Kamal Abdulladan daha bir şikayət- ADU-nun tələbəsi Mehriban Əliyevaya müraciət etdi

2 130 2-08-2019, 14:14 siyaset / cemiyyet / gundem

Kamal Abdulladan daha bir şikayət- ADU-nun tələbəsi  Mehriban Əliyevaya  müraciət etdi

Niyə elmi işlər üzrə prorektor təhsil qanunlarını bilib elmi cümlələr qurmaq əvəzinə, bayağı sözlər işlədərək, rektor-keçmiş dekan arasında münasibətə biz tələbələri də alət edir?

Son vaxtlar Azərbaycan Dillər Universitetində baş verən problemlərlə bağlı mətbuatda gedən yazılar səngimək bilmir. Həmin universitetin tələbəsi Pərvin Maşıyeva üzləşdiyi problemlə bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Xeberdar.net olaraq P. Maşıyevanın ünvanladığı müraciəti olduğu kimi oxuculara təqdim edirik.


“Hörmətli Mehriban xanım!
Təhsil aldığım Azərbaycan Dillər Universitetində üzləşdiyim problemlə bağlı universitet rəhbərliyindən anlayış göstərilmədiyi üçün Sizə müraciət edirəm.

Mən universitetin Filologiya və jurnalistika fakultəsində ingilis dili və ədəbiyyatı müəllimliyi üzrə təhsil almışam, 3 akademik borcum qalıb. Ailə vəziyyətimiz yaxşı olmadığından təhsil haqqı borcumu tam olaraq ödəyə bilməmişəm, atam Qarabağ veteranıdır, maddi durumumuz yaxşı deyil. Təhsil haqqı problemimlə bağlı bir neçə dəfə rəsmi orqanlara atam da müraciət edib. Lakin ixtisasımı çox gözəl bildiyim üçün uzun müddətdir işləyib, təhsil haqqımı toplamağa çalışıram. Bütün səylərimə, əziyyətimə baxmayaraq, təhsil haqqımı ödəmədiyim üçün universitet rəhbərliyi məni universitetdən qovmaqla hədələyirlər. Ən çox anlamadığım məsələ isə odur ki, sessiya müddətində 25%lik güzəştli imtahanda iştirak etmək üçün dekan Şahin Xəlilliyə yaxınlaşdım, mənə icazə vermədi. 4 illik əziyyətim hədər gedəcəyindən narahat olaraq 3 gün rektor Kamal Abdullayevin qəbuluna düşməyə çalışsam da xeyri olmadı. Niyə axı bir rektor tələbəsini qəbul etmir? Kamal müəllim bizə rektor təyin olunan ilk günlərdə də mən ona müraciət etmişdim təhsil haqqım ilə bağlı, xahiş etmişdim mənə bir böyük kimi yol göstərsin, universitetə hər hansısa bir işə qəbul etsin və təhsil haqqımı maaşımdan çıxsın, tam olaraq maaşımı universitetə köçürtməyə də razı idim, etmədi, lakin bu 2 il ərzində nə qədər yeni işçi götürülüb. Bugünlərdə isə Kamal Abdullayevin qəbuluna heç bir cəhdlə düşə bilmədim, Elmi işlər üzrə prorektor Sevinc Zeynalova ilə görüşəndə bunun Kamal müəllimin göstərişi olduğunu deyərək, məni çox kobud bir tərzdə qarşıladı. Əlavə etdi ki, universitetin büdcəsi boşdur, 2 gün ərzində təhsil haqqını ödəməlisən, ödəməsən xaric olunacaqsan. Yalvardım ki, imkanım yoxdur, 2 günə mən ödəyə bilmərəm, mənə möhlət verin, bir yol göstərin, 2-3 aya hissə-hissə ödəyim, təhsil haqqına görə xaric etmək heç bir qanunda yoxdur dedim, həm də hal-hazırda təhsil uzunömrlü təhsil hesab olunur. Dedim ki, 25 faizli güzəştli imtahanda iştirak etməyə Şahin müəllim icazə vermədi. Sevinc xanım da dedi ki, altıncı il tələbələrinə şamil olunmur bu imtahan.
Mən bütün təhsil haqqında qərarları araşdırmışam, belə bir ayrı-seçkilik yoxdur, rast gəlməmişəm. Üstəlik, xaricolma məsələsinə gəlincə, Təhsil Nazirliyinin xaricolma məsələləri ilə bağlı təsdiqlənmiş qərarında da qeyd edilib ki, tədris ili üçün qeydiyyatdan keçməyən və ali təhsil müəssisəsi ilə əlaqə saxlamayan tələbə xaric olunur. Mən ki, 25lik güzəştli imtahanı vermək üçün iyun ayında müraciət etmişəm, bu qeydiyyat deyil? Mənki ali təhsil müəssisəsinə gedib-gəlirəm, müraciətlər edirəm, rektora ərizələr yazıram, bunlar universtetlə əlaqə deyil bəs? Bəs universitetin elmi işlər üzrə prorektoru niyə bu təhsil qaydalarını bilmir? Niyə tələbənin taleyi onları narahat etmir? Ən çox təəccübdən heyrətləndiyim məqam isə o oldu ki, Sevinc xanım mənə 25faizini ödəyib imtahana girməyə icazə verilməyən fənlərdən birinin “tam pulunu ödə, yəni 252 manat, qeydiyyatdan keç yay məktəbinə, heç gəlməsən də olar” dedi. O an çaşqınlıqdan donub qaldım, bir univetsitetin elmi işlər üzrə prorektoru necə belə təklif edə bilər? Deməli, bunları təhsil yox, pul düşündürür. Başqa bir məqamı da, mənə heç dəxli olmasa da qeyd etmək istəyirəm. Nədənsə Sevinc xanım, daha əvvəlki dekan Vüsalə Ağabəylini pisləmək üçün şərait gözləyirmiş kimi sanki sözləri ilə hücuma keçmişdi, hətta “topluca yığılın ondan yazın” deyərək Vüsalə xanımın əleyhinə çox kobud ifadələr səsləndirirdi. Sanki universitet binasının divarları arasında deyildim. Mən anlamadım ki, maddi vəziyyətimin pis olduğundan təhsil haqqımı ödəyə bilməməyimdə Vüsalə xanımın hansı rolu vardı? Niyə elmi işlər üzrə prorektor təhsil qanunlarını bilib elmi cümlələr qurmaq əvəzinə, bayağı sözlər işlədərək, rektor-keçmiş dekan arasında münasibətə biz tələbələri də alət edir? Sonda isə “vaxtımı alma, istirahətimi sizin kimilərə görə çox pozmalıyam?” deyərək məni otağından qovdu.
Bütün bunlar birtərəfə, məni 4 illik əziyyətimin hədər gedəcəyi çox narahat edir. Universitetlə əlaqəm kəsilmədiyi halda məni xaric etməyə çalışmaqlarına, haqqım olan güzəştlərdən yararlanmağa icazə vermədiklərinə görə mənə köməklik göstərməyinizi xahiş edirəm. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, ixtisasımı çox gözəl bilirəm və kursda dərs deyirəm, təhsil haqqımı hissə-hissə ödəyəcəm, məni təhsildən uzaqlaşdırmaqlarına icazə verməməyinizi sizdən xahiş edirəm.

Maşıyeva Pərvin”

XƏBƏR LENTİ