İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."

1 257 16-07-2019, 22:26 siyaset / gundem

İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."
Keşikçidağda baş verən hadisə dövlətimiz üçün yaxşı hal deyil. Sərhəd qoruyan bir əsgərimizə hücum edib silahının əlindən alınaraq, videoçəkiliş edilib paylaşılması gizli mətləblərdən xəbər verir.

Dövlət Sərhəd Xidmətinin rəhbər strukturlarının təbii ki, bu məsələlərdə böyük suçu var. Zamanında əsgər və zabitlər təlimatlandırılmalı, ekstremal vəziyyətdə mülki şəxslərlə sərhəd zolağında davranış qaydaları və provokasiyalara yanaşma tərzləri onlara izah edilməli idi. Hər bir halda bu məsələdə DSX məsuliyyət daşıyır.

Xarici İşlər Nazirliyi tərəfindən baş verən hadisə əsasında xüsusi nümayəndə heyəti Gürcüstana ezam olunmalı və Gürcüstan tərəfini üzr istəməyə qədər addım atmağa məcbur etməlidir.

Respublika Prokurorlugu cinayət işi qaldıraraq, əsgərimizin silahını əlindən alan şəxsin məsuliyyətə cəlb olunmasınl təmin etməli, cinayət işini təqib edərək, cinayətkarların layiqli cəza almasına çalışmalıdır.

İctimaiyyət nümayəndələri, siyasi partiyalar və təşkilatlar xalqı sakitliyə çağırmalı, Gürcüstanın siyasi institutlarına müraciət olunmalı və provokasiyaları dayandırmaq istiqamətində addımlar atmalarını tələb etməlidirlər.

Milli Məclisin Gürcüstan - Azərbaycan Dostluq Qrupunun üzvləri də bu ölkəyə səfərə gedərək, gürcü həmkarları ilə görüşməli və birgə mətbuat konfransı keçirərək, provokasiyaya gedənlərin qanun qarşısında məsuliyyətini Gürcüstan ictimaiyyətinə çatdırmalıdırlar.

Və nəhayət... Xalqımız bu hadisənin gerçək mahiyyətinin bəzi dövlətlərin xüsusi xidmət orqanlarının provokasiyası olduğunu qəbul edərək emosional davranmamalı, çağırış və bəyanatlarında təmkinli olmalıdırlar.

Bu ilk hadisə deyil. Neft Akademiyasındakı terror, Gəncə hadisələri, yanğın hadisələri və s. tipli hadisələr də məlum dövlətlərin provokasiyası idi. Hələlik, bunların durdurulmasına gücümüz çatmır. Lakin bizə qarşı düzənlənən hadisə və provokasiyaların mahiyyətini bilməklə birlik və bərabərliyimizi nümayiş etdirib Azərbaycanımızı qorumalıyıq.
P.S. Ümid Partiyası məlum hadisə ilə bağlı müraciətini səfirliyə təqdim edib...

xeberdar.net

XƏBƏR LENTİ