YENİ STRATEJİ PLAN:Brüsselin nikbin proqnozları

657 3-09-2019, 10:12 dunya

YENİ STRATEJİ PLAN:Brüsselin nikbin proqnozlarıArtıq bir neçə ildir ki, ekspertlər Avropa İttifaqında neqativ tendensiyaların sürətlə artdığı haqqında fikir söyləyirlər. Bu təşkilatın hətta dağıla bilməsi ehtimalı istisna edilmir. “Breksit” nümunəsini bu kontekstdə tez-tez xatırlayırlar. Onun digər dövlətlərin də təşkilatı tərk etməsinə təkan verəcəyini bəyan edirlər.

Bunların fonunda Aİ-nin gələcəyi ilə bağlı nikbin strateji planın hazırlanması maraqlı görünür. Həmin plan 2024-cü ilə qədər təşkilatın inkişaf istiqamətlərini özündə ehtiva edir. Konkret sahələr üzrə Aİ-nin daha da inkişaf edəcəyindən bəhs edilir. Onların reallığa nə dərəcədə uyğun olduğunu demək çətindir. Lakin sənəddə Aİ-yə üzv olmayan, ancaq onunla əməkdaşlıq edən ölkələrlə də bağlı müəyyən məqamların olması onu daha maraqlı edir. Bu fikirlərin işığında Aİ-nin yeni strateji planının geosiyasi kontekstdə analizinə ehtiyac duyuruq.

Gələcəyə baxış: Avropanın ümidləri

Aİ-nin dünya siyasətində rolunu yeni səviyyəyə yüksəltmək istəyinin olduğu sirr deyil. Hazırda qlobal miqyasda müşahidə edilən ziddiyyətlərin dərinləşməsi Brüssel üçün bunu daha aktual edib. Lakin ekspertlər sırasında Aİ-nin nəinki inkişaf edə biləcəyini qəbul etməyənlər, hətta bədbin proqnozlar irəli sürənlər də var. Onlar bu təşkilatın yaxın bir neçə ildə, ümumiyyətlə, dağıla bilməsi ehtimalını istisna etmirlər.

Brüssel isə demək olar ki, son iki ildə tamamilə fərqli iradə ortaya qoyur. Aİ rəhbərliyi təşkilatın həm funksional imkanlarını genişləndirməyi, həm də onun beynəlxalq aləmdə nüfuzunu yüksəltməyi düşünür. Bu bağlılıqda təşkilatın yeni strateji planının tərtib edilməsi olduqca düşündürücü təsir bağışlayır. Çünki artıq Brüssel konkret istiqamətlər üzrə fəaliyyətini gücləndirəcəyi iddiasını ortaya qoyur.

Yeni planda həmin istiqamətlər aydın göstərilib. Onlar aşağıdakılardır: təhlükəsizlik, iqtisadi artım, genişlənmə, iqlimin müdafiəsi və təşkilatın dünyada təsir gücünün artırılması. Bu istiqamətlərin hər biri kifayət qədər ciddi proqramların həyata keçirilməsini tələb edir. Ancaq ekspertlər daha çox məsələnin psixoloji aspektinə, Brüsselin niyyətlərinə diqqət yönəldirlər. Son illər ilk dəfədir ki, Aİ, məsələn, genişlənmə perspektivindən və zərurətindən bəhs edir.

Vurğulanan istiqamətlər kontekstində strateji planda vətəndaşın müdafiəsi və azadlığına ayrıca diqqət yetirilib. Bunun üçün xarici sərhədlərin səmərəli müdafiəsi və qeyri-leqal miqrasiya ilə mübarizə zəruri faktor kimi göstərilir. Bunlarla yanaşı, sənəd müəllifləri dezinformasiya, kiberhücumlar və qanunun aliliyi prinsipinin müdafiəsi məsələlərini də unutmayıblar. Belə çıxır ki, Aİ daxilində vətəndaşların azadlığını məhdudlaşdıracaq elə bir faktor yoxdur. Təşkilatın insan azadlığını təmin etmək potensialı kifayət qədərdir. Bu səbəbdən Brüssel hesab edir ki, əsas təhlükə kənardandır. Onun da iki aspekti var: birincisi, informasiya müharibəsi, ikincisi, qanunsuz miqrasiyanın genişlənməsi.

Təbii ki, vurğulanan iki faktorun hər bir insan üçün təhlükəsini inkar etmək olmaz. Müasir dövrdə informasiya müharibəsi kifayət qədər risk yarada bilir, o cümlədən ictimai rəyə təsir edir. Ancaq bütün məsələləri xarici faktorlara bağlamağın yanlış olduğunu düşünürük. Çünki təcrübə göstərir ki, Aİ-yə üzv dövlətlərin daxilində insan hüquq və azadlıqlarını məhdudlaşdıran proseslər gedir. Məsələn, Aİ-nin böyük dövlətləri öz vətəndaşlarına qarşı ikili standart siyasəti yeridir. Deyək ki, onlara “erməni soyqırımı” ilə bağlı hansısa məqamları qadağan edir. Təqribən ona oxşar başqa hadisələrə fərqli şərtlər qoyur və s.

Bunlarla yanaşı, dini mənsubiyyətə görə, Aİ vətəndaşlarına fərqli münasibətlər ola bilir. Müsəlmanlar sıxışdırılır, küçələrdə təhqir olunur, açıq və ya gizli təqib edilirlər. Məsələn, bir neçə ay öncə Böyük Britaniyada bir suriyalı müsəlman yeniyetmə ingilis uşaq tərəfindən hamının gözü qarşısında döyüldü. Nəticəsi o oldu ki, müsəlman valideynlərə həmin şəhəri tərk etmək məsləhət görüldü.

Sağ populistlərin bu kimi situasiyalara yanaşmaları daha radikaldır. Onların siyasi populyarlığı isə günbəgün Avropada artır. Bəs nə üçün strateji planda bu kimi məqamlar nəzərə alınmır? Risk mənbəyi kimi ancaq kənardan olan təsirləri göstərmək həm reallığı gizlətmək, həm də gələcək proseslər qarşısında özünü daha zəif duruma salmaq demək deyilmi? Dünyada geosiyasi nüfuzunu daha da artırmağa hədəflənmiş bir təşkilat üçün bu, müsbət məqam sayıla bilməz. Hər bir halda, Brüssel hesab edir ki, informasiya müharibəsi və miqrantlar əsas təhlükə mənbəyidir. Bu onu göstərir ki, yaxın gələcəkdə Aİ-də miqrantlara münasibət yaxşılaşmayacaq. Bunun təşkilat daxilində hansı siyasi-mənəvi mənzərə yarada biləcəyini düşünmək gərəkdir.

Təhlükəsizlik və genişlənmə: perspektiv mövcuddurmu?

Aİ-nin təhlükəsizlik məsələsini ilk sıraya qoyması da düşündürücüdür. Bu onu göstərir ki, yaxın illərdə Avropa ABŞ-ın çətiri altından çıxmağa çalışacaq. Avropa ordusunun yaradılması ehtimalı mövcuddur. Brüsselin Vaşinqtonla təhlükəsizlik məsələsində öz mövqeyini qoruması halında Amerika müəyyən təxribatlara yol aça bilər. Lakin belə görünür ki, avropalılar qərarlıdırlar. Onlar Avro-Atlantika birliyini keçən əsrdə formalaşmış yanaşma kontekstində artıq qəbul etmək istəmirlər. Bu, Aİ-nin dünya siyasətində müstəqilləşmək niyyətinin ciddi olduğunu göstərir. Eyni planlara digər böyük dövlətlərin də malik olduğunu nəzərə alsaq, yaxın illərdə ABŞ-la münasibətlərin yoluna qoyulmasının ciddi maneələrlə üzləşmə ehtimalının az olmadığı nəticəsini alarıq.

Bunun fonunda iqtisadi artım və genişlənməyə nail olmağın asan başa gəlməyəcəyi qənaəti yaranır. Hər iki məsələ üzrə Amerikanın təsiri istisna deyil. İqtisadi artım məsələsində ABŞ-ın tələb etdiyi şərtlərlə fəaliyyət göstərmək imkanının nə dərəcədə olduğunu zaman göstərəcək. Lakin indidən genişlənmənin çətin reallaşacağı məlumdur. Onun iki səbəbini görürük.

Birincisi, “Breksit” Aİ-də parçalanma meylinin qaldığını təsdiq edir. Böyük Britaniyanın bu təşkilatı tərk etməsi başqalarını da oxşar addımlar atmağa təhrik edə bilər. Xüsusilə bu tendensiyanın güclənməsində Amerikanın marağının olması nəzərdən qaçırılmamalıdır. D.Tramp Londona səfəri öncəsi Tvitter səhifəsində yazmışdı ki, “vaxt gələcək mənə “mister “Breksit”” deyəcəklər”!

İkincisi, Brüssel genişlənməni Qərbi Balkan ölkələrindən birinin hesabına həyata keçirmək məqsədini açıqlayıb. Bu prosesə isə Rusiya da müqavimət göstərir. İndidən Kosovo ilə Serbiya arasında ziddiyyətlər dərinləşdirilir. Hətta lokal münaqişə ehtimalı mövcuddur. Bundan başqa, Qərbi Balkanların Aİ standartlarına uyğunlaşacağı qeyri-müəyyəndir. Məsələn, Serbiya və ya Kosovonun buna nə dərəcədə hazır olduğu aydın deyil.

Bunlar Aİ-nin genişlənməsi prosesinin hələlik qaranlıq olduğunu və təşkilatın daha çox psixoloji olaraq özünü stimul etməsi kimi göründüyünü ifadə edir. Ekspertlər bunların fonunda Aİ-nin iqlim dəyişməsi ilə bağlı mübarizə planının olmamasını da vurğulayırlar.

Ancaq maraqlıdır ki, bir sıra ekspertlər Aİ-nin genişlənmədən rəsmən bəhs edilməsinin “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələr üçün də müəyyən perspektivlər açdığını yazırlar. Bu fikrin əsaslılığı müəyyən suallar doğurur. Yuxarıda vurğuladığımız faktorlardan başqa, həmin proqrama daxil olan ölkələrin çox sayda geosiyasi, iqtisadi çətinliklərlə üzləşdiyi, bəzilərində münaqişələrin mövcud olduğunu və onların heç də hamısına obyektiv münasibətin olmadığını da demək gərəkdir.

Məsələn, Cənubi Qafqazda Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi bu iki dövlətin hansısa təşkilatda bir yerdə olmasını istisna edir. Münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu isə hələ də təsirli addım atmayıb. Belə bir şəraitdə Azərbaycan necə Aİ-yə üzv ola bilər? Və ya onunla Ermənistan faktorunu nəzərə almadan hansısa əməkdaşlıq planı üzərində işləyə bilər? Mümkün deyildir. Eyni olaraq, Ukrayna, Gürcüstan və Moldovanın Rusiya ilə münaqişəli vəziyyəti mövcuddur.

Bunların fonunda Aİ-nin dünya siyasətində rolunu necə yüksəldəcəyi məsələsi də xüsusi yanaşma çərçivəsində maraq doğurur. Nəzərə almaq lazımdır ki, hazırda Amerika-Çin-Rusiya geosiyasi üçbucağında çox riskli, qeyri-müəyyən və mürəkkəb bir mübarizə gedir. Bu rəqabətin hansı geosiyasi gücü haraya atacağı məlum deyil. Aİ belə bir vəziyyətdə hansı resurslar hesabına uğurlu mövqe tuta biləcək? Onun ən azından ABŞ-la Çin arasında qaldığı sirr deyil. İki supergücün Aİ-yə təsir imkanları az deyil. Digər tərəfdən də Rusiya. Son zamanlar KİV Moskvanın Brüsselə müxtəlif istiqamətlərdən ciddi təzyiqlər etdiyindən yazır. Məsələn, məlum Avstriya hadisələri həmin kontekstdə qiymətləndirilir.

Beləliklə, Aİ-nin strateji planı maraqlı müddəaları və niyyətləri ifadə edir. Onların yerinə yetirilməsi məsələsi açıqdır. Ancaq bu fakt onu göstərir ki, Aİ daha yüksək və nikbin ruhla qlobal geosiyasət meydanında fəallaşmaq arzusundadır. Bu isə son illər Aİ çərçivəsində baş verən proseslər müstəvisində çox maraqlı dəyişmə təsiri bağışlayır.

Newtimes.az

XƏBƏR LENTİ