Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ-(IV Hissə )

838 26-08-2019, 14:29 siyaset / gundem

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ-(IV Hissə )

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU),
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Əfqaniyə görə, milli birliyin ana sütununu təşkil edən dil birliyi, hətta dini birlikdən daha möhkəm və sabitdir. Bu isə o deməkdir ki, bir milləti sonsuza qədər var edən din deyil, məhz dildir. Çünki dindən fərqli olaraq dil az müddət ərzində dəyişməyi və ya başqası ilə əvəz olunmağı qəbul etmir. Halbuki din məsələsinə gəldikdə görürük ki, tarixdə bir neçə dəfə dinlərini dəyişən millətlər olub, ancaq dilləri sayəsində öz varlıqlarını bu günə qədər qoruyub saxlaya biliblər. O, yazırdı: “Tarix göstərir ki, eyni bir dildə danışan bir millət min il ərzində öz dilinə ciddi xələl gətirmədən dinini dəyişir, başqası ilə əvəz edir. Buna görə də dil birliyindən yaranan əlaqə və ittifaqın təsiri dini əlaqələrin təsirindən daha güclüdür». Deməli, C.Əfqani müxtəlif millətlərin bir araya gəlməsi üçün din birliyinin vacibliyini dərk etsə də, ancaq dinlə müqayisədə bir millətin öz varlığını dərk etməsi üçün dil birliyinin millətin həyatında daha mühüm rol oynadığını etiraf etmək məcburiyyətində qalmışdır.
Hər bir millətin taleyində dinlə yanaşı dilin mühüm əhəmiyyətindən bəhs etməklə yanaşı Əfqani hesab edirdi ki, cəmiyyətin inkişafı üçün hər bir millətin içərisində aşağıdakı milli-dini ruhlu alimlər, qanunşünaslar, siyasi xadimlər də olmalıdırlar: “Faydalı elmləri yayan ziyalılar, cəmiyyət üçün xeyirli fənləri təsis edən yaradıcı fazil və alimlər, insan hüququnu mühafizə edən siyasi xadimlər, fəzilətin və ədalətin keşikçiləri olan qanunşünaslar, xalqın əxlaqını saflaşdırmağa çalışan nəsihətçilər, lətif və şairanə kəlamlarla yatmış insanları oyadan və xalqın xarakterini qüvvətləndirən ədiblər və şairlər, öz sənətlərini elmi əsaslar üzrə inkişaf etdirən sənayeçilər, torpağını əkinçilik fənni əsasında əkib-becərən əkinçilər, iqtisadiyyat qanunları əsasında millətin ticarət yollarını arayıb tapan tacirlər”. O, daha sonra qeyd edir ki, əgər bu təbəqələr hər hansı bir millətdə mövcud olmasa, o millətin fərdləri arasında məişət və həyati əhəmiyyətli əlaqələr get-gedə qırılar və millət məhv olar: «Nəticədə o millətin üzvləri digər millətlə birləşər və yeni milli libasda həyat səhnəsinə qədəm qoyar». Ona görə, milləti yaşatmaq istəyən alimlərin birinci vəzifəsi də odur ki, ana dilinin inkişafına laqyed olmasınlar, milli dilini qorusunlar: “... Elmlər, maarif, bütün sənət növləri hər millətin öz dilində tədris olunarsa və bu şərt həyata keçirilərsə, həmin millətin əsasları daha möhkəm, daha sabit olur və uzun müddət zavala uğramaz, hətta həmin millətin elmi və maarifi müəyyən bir dövrdə zavala uğramış olsa belə, bu millətin övladları və nəvələri öz sələflərinin kitablarından və əsərlərindən faydalanaraq dübarə özünün məhv olmuş millət və qövmünü dirildəcək, onu yeni şan-şöhrətə çatdıracaqdır”.
Hesab edirik ki, bir tərəfdən İslam birliyini müsəlman xalqlarını ən başlıca istiqaməti kimi görən Əfqaninin bütün bunlarla yanaşı, yalnız öz dininə, onun mükəmməlliyinə inanan xalqın həm də milli dəyərlərinə sahib çıxması kimi fikirləri, daha çox ziddiyyətlərə yol açmış, birmənalı qarşılanmamışdır. Çünki Əfqani üçün İslam birliyi ideyası eyni zamanda, əsas məqsədə - müsəlman xalqlarının ayrı-ayrılıqda milli azadlıqlarını əldə etməyə xidmət etməyə bərabər idi. Başqa sözlə, Əfqaninin hesab etməsi ki, İslam birliyi ideyası yalnız müsəlman xalqları arasında həmrəyliyə deyil, eyni zamanda ona inanan hər bir millətin milli azadlığını da əldə etməyə aparıb çıxaracaq, bu kimi mülahizələr problemlərə yol açmışdır.
Bəzi tədqiqatçılar hesab edirlər ki, Əfqaninin bu kimi fikirləri Osmanlıda ərəblərin, Qacarlarda farsların milli oyanışına səbəb olmuşdur. Hətta, bəzilərinin mülahizəsincə xüsusilə də, Qacarlarda farslar milli oyanış fikrinə düşmələrinə görə ilk növbədə, Əfqaniyə borcludurlar. Çünki Əfqani açıq şəkildə Qacarlar dövlətinin əleyhinə olmuş, hətta Nəsrəddin şah Qacarın öldürülməsinin əsas təşkilatçısı olmuşdur. Bununla da, Əfqaninin dolayısıyla Türk Qacarlar dövlətinin də əleyhdarı, eyni zamanda yəni bir hökumətin qurulmasının da tərəfdarı olduğu bildirilir. Bu mülahizələr irəli sürülərkən də, ömrünün axrıncı aylarını İstanbul həbsxanasında yaşamalı olan Əfqaninin Qacarlardakı məsləkdaşlarına yazdığı sonuncu məktub nümunə gösətərilir. O, bu məktubunda da yenilik selinin artıq Şərqə doğru axmaqda olduğunu və mütləqiyyət hakimiyyətinin bünövrəsinin məhvə məhkum olduğunu söyləyərək Qacarlar dövlətini məhv etməyə çağırmışdır: “Bacardığınız qədər bu hakimiyyəti bünövrədən dağıtmağa səy edin. Gücünüz çatdığı qədər İranın səadəti uğrunda çalışın. Gücünüzü başqa işlərə sərf etsəniz vaxtınız boşa gedər. Köhnə adətlərə alışmış adamları yolundan çəkindirməyə başlasanız, bu sizin işinizi ləngidər. Elə edin ki, sizinlə başqa xalqlar arasında mövcud olan maneələri aradan qaldıra biləsiniz. Mövhumatçılara uymayın”.
Hesab edirik ki, Əfqaninin Qacarlar dövlətini istibdad kimi dəyərləndirib onun yenisi ilə (yenilikçi, hürriyyətçi, ədalətçi bir hökumətlə) əvəzlənməsi uğrunda çalışması bir həqiqət olsa da, ancaq yeni hökumətdə farsdilli qüvvənin ön planda ola bilməsi düşüncəsi doğru deyildir. Əlbəttə, Əfqaninin bu çağırışlarına farsdillilərin daha çox maraqlı olması, hətta Nəsirəddin şah Qacarın fars mənşəli irançı Ağa Kirmani tərəfindən öldürülməsi də bir faktdır. Bizcə, ancaq Əfqaninin sonunda istədiyi Türk Qacarlar dövlətinin yıxılıb yerində fars bir hökumətin qurulması deyildi. Onu, daha çox düşündürən mütləqiyyətçi hesab etdiyi Qacarların devrilməsi və yerində yeni ədalətçi, qanunpərəst hökumətin yaranması idi. Ancaq Əfqaninin düşüncəsində Qacarlardan sonra onun yerinə farsdilli ya da türkdilli zümrədən hansının hakim olması məsələsi dəqiq deyildir. Sadəcə, bu bir həqiqətdir ki, Əfqaninin “İran” üçün arzuladığı yeni hökumət ideyasını türklərdən çox farsdillilər öz maraqlarına yönəldə bilmişdilər. Çünki hakimiyyətdə Türk Qacarlar oldğu üçün, Əfqaninin milli azadlıq ideyası, ya da mütləqiyyətin devrilməsi düşüncəsi türklərdən çox farsdillilərin işinə yaramışdır.
Digər tərəfdən, biz görürük ki, Osmanlıda da 2-ci Sultan Əbdülhəmid xan Əfqaninin İslam birliyi ideyasını ciddi şəkildə dəstəklədiyi halda, onunla razılşamadığı əsas məsələ müsəlman xalqlarını milli oyanışa, milli azadlığa səsləməsi olmuşdur. Çünki, Osmanlıda da Qacarlarda olduğu kimi, milli azadlıq düşüncəsi Türklərdən çox ərəblərin, kürdlərin, albanların və başqa qeyri-türk müsəlman və qeyri müsəlman millətlərin işinə yarayırdı. Bu anlamda 2-ci Sultan Əbdülhəmid xanın Əfqaninin müsəlman xalqları ilə bağlı milli azadlıq ideyasına müsbət baxmaması təbii idi. Ancaq bütün hallarda Əfqani yalnız qeyri-türk millətlərin deyil, eyni zamanda Osmanlı türklərinə də türkçülük hissinin aşılanmasında mühüm rol oynamışdır. Bununl bağlı, türkçülüyün ideoloqlarından olan Ziya Gökalp yazır: «Türk şairi Mehmet Emin bəyə türkçülüyü aşılayan, - özünün söylədiyinə görə, - Şeyx Cəmaləddin Əfqanidir. Misirdə Şeyx Məhəmməd Əbduhu, quzey-şimal türkləri arasında Fəxrəddin oğlu Ziyaəddini yetişdirən bu böyük islam devrimçisi-inqilabçısı Türkiyədə Mehmet Emin bəyi tapıb xalq dilində və heca vəznində millət sevgisiylə dolu şerlər yazmasını tövsiyə etmişdi».
Eləcə də bir sıra Azərbaycan Türk aydınları arasında da islamçılıqla, islam birliyi ideyası ilə yanaşı, türkçülük və türk birliyi düşüncəsinin formalaşmasında da Əfqaninin rolu danılmazdır. Məsələn, Mirzə Bala Məmmədzadə yazır ki, 20-ci əsrin əvvəllərində bir çox millətçilərin, o cümlədən, M.Ə.Rəsulzadənin ümmətçilikdən millətçiliyə, islamçılıqdan türkçülüyə keçməsində C.Əfqaninin böyük rolu olub. Xüsusilə də, Əfqaninin dil və dinlə bağlı fikirləri M.Ə.Rəsulzadəyə ciddi təsir göstərib. Doğrudan da, M.Ə.Rəsulzadə müsəlman dünyasının böyük ziyalısı, islam modernizminin banisi C.Əfqanidən islamçılıq, milliyyətçilik, müasirlik haqqında fikirlərini mənimsəyərək, onun «Milli birlik fəlsəfəsi» əsərini farscadan türk dilinə tərcümə edib «Türk yurdu» jurnalında nəşr etdirmişdir. Deməli, 20-ci əsr Azərbaycan Türk aydınlarının, o cümlədən Ə.Ağaoğ¬lunun dünyagörüşündə “islam millətçiliyi”nin formalaşmasında, M.Ə.Rəsulzadənin isə ümmətçilikdən millətçiliyə, islamçı¬lıq¬dan türkçülüyə keçməsində C.Əfqaninin rolu böyük olmuşdur.
Cəmaləddin Əfqaninin dünyagörüşünün özünəməxsusluğu odur ki, o, bir tərəfdən İslam dininin ilkin əsaslarına (Qurani-Kərimə və Sünnəyə) dəyişikliklərin edilməsinin əleyhinə olmaqla yanaşı, digər tərəfdən ona olunmuş əlavələrdən qurtulmağın və yeniləşmə ruhundan da geri qalmamağın yollarını göstərə bilmişdir. Əlbəttə, burada başlıca məsələ də İslamın ilkin əsaslarına toxunmadan zamanla necə ayaqlaşmağın yolunu göstərmək, eyni zamanda ona olunmuş əlavələrdən hansı formada qurtulmağın yollarını müəyyənləşdirməyi ortaya qoymaq idi. Əfqani İslam dininin ilkin əsaslarına toxunulmazlıq məsələsində yalnız bir müsəlman hissiyatından çıxış etməmiş, eyni zamanda Türk-İslam birliyi əleyhdarlarına qarşı mübarizədə bunun vacibliyini rasional şəkildə də idrak etmişdir. Başqa sözlə, həmin dövrdə hər cür əlavələrdən uzaq olan bir İslam dini, müsəlman ölkələrinə qarşı bütün sahələrdə səlib yürüşünə çıxmış antiislam, antitürk, antiinsani qüvvələrə qarşı (çar Rusiyası, Böyük Britaniya, Fransa və b.) əsas dayaq nöqtələrindən biri, hətta birincisi idi. Bu anlamda Əfqaninin də İslam birliyi fəlsəfəsindən möhkəm yapışaraq İslam dininin ilkin əsaslarını ortaya qoymağa çalışması və ona olunmuş əlavələrdən qurtulmaq üçün mücadiləsi müsəlman ölkələrinin əsas nicat yollarından biri idi.
Əfqaninin İslam birliyi fəlsəfəsi ilə yanaşı, müsəlman xalqları arasında milli oyanış, milli özünüdərk fəlsəfəsindən bəhs etməsinin isə bir neçə səbəbi olmuşdur. Birincisi, buna səbəb antiislam qüvvələrinin ideoloqlarının milliyyət, milli oyanış məsələsindən sui-istifadə etməsi idi. Çünki antiislami qüvvələr müsəlman xalqları arasında din və millliyyət məsələsini kəskin şəkildə qarşı-qarşıya qoyur, milli azadlığın ilk şərtlərindən biri kimi İslam dinindən birdəfəlik qurtulmağı irəli sürür, bu mümkün olmadığı halda mərhələli şəkildə həyata keçirilməsini təlqin edirdilər. Bizcə, Əfqani antiislami qüvvələrin bu ideyalarının qarşısını almaq üçün, onların planlarına uyğun deyil də, məhz İslam dinindən imtina etmədən də milli özünüdərkin vacibliyi məsələsini ortaya qoyurdu. Yəni Əfqaninin bu məsələdə də baxışı o idi ki, hər hansı müsəlman xalqının milli oyanışını İslam dininin təməl sütunlarına zidd şəkildə qələmə vermək düşmən işidir. Əslində isə İslam dini heç bir müsəlman xalqının dilini, mədəniyyətini, milli varlığını inkar etmir, sadəcə din ilə milli mədəniyyətin uzlaşmış şəkildə yaşamasının vacibliyini özündə ifadə edir. İkincisi, antiislami qüvvələr milli oyanış məsələsində yalnız Qərb dəyərlərinin örnək alınmasını önə çəkərək, ümumilikdə Şərq dəyərlərini, o cümlədən də müsəlman xalqlarının hərəsinin özünəməxsus olan adət-ənənələrini aşağılamaq yolunu tutmuşdur ki, Əfqani haqlı olaraq bütün bunları qəbul olunmaz hesab etmişdir. Əfqani doğru hesab edirdi ki, hər hansı müsəlman xalqının milli özünüdərk məsələsini İslam dininə qarşı olaraq görməsi yanlış olduğu qədər də, bu yolda Qərb dəyərlərini təqlid yolunu tutması da müsəlman dövlətlərinin gələcəkdə bir arada olub birlik təşkil etməsinə əngəl olacaqdır.
Biz, bu gün İslam dünyasına aid olan ölkələrin dini birlik məsələsində ortaya qoyduqları əməlləri göz önündə tutaraq, Əfqanin bu məsələdə də nə qədər haqlı olmasını etiraf etməyə bilmərik. Çünki müsəlman xalqları din və millət məsələsində Əfqaninin irəli sürdüyü mülahizələrə uyğun olaraq əsasən, hərəkət etmədiyi üçün, bu gün İslam birliyi daha çox sözdə vardır, əslində isə müsəlman xalqlarının bir hissəsi faktiki olaraq Rusiya Federasiyasının, digər qismi ABŞ-ın yanında yer almaqdadırlar. Hesab edirik ki, hazırda buna səbəb kimi Rusiyanın və ABŞ-ın super dövlətlər olmasını göstərmək, vaxtilə doğru yol tuta bilməməyimizə bu gün bəsit şəkildə haqq qazandırmaqdan başqa ad vermək mümkün deyildir.

XƏBƏR LENTİ