«ABŞ İRANLA MÜHARİBƏ İSTƏMİR, ANCAQ…» – Pentaqonun planları açıqlanıb

655 7-05-2019, 19:05 dunya

«ABŞ İRANLA MÜHARİBƏ İSTƏMİR, ANCAQ…» – Pentaqonun planları açıqlanıbAmerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin (MN) nümayəndəsi «Associated Press» agentiyinə bəyan edib ki, Ağ Evin «Avraam Linkoln» aviadaşıyıcısı başda olmaqla, Fars körfəzinə gəmilər qrupu göndərmək barədəki qərarı İrana «dəqiq siqnal»dır və başlıca məqsədlərindən biri də ondan ibarətdir ki, ABŞ bölgədə öz hərbçilərinə İran tərəfindən ola biləcək mümkün hücumlara bütün silahlarla cavab verməyə hazırlaşır.

Onun sözlərinə görə, Pentaqon Fars körfəzində gəmilər qrupunun yerləşdirilməsini bəyənib. Belə ki, İran rəhbərliyinin son bəyanatları və hərbi-siyasi fəaliyyəti ona işarə ola bilər ki, Yaxın Şərq bölgəsində ABŞ-ın dəniz və quru qüvvələri potensial hədəf hesab olunur.

Yayılan məlumatlara görə, Ağ Ev başçısının milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bazar günü – mayın 5-i axşam bəyan edib ki, ABŞ «Avraam Linkoln» aviadaşıyıcısı başda olmaqla, İran sahillərinə həri-dəniz qüvvələrinin zərbə qrupunu göndərib.

«Birləşmiş Ştatlar İran rejimi ilə müharibə axtarmır, ancaq biz, istənilən hücuma cavab vermək üçün tam hazırıq – istər Tehranın bölgədəki müttəfiqləri tərəfindən olsun, istərsə də İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİİKK) və ya İranın nizami ordusu tərəfindən olsun» – agentliyin müsahibi qeyd edib.

Aviadaşıyıcı kreyser «Avraam Linkoln» və onu müşayiət edən gəmilər qrupu və döyüş təyyarələri bundan əvvəl Aralıq dənizində olub. Ötən çərşənbə günü – mayın 1-də Albaniyanın yüksək məqamlı nümayəndələri ABŞ aviadaşıyıcısının göyərtəsində olublar – gəmi Adriatikdə üzərkən. Ehtimal edilir ki, indi ABŞ HDQ-nin gəmilər qruplaşması şərqə, Qırmızı dənizə və sonra isə Fars körfəzinə girmək imkanı ilə Ərəbistan dənizinə doğru hərəkət edəcək. Hazırda ABŞ HDQ-nin Fars körfəzində aviadşıyıcısı yoxdur.

Xatırladaq ki, İranın prezidenti Həsən Ruhani aprelin 30-da bir qanun imzalayıb. Sənədə əsasən, Birləşmiş Ştatlar silahlı qüvvələrinin Mərkəzi komandanlığı (bunun məsuliyyət zonasına Yaxın Şərq də daxildir) «terrorçu təşkilat» elan edilib. Qanunda göstərilir ki, «Yaxın Şərqdə yerləşən bütün ABŞ qüvvələri terrorçudurlar, ABŞ hökuməti isə terrorun başlıca sponsoru»dur.

Sözügedən qanun İran parlamentində qəbul olunduqdan iki həftə sonra prezident tərəfindən imzalanıb. Bu qüvvələrə istənilən informativ, maliyyə, texnoloji və digər dəstəklər İran İslam Respublikası tərəfindən bundan sonra «terrora dəstək» kimi qiymətləndiriləcək.

Qanun həm də İran hökumətinə səlahiyyət verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əməkdaşlıq edən bütün hüquqi və fiziki şəxsləri, İran daxilində və ondan kənarda mümkün hüquqi və digər ziyanlardan qorumaq istiqamətində müvafiq addımlar atsın.

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bildirib ki, İİKK-u xarici terrorçu təşkilatlar siyahısına daxil edilir. Bu, misli görünməmiş bir hadisədir. Nədən ki, əvvəllər ABŞ heç vaxt heç bir xarici ölkənin ayrıca götürülmüş dövlət strukturunu «terrorçu» adlandırmayıb./AzPolitika.info

XƏBƏR LENTİ