TÜRKİYƏ ORDUSUNDA NƏLƏR BAŞ VERİR? – Generallar “sakitcə qəti etiraza başlayıblar?”

643 30-08-2019, 15:51 dunya

TÜRKİYƏ ORDUSUNDA NƏLƏR BAŞ VERİR? – Generallar “sakitcə qəti etiraza başlayıblar?”Türkiyədə ali hərbi komandanlıqda yer dəyişdirmələr davam edir. Respublika prezidenti Rəcəb Tayib Ərdoğan Moskvaya plandan kənar səfərdən sonra altı generalın yeni təyinatı haqda sərəncam verib. Bir həftə əvvəl Türkiyənin bəzi hərbi başçılarının istefa haqda ərizələri belə bir addıma gətirib. Bunu ekspert mühitində “sakit etiraz” adlandırırlar. Səbəb həm hakimiyyətin hərbi nizama müdaxiləsində, həm də onun xarici siyasətində ola bilər.

Komandanlıqda yer dəyişdirmələr avqustun birinci yarısında Ali Hərbi Şuranın toplantısından sonra başlanıb. Amma kadr dəyişiklikləri indiyədək dayanmayıb. “Dövlət çevrilişi cəhdindən sonra Türkiyə Silahlı Güclərindəki (SG) atmosfer dəyişilib, – Türkiyə hərbçilərilə sıx iş görən Qərb diplomatlarından biri “Ahval”la söhbətdə bildirib. – Zabitlər hansısa mövzuları açıq müzakirə edə bilmirlər və hətta SG daxilində nisbi inam da yox olub. Xüsusən də generallar hesab edirlər ki, onlar, sadəcə, siyasi zümrənin qənimətidirlər”.

Ehtimal ki, beş türk generalının bir həftə əvvəl eyni anda istefaya getmək haqda verdiyi ərizə bu narazılığın sübutu olub. “Ahval”ın qeyd etdiyi kimi, bu hərbi başçıların hamısı Türkiyənin Suriyadakı missiyası üçün bu və ya başqa dərəcədə dəyərə malik idi. Amma dəqiqləşdirilir ki, sonradan üç ərizə geri götürülüb.

Generallar istefa haqda ərizələri formal olaraq adi erkən pensiyaya getmək zərurəti ilə motivləşdiriblər, lakin analitiklər və keçmiş hərbi başçılar bunu ordu strukturlarının daxilində hökm sürən dərin məyusluğun əlaməti adlandırıblar. İstefadakı briqada generalı Erdal Şener hələ avqustun əvvəlində jurnalistlərlə söhbətdə ehtimal edib ki, Türkiyə rəhbərliyinin Suriyada aydın prioritetləri yoxdur – hətta prezident Bəşər Əsədlə dialoqa da hazırdır. Şener əlavə edib ki, “təhlükəsizlik zonası” yaratmaq üzrə bu yaxınlarda ABŞ və Türkiyə arasında bağlanmış saziş Amerikanın prosesi uzatmaqda adi taktikasının nəticəsi idi. Qeyd edilməlidir: Ali Hərbi Şuranın qərarına görə səlahiyyət müddəti bitənə qədər istefaya göndərilmiş generallardan biri məhz Şenerdir.

İstefadakı admiral Türker Ertürk də komandanlığın xarici siyasətdən narazılığı haqda tezisi təsdiq edib. Onun sözlərinə görə, generalların istefası Türkiyə SG-nin rəsmi Ankaranın “Suriya” xəttindən məyusluğundan törəyib. “Bu, ölkəmiz üçün əlverişli deyil – Suriyanın mərkəzi hökumətinə qarşı işləmək və vasitəli imperialist savaşın yükünü daşımaq, – keçmiş hərbi başçı Türkiyənin solçu “Birgun” qəzetinə deyib. – Əlbəttə, xarici siyasətdə bəzən amoral sayılan, amma mənfəət hesabıyla işlər görürsünüz”.

Ertürkün sözlərinə görə, amma Türkiyə indi Suriya münaqişəsi çərçivəsində özü üçün heç bir qazancsız amoral işlər görür. O, Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasını (ƏİP) yeganə mənfəətdar adlandırıb.

“Generalların sakitcə qəti etirazı Türkiyə gerçəkliklərində yenilik deyil, – Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının Ankarada yaşayan eksperti Timur Ahametov “NG”yə bildirib. – Bu gün belə etirazlara mülki şəxslərin 2000-ci illərin əvvəlindən təhlükəsizlik sahəsində qərar almaq prosesi üzərində nəzarət qurmaqda davam edən trendin nəticəsi kimi yanaşmaq gərəkdir. İndiki dövrün özəlliyi yüksək postlara təyin edilən mülki şəxslərin uyğun olmayan hazırlıq səviyyəsidir”.

Ekspertin sözlərinə görə, hətta milli təhlükəsizlik və terrorizmlə mübarizə məsələlərinə nəzarət edənlərdə də səriştəsizlik müşahidə olunur. Analitik əmindir ki, Ərdoğan dönəmində önəmli təyinatların çoxunun əsas kriteriyası ölkənin ali rəhbərliyinə loyallıq olub.

“Əhatəli həbslər və (Ankaranın 2016-cı il dövlət çevrilişi cəhdində ittiham etydiyi – “NG” ) Fətullah Gülənin təşkilatı ilə əlaqədə şübhəli bilinən zabitləri uzaqlaşdırmaq fonunda sağçı zabitlər arasında rəqabət artır, – Ahametov deyib. – Ərdoğanın ordu üçün öz planları var. “Başkan” (türk dilində: başçı, yüksək vəzifəli şəxs – “NG”) SG-in peşəkar zəminə keçidi şüarı altında “yeni Türkiyə” siyasi layihəsinin ehtiyacları üçün ordu qurmağa çalışır. Türkiyədə əvvəllər ordu siyasətə dolayısı ilə nəzarət etməyə səy edirdisə, indi siyasətin özü orduya soxularaq on illərlə mövcud olan subordinasiya qaydaları, hazırlığın keyfiyyəti və zabitlərin xidmətdə irəliləyişini sarsıdır”.

Analitikin sözlərinə görə, Suriya münaqişəsi simptomdur. “Siyasi hakimiyyət hərbçiləri arzuolunmaz risklərə vadar edərək öz iradəsini basqı ilə yeridir, – Ahametov hesab edir. – Bu zaman aydın dərk yoxdur ki, Türkiyə nə istəyir və Suriyada gerçəkdən nəyə nail ola bilər”.

Ekspertin sözlərinə görə, bəzi generalların şərhləri göstərir ki, bəzi mülki məmurların sırf hərbi işlərə qarışması istefalarda əsas rol oynayır. “Burada bunun dərki də yoxdur ki, axı türk ordusunun faktiki olaraq beynəlxalq terrorçuları qorumağa vadar edildiyi İdlibdə Türkiyə durumdan nə udur, – Ahametov hesab edir. – Bir çox sağçı zabitlər kimi Ərdoğanın da Kürdüstan Fəhlə Partiyasının Şimali İraqdan çıxışının əvəzində Suriya kürdləri üçün özəl statusu gizlicə tanımaq haqda ABŞ-la anlaşmağa çalışdığı Suriyanın şimalında da durum belədir”.

İqor Subbotin
NG redaktorunun yanında beynəlxalq icmalçı
Nezavisimaya gazeta, 29.08.2019

Tərcümə Strateq.az-ındır.

XƏBƏR LENTİ