.585-525), Pifaqor və pifaqorçular, Anaksaqorun (b.e.ə.490-430), Heraklitin (b.e.ə. 530-470), Demokritin (b.e.ə 500-440), Sokratın (b.e.ə.470-399), Platonun (b.e.ə.427-347), Aristotelin (b.e.ə. 384-322), Epikurun (b.e.ə.341-270) fəlsəfəsindən, sofistlər və neoplatonizmdən söhbət gedir. Müəllif hər bir filosofun fəlsəfəsini, onun dünyagörüşündəki xüsusi cəhətləri, həmin fəlsəfi təlimlərin yarandığı şəraitə görə dəyərləndirilməsi və gələcək fəlsəfi fikrin inkişafına onların təsirini aydınlaşdırır.
İkinci bölümün üçüncü hissəsi “11-X1V əsrlərdə Qərbi Avropada fəlsəfə”yə həsr edilmişdir. Burada xristian fəlsəfəsinin formalaşması, Avqustin, sxolastika fəlsəfəsinin meydana gəlməsi və inkişafı, bu fəlsəfənin çiçəklənməsi və süqutu barədə müəllif söhbət açır.
İkinci bölmənin dördüncü hissəsində müsəlman din fəlsəfəsi (mötəzililik, batinilik, zahirilik), Əl-Qəzailinin fəlsəfəsi, Şərq peripatetizmi , Aristotelçilik, Əl-Farabi (870-950), Əl-Biruni (973-1050), İbn-Sina (980-1037), İbn-Roşd (1126-1198), və onların təlimləri haqqında geniş məlumat verilir. Daha sonra “Saflıq qardaşları”nın təlimi təbliğ edilir, məzmunu və mahiyyəti işıqlandırılır. Sufizmin yaranması, onun daşıyıcıları, bu təlimin əsas mahiyyəti , prinsipləri əıtraflı şərh olunur, İbn-Xaldunun fəlsəfəsi də müəllifin diqqətindən kənarda qalmamışdır.
İkinci bölmənin beşinci hissəsi orta əsrlərdə Azərbaycan fəlsəfəsinə həsr edilmişdir. Peripatetizm: Bəhmənyar (ölümü 1066), Siracəddin Urməvi (1198-1283), Nəsirəddin Tusi (1201-1274) və onların yaradıcılığı, ən qiymətli əsərləri, özlərinin dünyagörüşləri, fəlsəfəyə gətirdikləri yeni ideyalar , fəlsəfə tarixində bu böyük şəxsiyyətlərin yeri və rolu xüsusi nəzərə çatdırılır.
Bu hissədə həm də sufizimin görkəmli nümayəndələri Eynəlqüzat Miyanəci (ölümü 1132), Baba Kuhi Bakuvi (ölümü 1050), Mahmud Şəbüstəri (ölümü1320), Hürufilik, İşraqilik fəlsəfəsi, Nizami Gəncəvinin dünyügörüşü tədqiq edilir, onların haqqında müəllif öz fikir və mülahizələrini bilkdirir.
İkinci bölümün altıncı hissəsi Avropada intibah dövrü fəlsəfəsinə həsr edilmişdir. Burada intibah dövrünün ən görkəmli nümayəndəsi florensiyalı Nikkolo Makiavelli (1469-1527), ingilis humanisti Tomas Mor (1478-1535), Tomaro Kampanella (1568-1639), polyak alimi Nikolay Kopernik (14731543), İtaliya filosofu Cordano Bruno (1548-1600), Leonardo da Vinçi (1452-1519), Qalileo-Qaliley (1564-1642) və s. kimi alim-mütəfəkkirlər işıqlandırılır.
İkinci bölümün yeddinci hissəsi XV11-XV111 əsrlərdə Avropa fəlsəfəsinə və filosoflardan Rene Dekart (1596-1650), Tomas Hobbs (1588-1679), Frensis Bekon(1561-1626), Benediks Spinoza (1632-1677), Con Lokk (1632-1704), Corc Berkli ( 1685-1753) və Devid Yuma (1711-1776) həsr olunmuşdur.
Bunlardan hər birinin fəlsəfi fikir tarixində mövqeyi, fəlsəfi təlimlərinin mahiyyəti və yeni təlimlərin xarakterik xüsusiyyətləri şərh edilir. Məsələn, bekon özünün induktiv metodunu hazırlamışdı. Bekona göprə, induksiyanın mahiyyəti xüsusi faktlardan daha ümumi müddəalara keçmək yolu ilə fasiləsiz və tədrici ümumiləşdirmədən ibarətdir.
Dekart yeni dövrdə birinci dəfə kosmoqoniya problemini qaldırmışdı(astronimiyanın kosmik sistemləri öyrənən hissəsi).O, elmlərin vəhdətini fəlsəfə ilə eyniləşdirirdi. Dekarta görə, yalnız o şeyi həqiqət kimi qəbul etmək olar ki, o, tamamilə şübhəsiz və aydın dəerk edilir. Bu mülahizə Dekart rasionalizminin əsas prinsipini təşkil edir. Dekart belə nəticəyə gəlir ki, insan hər şeyi dərk edə bilməz, çünki həqiqəti tamamilə bilən allahdır.
Hobbs sensualizmin əsas prinsipini qəbul edirdi.Duyğu olmasa, nə təsəvvür, nə yaddaş, nədə ki, insan şüururnun başqa kompanentləri ola bilməz. Hobbs panteist təsəvvürlərin əleyhinə çıxış edirdi.
Spinoza rasionalizmin tərəfdarı, panteizmin əleyhinə idi. O deyirdi ki, heç bir cəmiyyət dövlət və hüquq olmadan yaşaya bilməz.
Con Lokk materialist-sensualist idi. Onun fikrincə, duyğu ideyası bizim bütün ideyaların əsas fondudur. Bu ideyalar görmək, eşitmək və başqa duyğular vasitəsilə
yaradılır.
Corc Berkli materiyanın dərk edilməsini mümkün saymırdı. O deyirdi : “Mən hiss və düşüncə ilə dərk edilən hər hansı bir şeyin mövcud olmasını inkar etmirəm. O şeylər ki, mən onları gözlərim ilə görürəm, əllərim ilə toxunuram – onlar mövcuddur, buna mənim heç bir şübhəm yoxdur. Mövcudluğunu inkar etdiyim bir şey var—o da materiyadır.
Devid Yum isə spektik və aqnostik idi. Təcrübəni varlıq haqqında mühakimənin qaynağı hesab edirdi. Deyirdi ki, səbəbiyyət əlaqəsi var, lakin onu tapmaq çətindir. Maddi nə varsa, Yuma görə, hamısı hissi qavrayışa aiddir.
İkinci bölümün səkkizinci hissəsi “XV111 əsrdə fransız fəlsəfəsi” adlanır.
Bu hissədə maarifçilər – Volter, Jan Jak Russo, materialistlərdən – Lametri, Deni Didro, K.A.Helvetsi, P.A.Holbax barədə bəhs edilir.
Volter (1694-1778) maarifçi idi, ruhanilərə qarşı amansız mübarizə aparırdı, insanların siyasi bərabərliyini, yəni, qanun və hüquq qarşısında bərabərliyini nəzərdə tuturdu.
Russonun (1712-1778) yaradıcılkığı çox zəngin olmuş, elm və sivilizasiya, sosial-siyasi problemlər, dövlət və hüquq məsələləri, bədii yaradıcılıq kimi sahələri əhatə edirdi. O deyirdi ki, elmin inkişafı heç vaxt əxlaqın təkmilləşdirilməsinə xidmət etmir. Elm və mədəniyyət bəşəriyyətə yaxşı heç nə gətirməyib.
Lametri (1709-1751)materialist idi. Onun fikrincə, əbədi, məhvedilməz, daim hərəkətdə olan materiya dünyadakı bütün müxtəlifliyi yaratmaq qabiliyyətinə malikdir. Lametriyə görə, duyğular idrakın qaynağıdır.
Didro da (1713-1784) materialist idi. O, dinə qarşı çıxır, ona mənfi münasibət bəsləyirdi. O, sensualist idi. Duyğuları idrakın yeganə qaynağı hesab edirdi. Materiyanın insan şüurundan asılı olmayaraq mövcudluğunu qəbul edirdi.
Helvetsi (1715-1771) də sensualist idi. O, duyğuları yeni, həyati, realist fəlsəfənin yaradılması üçün əsas şərt hesab edirdi. Biliyin meydana gəlməsin itəcrübə və hissi idrakla əlaqələndirirdi. Deyirdi ki, materiya heç vaxt yaradılmır, məhv olmur, yalnız özünün mövcudluq dormasını dəyişir.
Holbax (1723-1789) da materialist idi. Holbaxa görə, materiya və onun ən ümumi xassələri tam və vahiddir. Şüur materiyadan əvvəl ola bilməz. Materiya daimi və sonsuzdur, məkan, zaman və hərəkət materiyanın mövcudluq forması olub, onun ayrılmaz tərkib hissəsidir. Dinə qarşı mübarizədə maarifçiliyin inkişaf etdirilməsini zəruri sayırdı. Materiya yeganə substansiyadır. Əşyaların xassələri onların özlərindən qabaq gələ bilməz.
İkinci bölümün doqquzuncu hissəsi X11 əsr alman klassik fəlsəfəsinə həsr edilib. İmmanuil Kant (1724-1804) hesab edirdi ki, dünyanın səbəbi Allahdır. İnkişaf prosesi sonsuzdur. Onun yaradıcılığında fəlsəfi məsələlərlə yanaşı, təbiətşünaslıq məsələləri də geniş yer tutur. “Təmiz zəkanın tənqidi” əısərində Kant özünün idrak, “Əməli zəkanın tənqidi” əsərində etika, “Mühakimə qabiliyyətinin tənqidi” əsərində estetika haqqında görüşlərini izah edir. O göstərir ki, əşyalar özlüyündə dərkedilməzdir, biz yalnız təzahürləri dərk edirik. Dərkedilməzliyi “özündə şey” adlandırır. Son nəticədə “şey özündə”transsendent, yəni, zaman və məkandan kənarda, o dünyada mövcud olur. Kant üç əsas idrak qabiliyyəti haqqında danışır: hissiyyat,düşüncə, ağıl.
Hissiyyat– duymaq; düşüncə--anlayış və mühakimə: ağıl--əqli nəticə çıxarmaq qabiliyyətidir. Kant elə hesab edirdi ki, hüququn vəzifəsi ayrı-ayrı şəxslərin elə hərəkətlərinə icazə verməkdir ki, bu hərəkətlər zahirən obyektiv olaraq əxlaq qanununun tələbləri ilə birgə olsun. Hüquq məcburetmə qüvvəsinə malik olmalıdır. Burada Vilhelm Şellinqin, Hegelin, Feyerbaxın, Fixtenin fəlsəfi sistyemləri haqqındada geniş şəkildə danışılır. İkinci bölümün X hissəsi “ X1X əsrdə Azərbaycan fəlsəfəsi” adlanır. Bu bölümdə Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Cəmaləddin Əfqaninin dünyagörüşündən bəhs edilir.
Abbasqulu Ağa Bakıxanovun tarixi, siyasi və fəlsəfi görüşləri, məntiq haqqında mülahizələri, Mirzə Fətəli Axundovun dünyagörüşünün əsas mahiyyəti, səciyyəvi xüsusiyyətləri, Cəmaləddin Əfqaninin ümumi yaradıcılığı nəzərdən keçirilir.
Abbasqulu Ağa Bakıxanov haqqında Yusif müəllim qeyd edir ki, onun tarixi görüşlərinin əsasını cəmiyyət haqqında idealist anlayış təşkil edir. A.Bakıxanov maariflənmiş monarxiya tərəfdarı idi. Onun fikrincə, irsən keçən sülalə hakimiyyəti qanunidir. Təbəələr hökmdara tabe olmalı, ona itaət etməlidirlər.
Lakin Bakıxanov çarizmin bölgədəki müstəmləkəçilik siyasətini düzgün qiymətləndirmirdi. A.Bakıxanovun fəlsəfi görüşlərinə toxunan müəllif onun görüşlərinin islam ehkamçılığı ilə sıx əlaqədə olduğu qənaətinə gəlir. A.Bakıxanov sufilər kimi vəhdəti-vücud tərəfdarı idi. Deyirdi ki, dünyanın nizamı ilahi məhəbbət əsasında qurulur. Lakin idrak prosesində elmin rolunu yüksək qiymətləndirirdi.
Onun fikrincə, insanın əxlaq və davranışları onların öz hərəkətlərini ağıl vasitəsi ilə tənzimləməsindən asılıdır.
Cəmaləddin Əfqani (1839-1897) elm və dini bir-birinə qarşı qoyanları cahil və nadan hesab edirdi:” Dünyanın sultanı həmişə elm olmuş, elmdir və elm olaraq qalacaqdır”. Əfqaniyə görə, ağıl dinin dayağıdır. O, materializmə qarşı çıxırdı və deyirdi ki, islamın süqutu materialist dünyagörüşünün yayıldığı dövrdən başlayır. C.Əfqani sübut edirdi ki, Quran azadlıq, bərabərlik və ədalət prinsipinə əsaslanır, bütün müsəlmanları tərəqqiyə çağırır. Lakin islam dünyasının təhrif olunmuş və pozulmuş dini məfkurədən hələ də xilas olmadığını qeyd edirdi.
C.Əfqani Şərq ölkjələrində Qəırbin demokratik dəyərlərinin tətbiq edilməsi vaxtının çatdığını göstərirdi. O öz davamçılarına yazdığı məktubda israrla məsləhət görürdü: “Yenilik seli artıq Şərqə doğru axmaqdadır. Mütləqiyyət hakimiyyətinin bünövrəsi məhvə məhkumdur. Bacardığınız qədər bu hakimiyyətin bünövrəsini dağıtmağa səy edin. Elə edin ki, sizinlə başqa xalqlar arasında mövcud olan maneələri aradan qaldırasınız. Mövhumatçılığa uymayın!”

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu, Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru, Qabaqcıl Maarif Xadimi.

XƏBƏR LENTİ