“Hər iki şagirdin ölümü məktəblərdə psixoloq problemlərinin mövcudluğunu göstərib” – Komitə

757 11-04-2019, 12:15 cemiyyet

“Hər iki şagirdin ölümü məktəblərdə psixoloq problemlərinin mövcudluğunu göstərib” – Komitə“Azərbaycanda iki şagirdin faciəli ölüm faktı koordinasiyalı şəkildə uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan 11-dən çox dövlət qurumunun, eləcə də Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diqqətindədir”.

Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbin VII sinif şagirdi Elina Hacıyevanın intihar etməsi və 123 nömrəli tam orta məktəbin XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlunun ölümü ilə bağlı danışarkən deyib.

O bildirib ki, E.Hacıyevanın ölümündə məktəb, müəllim, psixoloq, həmin məktəblinin şagird yoldaşları ilə yanaşı, ailənin də məsuliyyəti var: “Çox təəssüflər olsun ki, eyni sinif yoldaşları arasında yaranan zorakılıq halları gündəmin mövzusuna çevrilib. Şagirdlər arasında zorakılıq hallarının baş verməsi Azərbaycana xas olmayan problemdir. Həmin zorakılıq faktları nəticəsində iki məktəbli dünyasını dəyişib. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vəfat edən hər iki məktəblinin ailəsinə dərin hüznlə başsağlığı verir. Eyni zamanda, qeyd etmək istəyirik ki, hər iki faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Yerli icra hakimiyyətinin nəzdində yaradılmış monitorinq komissiyalarında Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, təhsil şöbələrinin və digər dövlət qurumlarının nümayəndələri təmsil edilir. Komissiyada bununla bağlı müvafiq araşdırmalar davam etdirilir. Biz hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra veriləcək yekun qərarı gözləyirik. Ümid edirik ki, iki məktəblinin ölümünün səbəbləri ilə bağlı verilən qərar obyektiv və şəffaf olacaq”.

E.Səfərov bildirib ki, hər iki məktəblinin ölüm faktı məktəblərdə psixoloq problemlərinin mövcudluğunu göstərib: “Məlum oldu ki, orta məktəblərdə psixoloq çatışmazlığı var. Biz uşaqlarının maraqlarının nəzərə alınmasının tərəfdarıyıq. Təbii ki, Azərbaycanda on minlərlə peşəkar müəllim fəaliyyət göstərir. Bu müəllimlər öz sağlamlıqlarını şagirdlərinin yolunda xərcləyiblər”.

Şöbə müdiri deyib ki, Dövlət Komitəsi belə olan hallar baş verdikdə, zorakılığa məruz qalanların ailə ilə görüşlər keçirir: “Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə hər iki məlum hadisə ilə bağlı xoşagəlməz məlumatlar tirajlanır. Bu da onu göstərir ki, Azərbaycanda stabilliyi pozmaq istəyən qüvvələr var. Onlar müəllim adına xələl gətirməyə çalışırlar. Biz müəllimlərimizin qarşısında baş əyirik”.

XƏBƏR LENTİ